Məhşərdən məhşərə…

Mirzə Sakit

 Bu hadisə 2012-ci ilin fevral ayında Azərbaycanda baş vermişdir. Üstündən 10 il keçməsinə baxmayaraq, bu hadisənin qalmaqalı hələ də davam etməkdədir. Xalqın sıravi nümayəndəsindən tutmuş ziyalısına qədər hər kəs gündəlik həyatlarında üzləşdikləri qeyri-müəyyənliklərlərin girdabında çapalayırdılar. Gah əminlik, gah ümidsizlik insanları əldən salmışdı. Siyasi arenadakı çarpışmalar və hərc-mərcliklər, ötən 43 il ərzində ölkə əhalisini necə iflic vəziyyətə salmışdısa, indi də bu sarsılmadan onsuz da özünə gələ bilməyən əhalinin başı qaldan açılmamış yeni problemlərlə üzləşmişdilər. Ancaq bunlara baxmayaraq, Azərbaycanda yaşayan bütün insanlar özlərinin uzun illərin ən ağlasığmaz bəlasından xilas olunduqlarının fərqindəydilər.

43 illik əliyevlər hakimiyyəti süquta uğramışdı. Məmləkətin bütün məhkəmələrində hər gün devrilmiş hakimiyyətin yüzlərlə nümayəndəsi ağır ittihamlarla mühakimə olunurdular. Ölkədə müstəntiq və hakim çatışmazlığı yaranmışdı. Bütün dünyanın telemüxbirləri, jurnalistləri Azərbaycana ezam olunmuşdular. Hər gün dünya telekanalları Azərbaycandakı keçmiş hakimiyyət üzvlərinin məhkəmə prosesində açıqlanan dəhşətləri nümayiş etdirirdilər. Bu dəhşətlərin sırasında vətənə xəyanət, o cümlədən iqtisadi, siyasi, geosiyasi, Qarabağ məsələsindəki xəyanətlər, misli görünməmiş korrupsiya, rüşvət, qanunsuz həbslər, qətllər və  ittihamlar məhkəmə zallarının divarlarını da titrədirdi. Xalq sanki illərin dərin yuxusundan qalxmış kimi görünürdü. Hamıda bir-birinə qarşı xüsusi bir mehribanlıq yaranmışdı. Çayxanalarda mövzu bolluğu idi. Hamı əliyevlər hakimiyyətin törətdiyi dəhşətlərdən danışırdı. Vaxtilə çayxanalarda pıçıltı ilə danışılan sözlər indi ucadan danışılırdı. Məmləkətin hər yerində şairlərin, yazıçıların , alimlərin heykəllərindən başqa bir heykəl də qalmamışdı. Qəzəblənmiş xalq son illərdə cibindən oğurlanmış pulların hesabına ucaldılan gərəksiz heykəllərin boğazına kəndir atıb hamısını yerlə-yeksan etmişdi. Respublika sarayının qarşısında Əbülfəz Elçibəyə, Nərimanov parkının girəcəyində Şıxəli Qurbanova, Dağüstü parkda isə Məmməd Əmin Rəsulzadəyə heykəl qoyulmaq üçün yeni hökümət sərəncam imzalamışdı. MSK-nın sədri Gülağa Aslanlı üç aydan sonraya Prezident seçkilərini televiziya vasitəsilə elan etmişdi. Az TV-nin sədri Xalid Bahadır da bu seçkilərin tam şəffaf keçirilməsindən danışdı. Keçmiş nazirlərin demək olar ki, hamısını həbsxanalara doldurmuşdular. Həbsxanalar pambıq bardanı kimi partlayırdı. YAP hakimiyyəti dövründə fəaliyyət göstərən Komitə sədrlərindən tutmuş, xırda məmurlara qədər hamısı müxtəlif zonlarda inildəməklə məşğul idilər. Ölkənin yeni Prezidenti hələ məlum olmasa da, artıq yeni parlament formalaşmışdı. Parlamentin sədri isə Arzu Səmədbəyli idi. Bəzi nazirliklərdə müvəqqəti də olsa, rəhbərlər təyin olunmuşdular. Amma baş nazir postu hələ boş idi. Ora Prezidentin kim olmasından sonra məlum olacaqdı. Bəziləri baş nazir postuna Nemət Əliyevi, bəziləri isə Qubad İbadoğlunu layiq bilirdilər. Bu arada türmədən keçmiş nəqliyyat naziri Ziya Məmmədovun məktubu daxil olmuşdu. Məktubda Ziya yazmışdı ki, cənab deputatlar, əgər mənim həbsdən azad olunmağımda mənə köməklik göstərsəniz, söz verirəm ki, Bakıda ən köhnə, ən loxanka taksinin sürücüsü kimi ömrümün qalan hissəsini başa vuraram. Deputatlar isə buna qəti etirazlarını bildirmişdilər. Deputat Xəzər Teyyub demişdi ki, əgər biz onun taksi sürücüsü kimi fəaliyyət göstərməsinə imkan versək, sabah o, öz taksisində kliyentlərin də cibinə girəcək, qəti olmaz. Xəzər dəniz gəmiçiliyinin keçmiş sədri Aydın Bəşirov havalanmışdı. O “Şestoy kalon”da səhərdən-axşamacan Eyyub Yaqubovun “Mənə dəniz verin” mahnısını oxumaqla gününü keçirirdi. Keçmiş Fövqəlnaziri çox hörmət və izzətlə öz mətbuat xidmətinin rəhbəri “üçqulaq Tural”la MTN-nin təcridxanasına yerləşdirmişdilər. Hər gün də onları “Jalə” şirələri ilə təmin edirdilər, inşallah. Alınan qeyri-rəsmi məlumatlara görə, fövqəlnazirin kamerasına hər gecə general mundirli bir ruh gəlir və ondan hesabat tələb edir.

