Mənim həbsimlə Azərbaycanda yeni era başladı!

Eynulla Fətullayev: «2007-ci ildən siyasi sistemin transformasiyası başladı, Azərbaycan yarı demokratik rejimdən tam avtoritar rejimə keçdi»

Qəzetlərimi ancaq beynəlxalq maliyyə institutları tərəfindən veriləcək dəstəklə çıxara bilərəm…

2007-ci ildə Azərbaycan yarı demokratik rejimdən tam avtoritar rejimə keçdi

– Ölkədə elə bir sistemin əsası qoyulub ki, gündə neçə quş uçur, bunun da hesabını prezidentə çatdırırlar. Yəni onun şəxsi istəyindən kənar heç bir jurnalist həbs oluna bilməz. Əgər belədirsə, səncə prezident İlham Əliyev nədən Eynulla Fətullayevin həbsinə qərar verdi? Niyə bu məsələ prezidentliyi bir kənara qoyaraq şəxsi məsələ prizmasından qiymətləndirildi?

– Mən bir dəfə ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Mikloş Haraştiyə bu haqda dedim. Biz öz işimizi yerinə yetirdik. Yəni biz sadəcə velosipeddə oturub pedalları hərəkətə gətirdik, öz yolumuzla getməyə başladıq. Biz yaxşı işləyir və öz yolumuzu azmadan hərəkət edirdik. Bizdən asılı olmadan ictimai fikirdə böyük nüfuz sahibi olduq. Digər tərəfdən, hər iki qəzet hakimiyyətin nəzarəti altında deyildi, müstəqil idi… 2007-ci ildə isə artıq siyasi sistemin transformasiyası başladı. Yəni Azərbaycan yarı demokratik rejimdən tam avtoritar rejimə keçdi. Ölkə qismən azad ölkələr siyahısından tam qeyri-azad ölkələr siyahısına adladı. Ona görə də belə bir vəziyyətdə mənim həbsim labüd idi. Əslində, mən elə hesab edirəm ki, bu bir ritual həbs idi – həm media məkanı, həm də ictimai-siyasi mühüt üçün. Yəni hakimiyyət bununla göstərdi ki, artıq Azərbaycanda yeni era başlayır. Əgər yadınızdadırsa, bir il öncə Ramiz Mehdiyev Moskvaya gedərkən elə aeroportda jurnalistlərə müsahibə verdi və bildirdi ki, Rusiyada çox maraqlı və işlək siyasi sistem qurulub və bu sistemi biz mənimsəyəcəyik və onun təcrübəsindən istifadə edəcəyik. «Bu sistem çox optimaldır və keçmiş sovet məkanı üçün olduqca uğurludur.» Mən həbsxanada olarkən bu müsahibəni oxudum və dəhşətə gəldim. Burada söhbət «suverennaya demokratiya» modelindən gedirdi. Bu hadisə mənim həbsimdən təxminən 7-8 ay sonrakı dövrə təsadüf etmişdi. Ondan bir müddət sonra da yadınızdadırsa, Ramiz Mehdiyev daha bir bəyanat verdi ki, Azərbaycan mətbuatı hakimiyyətin maraqlarından çıxış etməlidir və bu maraqlar çərçivəsindən çıxmamalıdır. Aydındır ki, artıq yeni siyasi sistem çərçivəsində fəaliyyət göstərə bilməzdik və hakimiyyət də bütün siyasi üsullardan istifadə edərək bizi məhv etməli idi – istər siyasi, istərsə də fiziki baxımdan. Fiziki baxımdan məhv etmək imkanı yox idi, çünki Elmar Hüseynov yenicə qətl olunmuşdu. Həm beynəlxalq, həm də Azərbaycan ictimaiyyəti bu cinayət işinin tezliklə açılmasını tələb və təkid edirdi. Belə olan halda daha bir jurnalistin qətlə yetirilməsi şübhəsiz ki, yeni bir qalmaqala səbəb ola, siyasi hadisələrin məcrasını dəyişə bilərdi. Bu, çox təhlükəli və riskli bir addım olduğu üçün həbsə qərar verdilər. Ondan sonra jurnalistlərin kütləvi həbsinə başlanıldı. Məndən sonra təqribən 11 jurnalist həbs olundu, bir neçə qəzet bağladıldı, qəzetləri məhkəməyə verib böyük məbləğdə cərimələtməyə başladılar, hətta hakimiyyətə yaxın, lakin azad düşüncəli, məsələn, day.az saytı belə fəaliyyətini davam etdirə bilmədi, onu da susdurdular. Siyasi sistem tamamilə demontaj olundu. Ona görə də mənim həbs olunmağım tamamilə labüd və qaçılmaz bir hadisə idi. Mən hətta müsahibələrimin birində dedim ki, mən də hakimiyyətin yerində olsaydım, özümü həbs etdirərdim, əgər belə bir siyasi sistemə keçid etmişdimsə…

Azərbaycanla bağlı informasiyanı bizdən alırdılar…

– Deməli, həmin keçidin önündəki böyük maneələrdən bu cür keçməli idin?

