Məhəmməd Əmin Rəsulzadə yazır: “İbrət günləri”

Prezident İlham Əliyev 2018-ci ili “Cümhuriyyət ili” elan edib. Ağsaqqal jurnalist Şirməmməd Hüseynov “Cümhuriyyət ili” ilə bağlı Məhəmməd Əmin Rəsulzadənin «İqbal», № 377, 5 iyun 1913-cü il tarixli sayında dərc edilmiş növbəti yazısını “Yeni Müsavat” qəzetinin redaksiyasına təqdim edib. Xural.com yazını üslubuna toxunmadan dərc edir.

           ***

Bir qaç sənədən bəri Qafqasiyadan ayrılaraq, məmaliki-islamiyyədən tarixlərinin ən pərişan günlərini keçirməkdə olan İran ilə Osmanlıya səyahət etdim…

Son 4-5 il müddətində məzkur məmləkətlərdə ələlümum aləmi-islamda vaqe olan havadis bittəb, Qafqasiya islamlarının da marağını cəlb etməkdən xali qalamazdı. Bu kərə məmləkətimə ovdətimdə böyük əhəmiyyətini nəzəri-etibarə alaraq, bu xüsusda möhtərəm qarelərlə bəzi həsbi-hallarda bulunmaq istədim.

Tarix bir çox məsələləri çoxdan bəri bir araya yığıb və kamali-surətlə həll olunmalarını istiyordu. O məsələlər ki, qonşu millətlər onları çoxdan bəri həll etmiş və irəlilərə getmişlərdir.

Gərək iranlılar və gərək türklər də məzkur məsələləri həll etmək istədilər. Çünki başqa çarə qalmamışdı. İştə çalışdılar, vuruşdular, yıxdılar, yandırdılar, öldülər, öldürdülər. Fəqət, heyhat müvəffəq ola bilmədilər. Təbii saf vətən fikri, millət mənfəəti ilə çalışanlarla bərahər saf şəxsi qərəzlər və xəsis ehtiraslarına məğlub olanlar da var idi. Bəlkə, bu ikinci bir az həddindən fəzlə idi də. Arada təbii olan rəy ixtilafları, ictihad qovğaları da çox deyildi. Fəqət yenə kamali-fəəssüflə qeyd edilməlidir (zatən buna ehtiyac da qalmamışdır) ki, bütün bu səylər və bütün bu cəhdlər nəticəsiz qaldı, müvəffəqiyyətsizliklə qurtardı. Müvəffəqiyyətsizliklər biri digərinin ardından gəldi, nəhayət, bütün bunlar müsif nəticəsi bəlli olan Balkan müharibəsilə taclandı.

Balkan müharibəsi… buna bolqar kralı Ferdinand «Səlibin hilala qarşı hərbi» adını vermişdi. Şovinist və mütəəssib mühərrirlərdən bir çoxu da bunu «din» ilə «din» mübarizəsi və bir dinin digər din üzərinə qələbəsi şəklində təfsir etdilər. Bu kimi təfsirlərə və təfsirdən ziyadə, təhrik və təftində mətbuatın liberal adlanan məlum qismi də iştirak elədi. Halbuki məsələ meydanda idi. Mübarizə həyat qovğası idi. Kiçik Balkan dövlətləri böyümək ehtirasında idilər. Türkləri hər nə surətlə olsa da, Avropadan qovmaq istəyirlərdi. Çünki tamahları rahat qoymuyordu. Din sözləri əldə gözəl bir vəsilə idi. Qəzetələri təqib edənlərə, azadlıq naminə elani-hərb olunan Makedoniyanın bu gün nə surətlə öz azadediciləri əleyhində olduğu aşkardır.

Makedoniyalılar indi «onlar üçün qan tökən» bolqar, serb və yunan əlindən dad çəkiyor və sərahətlə bağırıyorlar ki:

«Ki əz cəngali qorgəm dər rübudi

Çu didəm aqibət qorgəm to budi»*

Qırxkəlisa, Lulə-Burqas müharibələrində iştirak edən və Bulaburda yaralanan bir bolqar zabiti-əfsərilə yolda gəliyorkən vaqonda tanış olduq. Söhbətimizi Makedoniya məsələsinə nəql edincə bolqar zabiti etiraf etdi ki, «əsl həqiqət odur ki, türklər makedoniyalılara zərrə qədər zülm etməmişlərdir».

– O halda nədən Makedoniyanın məzlum millətini bəhanə edərək, «səlib» naminə hərb açdınız? – deyə sorduqda:

– Bizi rahat buraxmadılar, gəldilər ağladılar, türk zülmündən ahü-fəqanlar etdilər. Biz də inandıq. Məgərsə tamam yalanmış. Hal-hazırda makedoniyalılar bizi (yəni bolqarları) türklərdən çox söyür və türklər qədər sevməyirlər, – deyə cavab verdi.

Bolqar zabitinin etirafı haqqında verdiyi izahın sadəlövhanə olduğu benəfsə anlaşılır, təbii böyük bir hərb bir-iki nəfər yalandan göz qorasını sıxan makedoniyalı ayaqyalının ağlamasına istinad etməz. Hər halda bu etirafdan anlaşılır ki, hərbin ibtidasında elan olunan səbəbləri tamamilə vahi və puçdur. Ciddi düşünənlərdən kimsəni aldada bilməz. Zatən bu onsuz da məlum olan bir keyfiyyəti daha ziyadə tənvir üçün yazıldı. Yoxsa balkanlıların tarixində adları lənətlərlə yad bulunan vəhşətkar qanlı cinayətlər işlədikləri kafidir.

Əlhasil, müharibə və müqatilə vaqe oldu və bununla bərabər hər nə denirsə-denilsin Balkan müharibəsinin hər kəsə təsiri inkar olunmaz.

