Məhkəmə icraçıları “Xural” qəzetinin baş redaktorunun əmlakını siyahıya alırlar

Mayın 11-də “Xural “ qəzetinin baş redaktoru Əvəz Zeynallı Nərimanov rayon Məhkəməsinin məhkəmə icraçılarından xəbərdarlıq alıb. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Əvəz Zeynallının özü məlumat verib.

Baş redaktorun sözlərinə görə, o, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin iddiası ilə məhkəmənin çıxardığı qərarla iddiaçıya 10 min manat ödəməlidir. Amma bu pulu ödəməyə imkanı yoxdur: “Hazırda yaşadığım ünvan araşdırılır. Mənim adıma olan hər şeyi əlimdən almaq istəyirlər. Dünən  Nərimanov rayon Məhkəməsinin məhkəmə icraçıları yaşadığım evə gəldilər. Amma ev qayınatamındır. “Xural” qəzeti olaraq, biz bu iddialara etiraz etmirik, cərimənin hissə-hissə ödənilməsini istəyirik. Bildiyiniz kimi, fevral ayının ilk həftəsində “500 Böyük Oxucu” kampaniyasına başlamışdıq. Bu kampaniya çərçivəsində 600 manat pul toplanıb.  Bu puldan Nüşabə Ələsgərliyə olan borcumuzu ödədik. Daha sonra isə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Azərbaycan” Nəşriyyatının baş direktoru Ağabəy Əsgərova olan 660 manat borcun bir qismini ödəyə bildik”, – deyə bildirən Əvəz Zeynallı qeyd etdi ki, yaranan vəziyyətlə bağlı yaxın günlərdə mətbuat konfransı keçiriləcək və müvafiq tədbirlərin görülməsi müzakirə ediləcək.

Xatırladaq ki, “Xural” qəzetinin 23 may 2010-cu il tarixli sayında “Ramiz Mehdiyevin Bəxtiyar Vahabzadəni bitirmə planı!!! Prezident Administrasiyasının rəhbəri nədən Şəki camaatını və icra başçısını cəzalandırmalı oldu?” başlıqlı məqalədə yazılanların təkzib edilməsi, üzr istənilməsi və mənəvi zərərə görə 10.000 (on min) manat pul tutularaq, Binə qəsəbəsində yerləşən ”Ümid yeri ” Uşaq Evinə köçürülməsi barədə iddia qaldırmışdı. Nərimanov Rayon Məhkəməsində hakim Rasim Kazımovun sədrliyi ilə keçirilən prosesdə Ramiz Mehdiyevin iddiası tam təmin edilib. Sentyabrın 1-də Bakı Apellyasiya Məhkəməsi Nərimanov Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki,  müğənni Nüşabə Ələsgərli “Xural” qəzetinin 04.03.2007 tarixdə dərc olunan “İTV “Xural”a tələ qurdu” adlı məqaləsində şərəf və ləyaqətinin təhqir olunduğunu iddia edərək,  “Xural” qəzetinə qarşı iddia qaldırmışdı. Nərimanov Rayon Məhkəməsi qəzet redaksiyasının  100 AZN məbləğində cərimə ödəməsi, eləcə də qəzetin növbəti saylarında təkzib verilməsi barədə qərar çıxarıb. Amma redaksiya maddi imkansızlıqdan cərimə məbləğini vaxtında ödəyə bilməyib. Daha sonra isə Nərimanov Rayon Məhkəməsi 3 fevral 2011-ci il tarixli qərarı ilə cəriməni vaxtında ödəmədiyinə görə baş redaktorun 3.000 manat həcmində cərimə edilməsi barədə qərar vermişdi.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin “Azərbaycan” Nəşriyyatının baş direktoru Ağabəy Əsgərov 28 avqust 2007-ci il tarixdə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya və qəzetin yazarı Kamal Hüseynə qarşı şərəfin, ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və vurulan mənəvi ziyanın ödənilməsinə dair iddia qaldırıb. İddiaya səbəb “Xural” qəzetinin 24-30 iyun 2007-ci il tarixli “Nəşriyyat “qızıl” kəsir”, 29 iyul-04 avqust 2007-ci il tarixli “Azərbaycan mətbuatının ölüm yeri” və 19-25 avqust 2007-ci il tarixli “”Azərbaycan” Nəşriyyatı yox, “Azərbaycan fabriki” adlı məqalələr səbəb olub. Məqalələrdə Nəşriyyatın baş direktorun fəaliyyətində yol verdiyi qanun pozuntuları əks olunub. İddiada qəzetin üzr istəyərək, təkzib verməsi, 250.000 AZN məbləğində təzminat ödəməsi və cavabdehlərin Cinayət Məcəlləsinin 147 (böhtan) və 148 (təhqir) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi xahiş edilmişdi. Nərimanov Rayon Məhkəməsi bu iddianı qismən təmin edərək qəzetin təkzib verməsi və dəymiş mənəvi ziyana görə 1.000 manat təzminat ödənilməsi haqqında qərar vermişdi. Apellyasiya Məhkəməsi isə qərarı qüvvədə saxlamışdı.

“Xural” qəzeti,

Il: 9, sayı: 019(429), 15-21 may 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button