Məktəbli forması pulsuz ola bilərdimi?

Bunun üçün dövlət babanın sadəcə 15.000.000 manat pul xərcləməsi lazımdı…

 Yeni tədris ilinin başlaması Təhsil nazirinin 3 müavinin eyni gündə işdən azad olunması ilə daha çox yadda qalsa da, məktəbə övladını yola salan vətəndaşların problemləri daha ciddi idi. Məlum olduğu kimi, bir şagirdi məktəbə yola salmaq valideynlərimizə 70-100 manata başa gəlib. Bu məbləğin də çox böyük bir hissəsi – 40-53 manatı təhsildəki yeni islahatlarımızdan olan “vahid məktəbli forması”nın payına düşür. Bahalığı bir tərəfə qalsın, pulu olan da bu geyimi tapıb almaqda çətinlik çəkdi. İstehsal ilə yanaşı, satışı da monopoliyaya götürmüş Bakı Tikiş Evinin (keçmiş Volodorski adına fabrik) satış mərkəzlərində uzunmüddətli növbələr, insidentlər və bütün bunların fonunda yenə də forma ala bilməyən minlərlə şagird müşahidə olundu. Nəzərə alsaq ki, rəsmi statistikaya görə Azərbaycanda 1 milyon 3 yüz mindən artıq şagird var, məktəbli forması biznesində hansı məbləğin dövr etdiyini təsəvvür etmək də mümkün deyil. Əslində isə…

Əslində isə daim təhsilə qayğıdan ağızdolusu danışan hökumət rəsmiləri bu problemi çox rahat şəkildə həll edə bilər və xalqın həqiqi rəğbətini qazana bilərdi. Digər ölkələrlə müqayisə aparanda görmək olar ki, Azərbaycanda məktəbli formasına çox baha qiymət qoyulub. Məsələn, qonşu Gürcüstanda məktəbli forması bizim valyuta ilə desək, 15-17 manata satılır. Bu isə o deməkdir ki, həmin məhsul dövlətə 10 manatdan baha başa gəlmir. 10 manatı isə Azərbaycan şagirdlərinin cəminin sayına vursaq, heç 15 milyon manat da etməyəcək. Ola bilər ki, bu rəqəm Gürcüstan kimi bir ölkə üçün böyük səslənə bilər. Amma Azərbaycanın indiki imkanlarının və təkcə “təhsilə qayğı” adı altında xərclənən pulların fonunda bu rəqəm çox sadə görünür. Yenicə əsaslı təmirdən çıxmış məktəblərin sökülərək yenidən tikilməsinə və yenidən əsaslı təmir olunmasına, lazımi-lazımsız “abadlıq və quruculuq” işlərinə xərclənən milyonların hesabında 15 milyon manat nə böyük puldur ki?! Deməli, həmin məktəbli forması bütün Azərbaycan şagirdlərinə pulısuz da paylana bilərdi. Bax bu əsil DÖVLƏT QAYĞISI olardı və il ərzində milyardlarla pul xərcləyərək xalqın gözünə girməyə can atan hakimiyyətə daha çox divident gətirərdi. Çünki Azərbaycanda elə ailə yoxdur ki, bu və ya digər şəkildə məktəb problemini öz çiyinlərində hiss etməsin. Bəzi ailədən 1, bəzilərindən isə 3-4 uşaq da məktəbə gedir. Deməli, hər ailəyə maksinum 30-40 manat yardım etməklə, dövlət həm vətəndaşı bu ağır yükdən xilas edir, həm də həqiqətən də vətəndaşına və təhsilə qayğısını hiss etdirirdi. Yüz faiz əmin olmaq olar ki, bu cüzi, əslində isə vətəndaş üçün böyük olan qayğı, milyonlarla, illərə vüranda isə milyardlarla pul xərcləyərək körpü tikdirən, yol çəkdirən, hər il binaları qaşıtdıran hakimiyyətin piarı üçün daha çox yararlı olardı. Təəssüf…

Təəssüf ki, hakimiyyət bu addımı atmadı. Təəssüf ki, hakimiyyətin “təhsil qayğısı” yenə də bir neçə məktəbi təmir etməkdən, bir neçə məktəbə avadanlıq bağışlamaqdan və bu kimi işlərlə məhdudlaşdı… Bir çox şagirdlərimiz isə valideynlərinin imkanı olmadığına görə, məktəbə gedə bilmədi…

Rəşad Oğuzxan

“Xural” qəzeti,

il 9, sayı: 038 (446), 21 sentyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button