Məhbus baş redaktorun ad günündə həbsi müzakirə olundu

Mehman Əliyev: «Əvəz Zeynallının həbsinin səbəblərindən biri də Redaktorlar Birliyindəki fəallığıdır»

Bu gün «Xural» qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallının işi ilə bağlı Repartyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunda mətbuat konfransı keçirilib.
Əvəz Zeynallının işi ilə əlaqədar yaradılan tədqiqat qrupunun rəhbəri, Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bu gün Ə.Zeynallının 42 yaşının tamam olması münasibətilə ailə üzvlərini və dostlarını təbrik edib: «Əvəz Zeynallı çox aktiv, enerjili insandır və hesab edirəm ki, onun həbsinin əsas səbəblərindən biri də Redaktorlar Birliyindəki fəallığı oldu. Onun Redaktorlar Birliyinin fəaliyyətini bərpa etməsi, bir çox layihələrə imza atması birmənalı qarşılanmadı və Əvəz bu fəallığı ilə hakimiyyətin bütün zərbələrini öz üzərinə götürdü».
«Xural» qəzetinin redaktoru Anar Mahmudoğlu qəzetin əməkdaşlarına qarşı son günlər edilən təhdidlərlə bağlı açıqlama verib. A.Mahmudoğlu kollektivə qarşı edilən təhdidlərlə Ə.Zeynallının guya ondan külli miqdarda rüşvət tələb etməsilə bağlı saxta ittihamla çıxış edən YAP-çı millət vəkili Gülər Əhmədovanın mətbuatda «mən ya gərək onların səviyyəsinə enim, ya da başlarına bir güllə çaxım…» açıq təhdidinin üst-üstə düşməsini təsadüf hesab etmədiyini bildirib. Daha sonra o, «Xural» qəzetinin nəşrinə qeyri-rəsmi qadağalara toxunub. Onun sözlərinə görə, «Xural» kollektivinin dərc etdiyi «ASİ» qəzetinin cəmi bir sayı işıq üzü görüb: «Dekabrın 4-də «ASİ»-nin ilk sayı işıq üzü gördü, dekabrın 7-də, mənə edilən ölüm xəbərdarlığından bir gün sonra mətbəələr «ASİ»-ni Prezident Aparatından gələn sifariş səbəbindən çap etməyəcəklərini bildirdilər. Bu təzyiqlər bir daha sübut edir ki, Əvəz Zeynallının həbsi siyasi sifarişdir və məqsəd bir azad söz ocağının məhv edilməsidir».
Ə.Zeynallının barəsində istintaq hərəkətlərinin uzun müddətdir ki, dayandırıldığına diqqət çəkən A.Mahmudoğlu dekabrın 8-də müstəntiqin səs nümunəsi götürməsi üçün müraciətinə də toxundu: «Əvəz bəy səs nümunəsinin verilməsi qarşılığında lent yazısının bir surətini istəyib. Səbəb də odur ki, hazırkı texnologiya səsdən istənilən məzmun yaratmaq imkanındadır. Buna görə də Əvəz bəy əvvəlcə lent yazısının ona, mətbuata və cəmiyyətə açıqlanmasını tələb edib. Müstəntiq, «biz bunu edə bilmərik, çünki siz dərhal onu «Yutub»da yerləşdirəcəksiniz» cavabını verib. Deməli, onlar yaxşı bilirlər ki, bu lent yazısında Əvəz bəyin rüşvət ittihamına səbəb olan heç bir fakt yoxdur. Yoxsa, səs yazısının «Yutub»da yerləşdirilməsindən niyə narahat olurdular?»
Ə.Zeynallıya rüşvət verdiyini iddia edən Sumqayıt Maşın Bazarının müdiri Sabir Tarverdiyev haqqında oktyabrın 3-də «Xural» qəzetində «Sumqayıt Maşın Bazarı vergidən yayınır» sərlövhəli geniş araşdırmanın dərc olunduğunu söyləyən A.Mahmudoğlu bu adamın Ə.Zeynallının «üzünə durması»nda şəxsi qərəzliyinin olduğunu diqqətə çatdırıb. Həmçinin bildirib ki, bu işdə adı hallandırılan Yevlax rayonunun sabiq icra başçısı Elmar Vəliyevin, Gəncə şəhər Polis İdarəsinin rəisi Rasim Musayevin və Həmkarlar İttifaqı «Kurort» ASC-nin sabiq prezidenti Akif Məmmədovun bu günə qədər ifadə verməməsi də Ə.Zeynallıya qarşı olan iddiaların əsassız olduğunu bir daha sübut edir.
Daha sonra tədbirdə Ə.Zeynallının vəkili Elçin Sadıqov apelyasiya şikayətləri və istintaqla bağlı jurnalistlərin suallarını cavablandırıb, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, KXCP-nin sədri Mirmahmud Mirəlioğlu, SMM-in sədri Anar Məmmədli çıxış edərək həbsin siyasi sifariş olduğuna beynəlxalq təşkilatların və ölkə ictimaiyyətinin artıq heç bir şübhə etmədiyini diqqətə çatdırıblar, Əvəz Zeynallının ad günü münasibəti ilə təbriklərini və xoş sözlərini deyiblər.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button