Məşhur jurnalist Mədət Quliyevə müraciət etdi: “ŞANTAJ OLUNURAM!”

Məşhur jurnalist Aydın Canıyev Dövlət Təhlükəsizlik Komitəsinin sədri Mədət Quliyevə müraciət edib. O, şantaj və təhdid olunduğunu bildirib. Aydın Canıyevin həyəcan dolu yazısını xural.com təqdim edir:

 

Azərbaycan Respublikasının Milli Qəhrəmanı, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev cənablarına

Hörmətli cənab Milli Qəhrəman və general-polkovnik!

Siz vətən və dövlət qarşısında bütün şücaətləri göstərmiş və ən yüksək titullara nail olmuş vətəndaşısınız ölkəmizin! Siz uzunmüddətli qənirsiz fəaliyyətinizin nəticəsi olaraq, gözəl bilrsiniz ki, bu vətənə faydalı ola biləcək ən dəyərli vətəndaşın anındaca elementar bir yanlışlığın qurbanı olması sıradan bir işdir. Baxın, məni Sizə müraciət etməyə vadar edən məhz bu məqamdır!
Özüm haqqında yüksək fikirdə və gələcək üçün plan quran adam deyiləm, ölkəmə faydalı vətəndaş olmaqdan başqa!
Ancaq bir xeyli müddətdir ki, izimə ən müxtəlif orqanların əməkdaşlarının məqsədli şəkildə müdaxiləsi, xüsusilə də həyatdan məhrum etmək qədərincə də olmasa, azadlığımın itirilməsi ilə nəticələnə biləcək addımların atılması məni düşünməyə vadar etdi! Son və həm də doğru qərarı verdim: Sizə müraciət etmək…
Deməli, bəri başdan bildirirəm ki, mən dövlətçilik ənənələrinə və qanunlara hörmət edən biriyəm. Azəbaycanın bütövlüyü, milli birlik və ictimai asayişin bəşəri səviyyədə tənzimlənməsini önərmişəm yazılarımda. Hətta məni sinirə bilməyən əleyhdarlarım etnik mənsubiyyətimə görə böhtan ataraq şərləmək istəsələr də, bu, mümkün olmayıb. Sonuncu cəhd 1996-cı ilin oktyabrın 6-da olub, ondakı MTN-ini məsul şəxsləri Bahadır Qocayevin (sonradan Astara şöbəsinin rəhbəri oldu) və Hüseynağa Məmmədovun (o zamanlar Lənkəran bölməsinin rəhbəri) ciddi araşdırmaları və obyektiv hesabatları sayəsində atılan çamurlar məni ləkələnməyə qoymadı. Nə separatçı, nə də hansısa xəttin təmsilçisi olmadığım təsdiqləndi!


