“Mənim torpağımda Eldar Mahmudova villa tikiblər, 5 milyon ziyandayam”

 

İş adamı Sarı Məmmədov: “Eldar Mahmudov MTN-nin içində bir “Qazax qrupu” yaradıb, o qrupun fəallarından biri də Faiq Nuriyevdir”

Milli Təhlükəsizlik Nazirliyində baş verən xəyanət hadisələri Azərbaycan ictimaiyyətinin 1 saylı məsələsinə çevrilib. Bu tərəfdən də seçkilər. Millət daha bir sınaq qarşısındadır və bu sınağı alnıaçıq keçirmək üçün bir daha səfərbər olmağın zamanıdır. Ona qədər isə beləcə danışmaq, Sarı Məmmədov kimi hüquqlarını müdafiə etmək lazımdır. İş adamı, sahibkar Sarı Məmmədov başına MTN-çilər tərəfindən oyun açılan onlarla digər sahibkarlardan sadəcə biridir.

Sarı Məmmədovun milyonluq torpağını mənimsəyib, onun yerində sabiq nazir Eldar Mahmudova villa tikirlərmiş. Nə qədər villa olar, ilahi? Bu əcaib sualın cavabını iş adamı ilə aparılan bu müsahibədə tapmaq mümkündür. Aydın olur ki, Milli Təhlükəsizlik Nazirliyinin rayon şöbələrinin rəisləri də durmadan pul yığır, insanların əmlaklarını mənumsəyirlərmiş.

Belə Milli Təhlükəsizlik və Nazirlik olarmı?!

Olmadı…

“Qaynar Qazan”ın budəfəki qonağı vətəndaş, iş adamı, sahibkar Sarı Məmmədovdur…

Əvəz Zeynallı

SAM_9506

Milli Təhlükəsizlik Nazirliyi əslində millətə xidmət eləmirdi

 

– Sarı müəllim, Milli Təhlükəsizlik Nazirliyində baş verən son hadisələrlə bağlı mətbuatda sizin bir iş adamı kimi açıqlamalarınız olub. İstər videoçəkilişlər, istərsə də, yazılı xəbər olaraq məlumatlar yayımlandı. Amma nədənsə bu sizə bəs etmədi və daha geniş danışmaq və daha çox məlumat vermək istədiyinizi bildirdiniz. Biz də bu gün bu hadisənin ölkənin bir nömrəli hadisəsi olduğunu nəzərə alaraq – MTN-nin birbaşa sahibkarlar kontingentinə qarşı apardığı qanunsuz “əməliyyatlar”ın qurbanlarından biri olaraq, sizi bir daha dinləmək qərarına gəldik. Nə baş verir və yaxud da indiyədək nə baş verib?

– Mən keçən videomüsahibəmdə deyə bilməmişdim və əslində, fürsətdən istifadə edərək, Sizin vasitənizlə cənab prezidentə təşəkkür edirəm ki, belə bir addım atdı və cəmiyyətin çoxdan gözlədiyi bir məsələnin üstünü açdı. Çünki Milli Təhlükəsizlik Nazirliyi əslində millətə xidmət eləmirdi. O nazirlik yalnız bir qrup adamlara xidmət edirdi. Prezidentin son qərarı da cəmiyyət tərəfindən çox müsbət qarşılandı.

– Bütün bu hadisələr nə vaxtdan başlandı?

– Yəqin ki, bundan əvvəlki videomüsahibəmlə tanışsınız. Mən 2004-cü ildə Nadir adlı şəxsdən onun özəl torpağını alqı-satqı yolu ilə almışam.

– Yəni, pul verib, torpaq almısınız?

– Bəli. Bunu bilənlər yəqin ki, bilirlər və siz də bilərsiniz ki, yalnız özəl torpaq sahəsini alqı-satqı etmək olar, özəl olmayan torpaq sahəsini alqı-satqı etmək mümkün deyil. Biz də bu vətəndaşla danışdıq və notariusda alqı-satqı müqaviləsi bağlayaraq, ona istədiyi pulu ödədim və torpağı həmin adamdan aldım. Notariusdan da mənə alqı-satqı müqaviləsi verdilər. Ümumiyyətlə, proses belədir ki, alqı-satqı müqaviləsini alandan sonra onu Torpaq Komitəsinə verirsən.

