Məhkəmədə dava düşdü, zala qaz buraxıldı!

Hakim vəkili və vicdan məhbuslarını təhqir edənləri müdafiə etdi

 Dünən Nəsimi Rayon Məhkəməsində hakim Şahin Abdullayevin sədrliyi ilə Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavinləri Əhəd Məmmədli, Rüfət Hacıbəyli, AXCP Gənclər Komitəsinin üzvü Elnur Məcidli və YAP üzvü Ülvi Quliyevin məhkəmə prosesi davam edir.

 Proses başlamazdan əvvəl məhkəmə binasının qarşısı polis nəfərləri tərəfindən nəzarətə götürülmüşdü. Polislər vicdan məhbuslarına dəstək vermək üçün gələn şəxslərə qarşı kobudluq nümayiş etdirirdi.  

  Şahid polis vəkili hədələdi

 Məhkəmə iclasında Nəsimi Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin polis nəfəri Emin İmanov şahid qismində ifadə verdi:

“Aprelin 2-də müxalifət əməkdaşları qanunsuz mitinq keçirirdilər. Tıxac olurdu. Biz də qarşısını alırdıq. İş yoldaşım İlham Zamanov da orada idi. Rəşid Behbudovda piketi dağıtdıq. Sonra bizi efirlə idarəyə çağırdılar. Tağıyev Elmin də bizə qoşuldu. Səməd Vurğun küçəsində Zamanov İlhamla müxalifətçi mübahisə edirdi. Orada Əhəd Məmmədli Tağıyev Elminə müqavimət göstərdi. Təhqiramiz “Azadlıq”, “İstefa” sözlərini qışqırırdı. “Rədd olsun diktatura” deyirdi. Təhqir edirdi də”.

Şahid sərbəst ifadə verəndən sonra vəkil Yalçın İmanovun sullarını cavablandırdı:

–         Qanunsuz mitinq deyirsiniz, bunu kim müəyyən edir ki, mitinq qeyri-qanunidir?

–         İcra hakimiyyətinə göstəriş vermədilər qanuni mitinq keçirmək üçün.

–         Nə vaxt məlum oldu qeyri-qanunidir?

–         Səhər komandir Əkbər Hacıyev dedi ki, mitinq qanunsuzdur.

–         Dediniz ki, mitinqçiləri dağıtdıq. Necə yəni dağıtdıq?

–         Yaxınlaşdıq, sakit oldular. Bizi görüb qaçdılar.

–         İzah edin ki, dağıtmaq nə deməkdir?

–         Dağıtmaq, dağıtmaq…

–         İzah edin ki, dağıtmaq deyəndə nəyi nəzərdə tutursuz?

–         …

–         Zamanov İlhamla Əhəd Məmmədli harada mübahisə edirdi?

–         Fizulu küçəsi ilə Səməd Vurğun küçəsinin kəsişməsində əlbayaxa idilər, yaxasında tutmuşdu, İlhama tabe olmurdu.

–         Siz nə etdiniz?

–         Köməklik etdik maşına saldıq.

–         Dediniz ki, təhqir edirdi, nə deyirdi?

–         “Rədd olsun belə yaşayış, diktatura”, bizə də deyirdi ki, “Rədd olsun canlı meyitlər”. Mitinqçilər zorakılıq edirdilər.

–         Onu hara apardınız?

–         İdarəyə.

–         Zor tətbiq etdiniz?

–         Yox, yox.

Bundan sonra vəkil Osman Kazımov şahidə bir neçə sual verdi:

–         Vətəndaşlar mitinqdə nə edirdilər?

–         Şüar deyirdilər.

–         Bu zorakılıqdır?

–         Qışqırırdılar da.

–         Bu zorakılıqdır?

–         Gələrsən göstərərəm zorakılıq necə olur.

–         Danışığına fikir ver.

–         Sən özün danışma…

Hakim:

–         Sizə xəbərdarlıq edirəm.

Şahid vəkilə:

–         Kəs səsini, danışma.

O.Kazımov:

–         Danışığına fikir ver.

Hakim:

–         Sizə xəbərdarlıq edirəm.

