Məşhur YAP-çının müstəntiq oğlundan sensasion istefa müraciəti

Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlunun oğlu Rüfət Səfərov prokurorluq orqanlarından istefa verib. Qərarı barədə danışan Rüfət Səfərov sensasion açıqlamalar da verib.

«Pulu olan əxlaqsızların «namuslu» çıxması…»

R.Səfərov bildirib ki, ikinci dərəcəli hüquqşünas kimi 5 ildir Zərdab rayon prokurorluğunda müstəntiq vəzifəsini tutur. Dediyinə görə, bu illər ərzində heç kimlə şəxsi zəmində problemləri olmayıb. Bu gün istefa verməsi də sırf özünün istəyi ilə bağlıdır: «Ali təhsilimi başa vurduqdan sonra təxminən 6 il Kənd Təsərrüfatı Nazirliyində aqrar hüquq sahəsində hüquqşünas kimi çalışmışam. 2011-ci ildə üç mərhələli imtahandan sonra prokurorluq orqanlarına daxil olmuşam. 5 ilə yaxındır müstəntiq kimi fəaliyyət göstərirəm. Uzun müddətdir ölkədə tüğyan edən kütləvi namussuzluq, insanların haqq və hüquqlarının tapdanması, pulu olan əxlaqsızlıqların «namuslu» çıxması məni bu qərarı qəbul etməyə vadar etdi. Mən buna radikal yox, normal qərar deyirəm. «Azadlıq» qəzeti vasitəsi ilə xalqıma müraciət edirəm. Əvvəlcə xalqımdan dönə-dönə üzr istəyirəm ki, bu qərarı verməkdə bir qədər gecikmişəm. Bəlkə də bu addımı 2-3 il əvvəl atmalı idim. Xüsusi vurğulamaq istəyirəm ki, şəxsi müstəvidə heç kimlə heç bir problemim olmayıb. Aylıq maaşım, dolanışığım, evim, şəxsi avtomobilim var. Şəxsi planda heç kimdən şikayətim və ya narazılığım yoxdur. Lakin ictimai müstəvidə vəziyyət çox acınacaqlıdır. Millətimin taleyindən hədsiz narahatam. Bu gün oğrular, korrupsionerlər bayırda kefdə-damaqdadır. Zərrə qədər günahı olmayan insanlar isə həbsxanalarda çürüyür. Onların yeganə günahı həqiqəti söyləmələridir».

«Atam məni övladlıqdan rədd etsə də…» 

R.Səfərov bu açıqlamalarından sonra atasının ondan üz döndərəcəyini, hətta rəsmi səviyyədə imtina edəcəyini də istisna etmir: «Atam Eldar Sabiroğlu Yeni Azərbaycan Partiyasının yaradıcılarındandır. Bu gün də həmin partiyanın sıralarındadır. Atam zəng edib məni tənbeh etdi. Bəlkə də məhkəmə qaydası ilə məndən imtina da edəcək.
«Azadlıq» qəzeti vasitəsilə atama müraciət edirəm. Əziz atam Eldar Sabiroğlu. Qətiyyən narahat olma. Məni övladlıqdan rədd etsən də, məndən imtina etsən də bil ki, sən, anam və başqa doğmalarım nə qədər əziz olsanız da, mənim üçün millətimin müqəddəsliyi daha üstündür. Millətim rəzil gündədir. Görün, insanları nə günə salıblar ki, rayon prokurorluğunda vətəndaş gəlib müstəntiqdən borc istəyir.
Bu yaxınlarda Corc Oruellin «1984» əsərini təkrarən oxudum. Öz-özümə düşündüm ki, bu qərarı verməliyəm və qorxu hissimi məhv etməliyəm. Sonra gördüm ki, qorxu hissi arxa, cəsarət ön plana keçib».

«İnsanlar itdən betər gündə yaşayır»

İstefa ərizəsini rəsmən bazar ertəsi təqdim edəcəyini deyən R.Səfərov «Azadlıq» qəzeti vasitəsilə Baş prokuror Zakir Qaralova da müraciət edib: «İstefa ərizəmi faks yolu ilə Baş prokurora ünvanlayacam. Fürsətdən istifadə edib Zakir Qaralova təşəkkür etmək istəyirəm ki, nisbi də olsa şərait yaradılıb və insanlar imtahanlarda iştirak edib prokurorluq orqanlarında işə düzəlirlər. Lakin o da reallıqdır ki, heç bir savadı olmayanlar imkanları, pulları olduğuna görə şəhərin mərkəzində əyləşib istintaq aparır və insanların taleyi ilə oynayırlar. Elə düşünməyin ki, Rüfət Səfərov bu gün Zərdabda əyləşib və nədənsə şikayətçidir. Namusuma and içirəm ki, Zərdabdan şikayətçi deyiləm. Həsən bəy Zərdabinin ruhu prokurorluq sisteminə nifrət edib ayrıldığımı bəyan emək cəsarəti verib. Mən bu fikrimi xüsusi qabartmaq istəyirəm ki, kimsə şəxsi problemimin olduğunu düşünməsin. Rüfət Səfərovun problemi şəxsi yox, ictimai müstəvidədir. Azərbaycanda insanlar itdən betər gündə yaşayırlar.
Əgər bu addımıma görə atamı təhqir predmetinə çevirsələr, beşqat artıq cavab alacaqlar. Buradan elan edirəm, heç nədən də qorxmuram. 34 yaşım var, qoy, qanım bu millətə  halal olsun».

«Ortaya faktlar qoyacam»

Rüfət Əliyev sonda onu da bildirib ki, Azərbaycan hüquq sisteminin nə qədər rəzil vəziyyətdə olduğunu yaxın günlərdə faktlarla ortaya qoyacaq: «Azərbaycanda hüququn deyil, hüquqsuzluğun üstünlüyü var. Ölkədə azadlıq adına heç nə qalmayıb. Yalnız «ölmək azadlığı» var. Xüsusi mülkiyyət qeyd-şərtsiz rəsmi və qeyri-rəsmi harınlar tərəfindən qəsb edilir. Ölkə əhalisinin 90 faizi acdır. Bu və buna bənzər acı reallıq məni vadar etdi ki, qorxmadan xalqımın yanında olum»(azadliq.info).

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button