– Sənədləşdirmək üçün?

– Bəli. Bu şəhadətnaməni də Torpaq Komitəsindən həmin torpaq ərazisi üçün veriblər. Yəni qanunla bu şəhadətnamə alqı-satqı müqaviləsinin əsasında verilir. Səhv etmirəmsə, bir il sonra bildirdilər ki, torpaq üçün həm də “Çıxarış” almaq lazımdır.

SAM_9499

Məni öz mülkümə qoymadılar

– Bunu da Torpaq Komitəsi verməlidir?

– Yox, bunu artıq Daşınmaz Əmlakın Reyestri Xidməti verməli idi. Şəhadətnamənin əsasında həmin bu çıxarışı da əldə etdim. Yəni mənə məxsus torpağın bütün sənədləri mövcuddur və burada da heç bir qanun pozuntusu yoxdur. Bu proses başlayanda sahibi olduğum mülkün üstünə gedəndə məni ora buraxmadılar.

– Siz o zaman torpağın sənədlərini hazırlayırdınız?

– Yox, 2006-cı ildə atam rəhmətə getdi və mənim də başım yas mərasimlərinə qarışdı. Həmin əraziyə də bu səbəbdən gec-gec gedirdim. Onlar da bildilər ki, başım bir az qarışıqdır – Milli Təhlükəsizlik Nazirliyinin işi budur da… – dərhal mənə aid olan özəl torpağımda bütün ağacları kəsirlər. Baxın, bu kəsilmiş ağacların fotoşəkilləridir, sübut kimi… Gördüm ki, orada böyük bir villa tikilməyə başlayıb.

– Siz uzun müddət həmin ərazidə olmamısınız?

– 1-2 ay, çox deyil…

Mənə dedilər ki, orada MTN generallarından birinə ev tikilir

– Yəni cəmi bu müddət ərzində artıq ağaclar kəsilmiş, villa da tikilmişdi?

– Burada nə var ki? Mən ora gələndə böyük bir imarətin bünövrəsi qoyulmuşdu, yəni villa hələ tikilib başa çatdırılmamışdı. Ağacların soyqırımı davam edirdi. Mən gördüm ki, artıq bunlarla dil çatdıra bilmirəm. Bir nəfər mənə Milli Təhlükəsizlik Nazirliyinin Sabunçu İdarəsindən bildirdi ki, orada MTN generallarından birinə ev tikilir. Bəs, “bilirik sənin başqa yerin də var…” Dedim, “belə ola biməz axı? Necə yəni sənin başqa yerin var? Kim sizə ixtiyar verir ki, başqasına məxsus torpaq sahəsini mənimsəyəsiniz?”  Gördü ki, əsəbiləşirəm, dedi, “mənlik deyil…” Mən də məcbur oldum – başqa nə edə bilərdim ki…- getdim Sabunçu rayon məhkəməsinə müraciət elədim ki, qanunsuz olaraq mənim torpaq sahəmdə tikinti aparılır. Sabunçu rayon məhkəməsinin qərarı ilə tikinti dayandırıldı. Faiq Nuriyev görəndə ki, tikinti dayandı, mənimlə görüşmək istədi.

– O kimdir?

– O, MTN-nin Sabunçu Rayon İdarəsinin rəisidir. Faiq məni İdarəyə dəvət elədi. Bizim onunla təxminən bir saat söhbətimiz oldu.

SAM_9498

Dedim ki, kişiyə başqasının torpağını zəbt eləmək yaraşmaz

– Məhkəmədən əvvəl, yoxsa sonra?

– Məhkəmədən sonra… Mən bütün bu sənədləri də özümlə götürmüşdüm və ona göstərdim. Dedim ki, torpaq zəbt eləmək, erməniyə yaraşar. Kişiyə başqasının torpağını zəbt eləmək yaraşmaz.  Bu, mənim şəxsi mülkümdür. Sən bura necə girə bilirsən? 50 yerdə yeriniz var, gedin tikin də…”

– Yəni, bu dərəcədə açıq söhbət edirdiniz?

