MƏNƏ PREZİDENT TƏQAÜDÜ VERMƏDİLƏR!

 Kamil Dadaşovu uzun illərdir ki, tanıyırıq. Bu peşəkar rəqqas və gözəl insan 1956-cı ildə çəkilmiş «O olmasın, bu olsun», 1963-cü ildə «Əhməd haradadır?», 1979-cu ildə lentə alınmış «Qəribə adam» kinofilmlərində yaradılmış rəqs səhnələrinin əvəzedilməz ifaçısı bir tamaşaçı kimi yaddaşımızda silinməz izlər buraxıb. Hər dəfə bu filmlərə baxanda, «baxın, öndəki rəqqas Kamil Dadaşovdur» demişik və onu şəxsən tanıdığımızdan qürur duymuşuq.

Yaşı 75-i haqlamaq üzrədir. Gələn il onu sevənlər, sənətinə hörmət edənlər Kamil Dadaşovun yubileyini dost əhatəsində qeyd etmək niyyətindədirlər. Halbuki o, daha artığına layiqdir. Çoxdandır ki, müxtəlif səbəblərdən onunla görüşmürdük. Ötən illər ərzində bu əvəzolunmaz rəqqasın Azərbaycanın rəqs sənətində göstərdiyi xidmətlərinə görə «Xalq artisti» adına layiq görüldüyünə inanırdıq. Ancaq özü ilə söhbətən sonra hələ də «əməkdar artist» olduğunu öyrəndik və çox təəssüfləndik. Düzdür, özünün buna görə narahat olduğunu görmədik, hətta zarafatyana təvazökarlıqla, «vacib deyil ki, rəsmi «xalq artisti» olasan, elə sizin kimi xalqımın pərəstişkarları məni sevib, sənətimi izləyirlərsə, demək, artıq xalqın artistiyəm» – deyir. Sənətinə bu qədər əmək sərf etməsinə baxmayaraq, iddialı da deyil. Ömrünün bu çağında rəsmi addan daha çox, dövlətin maddi dəstəyinə ehtiyacı olduğunu çətinliklə dilə gətirdi. Acınacaqlıdır ki, Mədəniyyət Nazirliyinin ona ünvanladığı məktubda «prezidentin fərdi təqaüdünə layiq görüldüyü» qeyd olunsa da, bir dəfə də olsun, bu təqaüddən bəhrələnmədiyini deyir. Bu haqda bir qədər sonra…

Beləliklə, redaksiyamızın qonağı Azərbaycanın əməkdar artisti, Qafqazda ilk dəfə «dırnaqüstü» rəqslərin banisi Kamil Dadaşovdur. Xalqımızın Kamil Dadaşovu…

 

Əvvəli ötən saylarımızda

 

Biz eşidəndə ki, hələ də «xalq artisti» adına layiq görülməmisiniz, çox təəcübləndik. Necə olur ki, dünən səhnəni tanıyan müğənnilərə çox asanlıqla bu adı verirlər, amma sizin kimi qocaman sənətkarlar yaddan çıxır?