– Tək mən yox, «Realnıy Azerbaydjan», «Gündəlik Azərbaycan» qəzetləri də. Eyni zamanda 2007-ci ildən etibarən Azərbaycanda internet vüsət aldı. Bu proses nəinki Azərbaycanda, bütün dünyada, postsovet məkanında vüsət almağa başladı. O zaman «Realnıy Azerbaydjan» portalımız hər gün 15 min ziyarətçini informasiya ilə təmin edirdi. Biz bununla hətta hakimiyyətə yaxın layihəni də üstələmişdik. Söhbət day.az-dan gedir. Baxmayraq ki, bunlar bizdən 7-8 il əvvəldən bazarda idilər. O zaman Azərbaycandan alınan informasiyanın böyük hissəsi məhz bizim saytdan alınırdı. Beynəlxalq ekspertlər, beynəlxalq təşkilatların nümayəndələri, Avropa Şurası əsasən informasiyaları bizim şərhlərdən, analitik araşdırmalardan götürürdülər. İnternetin və yeni informasiya texnologiyalarının inkişaf cərəyanını nəzərə alaraq hakimiyyət bunların qarşısını almalı idi, çünki o, bundan başqa yol tanımırdı. Ona görə də zorakılığa əl atdılar. Əslində, həbsdə olanda atam vasitəsilə mənə təklif olundu. Mənə dedilər ki, əgər qəzetlərin fəaliyyətini bərpa etmək haqqında düşünsəm, buna imkan verəcəklər. Sadəcə, qəzetlərin siyasi kursu dəyişməli idi.

2007-ci il iyunun 6-da azadlıqda ola bilərdim!

– Bunun qarşılığında səni azadlığa buraxacaqdılar?

– O şərtləri qəbul etsəydim, 2007-ci ilin 6 iyununda Apellyasiya Məhkəməsindən sonra məni azadlığa buraxacaqdılar. Mən o zaman soruşdum ki, axı bizi yenicə ofisdən çıxarıblar, dedilər, artıq o problem deyil, siz yeni ofislə də təmin olunacaqsınız. Kompüter, digər texniki baza ilə də əvvəldə olduğundan daha yaxşı təmin olunacaqdıq. Sadəcə, bir şərtləri var idi ki, qəzetlərin siyasi kursunu dəyişməliydik.

– «Ofis» demişkən, o zaman fəaliyyətinizdə tam sərbəstlik olsun deyə səhv etmirəmsə, icarə haqqını da əvvəlcədən ödəmişdiniz?

– Bəli, iki ilin kirayə haqqını əvvəldən ödəmişdim.

– Həmin pulu geri ala bildinizmi?

– Həmin ofisin sahibi çox vicdanlı bir insan idi. Ümumiyyətlə, Azərbaycanda yəqin siz də bilməmiş deyilsiniz ki, vicdanlı adamlar o qədər də çox deyil, hətta barmaqla sayılacaq qədər azdır. Həmin sahibkar uzun müddət Ukraynada işləyəndən sonra Azərbaycana gəlmişdi və onun ofislər şəbəkəsi var idi. Biz çox az müddət ərzində onunla dostlaşdıq. Həmin adamı həbsimdən sonra MTN-ə çağırdılar və ona dedilər ki, haqqında vergi ödəmədiyi üçün cinayət işi qaldırılıb…

– Allah… Allah…

– Bəli, onun haqqında cinayət işi qaldırdılar. O da bildirmişdi ki, yaxşı, bir xəta eləmişik, müxalifətyönlü, müstəqil bir qəzetə ofis icarəyə vermişik. Bundan sonra nə etməli? Müstəntiq ona deyib ki, Eynulla Fətullayevə qarşı ifadə ver və bu məsələ bitsin. O da bundan imtina edib. Müstəntiqin özü sonradan bunu mənə danışmışdı. Hələ demişdi ki, nə kişi adam imiş bu. O zaman həmin sahibkar müstəntiqə deyib ki, sizin etdiyiniz təklif çox asandır, o adam içəridədir, siz mənə çətin yolu deyin. O zaman ondan xeyli miqdarda rüşvət alıb, əl çəkmişdilər və o da bu cür çətin yolu seçib, mənim haqqımda ifadə verməkdən imtina etmişdi. Sonradan bildim ki, hətta maşınını, bir neçə obyektini satmalı olub.

