Məşhur strateq Zbiqnev Bjezinski: “Ruslar bununla bağlı heç nə edə bilməzlər”

Keçmiş “qırğı” Bjezinski Rusiya-Amerika münasibətlərinin yaxşılaşacağına ümidvardır və hesab edir ki, bu iki dövlətin maraqları bir çox məqamlarda üst-üstə düşür.

O, 1970-ci illərdə Cimmi Karterin dönəmində milli təhlükəsizlik üzrə müşavir işləyərkən, “soyuq müharibə qırğısı” kimi ad çıxartmışdı.

Qocaman analitikin Amerika nəşrinə müsahibəsini Strateq.az-ın oxucularına təqdim edirik.

– Türkiyə HHQ-nin vurduğu Rusiya təyyarəsinə gəlincə, bu, ilk hadisədir ki, NATO ölkəsi Rusiya təyyarəsini məhv etdi. Bunun Rusiya ilə Qərb arasında gərginliyin ümumi artımı fonunda baş verdiyi nəzərə alınsa, bu xüsusda nə dərəcədə ciddi şəkildə narahatsınız?

Bu, ciddi gərginlikdir, lakin amansız deyil. Müəyyən mənada sağlam düşüncə və zəka üstün gəlsə, ixtilaf hətta faydalı çıxa  bilər. Həm də təkcə bu xoşagəlməz bölgəsəl problemin həlli üçün deyil, həm də bütünlükdə üç böyük dövlətin hökmranlığına əsaslanan kürəsəl sistemin doğurduğu daha fəlakətli nəticələrin qarşısını almaq üçündür.

– Niyə hesab edirsiniz ki, belə bir şey mümkündür?

– Düşünürüəm ki, Qərb Yaxın Şərqdən son yeniliklərə yetərincə sakitcəsinə reaksiya verdi və eyni zamanda Rusiya bombardmançısının məhv edilməsindən dərhal sonra səsləndirilən təhdidlərə uymadı. Hətta rusların özləri də, necə deyərlər, dərindən nəfəs alıb başa düşdülər ki, böhranın kəskinləşməsi gedər-gəlməzə aparan yoldur. Bunun yeganə nəticəsi Rusiyanın təcriddə görünəcəyi ciddi qarşıdurma ola bilər. Əslində, tamamilə mümkündür ki, hazırda təkcə Türkiyə-Rusiya insidenti ilə bağlı deyil, həm də bölgədə zorakılığın qarşısının alınması üzrə əməkdaşlığın ümumən faydalı şəkildə fəallaşması planında böyük dövlətlər arasındakı münasibətlərdə müəyyən tərəqqinin astanasındayıq.

– “Faydalı“ sözü altında nəyin nəzərdə tutulduğunu daha ətraflı şəkildə izah edə bilərsinizmi?

– Güman etmirəm ki, kimsə bu mübahisənin həqiqətən də dağıdıcı nəticələrə səbəb olacaq potensial təhlükəli münaqişənin qızışdırılmasına dəyəcəyi haqda düşünsün. Oktyabrın əvvəlində “Financial Times”-da Yaxın Şərq bölgəsinin gələcəyi mövzusunda Rusiyanın ciddi danışıqlara cəlb edilməsinin zərurəti haqda yazmışam. Güman edirəm ki, biz hazırda nüvə dövlətləri arasındakı qarşılıqlı münasibətlərin mürəkkəbliklə bağlı ümumi təhlükə nəzərə alınmaqla (Vena danışıqları çərçivəsində) edilməsi gərəkəni edirik.

– Ruslar Əsədi dəstəkləsə də, amerikalılar isə onun devrilməsinə çağırsalar da, Suriya ilə bağlı hansısa qarşıqlıqlı məqbul həlli mümkündür?

– Suriyada Bəşər Əsədin hakimiyyətinin qeyri-müəyyən uzun müddətə saxlanmasının Rusiya üçün özəl bir faydası yoxdur, onun təcili gedişi isə Birləşmiş Ştatlara hansısa bir önəmli üstünlük verməyəcək. Lakin ABŞ-la Rusiya arasında ciddi qarşıdurmaya yol verməmək hər iki dövlətin maraqlarına cavab verir. Ola bilsin, mən sadəlövhəm, lakin mənə elə gəlir ki, bu, güvəncin çox da böyük olmadığı durumlardan biridir. Ukraynadakı münaqişəyə münasibətdə tamamilə əks fikir bir neçə həftə ərzində düzgün çıxdı. O zaman məhz buna görə bizimlə ruslar arasında güzəştlərdən və təhlükəsizlik məsələlərində Ukrayna probleminin “finlandiyalaşdırılması”ndan danışırdım. Söhbət Ukraynanın müstəqilliyinin saxlanması şərtilə NATO-ya daxil olmaqdan imtinasından gedir. Mənə elə gəlir ki, durum bu gün bu yöndə inkişaf edir.

– Sizin indiki ifadələriniz “strateji cəsarət”ə çağırdığınız oktyabr məqaləsindən daha müsbətdir. Yazırdınız ki, Bəşər Əsəd  hakimiyyətdə duruş gətirsin deyə, Rusiya İŞİD-lə əlaqəsi olmayan qüvvələrə zərbə endirdiyinə görə Amerikanın Yaxın Şərqdəki nüfuzu, elə bu bölgənin özü də təhlükə altndadır. Doğrudanmı, bu gün daha nikbincəsinə köklənibsiniz?