–         Sən kimsən e, gələrsən baxarsan…

Bundan sonra O.Kazımov şahidin onu təhqir etməsini, məhkəməyə hörmətsizlik etməsini, özünü qaba və ləyaqətsiz aparmasını əsas gətirərək barəsində cinayət işi başlanması barədə qərar qəbul olunması haqda vəsatətlə çıxış etdi. Bu barədə daxili işlər naziri Ramil Usubova da polis nəfərinin barəsində təqdimat göndərilməsini məhkəmədən tələb etdi.

–         Siz burada hamının gözü qarşısında vəkil Elçin Namazov barəsində Vəkillər Kollegiyasına təqdimatı dərhal göndərdiniz. Şahid barəsində də dərhal qərar qəbul edin.

Digər vəkillər də vəsatəti dəstəklədilər. Şahid sonrakı suallara qeyri-adekvat cavab verdi. Bu isə onun hadisədən xəbərsiz olması qənaətini formalaşdırdı. Əhəd Məmmədli isə hakimin diqqətinə çatdırdı ki, o, həbs edilərkən şahid orada olmayıb:

–         Bu adam yalan danışır, onun barəsində yalan ifadə verdiyinə görə cinayət işi başlanmalıdır.  

O.Kazımov cinayət işinə əlavə olunmuş materialların arasındakı Əhəd Məmmədlinin həbs olunması səhnələrinin əks edildiyi fotoların şahidə təqdim olunmasını və özünə həmin fotoların göstərilməsini məhkəmədən xahiş etdi. Şahid fotolara dəfələrlə baxsa da, özünü orada göstərə bilmədi. Vəkil şahidin Ə.Məmmədlinin həbsində iştirak etmədiyini bildirərək onun sadəcə iş materiallarının həcminin artırılması üçün şahid qismində işə cəlb edildiyini söylədi. Vəkil şahidə Ə.Məmmədlinin həbsindən sonra onu hara apardıqlarını soruşdu. Şahid bildirdi ki, Ə.Məmmədlini 5 dəqiqəyə Fəvvarələr meydanından Nəsimi Rayon Polis İdarəsinə aparıblar.

O.Kazımov:

–         Bəs deyirdin ki, yollar bağlanmışdı, tıxac idi? Necə oldu ki, tıxac ola-ola şəhərin bir başından o biri başına 5 dəqiqəyə getdin.

–         Getdik dəəə…

–         Tıxac hara getdi?

–         Dedim dəəə…

Bundan sonra şahid Y.İmanovun suallarına cavab verdi. Dedi ki, Bakı Şəhər Prokurorluğunda ifadə verib və ifadəsini özü yazıb. Lakin vəkil iş materialları içində olan ifadəsini göstərərək bildirdi ki, şahidin ifadəsi kompüterdə yığılıb. Yalan danışdığına görə barəsində cinayət işi başlanmasını tələb etdi. Hakim verilən vəsatətlərə sonda müşavirə otağında baxacağını bildirdi. Y.İmanov isə israr etdi ki, vəsatətlərə dərhal baxılsın:

–         Bizdə şübhə var ki, siz də Səbail Rayon Məhkəməsinin hakimi Elnur Həsənov kimi sonda vəsatətlərə baxmayıb ittiham aktını hökmə köçürəcəksiniz. Ona görə də vəsatətlərə indi baxın.

Hakim vəkillərin tələbinə məhəl qoymadı.

 Polis “Azərbaycan” qəzetini  yalan yazmaqda suçladı

 Növbəti şahid Nəsimi RPİ-nin polis nəfəri Məcid Yusifov oldu. Bu polis nəfəri vicdan məhbusları Arif Hacılı və digərlərinin işi üzrə Səbail Məhkəməsində keçirilən prosesdə zərərçəkən qismində tanınıb. Onun Nəsimi bazarının müdirinin oğlu olması barədə məlumatlar var. Sərbəst ifadəsində şahid dedi ki, qanunsuz aksiya zamanı tıxac yaranıb, “Rədd olsun diktator” şüarları səslənib, kimsə başından ona xəsarət yetirib. Şahid həmin kimsəni görmədiyini desə də, həmin şəxslərin müttəhimlər arasında oturmasını da istisna etmədiyini söylədi. Onu kimin vurması ilə sonradan maraqlanmadığını da söylədi. Vəkillərin suallarını cavablandırarkən isə DİN-in hospitalında müalicə olunarkən “Azərbaycan” qəzetində barəsində həqiqət olmayan məlumatların yayıldığını söylədi:

–         O qəzetdə yazılanlar yalandır. Mən elə söz deməmişəm.