İş adamı kirayə pulunu qaytardı…

– Nə danışırsınız?

– Tam müflisləşdirməsələr də, kifayət qədər maddi və mənəvi ziyan vurmuşdular. Bütün bunlara baxmayaraq, o, bizim evə gəlib və atama deyib ki, Eynulla icarə haqqını bir neçə müddət əvvələ də ödəyib, lakin tam istifadə etməyib, ona görə də qalığı qaytarmaq istəyirəm. Çünki bu mənə halal pul deyil.

– Görünür, çox kişi adam imiş…

– Çox kişi adamdır. Mənə bunu deyəndə, dəhşətə gəldim ki, nə yaxşı bizim məmləkətdə hələ də kişi qeyrətli insanlar var.

– Amma siz həbs olunandan sonra redaksiyaya məxsus bütün texniki avadanlıqlar müsadirə olundu və geri qaytarılmadı.

– Bütün bunlar absurddur. Kompüterlərin üzərində hələ də həbs var. Bilirsinizmi, hansı işlə bağlı? Avropa Məhkəməsinin bəraət verdiyi işlə bağlı. (Gülür…) O həbsi hələ də götürmürlər. Biz məhkəməyə müraciət elədik ki, axı, biz bəraət almışıq. Yaxşı, Avropa Məhkəməsini, onun verdiyi qərarları bir kənara qoyaq. Yaxşı, Avropa Məhkəməsi pisdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 noyabr 2010-cu il tarixli qərarı əsasında bəraət almışam və bu bəraətlə mənim həbs olunmuş mülkiyyətim də geri qaytarılmalıdır. Amma geri qaytarmırlar…

– Xeyli texniki avadanlıqlarınız var idi…

– Çox idi. Heç birini də qaytarmadılar və Avropa Məhkəməsinin kəsdiyi kompensasiyanı ödəmirlər. İndi çox maraqlıdır ki, Avropa Şurasının Nazirlər Komitəsinin 9 iyun 2011-cu il tarixli iclasında mənim işimlə bağlı Avropa Məhkəməsinin kəsdiyi cərimənin icra olunması məsələsi müzakirə olunur. Qərar bu günlər açıqlanmalıdır (Müsahibə 9 iyun tarixindən əvvəl alınmışdı. Artıq Avropa Məhkəməsi 9 iyunda kompensasiyanın ödənilməsi haqqında yeni bir qərar verib – Red.). Çünki Avropa Şurası Nazirlər Komitəsinin əsas tələblərindən biri kimi məhz kompensasiyanın ödənilməsi məsələsi durur.

Hökumət 2007-ci ildən həbsdə olan hesabı açıb, pulu oturdub və bağlayıb

– Amma belə bir məlumat yayıldı ki, həmin kompensasiya hökumət tərəfindən ödənilib, lakin sənə məxsus olan köhnə hesablarda hələlik dondurulub.

– Bəli. Maraqlıdır, hökumət 2007-ci ildən həbsdə olan dondurulmuş hesabı bir anlıq açıb, pulu oturdub və yenidən həmin hesabı bağlayıb. Yəni bu tam absurd bir şeydir. Bu, bir daha göstərir ki, belə vəziyyətdə hüquq və qanunlar arxa plana keçir. Çünki bu faktın özü artıq barbarlıq və rəzalətdir. Bu, əslində hüquqi rəzalətdir. Çünki bağlı və dondurulmuş bir bank hesabını necə, hansı qanunla açıb, pul yerləşdirib, yenidən dondurmaq olar? Yaxşı, tutalım, bu cərimə həmin hesaba keçirilib – pis və ya yaxşı. Onda niyə bu günə qədər ödənilmir? Axı, bu hesabların üzərinə həbs mənim üzərimə atılan əvvəlki cinayət işlərinə görə qoyulub, narkotik işinə görə yox. Mənim üzərimdə qalan yeganə ittiham narkotika ittihamı idi.

– Qalan bütün işlərə görə bəraət almısınız?

– Bütün ittihamlara görə artıq bəraət var. Narkotik işi isə nə müsadirəni, nə də ümumiyyətlə, həbsi nəzərdə tutmur. Həbs-qətimkan tədbiri mülkiyyət üzərində həbsi nəzərdə tutmur. Ona görə də burada tam anlaşılmaz vəziyyət yaranır. Yaxşı, mənə tam bəraət veriblərsə, o zaman niyə redaksiyaya məxsus maddi-texniki bazanı azad etmirlər? O zaman izah etsinlər ki, maddi-texniki baza üzərində qoyduqları həbsi hansı qanuni əsasla həyata keçirirlər? Tamamilə anormal bir situasiya yaranıb. Bunun özü göstərir ki, bütün bu qərarları Azərbaycanda bir şəxs verir və həmin şəxsin icazəsi olmadan heç kəs geriyə qərarlar oxumur…

Prezident İlham Əliyev məni əfv etmədi, azad etdi…

– Həmin şəxs səni əfv etdi axı?

