Məmurun şəxsi qənaətinə əsaslanan bloklama siyasəti

İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” və “Telekommunikasiya haqqında” qanunlar Konstitusiya ilə ziddiyyət təşkil edir

Azərbaycanda saytların bloklanması ilə bağlı qanunvericilik 2017-ci ilin mart ayında Milli Məclis tərəfindən qəbul edilib.

“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” və “Telekommunikasiya haqqında” qanunlara dəyişikliklə internet resurslarının dövlət qurumu tərəfindən rəsmi qaydada bloklanma qaydaları qəbul edilib.

az24saat.org xəbər verir ki, dəyişikliklərdə yayılmasına qanunla qadağa qoyulmuş məlumatların siyahısı verilib və bu siyahıda yer alan məlumatarın yayılmasına görə saytların bloklanması qaydaları müəyyənləşdirilib.

Yayılması qadağan edilən informasiya dedikdə aşağıdakılar nəzərdə tutulur:

  • – Terrorçuluğun təbliği və maliyyələşdirilməsi, terrorçuluğun həyata keçirilməsinin üsul və vasitələri, terrorçuluq məqsədilə təlim təşkil etmə və ya keçirmə barədə məlumatlar, habelə terrorçuluğa açıq çağırışlar;
  • – Zorakılığın və dini ekstremizmin təbliğinə dair məlumatlar, milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına, dövlətin Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar;
  • – Dövlət sirri təşkil edən məlumatlar;
  • – Odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların hazırlanma qaydası və üsulları barədə məlumatlar;
  • – Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının hazırlanma və istifadə üsulları və qaydası, onların qanunsuz əldə edilməsi yerləri, habelə tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya yerləri və üsulları barədə məlumatlar;
  • – Pornoqrafiyaya, o cümlədən uşaq pornoqrafiyasına aid məlumatlar;
  • – Qumar və digər qanunsuz mərc oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlar;
  • – İntiharı problemlərin həlli üsulu qismində təbliğ edən, intihara bəraət qazandıran, onu əsaslandıran və ya törədilməsinə təhrik edən, intiharın törədilməsi üsullarını izah edən və ya qrup şəklində bir neçə şəxsin intihar etməsini təşkil etmək məqsədilə yayılan məlumatlar;
  • – Təhqir və böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar;
  • – Əqli mülkiyyət hüquqlarını pozan məlumatlar;
  • – Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən digər informasiya.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyi

Qanuna əsasən, müvafiq icra hakimiyyəti (Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyi) orqanı yayılması qadağan edilən informasiyanın internet informasiya ehtiyatında yerləşdirilməsi hallarını bilavasitə aşkar etdikdə və ya fiziki, hüquqi şəxslərdən, yaxud dövlət qurumlarından daxil olmuş əsaslandırılmış məlumatlar əsasında müəyyən etdikdə bu barədə internet informasiya ehtiyatının və onun domen adının sahibinə və host provayderə yazılı xəbərdarlıq edir.

Xəbərdarlıq edildiyi vaxtdan 8 saat ərzində yayılması qadağan edilən informasiya internet informasiya ehtiyatından götürülmədikdə müvafiq icra hakimiyyəti orqanı həmin orqanın yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsinə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə müraciət edir.

Dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yarandığı və ya insanların həyat və sağlamlığı üçün real təhlükə olduğu təxirəsalınmaz hallarda internet informasiya ehtiyatına müraciət müvafiq icra hakimiyyəti orqanın qərarı əsasında müvəqqəti olaraq məhdudlaşdırılır.

Müvafiq icra hakimiyyəti orqanı qeyd edilən qərarı qəbul etdikdə eyni zamanda internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə məhkəməyə müraciət edir. İnformasiya ehtiyatına müraciətin müvəqqəti məhdudlaşdırılması barədə qərar məhkəmə tərəfindən internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə müraciətə baxılanadək və ya həmin qərar ləğv edilənədək qüvvədə qalır.

Məhkəmə internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması barədə müraciətə 5 günədək müddətdə baxırvə qərar qəbul edir. Qərar qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qərardan şikayətin verilməsi onun icrasını dayandırmır.