– (Gülür) Vacib deyil ki, rəsmən «xalq artisti» olasan, elə sizin kimi pərəstişkarlarım məni sevib, sənətimi izləyirlərsə, demək artıq xalqın artistiyəm O vaxt Fransaya qastrol səfərindən qayıdandan sonra Sara xanım Dadaşova mənim çiynimə vurub, «Xalq artisti, təbrik edirəm, Bakıdasan» dedi. Mən də ona əməkdar artist olduğumu xatırlatdım. O isə mənə qulaq asmadan, «sən artıq xalq artistisən» dedi. Bunu eşidən kimi dərhal KP MK-ya anonim məktub göndərdilər. Həmin məktubda yazmışdılar ki, guya mən haradasa xuliqanlıq etmişəm. Halbuki belə qeyri-əxlaqi hərəkətlər mənim xarakterimə yaddır, tanıyanlar yaxşı bilirlər. Sonradan öyrəndim ki, həmin anonim məktubun sahibləri baletmeyst Rəfiqə Axundova ilə əri Maqsud Məmmədov olub. İnanın ki, onlardan heç gözləmirdim. Amma görünür, hansısa səbəblərdən mənim yüksəlməyimi istəməyiblər. MK-nin şöbə müdiri Azad Şərifovun katibəsi mənə dedi ki, «Kamil müəllim, sizi təbrik edirik, «xalq artisti» adını aldınız». Həmin məktubdan sonra hər şey dayandı, elə bil, belə bir şey olmamışdı… Sonra da heç yadlarına düşmədim (Acı-acı gülümsəyir). Əməkdar artist adını alanda xəbərim olmamışdı. Krasnodarda qastrol səfərində idim. Sonra Moskvada da gözəl bir çıxışımız oldu. Mənim qurduğum «Qaytağı» rəqsini ifa edən 8 nəfərlik qrupu düz üç dəfə Kreml Sarayının səhnəsinə dəvət etdilər. Hələ belə bir şey tarixdə görünməmişdi. Jurnal da çəkmişdilər bununla bağlı. O zaman kinofilmlər nümayiş etdirilmədən əvvəl jurnal verilirdi. Onda xəbər tutduq ki, bizi artıq bütün İttifaq tanıyır və alqışlayır. 

Həmin filmlərdən sizin arxivinizdə olanı varmı?

– Məndə olanı da var. Olmayanı da Qızıl Fondda saxlanılır. Yadınızdadırsa, bu yaxınlarda arxivdən tapıb çıxarmışdılar, «Toy» çarxını – Zeynəb Xanlarova, Flora Kərimova və digər müğənilərimiz də orada oxuyurdular. Mən də orada bir rəqs ifa etmişdim, solo oynamışdım. Bəy rəqsi idi.

 

Afaq Məlikava qabağımı kəsənlərdən biri olub

 

– Bildiyimiz qədərincə, çox filmlərə çəkilmisiniz?

– 3 kinofilmə çəkilmişəm – ikisinə Bakıda, birinə isə Moskvada. Bakıda çəkilən «Qəribə adam» filmində baş rolda – doktor Maqsud rolunda çəkilmişəm. «Əhməd haradadır?» filmində tamaşa səhnəsində rəqs qrupunda oynamışam. Mənim haqqımda film də çəkiblər. Moskvada da «Umelıe ruki» filminə çəkilmişəm.

İndiyədək neçə rəqs qurmusunuz?

– Sayı-hesabı yoxdur…

– Ən çox özünüzün xoşunuza gələn hansı rəqslər olub?

–  AZİ-nin (İndiki Neft  Akademiyası – Red.) rəqs ansamblı ilə işləyəndə qurduğum rəqslərdən çox razı qalmışam. Ən çox da onlarla bir yerdə qurduğum dünya xalqlarının rəqslərini bəyənirdim. Yadınızdadırsa, «İlk bahar gəldi» mahnısı (dilinin altında zümzümə etməyə başlayır) üzərində qurduğum lirik rəqs də xalqımız tərəfindən çox bəyənilmişdi. Onu Roza xanım da oynayır. Yaylıqlarla qurulmuş rəqsdir. Afaq Məlikova qrupun rəhbəri idi, bir dəfə əlini boğazının altına tutub üzümə dedi ki, «Kamil, sən mənə belə lazımsan, amma (bir işarə göstərdi) səni yaxına buraxmaq olmaz». Dedim, «o işarəni ən əziz bildiyin adamların üçün saxla, mən onsuz da bu xalqın qiymətini alan adamam. Ha çalışın ki, qabağımı kəsəsiniz, heç nə alınmayacaq…» Yəni nə qədər ki, mən varam, sən buranı görməyəcəksən. Siz necə fikirləşirsiniz? Özünə, sənətinə qiymət verən adam belə danışarmı? İncimirəm, o heç olmasa, bu sözü üzümə deyib. Başqaları kimi arxamca danışıb, məni işimdən ayırmağa çalışmayıb.

Görünür, çox böyük qısqanclığı olub sənətinizə qarşıAncaq bir tərəfdən də o qadın rəqqasdır, sizinlə onun bölüşmədiyi nə ola bilərdi ki?