– Buraxdı, azad elədi, əfv etmədi.

– Yəni əfvdən daha çox, məcburiyyət qarşısında qalıb azad etdi? Ya da istəməyərəkdən əfv etdi?

– Mən belə deyə bilərəm ki, həmin şəxs əslində məni azadlığa buraxdı. Yəni Avropa Məhkəməsinin, bütün beynəlxalq təşkilatların tələblərini məcburi qaydada yerinə yetirməli oldu. Bütün mütərəqqi dünyanın tələbi yerinə yetirildi. Bilirsinizmi, haradasa 2011-ci ilin martında İlham Əliyevə şəxsi məktub yazdım.

– Deyirlər, o məktubun da məxsusi rolu olub…

– Heç şübhəsiz, o məktubun da böyük rolu oldu. Çünki həmin məktubda mən bildirdim ki, yaxşı, biz Avropa dəyərlərini qəbul etmirik, anladıq. Ancaq siz hər çıxışınızda bildirirsiniz ki, bizim milli-mənəvi dəyərlərimiz var. Gəlin bu məsələyə də milli-mənəvi dəyərlər, milli mentalitet, milli rakursdan yanaşaq. Avropa Məhkəməsi mənə bəraət verdi. Mən günahsız, suçsuz bir insanam. Hər həftə mənim yaşlı valideynlərim çantalarla həbsxana qapısının qarşısında növbə gözləyirlər. Saatlarla… Hər bir övlad valideynini belə bir vəziyyətdə görərsə çox pis olar, mənəvi sarsıntı keçirər. Mən də sarsıntı keçirirəm. Məgər bu bizim mənəvi dəyərlərimizin təcəssümüdürmü? Ona görə də deyirəm ki, əgər mənim həbsxanada qalmağım jurnalist fəaliyyətimlə bağlıdırsa, tamam, mən Azərbaycandan çıxıb getməyə hazıram. Bilirsiniz ki, ötən il Azərbaycan hökuməti ilə Qərb təşkilatları arasında mənim Azərbaycandan deportasiya olunmağım məsələsi müzakirə olunub. Amma sonradan Azərbaycan hökuməti buna razılıq verməyib. Ona görə də mən məktubu göndərdim ki, əgər maneə mənim Azərbaycanda qalıb jurnalistika ilə məşğul olmağımdırsa, gedirəm və yaxud da jurnalistika ilə məşğul olmuram. Ancaq mənim valideynlərimin bu işgəncələrlə yaşaması mənə də lazım deyil. Bu işgəncələri bitirin! Sizə deyim ki, prezident cavabını ATƏT-in Söz və Media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç vasitəsilə göndərdi. Dunya Miyaitoviçin də mövqeyi belə idi ki, Eynulla Fətullayev Azərbaycanı tərk etsin. İlham Əliyev bildirmişdi ki, Eynulla Fətullayev azad insandır, istəyir qalsın, istəyir ölkəni tərk etsin. Dunya Miyatoviç prezidentdən soruşub ki, mən jurnalistika ilə məşğul ola bilərəmmi? Prezident də bildirib ki, əlbəttə məşğul ola bilər, sadəcə ölkənin milli dövlətçilik maraqları var, o maraqlara riayət eləsin. Cavab bu cür olub. Mən milli-dövlətçilik maraqlarının nə olduğunu hələ də özlüyümdə təhlil edirəm.

Azadlığım olacaqsa, jurnalistika ilə məşğul olacağam

– Bizim bu otaqda rahat oturub çay içə-içə söhbət etməyimiz də onların düşündüyü və anladığı mənada milli-dövlətçilik maraqlarına zidd ola bilər…

– Hə… Mən artıq azadlıqdayam, ola bilsin, bəziləri məni anlasınlar, bəziləri də anlamasınlar. Ancaq mən vəziyyəti bir daha təhlil edərək o prizmadan çıxış etdim ki, mənim təhlükəsizliyim, bu həyatda təhlükəsiz yaşamağım dövlət tərəfindən təmin olunacaqsa, mən jurnalistika ilə məşğul olum. Yox, əgər təmin olunmayacaqsa, Azərbaycanı tərk edirəm. Artıq bəzi təkliflər də var. Məsələn, Qərb Universitetlərində təhsil ala, müəllimlik edə bilərəm. Yəni mənə çox yaxşı təkliflər var. Hökumət bu sualıma heç bir cavab vermədi. Ümumiyyətlə, mənimlə bağlı hadisələrdə bir susqunluq nüsmayiş etdirir.  Baxaq, görək sonra nə olacaq?..

