MƏHKƏMƏ QƏRARLARI İCRAATA YÖNƏLDİLDİ

11.05.2011

Nərimanov rayon Məhkəməsinin icraçıları bu gün “Xural” qəzetinin redaksiyasında olublar.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin «Xural»ı məhkəməyə verməsindən sonra qəzetin üzərinə başlanan səlib yürüşü hələ də davam edir. Ramiz Mehdiyevin, Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərovun məhkəmələri, birinin 10.000 manatlıq, digərinin 5.000 manatlıq cərimələri, eyni zamanda müğənnicik Nüşabə Ələsgərlinin və Prezident yanında «Azərbaycan» Nəşriyyatının direktoru Ağabəy Əsgərovun 2007-ci ildə olmuş və artıq unudulmuş məhkəmə qərarları yenidən gündəmə gətirilib. Qəzetdən dərhal bu cərimələri ödəmək tələb olunub. “Xural” qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallı müstəqil mətbuatın bu qədər ağır cərimələri ödəmək iqtidarında olmadığını bir daha xatırladıb. Bundan sonra qəzetin rəsmi sənədlərilə yaxından tanış olan icraçılar Əvəz Zeynallının adında olan mal və mülkü siyahıya almağa başlayıblar. Əvəz Zeynallının yaşadığı evdə baxış keçirən icraçılara o da aydın olub ki, mənzil qayınatasını adınadır və onun özünə məxsus heç bir mal və mülk yoxdur. İcraçılara o da məlum olub ki, qəzetin dərc olunduğu nəşriyyata da uzun müddətdir ki, borcu var və qəzet onu ödəmək iqtidarında deyil. Buna baxmayaraq, icraçılar bu məsələ ilə bağlı müxtəlif dövlət orqanlarına sorğu göndəriblər. Əvəz Zeynallı bu hadisəni müstəqil mətbuata qarşı təzyiq kimi qiymətləndirib: “Ramiz Mehdiyevin timsalında hakimiyyət azad mətbuatı cərimələrlə susdurmağa və fəaliyyətini dayandırmağa məcbur edir. Çünki bu hadisə son 15 ildə mətbuata qarşı baş verən təzyiq və təhdidlər içərisində anoloqu olmayan bir hadisədir.” Məlumat üçün: Beynəlxalq Amnistiya Təşkilatı (Amnesty İnternational), o cümlədən digər beynəlxalq təşkilatların Azərbaycanda təzyiq və təhdidlərə məruz qalmış qəzetlər siyahısında “Xural” qəzeti və onun baş redaktoru Əvəz Zeynallının da adı var.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button