– Hə. Hətta mən ona dedim ki, oturduğun kreslo, dövlət kreslosudur, mən ora daş atmaram. Amma nə vaxtsa, o kreslodan qalxanda qarşında məni görəcəksən. Məni bunu sənə bağışlamaram. Bu torpağı da sənə elə-belə verməyəcəyəm. Lap mən bu dünyadan köçsəm də, böyük nəslim-köküm var, övladlarım var, bunun hesabını-kitabını səndən alacaqlar.

Dedi ki, bəs villa Eldar Mahmudova tikilir

– Faiq Nuriyev bunu necə izah edirdi? Birdən-birə başqasının torpağını zəbt etməkdə niyyəti nə idi?

– Faiq Nuriyev görəndə ki, mən onunla çox ciddi danışıram, dedi ki, “öz aramızda bunu sənə deyirəm, burada mənlik bir şey yoxdur. Mənə də tapşırıblar ki, bunu mən eləyim. Bu, nazirlik məsələdir…” Soruşdum ki, “necə yəni nazirlik məsələdir?” Dedi ki, bəs villa Eldar Mahmudova tikilir.

– Sizin torpağınızda?

– Hə, mənim torpağımda Eldar Mahmudova villa tikilir. Mən də sonradan fikirləşdim ki…

– Üzr istəyirəm, bunu sizə rəsmən Milli Təhlükəsizlik Nazirliyinin İdarə rəisi deyib?

– Bəli… Bəli…

– Allah… Allah…

– Yəqin ki, hamının bildiyi kimi,  MTN-nin bütün idarələrində kameralar da var və yəqin ki, həmin görüş də qeydə alınıb.

SAM_9500

Rəis dedi ki, “maşınına silah narkotika atarlar, heç xəbərin də olmaz, sonra da qanını analizə verərlər, qanından narkotika çıxar…”

– Söhbətin tarixi yadınızdadırmı?

– 2006-cı ilin axırları olardı. Əgər mənə inanmırlarsa, yalan dediyimi düşünürərsə, yəqin ki, arxivləri var, götürüb oradan baxa bilərlər. Düz bir saat söhbətimiz olub. Niyə dəqiq vaxt yadımda qalıb? Çünki mən ora girəndə telefonu söndürmüşdüm, çıxanda da yandırdım. Ona görə də bir saat söhbətdə olduğumu dəqiq bilirəm. Həmin görüşdə mən ona çox şeyləri izah elədim. Dedim, bu hərəkətiniz, kişiliyə sığan hərəkət deyil. Bundan sonra başladı məni nazirlə qorxutmağa ki, başın ağrayacaq. Və mənə onu da dedi ki, “sənin maşınına silah atarlar, indi vəziyyət ayrı cürdür… Hətta yeməyinə narkotika atarlar, heç xəbərin də olmaz. Sonra da sənin qanını analizə verərlər, qanından narkotika çıxar…” Hələ onu da deyirdi ki, “iki nəfər üzünə adam qoyarlar ki, onlardan pul almısan, sonra da səni həbs etdirərlər”. Bax, belə məni qorxudurdu. Mən də bütün sizə dediklərimi 2008-ci ildə nazir Eldar Mahmudova yazaraq şəxsən müraciət elədik.

– Maraqlıdır. Siz mübarizənizi aralıqsız aparmısınız…

– Bəli, bütün qanuni müstəvidə…

– Təqib, təzyiq olunmusunuzmu?

– Hər bir şey…

– Bunu hiss eləyirdinizmi?

– Hiss eləyirdim. Mənim dalımca maşınlar gedib-gəlirdi. Hara gedib-gəldiyimi nəzarət edirdilər.

– Rəhbərliyə müraciətiniz necə oldu?

