Məhkəmənin qarşısına mitinq təyin olundu!

Müxalifət fəalları məhkəmə binası önünə çağrıldı…

 İctimai Palatanın Koordinasiya Şurası sentyabrın 29-da Müsavat Partiyasının mərkəzi qərargahında mətbuat konfransı keçirib. İctimai Palatanın 2 aprel mitinqində həbs olunan müxalifət fəallarının məhkəməsinə həsr olunan mətbuat konfransında Koordinasiya Şurasının üzvləri – İsa Qəmbər, Əli Kərimli, Vidadi Mirkamal, Aqil Səmədbəyli, Köçəri Nağıbəyli, vəkillər qatılıblar.

Mətbuat konfransında məhkəmə prosesləri haqda rəy açıqlanıb. Bildirilib ki, vəkillər hakimiyyətin İctimai Palata və həbs olunan şəxslərə qarşı iddialarını ifşa edib: “Prokurorluq iddia edir ki, 46 polis əməkdaşı xəsarət alıb. Amma polisə xəsarət yetirənlər həbs olunmayıb. İctimai Palata aksiyanı şəhərin mərkəzində keçirib. Şəhərin mərkəzi küçələri kameralarla doludur. Məhkəməyə təqdim olunan videolentlərdə müxalifət tərəfdarlarının qanunsuzluq etdiyini göstərən heç bir çəkiliş yoxdur”.

Mətbuat konfransında deyilib ki, polislərin xəsarət alması haqda verilən ekspertiza rəyləri tamamilə saxta olub və bu saxtakarlıq məhkəmədə üzə çıxıb: “Mağazaların şüşələrini sındıranlar isə hakimiyyətin öyrətdiyi təxribatçılardır. Onların foto və videoları istintaqa, məhkəməyə təqdim olunsa da, biri də həbs edilməyib. Zərərçəkmiş kimi göstərilən bəzi mülki iddiaçılar iddialarından imtina ediblər, digərlərinin isə əsassız olduğu məhkəmədə sübuta yetirilib. İttiham tam saxtadır, qondarmadır və siyasi sifarişdir. Ona görə də 2 aprel mitinqinə görə həbs olunan siyasi məhbuslar dərhal azadlığa buraxılmalıdır”.

Müsavat başqanı İsa Qəmbər deyib ki, həbs olunan müxalifət fəalları hakimiyyətin repressiyalarından tamamilə üzüağ çıxıblar: “Silahdaşlarımız həbsdə də mübarizələrini davam etdirir. Müstəqilliyin 20 illiyində Arif Hacılının həbsdə olması hakimiyyətin istiqlal mübarizəsinə münasibətini ortaya qoyur. Arif Hacılı başda olmaqla bütün məhbuslar dərhal azad edilməlidir”.

İsa Qəmbər məhkəmələrin yekun iclaslarında iştirak edəcəklərini deyib və bütün müxalifət fəallarını məhkəmə proseslərinə iştirak etməyə, məhkəmə binalarının qabağına toplanmağa, piketlər keçirməyə çağırıb.

AXCP sədri Əli Kərimli deyib ki, müxalifət fəallarının məhkəməsi vəkillərin demokratik mübarizəyə daha fəal qoşulması ilə nəticələnib: “Vəkillər məhkəmə prosesində hakimiyyətin irəli verdiyi şəxslərlə, hüquq mühafizə orqanları ilə üz-üzə gəldilər. Bu mübarizədə, qarşıdurmada vəkillər qalib gəldilər. Vəkillər qat-qat üstün, savadlı olduqlarını sübuta yetirdilər”.

İctimai Palatanın üzvü Pənah Hüseyn bildirib ki, mitinqlər davam etdirilməlidir: “Hakimiyyət repressiyalara əl atmaqla strateji baxımdan uduzub. Amma taktiki cəhətdən müəyyən qələbə əldə etmiş kimi görünür. Çünki apreldə həyata keçirilən repressiyalardan sonra mitinqlər dayandı. Ona görə də mübarizə yenidən vüsət almalı, İctimai Palata həm Bakıda, həm də rayonlarda kütləvi aksiyalara start verməlidir”.

Mətbuat konfransında bildirilib ki, oktyabrın 1-də İctimai Palatanın sessiyası keçiriləcək.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 047 (455), 30 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button