MƏHŞƏRDƏN MƏHŞƏRƏ…

Mirzə Sakit

 VI yazı

 Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin keçmiş sədri Kərəm Həsənov Dağıstan-Azərbaycan sərhəddini keçməyə cəhd edərkən saxlanılmışdır. Onun uzun saqqalda və qısabalaq şalvarda sırf vəhhabi qiyafəsində aradan çıxmaq niyyəti baş tutmamışdır. Kərəm Həsənov “Bandatdel”ə salınarkən kameranın qapısı ağzındaca, bütün törətdiyi cinayətləri etiraf etmiş, üstəlik hələ o biri nazirlərin ermənilərlə gizli sövdələşmələrini də yazılı şəkildə aktlaşdıraraq, altından da öz imzasını qoymuşdur (Gör hələ kameranın içinə girəndən sonra nələri açıqlayacaq). Sən demə, “qaçqınkom Əli” hansı hoqqaların sahibi imiş. Bütün bunları gələn saylarımızda bittə-bittə oxuyacaqsınız. Əli demişkən, PA-nın siyasi şöbəsinin keçmiş müdiri Əli Həsənov bığını Hitlerin bığına, saçını isə Lomonosovun saçına bənzədərək (pariklə) dəniz limanından Türkmənistana adlamaq istəyərkən, onu da orada zərərsizləşdiriblər. Polislər onun başından pariki dartıb çıxardanda elə biliblər ki, bığı da qondarma bığdır. Yekəpər bir polis əl atıb Əli Həsənovun doğma bığını dərisi qarışıq qopardaraq,  yerə selbələyib, özünü də “itqussu” eləyib poçt maşınının darısqal gözündə harasa aparıblar.

Əlilərdən söz düşmüşkən, Əli Əhmədov “vasmoy”un bazarında noxud satdığı yerdə bir nəfər onu tanıyıb və dərhal əlaltdan hüquq-mühafizə orqanlarına xəbər verib. Deyilənlərə görə, Əhmədov aparılarkən “Aman Göyçəm” mahnısını elə yanğılı şəkildə oxuyurmuş ki, ətrafdakı qadınlar göz yaşlarını saxlaya bilməyiblər. Bununla o, bütün göyçəlilərdən özünə dəstək qazanmaq istəyirdi. Amma və lakin cənab Əhmədov yüksək postlarda işlədiyi zamanda Göyçə gölünün kənarındakı ermənilərin obyektlərinə şərik olan Boz  Kardinalın gül üzünə “püf” də demədi. Bundan başqa, o, əliyevlərin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımın ən həvəskar iştirakçılarından biri olmuşdur. Rus İmperiyasının xalqımıza qarşı işlətdiyi məkrli siyasətinə rəvac verən bu əhmədovlara nəinki bazarda noxud satmağa imkan vermək, hətta belələrinə türmələrdə də iki kvadratdan artıq yer bəxş etmək imandan olmaz. Heydər Əliyevin Azərbaycan türkünə qarşı məhvetmə siyasətinin fərraşlarından ən yekəsi Əli Əhmədovkimilər idi…

Yenə başqa bir Əlidən söz açaq. MTN-nin eks nazir müavini Əli Nağıyev məllim isə aradan çıxmaq üçün çox original bir vasitə seçibmiş. O, guya mal-qoyun alverçisi kimi Gürcüstandan – Azərbaycan sərhəddində əlində çomaq, çiynində lavaş-pendir olan bağlamada həbs edilib. Tanınmamaqçün da başına seyid papağı, əyninə də sırığlı geyinibmiş. Öz cəlbedici davranışıyla gürcü polisinin diqqətini cəlb edən Əli Nağıyev ötən illərdə onun necə bu qeyri-peşəkarlıqla  MTN-də işləməsi də adamı heyrətləndirməyə bilmir. Belə çıxır ki, bunların işi Elşad Abdullayev demişkən, elə adam oğulamaqla və narkotik alveri etməkdən ibarət imiş. Yeri gəlmişkən, Elşad da bu adamların üzünə durmaq üçün artıq Fransadan Azərbaycana gəlib və qeyd edək ki, onun özünün də işi hələ ürəkaçan deyil. Camaatın balalarından oğurlayıb apardığı pulların hesabatını verməlidir. Yəni  baxmayaraq ki, vaxtilə Elşad Abdullayev Fransada kompüterin qarşısında oturub pivə içə-içə əliyevlər komandasdındakı məmurların cinayətlərindən həvəslə “Azadlıq” qəzetinə ötürüb, lakin onun özü haqda da “qara dəftər”də qalaq-qalaq cinayətlər kök salmaqdadır. İndi isə o, hələlik Fransız konyakının təsiri altında kayfullalıq edir.