– Bayaq qeyd etdiyim kimi, Faiq Nuriyev kabinetində məni qorxutmağa çalışdı. Mən də ona dedim ki, bu işdən əl çəkməyəcəyəm. Hətta dedim ki, burada heç olmasa halallıq olmalıdır. Ya mənim torpağımın pulunu nazirdən al gətir, ya da həmin torpaqda nə qədər xərc çəkmisinizsə, mən onu ödəyim. O da dedi ki, “ora çox əziyyət çəkmişəm… 100 min manat xərc çəkmişəm…” Mən də dedim ki, qoy oranın birinci mərtəbəsinə 5 min manat xərcin çıxsın, nəyi hesablayıb bu qədər deyirsən? Dedi, “sənədlərinə xərcim gedib…” Dedim, axı ortada heç bir sənəd yoxdur? Dedi, vermişəm, çıxacaq… Dedim, axı MTN-dən heç kəs pul almaz axı, niyə bu qədər xərcin çıxır? Sonra ad dedi ki, mən də rəhbərliyi razı salmağa çalışıram ki, bəlkə bunu başqa yerdə eləyək? Nə isə, mən razılaşdım. Fikirləşdim ki, əgər sənəd verəcəksə, torpağımın yanında boş sahə var idi, onun da sənədlərini verər, heç olmasa, ziyana düşmərəm. Belə də qərara gəldik və mən 200 min manat dəyərində olan torpaq sahəmi təcili 80 min manata sata bildim. Bilirsiniz axı, tələsik nəyisə satmaq istəyəndə dəyərindən nə qədər az pul verirlər.  Həmin 80 mini götürüb, Faiqin yanına gəldim. Telefonla əlaqə saxladım, gördüm götürmür, Sabunçuya, idarəyə gəldim. İşçilərindən biri dedi ki, orada yoxdur. Sonra bir də zəng vurdum, telefona cavab verməyəndə, bir başqa əməkdaşından öyrəndim ki, Faiq Nuriyev kabinetindədir.  İdarəyə girdim və qapıda oturana dedim ki, bura idarədir və hər yanda da kamera var. Yəqin ki, dediklərimi onun özü də eşidir. Dedim, qanundan, Allahdan qorxmursa, bir gün bunların da vaxtı gələcək.  Bu cür əməllərin hesab-kitabı var. Baxın, o torpağın da, indiyədək çəkdiyim xərclərin də pulunu mən Faiq Nuriyevdən alacam. İnşallah, elə bilirəm ki, həmin gün gəlib. Həmin gün gəlib.

SAM_9497

500 nəfər qohum-əqrəbamın imzası ilə 2008-ci ildə Eldar Mahmudova müraciət etdim

 

– Siz bu məsələ ilə bağlı Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun birbaşa özünə niyə müraciət etmədiniz?

– Eldar Mahmudovun şəxsən özünə tək mənim yox, 500 nəfər qohum-əqrəbamın imzası ilə 2008-ci ildə müraciət etdim. Ona görə ki, dedim bəlkə bu Faiq Nuriyev Eldar Mahmudovun adından istifadə edir. Nazir məni qəbul eləmədi. Reaksiya da vermədi. Mən bir daha 2008-ci ildə şikayət edəndən təxminən 2-3 ay sonra məni bir müstəntiq ora dəvət elədi. Ona da sizə danışdığım kimi bütün məsələləri danışdım. Faiqin mənə etdiyi hədə-qorxuların hamısını da mən onlara verdiyim izahatda yazmışam. Müstəntiq dedi ki, biz bu məsələni araşdıracağıq.

– MTN-də?

– MTN-nin müstəntiqinə izahat yazdım, verdim. Onlar da bildirdilər ki, bu məsələ ilə bağlı araşdırma olmalıdır. Bu haqda mən Respublika Prokurorluğuna da müraciət etmişəm. Yaxın günlərdə yəqin ki, mənim ərizəmə də baxılacaq.

– Siz MTN-lə bağlı iş başlayan kimi gedib prokurorluğa şikayət etdiniz?

