Məzahir Pənahovdan erkən seçki anonsu…

“Qanunvericiliyə əsasən, bu ilin noyabrında parlament seçkiləri olmalıdır, ancaq seçkilərin müddəti önə də çəkilə bilər”.

“Turan”ın xəbərinə görə, bunu bu gün, mayın 2-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov bildirib.

Pənahov bunu seçkilərin noyabrda Azərbaycanda keçiriləcək COP29-la (BMT-nin İqlim Dəyişikliyi Konfransı) eyni vaxta təsadüf etməsi ilə əlaqələndirib: “Bu səbəbdən seçkilərin önə çəkilməsi barədə qərar verilə bilər”.

Azərbaycanda son parlament seçkiləri 2020-ci il fevralın 9-da olub. Onda MSK dörd dairədə pozuntular olduğunu bildirərək nəticələri ləğv etmişdi. Həmin dairələrdə indiyə kimi seçkilər keçirilməyib. Azərbaycanda həm sonuncu parlament, həm də prezident seçkiləri növbədənkənar keçirilib. Parlament seçkilərinin 2020-ci ildə təqribən altı ay önə çəkilməsi “islahatların sürətləndirilməsi” ilə izah edildi.

Gələn il keçirilməsi nəzərdə tutulan prezident seçkisinin bu il fevralın 7-nə təyin edilməsinə isə ölkənin bütün ərazilərində suverenliyin bərpası səbəb göstərilmişdi. Rəsmilər deyirdilər ki, bu tarixi prosesdən sonra ölkədə ilk seçkilərin prezident seçkisi olmasını vacib sayırlar.

Bu il Azərbaycanda, qanunvericiliyə əsasən, bələdiyyə seçkiləri də keçirilməlidir.

Müxalifət partiyaları isə həm parlament, həm də prezident seçkilərinin önə çəkilməsini hakimiyyətin azad, ədalətli yarışa hazır olmaması və bu üzdən seçkiləri tez-tələsik keçirmək istəməsi ilə izah edib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Müşahidə missiyası da Azərbaycanda keçirilən son seçkilərdə bir çox pozuntuların baş verdiyini açıqlayıb. Amma rəsmilər tənqidləri qəbul etmir.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button