Əlavə etmək istədiyim yalnız budur: mən heç vaxt iqtidarın təəssübkeşi, təbliğatçısı olmamışam! Ən sərt tənqidi yazıların müəllifiyəm! “Qərhəmanlarımın” heç biri məndən narazı olmayıb və düşmənçilik etməyib! Təkcə Allahşükür Paşazadə və çetesinin etirazı etmədiyim cinayət maddələriylə həbsimlə nəticələnib, baxmayaraq ki, yazılarımda yazdığım faktlarını əksəriyyəti təsdiq olunub, bir neçə nəfər cəzalanıb, onu da unutmuşam – cənab Preizidentin əfvinə görə!
Ona görə də haqqımda indiyə qədər böhtan atan, orda-burda ağzına gələni danışan heç birinə cavab verməmişəm – əminliyimə görə: dövlət orqanları mənim kimliyimi mənə böhtan atanlardan yaxşı bilib! Heç vaxt da tumanı başıma çəkib bəyanatlar verməmişəm ki, ay iqtidar məni diskriminasiya edir, ay mənim hüquqlarımı pozur! İstədiyim yazını yazmışam, istədiyim kimi gəzmişəm!
Ancaq son ilyarımda xüsusi nəzarət altına alınmağım, öyrədilmiş adamların təması məni məcbur edib ki, kirayə qaldığım evə sığınım, insanlarla təmasdan qaçım. Yeganə olduğum məkan sosial şəbəkə və iştirakıma məcbur olduğum elin xeyir-şəridir.
Sizi yormayım deyə, yekunlaşdırıram: bir dəfə polis əməkdaşının saxta profillə məni cinayətə sürükləyən cəhdiylə üz-üzə qaldım. Cənab nazir Ramil Usubova müraciətim nəticəsiz qalmadı və təhlükə sovuşdu.
İndi isə… yenidən eyni haldır. Daha dəhşətli və alçaq formada! Bu “cəsarət” və səlahiyyət yalnız və yalnız DTX səlahiyyətlisində ola bilər: haqqımda istənilən informasiyanı anında istənilən mənbədən əldə etmək, istənilən ranqlı, vəzifəli adamı haqqımda verdiyi bilgiyə uyğun davranışa məcbur etmək, psixoloji durumumdan sui-istifadə edərək şəxsi zəmində cinayətə sürükləmək, səlahiyyətli və imkanlı adamlara heç bir münasibəti olmadığı halda məni cəzalandırmağa yönəlik informasiyalar ötürmək, şəxsi həyatıma aid faktlarla şantaj və təhdid etmək!
Bəli, mən tənqidi yazılar yazıram – amma heç vaxt əleyhinə olduğum bu iqtidar məni təhdid etməyib, hədə-qorxu gəlməyib! Yazılarımdan çıxış edərək mənə zərbə vurmaq cəhdinin uğursuzluğu qərəzin və kinin, nifrətin həddini gizlətməyə imkan verməyib! Əsaslı şəkildə izahı məni qəbul etdiyinizdə faktlarla nəzərinizə çatdıra bilərəm!
Siz bir əli həmişə tapançada olan bir döyüşçü olaraq məni doğru anlayarsınız: söhbət namusdan gedirsə, artıq qanuna və hüquq-mühafizə orqanlarına müraciət etmək zəruriliyini düşünməyə vaxt qalmır – situativ qərar ağlı və mühakimə qabiliyyətini sıfırlayır!
Amma mən ömrümdə ikinci dəfədir səbr göstərirəm: “samosud” və “tretiyskiy sud” qurmaq iddiam yoxdur! Hər halda 50 yaşı adlamamağım mənə bu müdrikliyi verib!
Cənab general-polkovnik, cənab Milli Qəhrəman, bu sətirləri yazmağa məni cəsarətləndirən… son anda əldə etdiyim faktdır!
Başa düşürəm, gərgin iş rejimindəsiniz, özünüz olmasanız da belə, şəxsən nəzarətinizə götürməklə, səlahiyyətli bir nümayəndənizə məni qəbul etməyi və faktlarla tanış olmağı göstəriş verməyiniz xahiş edirəm!
Artıq mən kifayət qədər imkanlı, səlahiyyətli insanlara haqqımda ötürülən yalan informasiyaların cəzasından yalnız və yalnız şəxsi ləyaqətim, müdrikliyim, dəmir məntiqim və arqumental əsaslarım sayəsində qurtulmuşam. Ola da bilər ki, növbəti dəfə kiminsə ağlı çatmaz səbr etməyə… Eləcə də mənim özümün!
Adətən, mən istənilən problemi “tet-a-tet” çözməyə üstünlük verirəm, ictimailəşdirmənin əleyhinə oluram! İndi situasiya daha gərgindir, təqdim etdiyim faktlara nə qədər soyuqqanlı olsanız da, heyrətlənəcəksiniz! Həyasızlığın həddi yoxdur, şantajın, təhdidin miqyası əndazəni aşır!
Problemin həllinə göstəriş verməyinizi xaiş edirəm!

Hörmətlə,
Aydın Canıyev!

p.s. Niyə bunu DTX əməkdaşının etdiyi iddiasındayam, deyim: ortada fakt var! Əks təqdirdə, ikinci belə bir səlahiyyətin olduğu ayrı xidmətin əməkdaşı üzə çıxarsa, üzr istəməyə hazıram. İstənilən halda, birilərinin dövlət içində dövlətçiliyi üzə çıxacaq. Fayda bundadır!

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button