MƏHŞƏRDƏN MƏHŞƏRƏ…

Mirzə Sakit

 Sizə kimdən xəbər verim, sizə kimi təqdim edim, heç bilmirəm, hansı formada o adamı xalqa tanıdım ki, həm Allaha, həm o adamın özünə, həm də xalqa xoş getsin. Oydu ki, əzizlərim, sizlərə təqdim edəcəyim şəxs hacı olduğundan bir azacıq Allahlı olmağı nəzərə alıb, söhbətimizə başlayaq. Xüləsey-kərəm, elmlər elmidarı, dinçilər dinçidarı, üç qat deputat, “Sosial Rifah” partbiletinin baş şəbehi, Heydər Əliyev irsinin araşdırmaçısı və xalqa qusdura-qusdura həzm edicisi, Məkkə yolunun əbədi zəvvari, Mədinə ilə Məkkə arasında veyl gününə qalan, Tərəkəmə fəlsəfəsinin şəriksiz abdalı, gündə on yeddi rükətin azarına düşən, Hacı Xanhüseyn Kazımlı bəy-cənab-məllim-ağanın aqibətindən sizlərə söz açmağı müqəddəs də olmasa, ən azı mücərrəd borclarımdan biri bilib, bir-neçə sətir yazmaq qərarında bulundum. Deməli, istəkli dostlar, xəbər gəldi ki, bəs, nə durmusunuz, Xanhüseyn ağa qaçıb gedib İmişlidəki Sarısu deyilən gölün qamışlığında gizlənib. O qamışlıqda ki, o qədər qalın və keçilməzdir, ora heç yeddi il kotana qoşulan kəl də gedib girə bilməz. Yerli sakinlərdən 104 yaşlı Kəblə İsfəndiyar kişi and içib söylədi ki, bu yaşa gəlmişəm, hələ o qamışlığa bu lööndə dürtülən görməmişdim. Xanhüseyn ağanı ordan dartıb çıxarmaq üçün DİN-in xüsusi təyinatlı polislərinin, qara maskalıların, adamyeyən “dikiy dvizya”nın qoluzorlularını ora cəlb eləmişdilər. Ancaq onlar nə illah elədilərsə, o qamışlıqda heç beş metr də irəli hərəkət edə bilmədilər. FHN-in dörd dənə hərbi helikopterlərinin də səyi bir nəticə vermədi. Helikopterlər qamışlığın üzərində dayansalar da, heç bir ciyərli desant ora düşməyə risk edə bilmədi. Nəhayət ki, Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin Genelkurmayının arasında yaşanan saziş öz bəhrəsini verdi. Belə ki, ekipajında qırx Türk mehmetçiklərdən ibarət Türkiyənin ən zirehli helikopteri havaya qalxmaqla İmişli səmasında görünməyi bir oldu. O gün bütün imişlilər Sarısu gölünün sahillərində bir həyat yaşadılar. Qadasın aldığım Türk əsgərləri paraşütlə qamışlığa enib Xanhüseyn ağanı özləri ilə göyə qaldırarkən, Xanhüseyn ağa elə göydəcə günorta namazının son dualarını xətm etməkdə idi, inşallah. O, duaları elə uca səslə oxuyurdu ki, aşağıda dayanıb seyr edənlər hamısı bir ağızdan “Amin” deməkdən savayı çarələri qalmırdı. Və nəhayət ki, “Xanhüseyn dramı” bitdikdən sonra camaat lənət oxuya-oxuya evlərinə dağılışdı.

Bu əhvalatdan heç yarım saat keçməmiş hay düşdü ki, bəs, Arif Rəhimzadə də o qamışlığa soxulmaq istəyərkən, yerindəcə zərərsizləşdirilib. O Rəhimzadə ki, Azərbaycanın müstəqillik aktının əleyhinə imza atıb, özü də uzun illər ayağı Parlamentin kandarından, cibi də deputat mandatından əskik olmayıb. İşə bax ki, müstəqilliyin əleyhinə imza atanlar bu ölkənin sərvətlərini dədələrinin halal sərvəti kimi həzm-rabedən keçirələr, amma Arif Hacılı isə türmələrə atıla. Bunu nəinki Allah götürər, hətta bu ədalətsizliyi qəbul edib, susqunluq nümayiş edənləri bic doğmuşlar kimi qələmə vermək ədalətli olmaqdan xəbər verərdi. Arif Rəhimzadədən çox danışmaq istəməzdim. Onu qamışlığın girəcəyindən tutub elə İmişlidəki “KPZ”yə soxmaqları bir olub. Hətta şlyapası da gölün kənarında düşüb qalıb. Sonradan balaça uşaqlar görüblər ki, göl qurbağaları şlyapanın üstünə çıxıb qurullaşıllarmış.