– Hə. Gördüm ki, tək mən deyiləm, başqa sahibkarların da malına-mülkünə əl qoyub, çox sayda insanlara bunlar ziyan vurublar. Mən də qaynar xəttlə zəng vurdum, məni prokurorluqda, sağ olsunlar, yüksək səviyyədə qəbul elədilər. Sənədlərimə baxdılar, yoxladılar, araşdırdılar və bir gündən sonra məni ora dəvət edib, ərizəmi aldılar. Şikayət ərizəmi aldılar və dedilər ki, yaxın günlərdə bu məsələyə ya prokurorluq, ya da Korrupsiyaya qarşı Mübarizə İdarəsi baxacaq. Hansı olursa olsun, bu qurumlardan biri məni dəvət edib, şikayət ərizəmə baxacaq. Bütün bu hadisələri, sənədləri də bunlar araşdırıblar.

– Bayaq dediniz ki, Faiq Nuriyevin bir çox sahələrə təsir imkanları çoxdur. Mətbuata da təsir edir?

– Hə… Deməli, Faiq Nuriyev, mənim saytlarda, qəzetlərdə videomüsahibəm gedəndən sonra çox əl-ayağa düşür. Bir neçə sayta, qəzetə müdaxilə edir. Bunların əlləri uzundur da…

 

SAM_9495

Faiq Nuriyev mətbuata təsir edir

 

– Hətta bəziləri də bu videomüsahibəni çıxarıblar…

– Hətta çıxaranlar da olub. Buna sözüm yoxdur. Nə olar ki? Əsas odur ki, hamısı sağ olsun. Siz də başda olmaqla bütün mediaya təşəkkür edirəm. Çox yüksək səviyyədə, iki-üç gün keçməsinə baxmayaraq, nə qədər sayt vardı bu xəbərə yer verdilər.  Bu da cəmiyyət tərəfindən müsbət qarşılandı. Hətta bu günləri dostları vasitəsilə baş prokurorlua da müraciət etmək istəyir ki, bu məsələyə orada baxılmasın.

– Yəni yenə təsir edə bilərmi?

– Etməyə çalışır, amma inanmıram ki, eləyə bilər. Çünki artıq bu məsələ ictimailəşib və cənab prezidentin “kontrol”unda olan bir şeydir. Amma bu can atır. Səhvini başa düşə, gəlib, bir üzr istəyə, torpağımı qaytarıb geri verə, bunu eləmir, köhnə qaydalarına qayıdır – məhkəmələrə təsir edib bütün qanuni sənədlərimi ləğv elətdirdiyi kimi, yenə də kimlərəsə təsir etmək üçün yollar axtarır. Elə bilir ki, prokurorluq da bunu üçün ədliyyə sistemidir ki, hansı məhkəməyə istəyirdi, ona təsir edə bilirdi. Yəni əziyyət çəkir.

– Sizin torpağı Faiq Nuriyev öz adına keçitdirmişdi?

– Anasının adına… Mən MTN-də izahat verəndə də bunu dedim. Faiq Nuriyev ümumiyyətlə, peşəkar MTN-çi deyil. O, ümumiyyətlə MTN-ə layiqli bir işçi də deyil. Hətta mən təklif etdim ki, MTN-nin qarşısına 10 adam qorxusundan çıxa bilmir. Mən min adam dəvət edim, gəlsin. Bir iş edin – Faiq Nuriyevi vəzifəsindən azad edin. Çünki Faiq əgər düzgün işçi olsaydı, MTN-çi çekist olsaydı, o zaman sənədləri anasının adına nə üçün eləyirdi ki? Baxın, anasının adınadır – Solmaz Nuriyeva… Bilmirəm, anası yaşayır-yaşamır, amma onun adına bələdiyyədən məndən sonra sənəd alıb.

