MƏTBUAT ŞURASI “XURAL” QƏZETİNİN YENİDƏN DƏRC OLUNMASINA ETİRAZ ETMİR – VİDEO

9148

 14.02.2014

 Əvəz Zeynallının MŞ ilə məhkəməsi yenidən təxirə salındı

Fevralın 14-də Bakı Apellyasiya Məhkəməsində hakim Cəmilə Səfiyevanın sədrliyi ilə “Xural” qəzetinin həbsdə olan baş redaktoru Əvəz Zeynallının şikayəti üzrə məhkəmə prosesi davam edib.

Xatırladaq ki, Əvəz Zeynallı Mətbuat Şurasına qarşı qaldırdığı iddia ilə bağlı Nərimanov Rayon Məhkəməsinin çıxardığı qərardan apellyasiya şikayəti edib. Məhkəmə “xəbərdarlığın ləğv edilməsi, xüsusi rəyin etibarsız hesab edilməsi, iclas protokolunun hissəvi etibarsız hesab olunması, işgüzar nüfuza vurulmuş zərərin tutularaq ödənilməsi, cavabdeh qurumun vəzifəli şəxsləri barədə xüsusi qərardad qəbul edilməsi, təkzib verməklə üzr istənilməsi tələbi”nə baxır.

Cavabdeh tərəf olan Mətbuat Şurasının hüquqşünası Şəmsəddin Əliyev iştirak etsə də, iddiaçı tərəfin vəkili E.Sadıqov məhkəmədə iştirak etməyib.   Hakim C.Səfiyeva Ə.Zeynallının dünənki iclasda məhkəmə tərkibinə etirazı ilə bağlı verdiyi vəsatətin qəbul olunmadığını bildirib. Ə.Zeynallı işlə tanış olmaq üçün məhkəmədən vaxt istəyib. Məhkəmə prosesi fevralın 21-dək təxirə salınıb. Mətbuat Şurasının hüquqşünası Şəmsəddin Əliyev Obyektiv TV-yə verdiyi müsahibəsində bildirib ki, Mətbuat Şurası “Xural” qəzetinin yenidən nəşr olunmasına etiraz etmir. Sadəcə bu proses də “dostluq qınağıdır”: “Əgər “Xural” qəzetinin kifayət qədər oxucusu varsa, o yenidən nəşr oluna bilər”.

Xatırladaq ki, Mətbuat Şurası 2011-ci ildə “Xural”ı “reket qəzet” elan edib və qəzetin adını “qara siyahı”ya salıb. Əvəz Zeynallı Şuranın bu qərarının qanunsuz hesab olunması, Mətbuat Şurasının səlahiyyətlərini aşmaqda təqsirli bilinərək xüsusi qərardad çıxarılması üçün Nərimanov Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddianı təmin etməyib. Əvəz Zeynallı Apellyasiya şikayəti verib.

Məlumat üçün bidirək ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “Xural” qəzetinə qarşı məhkəmədə iddia qaldırmasından sonra Mətbuat Şurası qəzeti “reket qəzet” elan edib və gündəlik nəşrə başlayan qəzetin fəaliyyətini dayandırmaq üçün onu “qara siyahıya” saldığını bəyan edib. Baş redaktor isə həbsindən 1 ay əvvəl baş verən bu hadisəni “siyasi sifariş” kimi dəyərləndirib və Mətbuat Şurası haqqında məhkəmə qarşısında iddia qaldırıb. Ə.Zeynallı onu da bildirib ki, Azərbaycan məhkəmələri işə ədalətli baxmadığı təqdirdə, onu Avropa Məhkəməsinə qədər aparmaq niyyətindədir. Yanvarın 16-da Apellyasiya Məhkəməsində keçirilən iclasda jurnalistin vəkili Elçin Sadıqovun Əvəz Zeynallının Bakı Apellyasiya Məhkəməsinə gətirilməsi üçün qaldırdığı vəsatət təmin olunub. QEYD: Əvəz Zeynallı 2011-ci ilin oktyabr ayında Milli Məclisin sabiq deputatı, hazırda özü haqqında AR CM-nin 178-ci maddəsilə – Dələduzluq – cinayət işi qaldırılan Gülər Əhmədovanın əsassız, fakt və dəlil-sübutsuz şikayəti ilə həbs edilib. 2012-ci il martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə. Zeynallının 1 il müddətinə peşə fəaliyyətilə məşğul olmaq hüququ məhdudlaşdırılıb və 9 il müddətinə azadlıqdan məhrum edilib. Ali instansiya məhkəməsi baş redaktorun aşağı instansiya məhkəmələrindən olan şikayətini təmin etməyib. Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları, o cümlədən Amnesty International, Human Rights Watch, Freedom House, Human Rights House Foundation, Senzura İndeksi təşkilatları “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallını “vicdan məhbusu” olaraq tanıyır və onun həbsinin peşə fəaliyyətilə əlaqədar siyasi motivlər əsasında həyata keçirildiyini bəyan edərək, hakimiyyətə onun tezliklə azadlığa buraxılmasını tövsiv edir.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button