Məktəb direktorunun valideyndən istədiyi pulların siyahısı

Uşaq bağçalarına ərzaq satan şirkətlər təkcə kağızda mövcuddur?

Azərbaycanda uşağı orta məktəbə gedən valideynin il ərzində “fond pulu, süpürgə pulu” kimi yerlərə nə qədər pulu çıxdığını bu dəfə jurnalistlər, ya da ictimai fəallar yox, elə məktəb direktorunun özü hesablayıb. Bu il övladı Bakıda orta məktəblərdən birinə birinci sinfə gedən valideyn məktəbin direktorundan aldığı ödəniş siyahısını «Azadlıq» radiosuna təqdim edib. Siyahıda valideynin il ərzində nə üçün və nə qədər pul verməli olduğu adbada qeyd edilir.

 Valideynin illik xərci

 Siyahıdan aydın olur ki, ümumilikdə 45 valideyndən 2010-2011-ci dərs ili üçün 830 manat sinif fonduna, 520 manat isə müəllimlər günü və 8 mart üçün pul tələb olunur. Yəni, hər valideyn il ərzində məktəbdəki bu kimi xərclərə 30 manat verməlidir.

Siyahıda 520 manatın müəllimlər günü və 8 mart bayramı ilə bağlı necə bölüşdürüldüyü də qeyd olunub.  

 Həmin siyahıya görə, 520 manatdan:

– 120 manatı müəllimləri günü və 8 martda informatika və musiqi,

-310  manatı Azərbaycan və ingilis dili müəllimləri üçün xərclənəcək,

-90 manat da məktəbdə xadimə üçün ayrılır.

 Siyahını bizə verən valideynin bildirdiyinə görə onlara il ərzində verəcəkləri pulu bəri başdan, ya da aybay ödəyə biləcəkləri deyilib.

 

30 manat fonda, 50 manat da bayramlara

 

Başqa bir valideyn isə iddia edir ki, onun uşaqlarının oxuduğu məktəbdə Valideyn Komitəsinin sədri hər valideyndən 3 manat fond pulu, 50 manat da müəllimlər günü və 8 mart hədiyyələri üçün pul istəyib. Amma əvvəlkindən fərqli olaraq yığılan puldan nə qədərinin hara xərclənəcəyi barədə ona siyahı verilməyib:«Mən övladımdan narahatam. İstəmirəm məktəbin nömrəsi və mənim adım çəkilsin. Sadəcə istəyirəm bu işə baxsınlar. Direktorla danışsınlar bu məsələlər aradan qaldırılsın. Kasıb adamam, o pulu verməyə imkanım yoxdur».

 

Təhsil Nazirliyini yenə gözünü yumur və ağzını açır

 

Bakı şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Zəminə Əliqızı isə məktəblərdə pul yığılmasının məktəblərə, məktəb direktorlarına heç bir aidiyyatı olmadığını deyir. Ardınca da əlavə edir ki, pulu elə valideynlərin özlərinin seçdikləri Valideyn Komitələrinin rəhbərləri tələb edir: «Biz birmənalı şəkildə valideynlərə demişik, pul yığmayın, pul yığılmaya qoşulmayın, kimsə sizi nəyəsə məcbur edirsə, verməyin. Əgər bunu valideyn komitəsinin sədri edirsə o hansısa valideyndən güclüdür bəyəm, niyə onun sözünə qulaq asırlar. Bu işləri valideyn komitələrinin rəhbərləri qurur, günahı da məktəbin və müəllimlərin üstünə atırlar. Bu məktəbə və müəllimə aidiyyatı olmayan məsələdir.

Məktəblərdə heç bir halda fond pulu yığılmır. Müəllimlər gün ilə bağlı da həmçinin. Bizə müraciət olunmuşdu, araşdırdıq, məlum oldu ki, bu işi valideyn komitələri görüblər.

 

Bizə bir məktəbin nömrəsi deyilsin, fakt verilsin biz də araşdıraq. Fakt təsdiqini tapacağı halda heç bir insan cəzasız qalmayacaq, heç kim nə həmin müəllimin, nə də məktəbin direktorunun başını sığallamayacaq».

 

«Görünən dağa nə bələdçi»

 

Təhsil eksperti Etibar Əliyev hesab edir ki, əgər Təhsil Nazirliyi və Bakı şəhəri üzrə Təhsil İdarəsi çoxsaylı əməkdaşlarının məktəblərə nəzarət etdiyi bir vaxtda yenə də pul yığılırsa, onda bu prosesin qarşısını almaqda hökumətin təhsil qurumları gücsüzdür.

Korrupsiyaya Qarşı Mübarizə fondunun icraçı direktoru, həm də Təhsil Nazirliyinin Korrupsiyaya qarşı mübarizə üzrə işçi qrupunun üzvü Vasif Mövsümov isə məktəblərdə pul yığılmasının hamıya bəlli olan bir proses olduğunu deyir: «Görünən dağa nə bələdçi. Hamı bilir ki, məktəblərdə müxtəlif adlar altında pul yığılır».

Vasif Mövsümov valideynlərin bu məsələləri açıqlamasını müsbət hal sayır, amma hesab edir ki, valideynlər bu kimi şikayətləri müvafiq dövlət orqanlarına göndərsələr daha effektli nəticə əldə olunar.

Vasif Mövsümova görə, orta məktəblərdə pul təkcə valideynlərdən yox, elə müəllimlərin özlərindən də yığılır: «Hamı bilir ki, rayonlarda müəllimlərdən təmir, abadlıq adı altında pul yığılır, amma müəllimlərdən biri də cürət edib ondan pul alındığını deyə bilmir. Bax, bu faciədir. Valideyn açıq demir uşağının taleyindən, müəllim də dərs saatının azalacağından qorxur. Hamı qorxur, bəs sonra nə olacaq! Əgər heç kim ondan pul alınmasını açıqlamırsa, şikayət etmirsə, mübarizə necə aparıla bilər?»

“Xural” qəzeti,

il 9, sayı: 056 (465), 10 oktyabr 2011

Əlaqəli məqalələr

1 şərh

  1. Eyer valideyin qorxusundan mektebin nömresini ve yerini demirse, qorxursa ki onun ushagina pis münasibet olacaq,(haqqi ve ushagini müdafie etmek evezine ) müellimde qorxursa ki onun ders saatini kesecekler. Demeli pul yiganlarin haqlari var bele etmeye. Onlar gerek yigilan pulun hecmini artiralar.Onsuz da her iki terf susacaq ve razi olacaq. Bizim millet hemishe kóle olub. Daha dogrusu özlerinden güclünün qarshisinda zariyib,zeifin qarshisinda bagirib. Baxmayaraq ki günahkar yap hakimiyyeti ,indiki rejimdir, vetendashin mövqeyini gördükde men bu rejime haqq qazandiriram. Ve arzu ederdim ki rejim bir az da qeddarlashsin.her yolla bu xalqi soysun.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button