…Allah özü bütün günahkarları və günahsızları bir-birindən asılı eləməsin. …Amin Ya Rəbbim… Gömrüyün şefi Aydın Əliyev isə  onlarla  üzbəüz kamerada söhbət etməklərində idilər. Deyilənlərə görə, Eldar Mahmudovu isə MTN-nin podvalına salmışdılar. Amma xoşbəxtlikdən o, orada tək deyildi. Yanında Akif Çovdarovla Dağbəyi müəllim kimi nəhənglər var idi. Günləri pis keçmirdi. Hər gün yeni qəzetlərlə təmin olunurdular. MNT-nin təzə naziri Sülhəddin Əkbər və onun müavini İlham İsmayıl şəxsən göstəriş vermişdilər ki, həbs olunanlarla demokratik qaydada davranılsın. Ramil Usubovla Ehsan Zahidovun da kameraları tam müasir üslubda bəzədilmişdi. “Viloş” bir az ərköyünlük edirmiş, onu da Usubov başa salıb ki, bir az kirimiş dur, yoxsa Hacı Məmmədovu üzümüzə qoyarlar. Onu da deyim ki, yeni baş prokuror Qurban Məmmədov təcili göstəriş verərək bildirib ki, Hacı Məmmədovun cinayət işinə yenidən baxılsın və bir çox qaranlıq məqamlar açıqlansın. Qurban Məmmədovun bu təklifinə Ali Məhkəmənin sədri Aslan İsmayılov da çox müsbət yanaşıb. Prezident Administrasiyasının hüquq şöbəsinin müdiri AXCP-dən olan Asif Yusifli yeni yaranan istintaq qrupundan “Qara kəmər” əməliyyatındakı təqsirləndirilən bütün cinayətkarların niyə məhz 1994-cü ildən geniş və arxayın şəkildə fəaliyyət göstərməsinin şəffaf şəkildə araşdırılmasını xahiş edib. Hacı Məmmədovun məhkəmədə səmimi şəkildə bircə izahat verməsi yetər ki, keçmiş Yaptokratiyanın banisinin tarixdə hansı adla qalmasına zəmin yaransın. Cənab Asif Yusifli “İlanı Seyid Əhməd əli ilə” tutanın, məhz elə “Seyid Əhməd əli ilə” də buraxılmasının vacibliyini peşəkar bir hüquqşünas kimi istintaqçıların diqqətinə çatdırıb.

Bakı şəhər İcra hakimiyyətinin başçısı Həsən Kərimovla söhbətimizdə o bildirdi ki, eks mer Hacıbala Abutalıbov 12 saylı Cəzaçəkmə müəssisəsindən ona yazaraq xahiş edib ki, kabinetdə qalan süpürgəni və xəkəndazı ona göndərsin. Həsən bəy də çox humanist bir insan olduğuna görə deyilənləri və üstəlik bazardan yekə bir həyət süpürgəsi də alıb Hacıbala müəllimə ərməğan edibdir. Deyilənlərə görə, Hacıbala müəllim bu qayğıdan çox məmnun qalaraq, kövrəlib və hönkürtü ilə ağlayıb. Həmin zonun karserində qalan Nərimanovun keçmiş icra başçısı Abdin Fərzəliyev türmə rəisindən xahiş edib ki, karserdə onun üçün Nərimanov parkında yeyinti qurbanı olan hovuzdan bir dənəsini burda yaratsın.

MTN-də qatı qaranlıqda saxlanılan Zakir Qaralovdan sensasion açıqlamalar gəlib. O bildirib ki, keçmiş müavini Rüstəm Usubovla bir kamerada qalmaq istəmir. Səbəb kimi də müavininin Hacı Məmmədovun yeni məhkəmə prosesində Qaralovun üzünə dayanacağı kimi əsaslandırıb. Hətta son günlər Qaralovda müavininə qarşı allergiya yaranıb. Belə ki, Qaralov hər “balanda” yedikdən sonra onun üzündə Rüstəm Usovun siluetinə bənzər qırmızı ləkələr peyda olur. Bunu da o haqlı olaraq, insan haqlarının kobud şəkildə pozulması kimi qiymətləndirir.Kişidüzcə də deyir. Vaxtilə mitinqlərdə şərlənərək həbsə atılanlara məhkəmələrdə iş oxuyan Qaralovun tabeçiliyində olan prokurorların da sifətlərində belə siluetlər yaranırdı. Ey gidi dünya…

Əlqərəz, Qaralovun bu bəyanatından ruhlanan AZAL-ın qədim şefi Cahangir Əsgərov (Conik) ömrünə yazılan dörd kvadratmetrlik kameranın “karmuşka”sından hər axşamüstü vaxtilə Heydər Əliyev üçün oxuduğu “Küçələrə su səpmişəm” mahnısını həsrətli səslə yana-yana oxuyurdu. Hətta o qədər yanğılı oxuyurdu ki, MTN naziri Sülhəddin bəy hər axşam gözlərinin yaşını saxlaya bilmirdi. Deyirdi ki, vallah, bilsəydim bu zülmlə qarşılaşacam, heç nazir olmağa razılıq verməzdim, bu Conik çöldə də, içəridə də millətə bir bəladır…

“Xural” qəzeti,

il 9, sayı: 050 (458), 03 oktyabr 2011

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button