İnqilablar, zəlzələlər kimi böyük vaqiələr hələ beynəlmiləl müharibələrin bütün aləm üzərindəki təsiri vazehatdandır. Binaən əleyh Balkan müharibəsinin də aləmşümul təsirə malik olduğu bədihidir. Hələ məğlubların türk və müsəlman olmalarına görə məğlubiyyətin mənəvi səbəblərini arayıb-araşdırmaq ictimai bir vəzifədir, zənn edirəm.

Rusiya xəritəsinə daxil olan millətlərin, beynəlmiləl Rusiya ailəsində mühüm və faydalı bir ünsür təşkil edə bilmələri Rusiya dövlətinin mənafei-aliyəsi iqtizasındadır. Bunu əqli-səlim sahibi ruslar da təsdiq etməkdədirlər.

Burası yaxşıca anlaşılmalıdır ki, Balkan müharibəsində məğlub olan yalnız fransızların iddiasınca alman üsuli-hərbi ilə Krupp topları və xainlərin xəyanət və ihanətilə Əhməd Muxtar Paşa kabinəsinin 120.000 əskəri müharibə qabağınca mürəxxəs etməsi, yaxud etilafçıların söylədiyi kimi «İttihad və tərəqqi» firqəsinin bütün Avropaya meydan oxuması və yaxud Qafqasiya müsəlmanlarının təsəvvür elədikləri kimi osmanlılara məxsus bəzi nöqsanlıqlar və nəzərə gələn bir çox siyasi və əskəri xətalar deyil, bunlardan əlavə, bütün islamlar üzərinə müştərək bir təsir icra edən digər mənəvi səbəblər də vardır. Bu da mədəniyyəti-islamiyyənin hazırdakı şəklidir. Tarixin unudulmuş səhifələrini varaqlamağa nə hacət, daha bükülməmiş olan vərəqlərinə baxınız: iştə Mərakeş, İran, Trablisqərb, ən nəhayət, Balkanlar – bunlar, bütün bu fəlakətlər donmuş müfəkkirləri əritməzmi? İnkar etmək olmaz ki, zikr olunan islam məmləkətlərini təxrib edən ətalət və tədənni bir dərdi-müştərəkdir, ümum müsəlmanlarının halı böylədir. Hazırdakı islam mədəniyyəti hər yerdə və hər şərait təhtində Avropa mədəniyyəti-hazirəsilə üz-üzə gəlmişsə, haman sınmış və məğlub olmuşdur.

Müharibələr hər vaxt top və tüfəng vasitəsilə icra edilmiyor. Biləks daima top və tüfəngli müharibələr topsuz və tüfəngsiz müharibələrdən sonra gəlirlər. Bu silahsız müharibələr isə yalnız müxtəlif dövlətlər arasında deyil, bir yerdə olan müxtəlif millətlər arasında mövcuddur. Bir çox mədəni, iqtisadi və ictimai rəqabətlər, mübarizələr vardır ki, silahsız müharibə adını almışlardır və silahlı müharibədən daha mühümdür. Bu kimi rəqabətlərdə də həmişə sağlam təsirlər və mürəbbi ünsürlərə malik mədəni amillər vasitəsilə tərbiyə olunan millətlər müvəffəq oluyorlar. Bir millətin məğlubiyyəti səbəblərini ancaq onun maddi xətalarında görməməlidir. Maddi səhvlər və gözə görünən xətalarla bərabər mənəvi nöqsanlar və gözə görünməyən illətləri də axtarmalıdır. Nə kimi mənəvi nöqsanlar nəticəsində İran bugünkü viranlığa üz qoymuş, Afrika islam hakimiyyətindən çıxmış və osmanlılar Avropadan qovulmuşlarsa, haman mənəvi illətlər, şübhəsiz, başqa müsəlmanların da mədəniyyət və maarif babalarında göstərdikləri ətalət və inhitatlarında mövcuddur. Onları məğlub etdirən mənəvi səbəblər özgə müsəlmanları da mədəniyyət və iqtisadca digər millətlərdən geri qoymuşdur. Binaən əleyh islam məmləkətlərində vaqe olan tarixi vaqeələrə əlim bir zərbə ilə xatimə verən Balkan müharibəsində türklərin düçar olduqları məğlubiyyətin mənəvi səbəbləri başqa müsəlmanlar üçün də ibrət günləri olmalıdır.

Bu mövzuda bəsti-məqal etməmə səbəb ziyarət və təsadüf etdiyim dostlarımdan bir çoxunun bu cəhətə çox az əhəmiyyət verdiklərini gördüyüm olmuşdur. Hər kəs «niyə osmanlılar məğlub oldu, niyə düşmən qapılarına dayandığı halda belə daxili ixtilaflardan əl götürmədilər?» – deyə sual etməsi çox haqlıdır, fəqət bununla bərabər: «Nədən müsəlmanlar hər yerdə və hər bir şərait təhtində tədənnidən-tədənniyə yuvarlanıb gediyor?» – sualını da ihmal etməməli. Bu sualın cavablarını tədqiqlə şu vaqayei-tarixiyyədən dərsi-ibrət almalı ki, ibrət günləridir.

M.Ə.

«İqbal», № 377, 5 iyun 1913

Müsif – təəssüf doğuran

Təftin – fitnə salma

*Məni canavarın cəngindən qurtardın, sonra mən anladım ki, mənim canavarım sən imişsən – red.

Vahi – uydurma

Mürəxxəs – tərxis, azad etmə

İllət – xəstəlik

Bəsti – məqal – söhbət açmaq

İhmal etmək – əhəmiyyətsiz yanaşmaq

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button