Məhkəmə Hüseyn Abdullayevin anasının ev dustaqlığını daha iki ay uzadıb

Avqustun 17-də Bakının Nəsimi rayon Məhkəməsi hakim Şəlalə Həsənovanın sədrliyi ilə Milli Məclisin keçmiş deputatı, sonradan Almaniyaya mühacirətə gedən və Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilən Hüseyn Abdullayevin anası 76 yaşlı Zeynəb Abdullayeva barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin daha iki ay uzadılması barədə qərar qəbul edib.

Bu barədə Amerikanın Səsinə Abdullayevlər ailəsinə yaxın mənbələrdən məlum olub.

Nəsimi rayon Məhkəməsində belə bir prosesin olduğunu Amerikanın Səsinə təsdiq ediblər.

“Biz məhkəmə prosesi barədə yalnız çəkişmə tərəflərinə məlumat veririk. Bu barədə medianın suallarına cavab vermirik”, prosesə sədrlik edən hakim Şəlalə Həsənovanın köməkçisi Amerikanın Səsinə bildirib.

Yerli medianın məlumatına görə, Bakının Nəsimi Rayon Polis İdarəsində Abdullayeva Zeynəb Bayraməli qızına qarşı Cinayət Məcəlləsinin 326.1 (Rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə oğurlama, məhv etmə, zədələmə və ya gizlətmə) və 318.2 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə) maddələri ilə cinayət işi başlanıb.

Zeynəb Abdullayevanın oğlu Hüseyn Abdullayev bu il aprelin 21-də Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilib.

Hüseyn Abdullayev 1990-cı illərdən biznes fəaliyyəti ilə ictimai diqqətə gəlib və hazırki iqtidarın qatı tərəfdalarından olub. Abdullayev 2005-ci ildə Milli Məclisə deputat seçilib.

O 2007-ci ilin martında parlamentdə Nazirlər Kabinetinin illik hesabatı zamanı hökumətin fəaliyyətini tənqid edib. Abdullayevin tənqidi çıxışı digər deputatla münaqişəyə səbəb olub və parlamentin iclas zalında yumruqlaşma ilə başa çatıb. Bundan sonra o həbs edilib. Bir müddət sonra həbsdən azad edilərək Almaniyaya mühacirətə gedib.

Hüseyn Abdullayev mühacirətə gedəndən sonra hazırki iqtidarın kəskin tənqidçisinə çevrilib. O həm də iqtidarın əleyhinə mahnılar bəstələyib. Abdullayevin iqtidarın siyasətinə etiraz edən “Susma” marşı sosial şəbəkələrdə geniş yayılıb.

Rəsmi orqanların məlumatına görə, Hüseyn Abdullayev barəsində Vergilər Nazirliyinin İstintaq İdarəsində 2012-ci ildə böyük ölçüdə külli miqdarda vergi ödəməkdən yayınma (Cinayət Məcəlləsinin 213.2.2 maddəsi) ittihamı ilə cinayət işi açılıb və barəsində axtarış elan edilib.

3 oktyabr 2016-cı ildə H.Abdullayevə ümumilikdə 1 milyon 810 min manat məbləğində vergini dövlət büdcəsinə ödəməkdən yayındırması və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq almadan tikinti-quraşdırma işlərini həyata keçirərək 966 min manat məbləğində gəlir əldə etməsinə şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi barədə qərar çıxarılıb.

Həbs edildikdən sonra isə ona qarşı Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq), 178.2.2, 178.2.4, 182.2.1 (hədə-qorxu ilə tələb etmə), 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilib.(azadliq.info)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button