– O anda gələn ilk məlumatlar ondan xəbər verirdi ki, ruslar ABŞ-dan dəstək alan qruplaşmalara zərbə endirirlər. Biz onlara xəbərdarlıq etməliydik və fikrimcə, bunu etdik. Mənə elə gəlir ki, reaksiya bu dəfə təmkinli idi. Putin 3 insidentə yol verdi. Beləliklə, tərəflər bu genişlənən dramda özlərini daha ağıllı aparır. Lakin mənə elə gəlir ki, Tükiyə üzərində təyyarənin biz tərəfdən vurulmamağı çox müsbətdir, çünki belə olan halda bu cür acı həbi “udmağa” Putinin daha az imkanı olacaqdı. Mən həmçinin çox şadam ki, bu hadisə Baltikyanı respublikaların birində baş vermədi. Bu zaman Rusiyanın reaksiyası daha amansız, Baltikyanının müqavimət göstərmək qabiliyyəti isə cüzi ola bilərdi. Bu halda Birləşmiş Ştatların güc müdaxiləsi şübhəsiz olardı.

– Rusiyanın digər böyük dövlət Çinlə əməkdaşlığı və onlarınAmerikaya qarşı etdikləri xüsusunda rahatsız olmağınıza dəyərmi?

– Mən bu cür düşünmürəm. Qısamüddətli perspektivdə Çinin geostrateji maraqlarına münaqişə deyil, sabitlik cavab verir. Sabitlik Çinə öz nüfuzunu artırmağa və Çinin Hind okeanına, həmçinin dəniz və dəmiryolları ilə Mərkəzi Asiyaya və oradan Qərbə çıxışını genişləndirmək üzrə ikili proqramı ifadə edən “Bir zolaq – bir yol” layihəsini yeritmək imkanı verir. Beləliklə, Mərkəzi Asiyada Rusiya ilə Çin arasında qüvvələr tarazlığını tədricən və ehtiyatla sonuncunun xeyrinə dəyişdirmək nəzərdə tutulur. Ruslar bununla bağlı heç nə edə bilməzlər. Qırğızıstan istisna olmaqla bu layihədə iştirak edən ölkələr isə bu cür perspektivi alqışlayır. Onlar anlayırlar ki, Moskvanın irəli sürdüyü Avrasiya Birliyinin tərkib hissəsi olsalar, müstəqilliklərindən məhrum ola bilərlər.

Çinlilər aşkar neytrallığı gözləməyi, eyni zamanda münaqişə tərəflərindən bu və ya digərinə gizlicə yardım göstərməyi çox yaxşı bacarırlar. Onlar bu yaxınlarda Ukraynanın BMT Təhlükəsizlik Şurasının üzvlüyünə qəbul edilməsinə səs verdilər. Güman etmirəm ki, bu cür addım rusların xoşuna gəlsin.

– Siz soyuq müharibə dönəmində “qırğı” kimi ad çıxartmışdınız. Deyəsən, bu gün hesab edirsiniz ki, Birləşmiş Ştatlarla Rusiyanın maraqları xeyli dərəcədə üst-üstə düşür.

– Doğrudur. Yaxın Şərqdə durum nəzarətdən çıxsa, İranın nüvə proqramı üzrə bu yaxınlarda əldə edilmiş saziş puça çıxar və nəticələr olduqca təhlükəli olar. Bu, İsrail üçün ciddi problemlər yarada bilər. İsrail rəhbərliyinin isə, ən azı, bir qismi bu cür hallarda hərbi varianta əl atmağa meyllidir. Bütün bunlar bölgədə olduqca təhlükəli durum yarada bilər. Bundan başqa, bu cür hadisələr bölgədən kənarda daha sərt reaksiyalara səbəb olar. İndiki halda Rusiya və Qərb ortaq şəkildə sabitlikdə maraqlıdır. “Hakimiyyətin ötürülməsi” və Əsədin getməyinə gəlincə isə, qarşıda uzunmüddətli danışıqlar durur. Lakin düşünmürəm ki, tərəflərdən hər hansının həyatönəmli marağı onun taleyindən asılıdır…

– Lakin Rusiya üzrə bəzi ekspertlər güman edirlər ki, Putinin məqsədi Rusiyaya fövqəldövlət statusunun qaytarılmasıdır və məqsədinə çatmaq üçün onu heç nə dayandıra bilməz.

– Ola bilsin, onun bu məsələyə yanaşmağı irrasionaldır. Son xəbərlər onu açıq şəkildə hövsələdən çıxartmışdı. Lakin məncə, o, tezliklə dərk etdi ki, müharibəyə başlamaq istəmirsə, eskalasiya ona heç bir dividend gətirməyəcək. Lakin bu halda da kiminlə müharibə aparmaq və nəticələrin onun özü üçün necə olacağı haqda məsələ qarşıda duracaqdı.

Maykl Hirş (Michael Hirsh)

“Politico”, (ABŞ), 30.11.2015

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button