Məhbus anası İlham Əliyevə müraciət etdi: “Bu haqsızlığı Allah da götürməz”

Cümə günü həbsdə olan AXCP fəalı Orxan Baxışlının valideynləri mətbuat konfransı keçiriblər.

Müsavat Partiyasının qərargahında keçirilən tədbirdə əvvəlcə Orxan Baxışlının anası Kəmalə Rəhimli çıxış edib.

O, oğlunun şərləndiyini, barəsində irəli sürülən ittihamın heç bir əsası olmadığını bildirib.

“Orxan siyasi fəaliyyətinə görə tutulub. O, nəinki narkotikdən istifadə etmək, ziyanlı vərdişlərdən uzaq olan, hətta siqaret belə çəkməyən bir gəncdir” – Kəmalə Rəhimli bildirib.

Məhbus anası oğluna işgəncə verilməsə də, ona psixoloji təzyiq edildiyini bildirib. O, qeyd edib ki, hazırda Orxana qarşı qaldırılan qondarma cinayət işini yekunlaşdırmaq üçün onu Yasamal Rayon Polis İdarəsinə gətiriblər.

Mətbuat konfransında məhbusun atası Rafiq Baxışov da çıxış edərək oğlunun mitinqlərdə fəal iştirak etdiyinə görə tutulduğunu bildirib.

“Orxana atılan şər, bütün Azərbaycan gəncliyinə atılan şərdir. Bu gün ölkədə 150-dən çox siyasi məhbus var. Onların da əksəriyyəti narkotik ittihamı ilə tutulub. Amma yalan ayaq tutar,  yeriməz”, – Rafiq Baxışov bildirib.

Toplantıda iştirak edən Məhbus Ailələri Koordinasiya Mərkəzinin təmsilçisi Zəfər Əhmədov də bildirib ki, hazırda istintaq orqanları Orxan Baxışlıya təzyiq edir: “Ona deyirlər ki, istifadə üçün az miqdarda heroinin ona məxsus olduğu etiraf etsə, onun maddəsini yüngülləşdirərlər. Lakin Orxan heç vaxt heroinin üzünü belə görmədiyini bildirib”.

Tədbirin sonunda Kəmalə Rəhimli ölkə başçısı İlham Əliyevə müraciət edərək, oğlunun həbsdən azad olunmasını tələb edib.

“Biz müsəlmanıq. Orxana qarşı bu haqsızlığı Allah da götürməz”, – Kəmalə Rəhimli bildirib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gənclər Komitəsinin Ali Məclis üzvü Orxan Baxışlıya qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, saxlama, daşıma, göndərmə və ya satma-külli miqdarda törədildikdə) ittiham irəli sürülüb. Mayın 9-da Yasamal rayon Məhkəməsi fəalın barəsində dörd aylıq həbs qəimkan tədbiri seçib.

İttihamın sanksiyasına görə fəalı 10 ilədək həbs gözləyir.

Baxışlı mayın 7-də axşam saatlarında Baklıda Elmlər Akademiyasının qarşısındakı bağda mülki geyimli şəxslər tərəfindən saxlanılıb.

AXCP Orxan Baxışlının həbsini siyasi sifariş kimi qiymətləndirir.

“AXCP Gənclər Komitəsinin Ali Məclis üzvü Orxan Baxışlını 6 gün öncə Elmar Hüseynovun qəbri üstündə etdiyi çıxışa görə şərləyib həbs ediblər. Orxan bəyə azadlıq tələb edirik! Xalqımızın belə mübariz gənclərilə fəxr edirik!” AXCP sədri Əli Kərimli bildirib.

Orxan Baxışlı Milli Şuranın 31 martda keçirdiyi mitinqdən öncə də saxlanılmışdı. Ona polisin qanunu tələbinə tabe olmamaq ittihamı ilə inzibati qaydada 30 sutka həbs verilmişdi.

Öz növbəsində, rəsmi Bakı bir qayda olaraq Azərbaycanda bütün insanların qanun qarşısında bərabər olduğunu, heç kimin fikrinə, baxışlarına görə həbs edilmədiyini bildirir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button