MƏHŞƏRDƏN MƏHŞƏRƏ…

Mirzə Sakit

İsa Qəmbərin televiziya çıxışından sonra ekranda görünən Əli Kərimli yerini təzəcə rahatlayıb bircə kəlmə “Uca millətim” demişdi ki, evimizin işığı kəsildi. Dilxor halda dik ayağa qalxıb cəbhəçi dostlardan birinə zəng edərək, Əli bəyin çıxışını axıra qədər dinləməyi xahiş etdim. Dostum da onların işıqlarının kəsildiyini bildirdi. Başqa dosta zəng etdim. O da belə dedi. İyirmiyə yaxın adamla əlaqə qurdum, axırda məlum oldu ki, bütün ölkənin işıqları kəsilibmiş. Əvvəlcə belə düşündük ki, bu, Əli bəyin rəqiblərinin təxribatı ola bilər. Lakin elektrik sahəsində çalışan bütün mütəxəssislər hələ belə hala rast gəlmədiklərini söylədilər. Bu, bir möcüzə idi. Təsəvvür edirsinizmi, adam əyləşib öz ürək sözlərini və xalqı bəladan qurtarmaq istəyini bəyan etmək istəsin, sanki ilahi bir qüvvə tərəfindən respublikanın bütün elektrik şəbəkələri iflic ola. Hətta “Azərenerji ASC”-də çalışan Müsavatdan olan baş mühəndis də bu işə “mat” qalmışdı. Mən bu problemlə bağlı götürüb İsa Qəmbərə telefon açdım və bildirdim ki, İsa bəy, Allah eləməmişdən təsadüfən bu, təxribat olmaz ki? İsa bəy də dedi ki, qağa canı, xəbərim yoxdu.
Dəyərli arkadaşlar, yadınızdadırsa, Milli Məclisin icra aparatının keçmiş rəhbəri Səfa Mirzəyevi (Səfo Mirzoye) Türkiyədəki İmralı həbsxanasında ömürlük vaqqıldamağa məhkum olunan Öcalanla üzləşdirməyə aparmışdılar. Həbsxananın istintaq otağında çox kövrək bir səhnə yaşanıb. Öcalan Səfonu görən kimi hönkür-hönkür ağlamağa başlayıb və istəyib ki, onu bağrına bassın. Səfo ona göz-qaşla başa salmağa çalışıb ki, məni bura səni ziyarət etmək üçün gətirməyiblər. Gətiriblər ki, səninlə “doqovor”umu təsdiqləsinlər, amma belə bir şey olmayıb axı, ay Apo. Öcalan isə heç nəydən xəbərsiz ağlaya-ağlaya deyib ki, Səfo abi, bizim Azərbaycandakı güvənliyimiz və örgütümüz nə yerdədir ? Səfo dil-dodağını dişləyib him-cimlə onu anlatmağa çalışsa da Apo yel dəyirmanı kimi çax-çukunu edirdi. Qeyd edim ki, bundan qabaq Vasif Talıbovla Bəylər Əyyubovu da Öcalanla üzləşdirmişdilər və indiyə qədər də hər ikisi Türkiyədəki həbsxanalarda şübhəli şəxs qismində saxlanılırlar.
Ağır Cinayətlərə Dair məhkəmənin binasının bütün divarlarına boyalarla vətəndaşlar tərəfindən müxtəlif şüarlar yazılmışdı. Gələn həftə burada İlham Əliyevin ikinci məhkəmə prosesi keçiriləcəkdi. Divarlardakı yazılan şüarların məzmunları belə idi: “İlham Heydər oğlu Əliyev, sən buna layiqsən”, “ Get dostun Qəzzafinin, Mübarəkin, Bin Əlinin, Bəşər Əsədin yanına”, “Diktatoru xalqın mühakiməsinə verin”, “İlhamın işinə baxan hakim, ona ən azı ömürlük verməsən, ömründən əlini üz”, Heydərin də işi araşdırılsın”, və i. və s. İlham Əliyevin işinə baxan hakim Əli Seyfəliyev mətbuat konfransı keçirib and içmişdi ki, nəinki İlham, əlimə keçən bütün Yapçılara ən azı 25 ildən az iş verməyəcəm. İlhama gəldikdə isə əlində-ovcunda qalsın, onun ömürlüyü artıq belindədir. Türmədə isə onu ağzını geniş açan dinozavrlar gözləyirlər. Şəxsən mənim bir vətəndaş olaraq, ona rəhmim gəlir. Yetim oğlandır, heç olmasa, əynini qalın edələr. Onun nə günahı var idi ki, zibilə salıb Prezident elədilər. Yaxşı yadımdadır, mən həbsxanada olan vaxtlarda Əli İnsanovun dostlarından biri olan Prezident Administrasiyasının mühüm işçisi və YAP hakimiyyətinin önəmli bir nümayəndəsi mənimlə bir yerdə cəza çəkirdi. O İlham Əliyevi çox yaxından tanıyırdı. Demək olar ki, İlhamın körpəlik vaxtından indisinə qədər bütün həyatının cizgilərini əla xarakterizə edirdi. Bir dəfə o mənə çox maraqlı bir söz danışdı. Dedi ki, o, lap kiçik yaşlarında olarkən üç il Şüvəlandakı xəstəxanada müalicə olunub. Lakin onun bu xəstəlikdən sağalma cəhdi nəticəsiz qalıb və atası onu ordan çıxardaraq, “Allaha pənah” deyərək, Allah ümidinə buraxıb. Və bu günə qədər də o xəstəlik davam edib və nəticəsi də göz qabağıdadır.