– Axtaran, söz çatdıran, şərt qoyan yoxdur?

– Yox, bəzi-bəzi mesajlar olur, əlbəttə ki… Amma heç şübhəsiz ki, onlar mənim xarakterimə uyğun gəlmir. Yəni məni hansısa çərçivəyə sığışdırmaq olmaz. Bizim peşəmiz çox azad bir peşədir. Əgər biz azadlığımızdan yararlana bilməyəcəyiksə, demək, nə informasiya istehsal edə biləcəyik, nə də dövlət maraqlarından çıxışımız mümkün olacaq.

Qərar verdim ki, Azərbaycanda qalıram…

– Əgər azadlığımızı itirəcəyiksə, o zaman bu qədər mübarizə, bu qədər vuruş, bu qədər həbsxana zülmləri nəyə lazım idi, deyilmi?

– Şübhəsiz. Ona görə də mən belə bir qərar verdim ki, Azərbaycanda qalıram. Amma bir şərtlə fəaliyyətimi davam etdirəcəyəm ki, nəşrlərimiz yalnız beynəlxalq donorların dəstəyi ilə işıq üzü görsün.

– Yəni maliyyə dəstəyini yalnız beynəlxalq maliyyə qurumlarından almaq niyyətindəsiniz?

– Ancaq beynəlxalq maliyyə institutları tərəfindən qəzetlər maliyyələşdirilməlidir. Siz suallar verirsiniz, mənsə cavab verməyə tərəddüd edirəm. Bəzən içimdə bir vicdan yanğısı olub ki, nəyə görə hansısa sahibkar, iş adamı mənə görə əziyyət çəksin, var-yoxundan məhrum olsun? Bir daha təkrar edirəm, mən bu situasiyanın təkrar olunmasını istəmirəm. Bu bir. İkincisi, əgər beynəlxalq donorlar, maliyyə institutları dəstək verirlərsə, bu, həm də siyasi və beynəlxalq təminat deməkdir. Ona görə də mən bir şərtlə həmin qəzetlərin buraxılacağına vəd vermişdim. Həm beynəlxalq təşkilatlarla, avropalılarla, amerikanlarla, həm də Azərbaycan ictimaiyyətinin liderləri ilə, siyasi qüvvələrlə, həmkarlarımla görüşlərim zamanı bu fikri təkrar-təkrar vurğulayıram.

Daxili maliyyə mənbələrindən tam imtina etmişəm

Mən daxili maliyyə mənbələrindən tam imtina etmişəm və bildirmişəm ki, əgər beynəlxalq təşkilatlar dəstək verəcəklərsə, layihələrimizi bərpa və davam edəcəyik. O zaman mən özümə bir iş tapacam. Amma indi hiss etdiyim odur ki, artıq bizi dəstəkləyəcək beynəlxalq koalisiya yaranmaqdadır.

– Hətta koalisiya?

– Bəli, koalisiya yaranacaq. Əslində, bunun özü bir nüfuzlu təşkilatın verdiyi təklif idi. Onlar dedilər ki, əgər biz təkbaşına sizi maliyyələşdirsək, o zaman həm biz ittiham olunacağıq, həm də siz. Ona görə onlar koalisiyanın yaranmasını təklif etdilər. Eybi yox, qoy həmin koalisiya bizə bir kompüterlə yardım etsin və yaxud hansısa bir Fond bir jurnalist araşdırmasını maliyyələşdirsin. Yəqin bu səlahiyyət bölgüsü müəyyən mənada həmin maliyyə fondları arasında aparılacaq. Amma bu, təminatlı bir fəaliyyət olacaq və eyni zamanda müstəqilliyimizin təminatı olacaq.

Qarabağ mövzusu ilə bağlı qadağa tətbiq edəcəyəm

– O da özü ilə başqa ittihamlar gətirməyəcək ki? Məsələn, deyə bilərlər ki, ölkənin milli maraqlarını xarici donorlar vasitəsilə zərbə altında buraxırlar…