MTN çox xod gedirdi

– Hansı ki, artıq o torpağın sənədi var…

– Bəli, məhkəmədə də hakimin qarşısında məsələ qaldırdım ki, axı həmin torpaq bələdiyyənin ərazisinə daxil deyil, necə ola bilər ki, ərazisi olmayan bir torpaq sahəsinə bələdiyyə sənəd versin? Onları məcbur edəndən sonra Torpaq Komitəsinə sorğu göndərdilər, onlar da cavab verdilər ki, həmin ərazi Bələdiyyənin ərazisi deyil. Buna baxmayaraq, əmr böyük yerdən gəlirdi… MTN çox xod gedirdi. Bütün məhkəmələrə təsir gücü vardı. Bir tək Ali Məhkəmədə hakim İbayev sağ olsun, mənim xeyrimə qərar çıxardı. Ondan başqa, Apellyasiya Məhkəməsində hakim Tağı Mirzəyev və Hilal adlı hakimlər mənim əleyhimə qərar verdilər. Yenidən Ali Məhkəmədə hakim Günəş Xudaverdiyeva bu məsələyə nöqtə qoydu. O da qazaxlıdır. Sizə maraqlı bir fakt deyim, bəlkə də bilmirsiniz. Ümumiyyətlə, bunu mənim özüm də bu proseslər başlayandan sonra bilmişəm. Əslində nazir Eldar Mahmudov naxçıvanlı deyil. Onun əsli-kökü qazaxlıdır. Onun babası kankan olub və o zamanlar Naxçıvana gedib, Şaxtaxtında quyu qazırmış, gediblər, orada da qalıblar. Eldar Mahmudov vəzifəyə gələndən sonra da – bunu yəqin bütün MTN bilir, bu haqda onlardan da soruşa bilərsiniz – nazirliyin daxilində bir “Qazax qrupu” yaradıb.

– MTN-nin içində?

– Hə… MTN-nin içində bir “Qazax qrupu” yaradıb. O qrupun fəallarından biri də elə bu Faiq Nuriyevdir. Bu məsələdə yeriçilik özünü tam olaraq göstərir.

– Deyirsiniz ki, Xudaverdiyeva da qazaxlı olduğu üçün Faiq Nuriyevin lehinə qərar çıxardı?

– Hə… O qanunsuzluğu təsdiq elədi və bu məsələyə nöqtə qoydu. Təsəvvür edin ki, Ali Məhkəmənin iki hakimi eyni məsələ ilə bağlı iki müxtəlif hökm çıxarır. Biri torpağın mənim olduğunu təsdiqləyir, digəri isə imtina edir. Biri 2×2=4, digəri 2×2=5 dedi. Bu çox gülməli bir hadisədir.

– Bu dövr, müddət ərzində niyə mətbuata çıxmadınız? İddialarınızı Avropa Məhkəməsinə niyə aparmadınız? Ötən illər ərzində apardığınız mübarizə haqda niyə ictimaiyyət indi xəbər tutur.

– Bildiyiniz kimi…

SAM_9496

Faiq dedi ki, bu haqda məlumatı hansı qəzetə, hansı sayta versəm, onu içəri qoyduracaq

– Yəni qorxubsunuz da…

– Yox, yox… Mən özüm MTN-nin xod gedən vaxtlarında bütün mübarizələrimi sona qədər aparmışam. Sadəcə Faiq mənə dedi ki, bu haqda məlumatı hansı qəzetə, hansı sayta versəm, onu içəri qoyduracaq. Bunların da bərk gedən vaxtları idi də, qardaş. Mən də fikirləşdim ki, mənə görə, bu işə görə hansısa qəzetin əməkdaşı həbs olunmasın.

– Milli Təhlükəsizlik Nazirliyi elə bir qurumdur ki, hər zaman bərk gedir, hər zaman xod gedir. Elə deməyək ki, xatirlərinə də dəysin, adınız, adımız onların “Qara siyahı”sına düşməsin.

– Düşüb də, artıq…

– Biz belə deyək. Milli Təhlükəsizlik Nazirliyinə rəhbərlik eləyən bu qrup bəzi məsələlərdə xod gediblər. Təki Milli Təhlükəsizlik Nazirliyi – ömürləri uzun olsun – hər zaman da xod getsinlər.

– Getsinlər. Millətə, dövlətə də xeyirləri dəysin…

– Amma dövlətə xidmət eləsinlər, şəxsi maraqlarına yox.

