Məhəmməd Hatəmi dünyasını dəyişdi

Milli Azadlıq Hərəkatının təməl daşını qoyanlardan və ilk yaradılan “Çənlibel” təşkilatının qurucusu Məhəmməd Hatəmi Tantəkin 81 yaşında dünyasını dəyişdi.

Məhəmməd Hatəmi 3 gün əvvəl Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilmişdi. Həkimlər onun bazar ertəsinə qədər reanimasiyada qalacağını, bazar ertəsindən sonra xəstənin vəziyyətinə aydınlıq gətiriləcəyini bildirmişdilər.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl ölkənin tanınmış həkimləri Paşa Qəlbinur və Eldar Abasov da Məhəmməd Hatəmi Tantəkini evini müayinə etmiş və ona lazımi tibbi yardımı göstərmişdilər. Eldar Abasovla Paşa Qəlbinurun ziyarətindən sonra Etibar Məmmədovla Nemət Pənahlının da keçmiş hərəkat yoldaşlarının yardımına yetişmiş onu xəstəxanaya yerləşdirmişdilər.

Məhəmməd Hatəmi Tantəkin 1935-ci il iyulun 22-də Güney Azərbaycanın Astara şəhərində anadan olub. Uzun illər BDU-nun şərqşünaslıq fakultəsində və Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda çalışıb. Elmlər namizədidir. Müxtəlif dövrlərdə siyasi düşüncələrinə görə 11 dəfə həbs olunub. Xalq hərəkatı dövründə bir dəfə Azərbaycanın MTN təcridxanasında və bir dəfə də Rusiyanın Lefortofo həbsxanasına salınıb. Bakıda keçirilən məhkəmə proseslərindən sonra azadlığa buraxılıb. Bir sıra elmi məqalələrin və kitabların müəllifidir. Azadlıq hərəkatı ilə bağlı yazdığı “Acı həqiqətlər” kitabı tarixin çox dəyərli dövrünə işıq salır.

Allah rəhmət eləsin!

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button