– Baxın, indi bir məsələ var. Bu mövzuları aradan qaldırmağın vaxtı çatıb. Azərbaycanda Qarabağ mövzusu əslində daxili spekulyasiyaların başlıca mövzusuna çevrilib. Artıq həm Azərbaycanda, həm də Ermənistanın özündə bu proseslər eyni xarakter daşıyır. Ona görə də bu məsələni nəzərə alıb, ümumiyyətlə Qarabağ mövzusu ilə bağlı qadağa tətbiq edəcəyəm. Bu, mənim yeganə qadağam olacaq. Çünki hansısa fikirlər səslənəndə, bu məsələdə müxtəlif fikirlilik ortaya çıxanda, plüralizmə yer verəndə, hakimiyyət üçün haqqımızda müəyyən ittiham vermək asan olur. Ona görə də belə situasiyalarla qarşılaşmamaq üçün, eyni zamanda hakimiyyətin əlinə müəyyən girəvə verməmək üçün biz bu mövzuya ümumiyyətlə toxunmayacağıq. Çünki əgər niyyət hətta xoşdursa, bu mövzuya jurnalist nə qədər demokratik yanaşmağa çalışsa da, problemlər yaranacaq. Oxucular üçün çox maraqlıdır ki, Qarabağda, Ermənistanda əslində nələr baş verir? Azərbaycan Oxucusuna Levon Ter-Petrosyanın potensial prezident olaraq bu məsələdə fikirləri maraqlı olmazmı? Sonunda bütün bu mövzular hakimiyyətin ANS kimi əlaltılarının əlində bir spikulyasiya vasitəsinə çevriləcək və bizi bununla vurub üzərimizə çamur atmağa çalışacaqlar.

– Dağlıq Qarabağın da, Ermənistanın da hansısa rəsmi nümayəndəsindən müsahibə almaq Azərbaycan Oxucusu üçün maraqlı ola bilər. Amma bunu etməyin son nəticəsi də göz qabağındadır. Üzərinə yağdırılan ittihamların ən əsası Dağlıq Qarabağa etdiyin səfərdən sonra başladı…

2005-ci ildə yazdığım yazılar 2007-ci ildə gündəmə gətirildi…

– Yox, ondan sonra başlamadı. Mən Dağlıq Qarabağla bağlı reportajlarımı 2005-ci ildə yazmağa başlamışdım. Bu mövzu 2007-ci ildə gündəmə gətirildi. Yəni mənim hələ 3 il əvvəl yazdığım məqalə sonradan ittiham şəklində üzərimə qayıtdı. Əslində, biz həmin reportajları «Monitor» jurnalı üçün hazırlayırdıq. Elmar Hüseynov bu yazıları hətta redaktə də etmişdi. Tam hazır idi çapa… Lakin sonradan Elmar Hüseynov qətlə yetirildi. Mənim Xankəndindən hazırladığım xüsusi reportajı da onun özü redaktə etmişdi. Ondan sonra «Realnıy Azerbaydjan» bərpa edildi və mənim yadıma düşdü ki, Dağlıq Qarabağdan hazırladığım reportajlar var. Təsadüfən xatırladım. Çünki qəzetin ilk nömrəsini hazırlayırdıq və çalışırdıq ki, rəngarəng olsun. Onun ilk nömrəsinə həmin məqalələri yerləşdirdik. Bu hadisə 2005-ci il martın sonunda, aprel ayında olub. Yəni iki il müddətində biz ümumiyyətlə, qəzetdə Qarabağ mövzusuna toxunmamışdıq. Görün, özlərinə lazım olan məqamda necə ictimai fikri bizim əleyhimizə yönləndirə bilirlər.

Xocalı bizim qan yaddaşımız, fəryadımız, dərdimizdir…

– Qarabağ, Xocalı mövzusunda sən həqiqətənmi o cür ifadələr işlətmişdin?

– Bilirsinizmi, «Qarabağ gündəliyi»nin müəllifi mənəm. Lakin «Qarabağ gündəliyi» və həmin mövzu ətrafında dərc olunan, internetdə yayılan, qəzetlərdə əks-sədası olan materialların müəllifi mən deyiləm. Bu, Xüsusi Xidmət Orqanlarının təxribatı idi.

– Yəni «Xocalı faciəsini Azərbaycan ordusu həyata keçirdi» fikri də sənin deyil?

– Xeyr, mənim deyil. Mən ümumiyyətlə, bu cür fikir yazmamışam. Açın «Qarabağ gündəliyi»ni oxuyun, orada Xocalıya aid haradasa kiçik bir parça var və orada mənim yazdıqlarıma Avropa Məhkəməsi də istinad edərək bildirmişdi ki, «siz bu adamı Xocalı faciəsilə bağlı nalayiq fikirlər yaymaqda ittiham edirsiniz, amma o yazır ki, «Xocalı bizim qan yaddaşımız, fəryadımız, dərdimizdir», yəni bunu necə başa düşmək olar?»

– Avropa Məhkəməsinin qərarında Xocalı məsələsi ilə bağlı Azərbaycanı alçaldan hansı amillər var idi ki, Mirşahin bununla bağlı hazırladığı xüsusi verlişində bir saatdan artıq bu haqda danışdı?

– Mən sizə deyim…

– Yeri gəlmişkən, Mirşahinin o verilişini seyr etmisinizmi?

