Məhkəmələr sifarişlidir!

İsa Qəmbər: «Sübut olundu ki, bu məhkəmə Prezident Adminstrasiyasından idarə edilir»

Müsavat Partiyasının başqanı İsa Qəmbər İctimai Palatanın 2 aprel mitinqinə görə təqsirləndirilən şəxslərdən dörd nəfərinə prokurorun istədiyi cəzanı absurd sayır.

Sentyabrın 26-da Səbail Rayon Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı İctimai Palatanın 2 aprel mitinqinə görə təqsirləndirilən şəxslərdən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının, Azərbaycan Xalq Cəbhəsi Partiyasının şöbə müdiri Məhəmməd Məcidlinin, Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslının hər birinin 3 il, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının 2 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum olunmasını təklif edib.

Məsələ ilə bağlı “Media forum” saytına açıqlamasında İsa Qəmbər deyib: “Bu, məhkəmənin tam sifarişli olduğunu, Prezident Administrasiyasından idarə edildiyini bir daha sübuta yetirir. Bu, ədalətsizlik, qanunsuzluqdur. Belə bir məhkəmənin keçirilməsi qanun pozuntusudur və belə bir tələblə çıxış etmək cinayətdir. Biz bu haqsızlığa, ədalətsizliyə qarşı mübarizəmizi davam etdirəcəyik. Mən əminəm ki, Arif Hacılı başda olmaqla dostlarımız, silahdaşlarımız öz haqlarını bərpa edə biləcəklər və biz onları tezliklə azadlıqda görə biləcəyik”.

İsa Qəmbər sentyabrın 26-dakı məhkəmə prosesində Müsavat Partiyası Divanının üzvü, vəkil Osman Kazımovun Arif Hacılını Müsavat Partiyasının başqanlığına namizəd irəli sürməsinə də münasibət bildirib.

İsa Qəmbər deyib ki, Müsavatın hər bir üzvünün partiya başqanlığına namizəd irəli sürmək, təklif vermək hüququ var: “Belə təkliflərə sayğı, diqqətlə yanaşırıq və yanaşacağıq”.

“Xural” qəzeti,

il 9, sayı: 044 (452), 27 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button