– Düzdür… Mətbuata, mediaya ona görə informasiya vermədim ki, mənə görə kiminsə çörəyinə bais olmayaq. Kimlərisə mənə görə həbs eləməsinlər. Bilirsiniz ki, MTN-nin telefonları dinləmə imkanları olduğuna görə, onlar ancaq narkomanlarla mübarizə apara biliblər. Sahibkarları aparıb, başlarına oyunlar açıblar. Elə bir ciddi, uğurlu iş də görməyiblər. Yəni budur… Mənim bu məsələdə çox güclü vəkillərim var idi. İşi hazırladılar ki, Avropa Məhkəməsinə verək. Mən çox düşündüm. Mən fikirləşdim ki, – bayaq dediyim kimi – bir qrupdan ötəri bir milləti, bir dövləti pis vəziyyətdə qoymayım. Əgər mən bu məsələdən ötəri Avropa Məhkəməsinə müraciət eləsəydim, bu dövlətin adına pis idi. Nə Eldar Mahmudov, nə də ki, Faiq Nuriyev dövlət deyillər. Mən bilirdim ki, hər şey yolunu tutacaq, amma bir az çox zaman apardı. Vaxt bir az çox getdi. 10 il çox çəkdi. Mən elə bilirdim ki, bunlar atdan bir az tez düşərlər, amma gec düşdülər. Ona görə də Avropa Məhkəməsinə müraciət eləmədim.

– Yəni deyirsiniz ki, sırf vətənpərvərlik baxımından bu addımı atmadınız?

– Əlbəttə ki… Millətimi düşünmüşəm. Dövlətimi düşünmüşəm. Nəyə görə, səninlə olan davam başqa bir ölkədə, başqa millətlər tərəfindən aparılmalıdır?

– Kaş ki, bunu məmurlar da düşünə biləydi…

– İndən sonra düşünərlər də…

– Bu işdə görünən odur ki, yüzlərlə, minlərlə sahibkar təzyiqə məruz qalıblar. Görünür ki, dövlətin adından reketçiliklə məşğul olan bir qrup fəaliyyət göstərib. Elə sahibkarlar var ki, hətta onlardan “Galenvagen” avtomobillər istəyiblər. Sizə elə istəklə müraciət edən olmadı ki, məsələn mənə ev al, maşın al?..

– Allah sənə kömək olsun, mənə vurduğu ziyandan 10 ədəd Galenvagen alar, 10 dənə də villa tikər…

 

əvəzlə sarı məmmədov

Təkcə, Bakıxanovda Faiq Nuriyev mənə 5 milyon ziyan vurub

 

– Ümumiyyətlə, nə qədər ziyanınız olub, nə qədər sizdən alıblar?

– Təkcə, Bakıxanovda Faiq Nuriyev mənə 5 milyon ziyan vurub. Mənim bütün torpaq sahələrimin əlimdən çıxmasında onun birbaşa rolu var.

– Yəni digər torpaq sahələriniz də var?

– Əlbəttə ki… Sadəcə o digərləri mənim adıma olmadığı üçün mən o məsələləri qaldıra bilmədim. Dostlarımı təsir altına salmaq istəmədim. Bu mənim öz adıma olduğuna görə, ilk olaraq onu qaldırdım. Bu gün də Faiqdən hələlik tələbim budur. Vaxtı gələndə o biri məsələlər də qaldırılacaq. Ona görə, ağlı olsun, gətirib, mənim ziyanımı ödəsin.

– Əgər istintaq sizdən digər ziyanlarınızın nədən ibarət olması haqda məlumat istəsə, o zaman onları da açıqlayacaqsınızmı?

– İstintaq istəsə, niyə eləmirəm ki? Elə bir problem yoxdur. Məsələ ondadır ki, istəməmişəm başqa adamlara əziyyət verilsin, gəlib-getsinlər. Torpaqlarımdan biri dostumun adınadır. O əraziylə bağlı şikayət etsəydim, onu hər yana çağıracaqdılar, məni yox.