– Yox, baxmamışam, amma qəzetlərdə bununla bağlı məlumatlar oxudum və cavabını da verdim. O zaman vəkillərimlə məktub göndərmişdim. Başlığı da İsa peyğəmbərin «şərə xidmət edən insan dünya nifrətini qazanacaq» ifadəsilə başlamışdım. Xeyr, mən o verilişi seyr etməmişdim. Amma təxminən onun tezisləri mənə məlum idi. Əslində, bu bir daha Azərbaycan hakimiyyətinin simasının və ümummilli problemlərimizə, ümummilli dəyərlərimizə əsl qeyri-səmimi münasibətlərinin göstəricisi oldu. Mən məhkəmədə çıxış etdim və bildirdim ki, siz əslində erməninin mövqeyini mənim adıma yazırsınız, bu da Avropa Məhkəməsinə çatacaq və mən də bu məsələdə qələbə çalacam, çünki haqlıyam. Birinqcisi, həmin fikirlər mənə məxsus deyil, ikincisi, məxsus olsa belə Avropa Məhkəməsi bu məsələdə ifadə azadlığını məhdudlaşdırmayacaq. Çünki birincisi, Xocalı «Xoloxost» kimi beynəlxalq səviyyədə soyqırım hadisəsi kimi tanınmır. İkincisi, Xocalı ilə bağlı istintaq prosesi başa çatmayıb, məhkəmə qərarı yoxdur. Müqəssirlərin sırasında heç kim əyləşməyib. Ən nəhayət, Xocalı hadisələrinə görə, Azərbaycanın ilk prezidenti hələ də axtarışdadır. Yəni ortada bu qədər faktor var. Eyni zamanda yadınızdadırsa, Milli Məclisin Xocalı ilə bağlı məşhur qərarı da var idi. Səhv etmirəmsə, ümummilli liderin hakimiyyəti dövründə – 1995-ci ildə qəbul olunmuşdu. Həmin siyahıda ermənilərlə yanaşı Tamerlan Qarayevin, Ayaz Mütəllibovun, Fəhmin Hacıyevin və digər cəbhə tabor komandirlərinin adları var idi. Sual vermək istəyirəm, məgər onlar erməni idilər? Yəni əslində bu o zamankı hakimiyyətlə ermənilərin bu məsələyə mövqeyi idi. Sonradan bu məsələ ilə bağlı hakimiyyətin mövqeyi dəyişdi. Amma əvvəlcə hakimiyyət özü başqa dildə danışırdı. Bu hadisələr başlayanda bizim evə Milli Məclisin stenoqramlarını gətirmişdilər. Çox yaxşı olardı ki, «Xural» qəzeti həmin stenoqrammaları dərc etsin. Həmin adamların bəziləri bu gün də Milli Məclisdə əyləşiblər…

– Millət vəkilidlirlər? O stenoqrammaları verin, dərc edək…

– Bəli, 1995-ci ildə də orada oturmuşdular, bu gün də. Çoxları da YAP üzvləridir. Baxın, bu millət vəkilləri Milli Məclisin kürsüsündən çıxış edib,  AXC-ni Xocalı hadisələrinin törədilməsini ittiham edirlər. Mən yox, o zamankı hakimiyyət. Bununla bağlı MM-in 1995-ci ildə qəbul etdiyi qətnamə də var. Yəqin o sizin də yadınızdadır.

– Bəli. Siyahılar da çıxmışdı. Böyük müzakirələr oldu.

– Ondan savayı, Fəhmin Hacıyev Xocalı hadisələrinə görə məhkum olunub ki, o yerli əhalini qorumayıb, öz vəzifə borcunu yerinə yetirib, əhalini evakuasiya etməyib. Yəni bu, mətbu mövqe deyil. Bu, 1993-cü ildən təxminən 2005-ci ilə qədər – mən H.Əliyevin ideoloji aparatının təbliğat prinsiplərini nəzərdə tuturam – həmin prinsiplərdən doğan bir arqument idi. Ermənilər də beynəlxalq səviyyədə həmin arqumentlərdən istifadə edirlər.

– Əslində, bu hakimiyyətin özü həmin arqumenti Avropa Birliyinin qərarı ilə rəsmiləşdirdi.

Hakimiyyət ermənilərin mövqeyini mənə sırıdı

– Tamamilə doğrudur.