O.Kazımov:

–         Bəs niyə məhkəməyə verməmisiniz?

–         Vermədim də.

Bundan sonra S.Vurğun küçəsində açar təmiri ilə məşğul olan Aydın Əhmədov və ayaqqabı ustası Mirzəyev Ağarəzim ifadə verdilər. Bildirdilər ki, şüşəsi sındırılan aptek iş yerlərinin yaxınlığındadır. Onlar şüşə sındıranın özünü görməyiblər. Şüşəyə daş vurulsa da, şüşə çatlayıb, amma çilik-çilik olaraq yerə tökülməyib. Vəkil Mənsum Bayramov dövlət ittihamçısından xahiş etdi ki, bu şəxslərin istintaqa niyə cəlb edilməsinin izah etməsini xahiş etdi. Dövlət itthamçısı isə dedi ki, bu şəxslər şüşə sındıranı görməsələr də, polisin həmin şəxsin ardınca qaçdığını görüblər deyə işə şahid qismində cəlb olunublar.

 “Müstəntiq yalan yazıb”

 Növbəti şahid Cəlal Cəbrayılov oldu.

Ondan yalan danışmamaq barədə iltizam alındıqdan sonra tribuna arxasına keçən şahidə hakim məhkəmədə düzgün ifadə verməsi barədə andın mətnini oxumasını xahiş etdi. Şahid latın qrafikası ilə oxumağı bacarmadığını söyləsə də, mətni əzbərdən dedi. Bu isə onun ifadə vermək üzrə professional olduğunu barəsində fikirlərin səslənməsinə səbəb oldu. Şahid sərbəst ifadəsində Heydər Əliyev adına sarayda süpürgəçi işləyən həyat yoldaşının köməkçisi olduğunu dedi. 1947-ci il təvəllüdlü olduğunu bildirən şahid yoldaşının 220 manat aldığı maaşla dolandıqlarını söylədi:

–         Təqaüdçüyəm,  partiyadan, dövlətdən razıyam. Bir də gördüm mitinqçilər gəlir. Polis də deyirdi dağılışın. Arvadla orda bizim yerin altında, fontanın altında yerimiz var, girdik ora, qapını da bağladıq. İstintaqa verdiyim ifadəni təsdiqləyirəm.

–         O.Kazımov:

–         Nə baş verdi orda?

–         Mitinqçilər gəldi, polis də onlara dedi dağılışın. Sonra polis onları dağıtdı.

–         Sonra nə oldu?

–         Elə bu oldu də.

–         İstintaqda da belə demisiniz?

–         Bəli.

–         Mitinqçilərlə polis orada olanda maşınlar gəlib gedirdi?

–         Maşınlardan dayanıb hay-küyə baxırdılar.

–         Mitinqçilər saxlamışdı maşınları?

–         Yox, özləri dayanıb baxırdılar.

–         Başqa nəsə gördüz?

–         Yox.

–         Bəs ifadəndə niyə yazmısan ki, orada mitinqçilər polisi döyüblər, təpik şillə vurublar?

–         Mən elə söz deməmişəm. Müstəntiq yalan yazıb.

Dövlət ittihamçısı müdaxilə etdi:

–         O konkret kiminsə kimi döyməsini deməyib axı.

O.Kazımov:

–         Burada kiminsə kimi döyməsini demir ki. Deyir ümumiyyətlə, orada kimsə kimisə döyməyib.

Şahid:

–         Deməmişəm ki, polisi kimsə döyüb. Burada ifadə verirəm, xəcalət çəkirəm. Müstəntiq yazıb.

–         Y.İmanovun suallarına cavab verərkən isə şahid bir qədər əvvəl dediklərini dandı. Bildirdi ki, orada naməlim polisə təpik vurulub.  İbtidai istintaqa verdiyi ifadəsini də təsdiqlədiyini söylədi. Mitinqçilərin “Xalqın malını yeyənlərə ar olsun” şüarlarının təhqir olduğunu hakimin diqqətinə çatdırdı.

 “Bilmirsiniz, mən bu 4 ayda nələr çəkirəm!”