Bugünkü söhbətimizdə söz Əlilərdən düşmüşkən, öz Əlimizi də unutmamaq xatirinə   və dostlarımızın sallanmış löklərini qaldırmaq üçün bəzi açıqlamalar vermək istəyirəm. Əgər yadınızdadırsa, Müsavat başqanı İsa Qəmbəri türməyə salmışdılar. Bu tərəfdən də başqanın qanunsuz həbsinə etiraz olaraq, beş yüz minədək insan “Azadlıq” meydanına toplaşmışdı. Hərbi polisin rəisi Əfqan Muxtarlı da etirazçılara rəhbərlik edirdi. O, meydandan bəyan edərək öz postundan müvəqqəti istefa verdiyini bildirmişdi. Cənab Muxtarlı sonra da demişdi ki, əgər iki günə başqan həbsdən azad olunmasa, meydandakı bu insanların hamısını Xaqani 33-ün qarşısına töküb oranı darmadağın edəcəm. Müsavatçıların qəzəblərini cilovlamağın mümkünsüzlüyünü görən müvəqqəti hökumət, konkret olaraq, Əli Kərimli  Daxili İşlər naziri Fuad Mustafayevə xüsusi göstəriş verərək bildirmişdi ki, get İsa Qəmbəri guya istintaqa aparırsan, amma elə şərait yarat ki, o, yolda aradan çıxa bilsin. Gözünə döndüyüm Fuad Mustafayev də bir az qorxaq adam olduğundan, elə bu işi xətm etmək üçün Əfqan Muxtarlını da özü ilə götürür. Axşam saat beş radələrində İsa Qəmbər artıq “Azadlıq” meydanında onu gözləyən xalqın önünə gəlir. (iraq 2003-cü ildəkindən).

MTN-də saxlanıldığı kamerada Kəmaləddin Heydərov mahnılar yazmaqla gününü keçirirdi. Onun mahnısının notlarındakı son akkordları ürəyi xəstə adamlar qətiyyət dinləyə bilməzdilər. Öyünü Allah evini tikmiş elə qəmli və fövqaladə nəğmələr bəstələyirdi ki, MTN şefi Sulhəddin bəy də onunla keçirdiyi keçmiş günlərini xatırladıqca gözlərinin yaşını abi-neysan kimi tökürdü. Bir dəfə Sulhəddin bəy özü şəxsən Kəmaləddinin kamerasına gələrək onunla “balanda” yeyə-yeyə onun necə azadlığa çıxa bilməsi istiqamətində söhbətlər ediblər. Lakin Kəmaləddinin yerinə özünün kamerada qala biləcək ehtimalı Sulhəddin bəyin heç həvəsində olmadığı üçün ona heç bir kömək edə bilməyəcəyindən bərk təəssüfləndiyini bildirib. Necə olmasa da yerlidirlər…

Ramiz Mehdiyevin növbəti məhkəmə iclası keçirilirdi. Konvoylar onu məhkəməyə xərəkdə gətirmişdilər. Vəziyyəti bugün-sabahlıq idi. Bədbəxt heç ayaq üstə dura bilmədiyi halda soxa-soxda qoluna qandal da vurmuşdular. Zaldan kimsə bir nəfər etiraz edərək dedi ki, ayıbdır axı, bu adam yediyini də qusa-qusa uzanıb, qoluna da qandal vurmusunuz. Dövlət ittihamçısı da qayıtdı ki, bu, həmin qandaldır ki, yüzlərlə günahsız insanın qollarına şəxsən Ramiz Mehdiyevin göstərişi əsasında taxılıb. İndi də qoy bir az onun qolunda qalsın. Sən demə, Bahar Muradova da zalda imiş. O xanım da ayağa qalxaraq, çox qəti şəkildə dedi ki, mən məhkəmədən xahiş edirəm, Ramizin ayaqlarına da qandal vurulsun, məhkəmə prosesi bitdikdən sonra isə ağzına da skoç sarılsın. Əgər sizlər bilsəniz ki, o adam rus provokasiyası ilə bu illər ərzində bizim və bütün xalqın başına hansı müsibətləri gətirib, siz onu nəinki ömürlük cəzaya, hətta ən ağlasığmaz cəza çıxarmaq haqda konstitusiyaya əlavə etmiş olardınız. Hakim isə bunun qanunsuz olduğunu deyib Bahar xanımı sakitləşdirməyə cəhd etdi. Bu vaxt cənab Mehdiyev dodağının altında nəsə mızıldandı. Hakim əlinin işarəsi ilə hamıya “sus” komandası verdi. Mehdiyev hamının çox az eşidə biləcəkləri tərzdə deyirdi:

– 1983-cü ildə Qazax rayonunun Kəmərli kəndinin ərazisindən minlərlə hektar torpağın ermənilərə ərməğan edilməsində mənim rolum olduğuna görə məni bağışlayın. Onu da bildirim ki, erməniyə bağışlanan bu torpaq məsələsində mən çox xırda adam olmuşam. Bu işdə üzərinə əvvəlcə NKVD, sonradan isə KQB  öhdəliyi götürmüş insanın rolu danılmazdır. Gedin araşdırın, o zaman hər şey sizlərə məlum olacaq. Düzdür, Azərbaycan xalqının bütün müqəddəratının məhvolma kampaniyasında əvvəldən-axıra qədər mən iştirakçısı olmuşam. Burada əsas məqsədlərdən biri xalqın gələcək təfəkkürünün məhv edilməsi üçün 70-ci illərdən sonra təhsildə rüşvətin əsasını qoymaq idi və buna da nail olduq. O boyda rus cəlladlarının qarşısında mən nəkarə idim ki, cınqırımı çıxardardım. Bütün bu işlərin baiskarını gedin Fəxri Xiyabanda axtarın. Bir də ki, mənim işlədiyim vaxtda son və eks Ali Baş Komandanın məhkəməsində əgər o vaxta qədər sağ qalaramsa, mənim dindirilməmin təmin edilməsini sizdən xahiş edirəm. Mən bilirəm, orda nələr deyəcəm. Hakim isə onun sözünü kəsərək dedi :

– Törəddiklərinin dosyesini yığıb-yığışdıra bilmirik. Belə getsə, bu minvalla sənin məhkəmən düz il yarım çəkəcək. Düzdür, bu müddət məhkəmə gedişi üçün hüquqi baxımdan qanunsuzdur. Lakin hər gün sizin barənizdə o qədər müəmmalar üzə çıxır ki, qanunvericiliyə əlavələr etməli oluruq.

Bundan əvvəlki yazıda qeyd edib bildirmişdik ki, Xəzər Dəniz Gəmiçiliyinin sədri Faiq Əmirov və başqa məmurlar Fövqaladə Hallar naziri Rövşən Quliyevin vaxtilə AXCP-də seçki komissiyasının sədri olarkən, etdiyi saxtakarlıqlara görə, indiki postundan dərhal uzaqlaşdırılmasını tələb ediblər. Bu etirazları nəzərə alan yeni hökumət də Rövşən Quliyevin fitvasını verərək, onu tutduğu postdan endirib, onun yerinə müsavatçı Elman Fəttahı təyin etdilər. Bunu eşidən cəbhəçilər bu təyinatı İsa Qəmbərin həbsdən azad olunmasına cavab kimi qiymətləndirdilər. Və yavaş-yavaş təlatümə düşməyə başladılar. Qeyd edim ki, vəzifəsindən uzaqlaşdırılan Rövşən Quliyev mətbuat konfransı keçirərək, indiki hakimiyyətə müxalif olacağını elan etdi.

Xəbər yayıldı ki, keçmiş Gömrük sədri Aydın Əliyev həbsxanada özünü asaraq intihar edib. Ağzıgöyçəklər bu intihara Kəmaləddin Heydərovu səbəbkar kimi danışırdılar. Guya Heydərov təcridxana nəzarətçilərinə külli miqdarda pul verərək, onun asdırıb ki, məhkəmədə üzünə duranlardan biri azalsın. Bundan əvvəl də sabiq Vergilər naziri Fazil Məmmədov saxlanıldığı kamerada intihara cəhd etmişdi. Görünür, onun da “intihar” etməsinə əvvəlcədən zəmin hazırlanıbmış.

Maştağadakı dəlixanadan ismarış göndərən Bakının keçmiş meri Hacıbala dəlixanada olsa da, çox ağıllı danışaraq, deyib ki, hələ mən o vaxt mer işləyəndə Kəmaləddin iki dəfə məni intihara məcbur etmişdi. Sonradan dostların “sən öl-mən öl”ündən sonra onun ürəyinə rəhm gəldi və mən də xilas oldum.

…Hörmətli Oxuculara bundan sonrakı yazıda Ombudsman Şahvələd Çobanoğlunun da vəzifəsindən uzaqlaşdırılması, Prezidentliyə namizədlərin səhnələrdəki tryuklarından, PA-nın siyasi şöbəsinin keçmiş müdiri Əli Həsənovun türmədəki “obyekti”ndən və başqa maraqlı faktlardan bəhs edən yazıları oxuya bilcəksiniz…

Bizi izləyə-izləyə gözləyin, gözləyə-gözləyə özləyin.

“Xural” qəzeti,

il 9, sayı: 057 (466), 11 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button