Qanundan da məlum olduğu ki, “yayılması qadağan edilən informasiyalar”ın qadağan edilmiş olmasını hansısa məmur – fərd yalnız şəxsi mülahizəsinə əsasən müəyyənləşdirmək və bu qənaətlə də saytı blokla(t)maq səlahiyyətinə malikdir.

Halbuki, nəyin qanunsuz olub-olmamasını ancaq məhkəmə müəyyən edə və qərar verə bilər.

Məsələn, KİV-də dərc edilmiş məlumatda dövlət sirrini yayıldığını müəyyən emək üçün həmin məlumatın dövlət sirri olub-olmamasını bilməsi lazımdır. Adıçıkilən nazirlikdəki məmurun isə hansı məlumatın dövlət sirri, yaxud özəl həyat sirri olub-olmamasını müəyyənlişdərməsi mümkün deyil.

Həmçinin, qanunda yer alan “dövlət maraqlarına zidd informasiya”nın da müəyyənləşdimə mexanizmi məlum deyil. Hətta müəyyən edilsə belə, dövlət marağına toxunma hansısa dövlər sirrini, xüsusi istifadə olunan informasiyanı yaymaq birbaşa hüquqi məsuliyyət yaradır. Müvafiq araşdırma və ya istintaq o qənətə gələrsə ki, bu dövlət marağına ziyan vurub, o halda həmin şəxs məsuliyyətə cəlb edilməlidir. Qanunda qeyd edilən “müvafiq icra hakimiyyəti” – NRYTN-dəki məmur isə yayılan informasiya doğrudan da xüsusi mühafizə olunan informasiya, məxfi qrifli məlumat olduğunu müəyyənləşdirə bilməz. Çünki həmin məmurun məxfi informasiyalara çıxışı yoxdur.

Eyni səbəbdən, bloklanmaya əsas verən “təhqir və böhtan əməli”nin də qadağan edilmiş kateqoriyaya aid edilməsi başadüşülən deyil. Çünki bu əməllərə görə qanunvericilkdə həm mülki, həm də cinayət məsuliyyəti nəzərdə tutulub. Təhqirə və böhtana məruz qalmış şəxsin xüsusi ittiham qaydasında məhkəməyə müraciət edərək, bu əmələ yol vermiş şəxsi cinayət məsuliyətinə cəlb etdirmək hüququ var. Məhkəmə yazılanın təhqir və ya böhtan olmasına qərar verməyibsə, nazirliyin hansısa əməkdaşının bunu müəyyən etməsi mümkün deyil.

“Şəxsi həyatla bağlı sirr”lə bağlı məsələ barəsində də eyni fikirləri söyləyə bilərik.

Bütün bunlar isə onu göstərir ki, Milli Məclisin qəbul etdiyi “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi” və “Telekommunikasiya haqqında” qanunlar digər qanunvericilik aktlarına, xüsusən də ana qanunumuz olan Konstitusiya ilə ziddiyyət təşkil edir.

Qeyd edək ki, qanunvericilikdə qadağan olunmuş informasiyaya görə saytların bloklanması ilə yanaşı cərimələr də nəzərdə tutulub.

2017-ci il dekabrın 1-də Milli Məclisdə qəbul olunan dəyişikliyə əsasən, , Azərbaycanda internet informasiya ehtiyatının və onun domen adının sahibi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması ilə bağlı fiziki şəxslər 500 manatdan 1000 manata qədər, vəzifəli şəxslər 1000 manatdan 1500 manata qədər, hüquqi şəxslər isə 1500 manatdan 2000 manata qədər cərimələnəcək.

Host provayder və internet provayderlər tərəfindən internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılmamasına görə, vəzifəli şəxslər 1500 manatdan 2000 manata qədər, hüquqi şəxslər isə 2000 manatdan 2500 manata qədər cərimələnəcək.

Maddənin “Qeyd” hissəsində isə deyilir ki, bu maddədə göstərilən əməl Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq olunur.

Ancaq təcrubə onu gösərir ki, hökumət bu sanksiyaların heç birindən indiyədək isifadə etməyib və qanunun yalnız bloklama səlahiyyətindən istifadə edərək, müstəqil, tənqidçi və alternaiv fikirlərə yer ayıran internet resurslarının birdəfəlik sıradan çıxarılmasına nail olmağa çalışıb.

Az24saat.org

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button