– Sadəcə, bacarmır. Rəqs qurmağı heç vaxt bacarmayıb, elə indi də bacarmır… Məni Milli Rəqs Ansamblında rəhbər işləməyə dəvət etdilər. Afaqa zəng vurmuşdular ki, bəs Kamil Dadaşovu ansambla rəhbər təyin etmişik. Telefonda həyəcanla, «yox, yox, yox, heç bir halda olmaz» demişdi. Gimnaziyada işləyərkən, altı rəqs qurdum. Bütün konsertlərə dəvət alırdıq. Birdən-birə dayandırdılar. Qrupda olan rəqqasları başqa qruplara dəvət etməyə başladılar. Təki mənim əməyim görünməsin. Keçən il 3 qız üçün qavalla elə bir rəqs qurdum ki, ağızları açıq qalmışdı. Başlarını aşağı salmışdılar, üzümə baxa bilmirdilər.

Sizin sənətiniz hər zaman üzdə olub. Nə üçün sizinlə əməkdaşlıq etmək istəyəndə onunla məsləhətləşiblər?

– Nə bilsinlər ki, bu adam mənə nə cür münasibət bəsləyir? Hər zaman üzdə olmaq üçün əlindən gələni əsirgəməyib. İndi Kamil Dadaşova imkan verərmi ki, onun bütün mənfiliklərini üzə çıxarsın? Amma inanın ki, mənim onunla heç bir işim yoxdur. Söz-sözü gətirdiyi üçün bunları dedim. Təsəvvür edin ki, Əlibabanın bütün rəqslərini alt-üst ediblər, ağıllarına gələn detalları bir yerə yığıb, bərbad rəqs qururlar, amma onun bir dəfə də adını çəkmirlər ki, filan rəqsin qurulmasında filankəsin xidməti var. Onlar bu cür qısqanc adamlardır.

 

Əlcəzairdə qaçqın statusu ilə qalmağımı istəyirdilər

 

– Kamil müəllim, xaricdə işləmək üçün dəvət almısınızmı?

– (Gülür) Əlcəzairdə qastrol səfərində olanda mehmanxanaya nümayəndə gəldi ki, orada qalıb, onlar üçün rəqs qrupunun yaradılmasına kömək edim. Maraqlıdır ki. mənim dədə-babamdan tutmuş, hər bir ailə üzvümə qədər hamıdan xəbərdar idilər. Belə bir məlumatı haradan öyrəndiklərini bilmirəm, amma düzü, mənə çox qəribə gəldi. Soruşdular ki, belə bir qrupun yaradılması üçün mənə nə qədər vaxt lazımdır? Dedim, il yarım. Bunun üçün də müvafiq göstəriciləri və ölçüləri olan qız-oğlanlar lazımdır, televiziya vasitəsilə müsabiqə elan olunmalıdır və seçim aparılmalıdır. Bildirdilər ki, bu, onlar üçün problem deyil. Əsas odur ki, mən onlarla işləməyə razılıq verim. Əlcəzairdə çox gözəl qadınlar var və inanırdım ki, gözəl rəqs anbasmblı yaratmaq mümkündür. Onlar mənim Əlcəzairdə işlədiyim il yarım müddətində məni villa, bahalı maşın, hətta qulluqçu ilə təmin edəcəklərinə söz verirdilər. Bundan da daha çox mənim işləməyim üçün lazım olan bütün şəraiti yüksək səviyyədə təmin edəcəkdilər. İlk növbədə səfirliklə əlaqə saxlamaqlarını tövsiyə etdim, səfirlik razılıq verdiyi təqdirdə onlarla işləyə biləcəyimi bildirdim. Lakin o mənə dedi ki, bunun üçün səfirlik icazə verməyəcək. Ona görə də mən şəxsi arzum ilə Əlcəzairdə qalmalıyam, yəni siyasi qaçqın-mühacir kimi. Mən bu təklifdən imtina etdim. 70-ci illər Sovet İttifaqının ən çətin dönəmi idi və ailəmə mənə görə burada əziyyət verə bilərdilər…

– «Xalq düşməni» elan etmək kifayət edirdi

– Bütün nəslimi dar ağacına çəkərdilər. Ona görə də sevdiyim işdən imtina etməyə məcbur oldum və geri qayıtdım. Mən Vətənimi, millətimi sevən adamam. Bakısız yaşamaq mənə çox ağır olardı. Sadəcə, maddi problemləri az da olsa düzəltmək üçün bu bir açıq qapı idi. Amma… o qapıdan keçmədim…

Bəs, indi nə işlə məşğulsunuz?