Parlamentin keçmiş rəhbəri Səfa Mirzəyevi (Safo Mirzoye) üzləşdirmə aparmaq üçün Türk istihbaradçıları Türkiyənin “İmralı” həbsxanasında saxlanılan Vasif Talıbovun və Bəylər Əyyubovun saxlanıldığı həbsxanaya aparıblar. XİN rəsmisinin sözçüsünün verdiyi açıqlamalara görə, Səfonun Öcalanla üzləşmə prosesi aparılacaq. Burada mütləq şəkildə qeyd etməliyik ki, Türk düşməni olan Abdulla Öcalan da həmin adı çəkilən həbsxanada  saxlanılır.  Parlamentin lap keçmiş sədri Murtuz Ələsgərova gəldikdə isə, bu qoca məllim də ömrünün noyabr ayını (yəni payızını) yaşamaqda ikən, bu tərəfdən MTN Murtuza qarşı iddia qaldıraraq bildirib ki, o adamın on il Parlamentin sədri olduğu müddətdə ölkədə törədilən bir çox cinayət işlərində əli olması haqda əlimizdə kifayət qədər informasiya var. Bu işə görə hətta İsmayıllı rayonunun keçmiş polis rəisi Nizami Qocayevi də şübhəli şəxs qismində saxlayıblar. Murtuz Ələsgərovu dindirmək üçün Respublika Prokurorluğuna aparıblar. Onun oğlu Fuad da bu cinayətlərdə şərik olduğundan, hər ikisinin polis maşınında yanbayan getdiyini görüblər. Dindirilmə zamanı müstəntiq Mutruzun heç bir danışığını anlaya bilməyib. Ona görə ki, cənab Murtuz həddindən artıq həyəcanlı, həm də xəstə olduğundan onun danışıq nitqi demək olar ki, tam yoxa çıxmışdı. Dili hər zaman çöldə qalan və dilindən lılığ-lılığ selik axan bu qoca professorun nə dediyini oğlu Fuaddan savayı bir kimsə başa düşmürdü. Ona görə də Fuad Murtuzun cinayətlərinə həm şərik idi, həm də onun dilmancı qismində çox həvəsli şəkildə fəaliyyətini əsirgəmirdi. Onların istintaqı bircə məsələdə müstəntiqin qanını qaraldırdı. O da Murtuzun həddindən artıq qoca olması idi. Lakin insanlar hər şeyə tez alışdığından müstəntiq də yavaş-yavaş buna adaptasiya olunurdu. Fuad isə tez-tez ətrafdakı insanlara “Bağışlayın” deyirdi. Guya bağışlanası şey elə ağızdan axan bu selikdən ibarət imiş. Daha fikirləşmirdi ki və yaxud gözəl anlayırdı ki, illər uzunu Azərbaycan xalqına qarşı dədə-bala hansı hüquqsuzluqda bulunublar.

Prezidentliyə namizədlik üçün qanunun tələb etdiyi bütün sənədlər tam şəkildə artıq MSK-ya təqdim edilmişdi. Bir məsələdə hərc-mərclik yaranmışdı ki, o da tərəflər arasında həmişəki kimi güzəştə getməmək üçün şərait yaradırdı. O da MSK sədri Gülağa Aslanlının məhz müsavatçı olması idi. Bütün namizədlər belə razılaşma əldə olunmasını istəyirdilər ki, MSK sədri elə şəxs olsun ki, partiya mənsubiyyəti olmasın. AXCP sədri Əli Kərimli məsləhət görmüşdü ki, keçmiş Fövqaladə Hallar naziri Rövşən Quliyev vəzifəsini də, partiya sıralarını da tərk edib, gəlin elə onun MSK sədri olmaq üzərində qərarlaşaq. İsa Qəmbər də bığlarını asta-asta sığallayaraq, deyib ki, Rövşəndənsə elə Məzahir Pənahovu yerinə qaytarsaq, daha ədalətli olar. Kökündən vurulan bu sözdən sonra “MSK məsələsi”nin həllinin çözülməsi gələn həftəyə qalıb. Əsas məsələ isə Prezidentin gələcəkdə kim olması məsələsi idi ki, bu da şahə qalxan qasırğaların belə tez bir zamanda sakitləşməməsini tərəflər arasındakı təkəbbürlüklərdən göstərirdi. Və yazıq və çarəsiz xalqa hələ çox dəhşətlərin yaşamasını qismət edəcəyindən xəbər verirdi.

Keçən yazılarımızın birində vəzifəsiz qalan və bundan böyük hay-həşir qopardan Pənah Hüseyndən yazmışdıq. Deyildiyi kimi, Pənah bəyə vəzifə bölgüsündən vur-tut bircə pay düşüb ki, bunu da eşidəndə sözün əsl mənasında bizə çox pis təsir etdi. O cüreyn kişini aparıb balıq vətəgələrində balıq tutmaq üçün tor toxuyan sexinə müdir qoyublar. Düzdür, o, bu vəzifənin də əlindən çıxacağından ehtiyatlanaraq, tez razılaşıb, lakin “Bizim Yol” qəzetinin müxbiri Nemət bəyə deyibmiş ki, eybi yoxdur, bir az işləyim, görsünlər, onlara necə tor toxuyaram. Hər halda Nemət bəy belə deyib. AXCP-çi Nabatəli Qulamoğlunu isə Nərimanov rayonunda yerləşən 73 saylı orta məktəbin dərs hissə müdiri təyin ediblər. Bu ucuz təyinatdan qəzəblənən Nabatəli məllim deyib ki, onların burnundan gəlsin, mən uzun illər “Azadlıq” qəzetində “Təhsil üzrə ekspert” kimi fəaliyyət göstərdim, amma bunu qiymətləndirmədilər. Professor Cəmil Həsənlinin sözünə görə, Nabatəli məllimin könlündən 73 saylı məktəbdə direktorluq keçirmiş. Şəxsən Cəmil məllimin özü Nabatəli məllimin bu arzusunu reallaşmasın istiqamətində axıra qədər mübarizə aparacağı haqda Mirəli Qaşqay küçəsinin tinində and içib. Bundan sonra Nabatəli məllim təsəlli taparaq, Landau küçəsindəki çayxanaya gedib.

Ardı olacaq

“Xural” qəzeti,

il 9, sayı: 058 (467), 12 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button