Məktəbi sinifdə qala-qala bitirən təhsil şöbəsinin müdiri

Bir zamanlar alverçi olmuş idman müəllimi Balaqardaş Kazımov rayon təhsilini də bazar prinsipləri ilə idarə edir 

 Azərbaycanda təhsilin bərbad vəziyyətdə olduğunu deməyə gərək yoxdur. Təhsil Nazirliyinin gözüyumulu, icra başçılarının isə pul xatirinə rayonlarda təyin etdikləri təhsil şöbələrinin müdirləri isə işləri daha bərbad hala salır.

Biləsuvarda da vəziyyət dəyişməz olaraq qalır. Bu rayondan daxil olan şikayətlərdə isə vurğulanır ki, orta məktəblərdə təhsilin səviyyəsi yox həddindədir. Səbəbi isə aydındır. Biləsuvar təhsilinin başında duran şəxsin bugünkü addımları və keçmişinə nəzər salanda hər şey aydınlaşır.

Rayondan daxil olan məlumatda deyilir ki, Biləsuvar rayon təhsil şöbəsinin müdiri Balaqardaş Kazımov bir zamanlar ticarətlə məşğul olduğu üçün indi də təhsili bazar prinsipləri ilə idarə edir. Onların bildirdiyinə görə, ixtisasca bədən tərbiyəsi müəllimi olan Kazımov üst-üstə bir il müəllim belə işləməyib.

FaktXeber.com-un “Qaynar xətt”inə daxil olan şikayət məktubunda bildirilir ki, sözügedən şəxsin atası dövlət əmlakını mənimsədiyi üçün 12 il həbsdə yatıb. Orta məktəbi isə sinfdə qala-qala zorla bitirib. İnstitut məsələsinə gəldikdə isə, onu da elə orta məktəbdəki kimi oxuduğu iddia olunur. Amma məsələ bununla bitmir. Şikayətçilər deyirlər ki, Balaqardaş Kazımovun idarə etdiyi təhsili daha çox bazara bənzətmək daha doğru olardı. Çünki təhsil şöbəsinin müdiri məktəb direktorlarından aylıq və ondan əlavə digər pullar yığmaqla ad çıxarıb. «Onun tapşırığı ilə məktəblərə dərslik kitabları verilərkən hər məktəb direktorundan bunun üçün 20-30 manat pul tələb edilir. Rayondakı məktəblərin sayı 40 yaxın olduğunu nəzərə alsaq, bu rəqəmin nə qədər olduğunu hesablamaq elə də çətin məsələ deyil».

Şikayətçilər daha sonra bildirirlər ki, B.Kazımov Təhsil Nazirliyi tərəfindən məktəblərə göndərilən sənədlər üçün, yəni əmr kitabları, jurnallar və sair vəsaitlər üçün də direktorlardan pul yığır. Biləsuvarda isə onun bütün qara işlərini isə keçmiş alver dostu, Əsgərabad kənd orta məktəbinin direktoru Səxavət müəllim görür. «Balaqardaş Kazımov Mahir Quliyev rayonu yeni icra başçısı təyin olunarkən onun adından istifadə edərək, hər bir məktəb direktorundan 500-1000 manat arası pul yığıb. Adını da belə qoyub ki, pulun yığılması tapşırığını icra başçısı şəxsən özü verib».

 P.S. Məqalədə adı çəkilən şəxslərin də fikirini dərc etməyə hazırıq

“Xural” qəzeti,

il 9, sayı: 048 (456), 01 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button