– Bu zaman nə baş verdi? Bir Azərbaycan jurnalistinə bu mövqeyi sırıyırlar. Jurnalist şüvən salır, hay-həşir salır ki, bu mövqe mənə aid deyil, bu mövqe ümummilli dəyərlərə ziddir, gəlin, bu ittihamlardan imtina edin, mən özümü müdafiə etdiyim üçün bu məsələ ilə beynəlxalq səviyyələrə qədər gedəcəm və bu iddia nəticə etibarilə ermənilərin və o zamankı hakimiyyətin mövqeyini bu gün mənə sırımaqla Avropa Məhkəməsində bəraət qazanacaq. Əslində,  bununla siz indiyədək beynəlxalq səviyyədə apardığınız təbliğat maşınını öz əlinizlə darmadağın etmiş olacaqsınız. Nəticəniz iflasa uğrayacaq. Bu, bir daha onu göstərir ki, indiki hakimiyyət üçün Qarabağ müqəddəs deyil, sadəcə bir vasitədir. Qarabağ bir xəyalplovdur, permanent olaraq bu xalq həmin xəyalplovla qidalandırılır və eyni zamanda xalqın etiraz ruhunu, xalqın müəyyən nifrət aurasını xarici düşmən tərəfə istiqamətləndirirlər. Eyni prosesi də Sarkisyan öz xalqı üçün həyata keçirir. Məsələ bundan ibarətdir. Ona görə də ortada heç bir nəticə yoxdur. Azərbaycan Respublikasının Ali Məhkəməsi həmin məsələ ilə bağlı mənə bəraət verdi.

– Avropa Məhkəməsinin qərarı təsdiqlədi…

– O da artıq tarixdə qaldı…

– Bəli, o artıq beynəlxalq hüquqa istinad olunacaq bir tarix oldu.

– Nəticədə bunu kim etdi? Azərbaycanın özü. Halbuki yadınızdadırsa, mən dəfələrlə mətbuat vasitəsilə hakimiyyətə səsləndim ki, gəlin bu məsələni bitirək. Heç olmasa bu ittihamı kənara qoyun. Məni həbsxanada saxlamaq istəmirsiniz? Başqa ittiham irəli sürün. Narkotik atın, nə istəyirsinizsə, edin. Mən o vaxit fikirləşməmişdim ki, həqiqətən də narkotik atacaqlar. Mən hətta o zaman onlara təklif də vermişdim ki, bu nə ittihamlardır, mənə qarşı irəli sürmüsünüz, niyə özünüzü rüsvay edirsiniz? Müraciət edin Andropovun konsepsiyasına, təlimatına. O zaman sovet DTK dissidentləri bəzi məqalələrə görə həbs edirdi. Qərb də bunlardan bir qəhrəman obrazı yaratdı. Andropov bunu görəndə siyasi hakimiyyəti ayıltdı ki, biz nə edirik, əslində, biz öz əlimizlə Qərb üçün qəhrəmanlar yaradırıq. Ona görə də bu insanları məişət maddələri ilə DİN-ə həvalə edərək həbs etmək lazımdır. Ondan sonra insanları tam fərqli, qeyri-siyasi motivlərlə həbs etməyə başladılar…

– İndi bizdə olduğu kimi… Siyasi liderləri xuliqanlığa görə həbs edirlər…

– Bunlar əski DTK-nın metodologiyasından yararlanmağa başladılar. O zaman mən məhkəmədə bu haqda çox geniş danışmışam. Bu gün Putinin FSB-si də bu təcrübədən istifadə edir. Mahiyyət etibarilə eyni kursdur. Məsələn, rəssam Artyom Laskutova nəşə atdılar. Yeri gəlmişkən, Rusiyadan milli, sosial, dini, irqi düşmənçiliyin yayılması maddəsi də çox dəbdədir. Onlarda bir «Voyna» adlı bir ART Klub var, oradakı uşaqlar qeyri-ənənəvi tədbirlər həyata keçirirlər. Onlar haqqında da belə maddələr ortaya çıxardılar – nəşə atdılar, xuliqanlıqda ittiham etdilər. Mən fikrimi onlara açıqladım ki, beynəlxalq təcrübələr, nəzəriyyələr var, onlardan istifadə edin. Ancaq təəssüflər olsun ki, bundan istifadə etmədilər. Ola bilsin, bunlar mənim həbsimdən sonra, ona verilən əks-sədadan sonra dərk etdilər ki, yanlışlığa yol veriblər. Fikir verirsinizmi, artıq məndən sonrakı jurnalistlər yazılarına görə həbs olunmadılar.

Mənim müdafiəmə 12 milyon insan qoşuldu!

– Hərə bir bəhanə ilə…

– Bunlar gördülər ki, beynəlxalq ictimaiyyət ayağa qalxdı. Hesab edin ki, dünyada mənim müdafiə kampaniyama təxminən 12 milyon insan cəlb olunmuşdu.

– 12 milyon?!

– Bəli, bəli.

Davamı gələn saylarımızda

Hazırladı:

Bamsı Beyrək

“Xural” qəzeti,

İl: 9, sayı: 024 (432), 26 iyun-2 iyul  2011-ci il

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button