Bu yaxınlarda Səbail rayonunun polis rəisinin müavini Kamal Vəlişovla küçədə görüşüb söhbət etdim. Qeyd edim ki, Kamal məllim, vaxtı ilə bizim mitinqləri dağıtsa da, amma sırf bizim adam olduğundan onu vəzifədən çıxartmamışdılar. Hətta söz gəzirdi ki, cənab Vəlişovu DİN-də yağlı bir yerə dürtəcəklər. Çünki kişi o vaxtlar əlaltdan da olsa həmişə müxalifətçilərin bir nömrəli adamı olub. Mitinqlərdə isə qrimlənərək, üzünə löyünbəlöyün maskalar taxırdı. Mitinqlərin birində mən gözümün şahidi oldum ki, Kamal məllim əvvəlcə mitinqçılərin dağıdılmasına komanda verdi, sonra isə Torqovıdakı “Kontinental” mağazasının arxasına keçib maskanı üzünə taxdı və mitinqçilərə qoşularaq, “Rədd olsun, Diktator”, “İstefa”, “Azadlıq”, deyə əməlli-başlı bağırırdı. Kişinin YAP hakimiyyətinə o qədər nifrəti var idi ki, az da olsa o bununla enerjisini çıxardırdı. Ən çox nifrət etdiyi iki adam var idi. Biri Ramil Usubov, o birisi isə Ramiz Mehdiyev. Kamal məllim zəlil gününə qalan millətin dərdini çəkməkdən bax beləcə, ömrü boyu mənim kimi bir dəridir, bir də sümük. Amma bu gün də “Devyatı kalon”da dustaqlara “balanda” daşıyan Nəsimi rayonunun keçmiş rəis müavini Süleyman Nemətov elə orada da turp kimi qıp-qırmızıdır. Arsızlıq alayı şeydir, qadoyalım…
Sizə kimdən deyim, kimdən danışım, əfsanəvi Pənah Hüseyndən. Bildirdiyimiz kimi təzə hökümət Pənah bəyə xırdaca da olsa, bir post vermirdi. Bu da onun əməlli-başlı üsyan etməsinə səbəb olmuşdu. Siyasi ekspertlərin gəldikləri qənaətə görə, Pənah bəy bu vaxta qədər hansı postda çalışıbsa, o postu ona verməyiblər, özü zəbt edib. 1992-93-cü illərdə Cəbhə-Müsavat hakimiyyəti dövründə də Pənah bəyi heç kim Baş nazir postunu verməmişdi. O, həmin posta məhz elə zəbt eləməklə yiyələnmişdi. Buna görə də cənab Hüseyn bu dəfə də pencəyini qəzəblə çiyninə ataraq, Respublika Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə idarəsinin sədri postumu guppultu ilə oğul kimi qamarladı və dərhal da təzə hökümətdə təmsil olunan vəzifəlilərin bir neçəsini korrupsiyaya uğraması ittihamı ilə dama basdırdı. Dama basılanlardan hələlik gədəbəylilərin “Lal deputat” adlandırdıqları Gədəbəyin icra başçısı Nizami Quliyev və Xəzər Dəniz Gəmiçiliyi idarəsinin rəisi Faiq Əmirovun adları hallanırdı. Faiq məllim bu postda cəmi ay yarım işləməsinə baxmayaraq, sən demə, iki dənə ən böyük həcmli tankeri Qazaxıstana satıb puluna da Qara dəniz sahillərində kurort tikdirirmiş. Pənah Hüseynə dəstək kampaniyası məqsədilə Sabirabadın bir çox cayılı oğlanları təzə hökümətə ultimatum göndəriblər ki, əgər bizim qardaşımızın xətrinə dəyən oğlan olsa, qarşılarında bizi görəcəklər. Pənah bəy də öz növbəsində bu dəstəyə sayğı göstərərək, həmin cayılların hər birinə Sabirabadda bir obyekt alıb bağışlayıb. Deyə bilərsiniz ki, Pənah bəydə bu qədər pul haradandı ki, o qədər obyekt alıb bağışlayır. Məlumunuz olsun ki, o, keçmiş spiker Oktay Əsədova keçmişdə törətdiyi cinayətlərə görə həbs olunmayacağı vədini verərək, ondan əvvəlcə külli-miqdarda pul alıb, ona atıb, sonra isə onu “Bandotdel”ə soxdurub. Ona da Pənah demişəm eeeeee….
Bulvarda gəzişdiyim yerdə Dini Qurumlarla iş üzrə komitənin sədri Nurəddin Məmmədli ilə rastlaşdım. Molla Nurəddin əynində qirbişin əba, ayağında dikburun zərli çus, başında ortası yarıq seyid papağı gördüm ki, budu haaa, əlini də dalına qoyub yırğalana-yırğalana gəlir. Dedim salam, ey dostum. Mənə qayıdıb nə desə yaxşıdır? Dedi ki, əgər mən yenidən dünyaya gəlsəydim belə yenə səninlə dost olmazdım. Mən onun bu “Əleyk” yerinə verdiyi cavabı çox təmkinlə qarşıladım və dedim, a molla Nurəddin, yenidən dünyaya gələnlər yalnız xortlanlar olurlar. Əgər sənin belə bir planın varsa, buyur, qadoyalım. O da dedi ki, əlbəttə var, hətta bundan ötrü mən özümü sığortalamışam da… Dedim, Allah veyir versin və Nurəddindən təzəcə aralanmışdım ki, telefonuma zəng gəldi. Dostum Arzuman Məcidli idi. O, çox təlaşla bildirdi ki, tez gəl “Qız qalası”nın yanına, bəs, Elçin Əfəndiyev çıxıb qalanın kəlləsinə özünü ordan atmaq istəyir. Tələbi də budur ki…

Ardı olacaq

“Xural” qəzeti,

il 9, sayı: 065 (475), 20 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button