– Heç bir işlə məşğul deyiləm. Yaş həddi təlatümü mənim də başımın üstünü aldı. İndi deyirlər ki, yaşın 65-i keçib, işdən çıx.

Amma biz Sizi enerji dolu bir insan kimi tanıyırıq. Siz hələ bundan sonra neçə il Azərbaycanın milli rəqs sənətinə böyük töhfələr verə bilərsiniz.

– (Bir anlıq gözləri dolur…) İndi insan amilindən daha çox insanları pul düşündürür. Onlar üçün iş yox, kimin harada adamının olub-olmaması maraqlandırır. Əgər yüksəkdə adamın yoxdursa, mənim kimi əliboş qalacaqsan.

Çox maraqlıdır, sizdən də rüşvət istəyiblər?

– (Gülür) İndi deyəcəm istəyiblər, deyəcəklər ki, sübut elə… Amma əslində eşitdiriblər ki, filan qədər gətir, təqaüd məsələsini həll edək. Özümə sığışdıra bilmirəm. Mən bir dövlətin vətəndaşıyam, özüm də həyatımı şərəf və ləyaqətimlə yaşayan adamam. Dövlətim qarşısında göstərdiyim xidmətlərimə görə, çəkinmədən mənim də bir şeylərə haqqım olduğunu söyləyirəm. Əgər bu yaşımda, bu vəziyyətimlə kimlərəsə rüşvət verib sonra da qalan ömrümü borc qaytarmaqla təqaüd alacamsa, bu minnət mənə lazım deyil. Bilirsinizmi, adamı necə içindən yandırır. Baxırsan ki, heç bir xidməti olmayan adamlara elə yüksək, ali münasibət var ki, inanın, sadəcə adamı incidir.

Mədəniyyət Nazirliyinin nəsə bir addım atmasına inanmırsınız?

– Qulağıma yüz cür söz-söhbət çatır ki, guya nazirin birinci müavini «məxsusi» adamların işlərini «məxsusi» həll edir.

Açıq deməsəniz də başa düşdük

– Yox, kiminsə kimisə qaralamağını qəbul etməmişəm indiyəcən. Amma dəfələrlə nazirliyə bu məsələ ilə bağlı müraciət etmişəm. Bəyəm, mənim kim olduğumu bilmirlər? Nə qədər ömrüm qalıb ki, bundan sonra da nə qərar verib-verməyəcəklərini gözləyim? (Yenə səsi boğulur…) Bilirsinizmi, mən heç bir zaman ümidimi itirmədim. Bu gün də düşünürəm ki, mütləq layiq olduğum qiyməti dövlətim mənə verəcək. Bəym, prezident istəyərmi ki, bu dövlətin sənətkarına bu cür soyuq münasibət bəslənilsin? Əlbəttə, istəməz. Bunu məmurlar edirlər, özü də qəsdən edirlər ki, prezidentə qarşı narazılıq artsın. Mən dəqiq bilirəm ki, səsim prezidentə çatsa, səhəri gün mənim təqdimatıma imza atar. Bu sözləri televiziyadakı çıxışımda da demişəm. Bilirsinizmi mən nə gözləyirəm?

Nə gözləyirsiniz?

– Mənə rəsmi olaraq bildirsinlər ki, Kamil Dadaşov artıq bu dövlətdən heç nə gözləmə, sənə heç nə verməyəcəyik. Mən də ümidimi kəsim, başımın çarəsini qılım. İanın ki, övladlarım da mənim bu cür danışmağımı razılıqla qarşılamırlar. Amma mən indiyədək öz qazancımla yaşayan adam olmuşam, bundan sonra da ömrümü elə yaşamaq istəyirəm.

Son

 Hazırladı:

XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 049 (457), 02 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button