 Daha  sonra vaxtilə polisdə işləmiş, hazırda taksi fəaliyyəti ilə məşğul olan Yadigar Şirinov ifadə verdi. Bu şəxs qanunsuz hökmlər çıxaran hakim Ənvər Seyidovun bir müddət qeyri-rəsmi köməkçisi olub. Dedi ki, Mərdanov qardaşları küçəsində səs-küy eşidib, maraqlandığı üçün ora gedib. Kimsə həmin vaxt polis maşınına təpik atıb. Həmin kimsə müttəhimlərdən heç biri olmayıb. Vəkillərin suallarına cavab verəndə şahid dedi ki, 2 ildən artıq taksi fəaliyyəti ilə məşğul olsa da, heç bir lisenziya almayıb, vergi də ödəməyib. Bundan sonra fasilə elan olundu. Fasilədən sonra isə dayanacaqalrda dayanıb avtobus sürücülərindən naməlum səbəbdən pul yığan Əvəz Ağayev sərbəst ifadə verdi:

–         Mart və ya aprel ayları idi. 2 idi, ya da 3-ü idi, mən “astanovka”da dayanmışdı. Oturdum bir dənə siqaret çəkdim. Bundan sonra gördüm ki, “tolpa” gəldi. “İstefa”, “Azadlıq” “Rədd ol diktator” qışqırdılar. Polis gəldi, dedi dağılışın, polisə təzyiq etdilər. Onlardan bir nəfəri tutanda o polisə müqavimət göstərdi, söyürdü. Gördüm polislər bacarmır, onlara kömək elədim, maşına oturduq.

Dövlət ittihamçısı:

–         Həmin adamı görsəz tanıyarsız?

–         Hə.

–         Baxın burada var?

–         Hə, budey, odur.

Şahid əli ilə Ülvi Quliyevi göstərdi və müxalifətçilərin ünvanına nalayiq sözlər işlətdi. Hakimin buna heç bir reaksiya verməməsi müttəhimlərin, vəkillərin və zaldakılarının etirazına səbəb oldu. Hakimin susqunluğu aranın qarışmasına səbəb oldu. Nəzarətçilər tərəfləri sakitləşdirə bilmirdilər. Şahid isə söyüş söyürdü. Bütün zal ayağa qalxıb “şərəfsiz şahidi zaldan çıxarın”, “öz əxlaqınıza uyğun adamları üzə saxlamayın”, “şərəfsiz yalan danışanın nəslidir, şər atanın anası, bacısıdır, nəsil-nəcabətidir” deyə şahidin zaldan çıxarılmasını hakimdən tələb edirdilər. Hakim də ayağa qalxaraq tələsik zalı tərk etdi. Qarşıdurma isə get-gedə artırdı. Səs-küyə digər zallarda olan nəzarətçilər də qaçaraq zala gəldilər. Hakim də zala qayıdaraq nəzarətçilərin üstünə var gücü ilə çığıraraq zalda olan bütün şəxslərin zaldan çıxarmasını tələb etdi:

–         Bəsdirin! Bilmirsiniz mən bu 4 ayda nələr çəkirəm! Çıxarın, hamısını çıxarın! Bəsdirin! Daha dözə bilmirəm! Bəsdirin! Bəsdirin! Çıxarın bunları bayıra, tez elə, niyə durub baxırsan?

Hakimin çığırması bayaqdan tərəfləri sakitləşdirməyə çalışan nəzarətçiləri aqressivləşdirdi. Zalda olan polislər şahidi hakimin zala daxil olduğu qapıdan çölə çıxardılar. Hakim də qaçaraq onların ardınca getdi. Nəzarətçilər qadın və qocalara məhəl qoymadan, jurnalsitlərin vəsiqələrinə baxmadan zorla hər bir kəsi zaldan çıxardılar.

Sonradan xəbər gəldi ki, məhkəməyə etiraz edərək vicdan məhbusları da zalı tərk etmək istəyərkən zala gözyaşardıcı qaz buraxılıb. Ara sakitləşəndən sonra proses qapalı şəraitdə keçirilib. Lakin şahidin dindirilməsi baş tutmayıb. Proses sentyabrın 30-da 11:00-da davam etdiriləcək.

 Əfqan Muxtarlı

“Xural” qəzeti,

il 9, sayı: 045 (453), 28 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button