– Təbii ki…

– Həm də baxırdım, axı. Əgər öz adıma olan torpaq sahəsini özümə qaytarıb, bu işdə qələbə çala bilsəydim, o birilərini də eləyərdim. Bu mənim öz adımadır, özüm də qabağa durmuşam. Mən MTN-nin xod gedən vaxtında eləmişəm axı, bunları…

– Deyirsiniz ki, 5 milyon ziyan dəyib sizə. Haqlı bir sual yaranır: bu pullar sizdə haradan idi?

– Əvvəla, onu deyim ki, mən o torpaqları alanda dəyəri milyon deyildi. Sonradan torpaqların qiyməti qalxdı. Bu bir. İkinci bir tərəfdən, mən səhv eləmirəmsə, Faiq Nuriyevin atası müəllim olub. Allah ona rəhmət eləsin. Bunlar elə də pul-zad görməyən adamdırlar. Mənim rəhmətlik babalarım kolxoz sədri olublar, atam uzun illər yağ-pendir zavodunun direktoru olub. Özüm 26 yaşından idarə rəisi işləmişəm. Sexim olub, kommersiyamız olub. Mən Gəncədə də oxumuşam. Hamı bilir ki, dədə-babadan bizim varidatımız olub. Bu məsələ də ondan irəli gəlir. Bir vaxtlar 500 minə aldığımız yerin qiyməti sonradan 5 milyon olub. Amma fakt odur ki, bu yer mənimdir. 10 manata almışam, indi 100 manat olub. Bu ancaq bizim uzaqgörənliyimizdir. Kiminsə malını oğurlayıb, torpaq almamışam. Ermənilər malımızı, mülkümüzü, torpağımızı işğal edib, əlimizə nə keçdisə götürüb gəlmişik, nə qaçıra bilmişiksə, Bakıya gətirmişik. 1994-cü ildə mən “Mercedes” sürürdüm. Onda Faiq nə bilim, harada idi, nə sürürdü? Yəni mənim atam Cəbrayılda “Volqa” sürəndə Faiqin yeddi arxa dönənində heç maşın olmayıb. Özü də Faiq bütün bunları tutduğu vəzifədən sui istifadə edərək eləyir. Öz gücünə zəbt eləmir ki, MTN-nin gücünə bütün bunları eləyir. Onun özünün nə gücü var ki? Elə belə də gücü yoxdur. O vəzifədə olmasa, kiminsə torpağını zəbt edə bilməz, axı. Bu reallıqdır və birbaşa bu kimi hadisələrin hamısı dövlətə ziyandır. Xalqı, milləti dövlətə qarşı qaldırmaqdır. Bu gün məmurlar, xalqı, milləti prezidentimizə qarşı, dövlətimizə qarşı qaldırırlar.

– Təbii ki, vaxt gələndə cavablarını da alırlar…

– Bəli, alırlar cavablarını. Elə bilirəm ki, alacaqlar da…

– Cəmiyyətə, Oxuculara, tamaşaçılara bir sözünüz…

– Cəmiyyətə sözüm budur ki, heç vaxt ruhdan düşmək lazım deyil. Haqq, ədalət, gec-tez öz yerini tapır.

– Mən belə baxıram, siz bəzi siyasi partiyalardan yaxşı mübarizə aparmısınız. Siyasilər qorxularından çəkilb yerlərində durmuşdu, hətta MTN-nin qoluna, qanadına sığınıb, işlər görürdü, amma siz heç yerə dönmədən təxminən 10 il mübarizə aparmısınız.

– Elədir.

– Eşq olsun!

– Sağ olun, mən sizə təşəkkür edirəm. Sizin vasitənizlə bütün mediaya təşəkkür edirəm. Bütün yaxşı insanlara təşəkkür edirəm ki, heç bir zəng olunmadan, xahiş olunmadan bütün saytlarda, bütün qəzetlərdə mənim problemimi qabartdılar. Sizə də xüsusi təşəkkürümü bildirirəm.

“Qaynar Qazan”da Əvəz Zeynallı idi

Xüsusi qeyd: Müsahibədə adı çəkilən şəxslərin, məxsusən Milli Təhlükəsizlik Nazirliyinin Sabunçu Rayon İdarəsinin rəisi Faiq Nuriyevin münasibətini dərc etməyə hazırıq

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button