Məmur da adamdır

Babalıq

Bir para rüşvətxor və ləyaqətsiz məmurlara…

Gördükləri iş hərçənd
üç qozla badamdır,
Sən məmuru çox söymə,
məmur da adamdır.

Məmur məqam uğrunda
min cəfa çəkibdir.
Bəlkə çıxıb ardan da,
milyon da tökübdür.
Zor-güclə beş-on yerdə
Kaşanə tikibdir.
Lap Tac-Mahal olsun qoy,
hər halda ki, damdır,
Sən məmuru çox söymə,
məmur da adamdır.

Bəlı, o da insandır,
görkəmdə, sifətdə,
Şalvarda və köynəkdə,
pencəkdə, jiletdə.
Dərrakədə qabildir,
kəmdir ləyaqətdə.
Məmur kimi – insandır,
insan kimi – xamdır,
Sən məmuru çox söymə,
məmur da adamdır.

Sanma bu azad dövran,
hopdan yaranıbdır.
Hürriyyətə tarixdən,
bir yol uzanıbdır.
Özgürlüyü hərçənd ki,
millət qazanıbdır,
Zillətdə yenə millət,
cırmaqda yaxamdır,
Sən məmuru çox söymə,
məmur da adamdır.

Puldur məmurun, əlbət,
tək amalı, əzmi.
Sərvət qulu insana,
namus, yəni sözmü?
Məmur qazanan kürsü –
qarət mexanizmi,
Mən verdiyim o şəhid,
torpağa fədamdır,
Sən məmuru çox söymə,
məmur da adamdır.

Sən də, Babalıq, pəs dur,
billahi nahaqsan,
Sözlər çıxır ağzından,
sanki bir uşaqsan.
Suçdan xali kimdir ki,
var onda da nöqsan:
Bir xeyli haramxordur,
cahil və avamdır,
Sən məmuru çox söymə,
məmur da adamdır.

“Xural” qəzeti
il: 9, sayı: 004(412), 30 yanvar – 05 fevral 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button