“Mənə qəzəl oxuyurdu” – Fədayə Laçın həbsxanada olan “Qoca” ilə bir gecədə 71 dəqiqə danışıb

Müğənni Fədayə Laçın və həbs edilən digər şəxslərin məhkəməsi davam etdirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni Fədayə Laçın, Penitensiar xidmətin konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, Penitensiar xidmətin üç əməkdaşı – qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrəfil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Azad Məcidovun sədrliyi ilə davam etdirilən prosesdə şahid qismində konvoy taborunun əməkdaşl Hümbət Zülfüqarov ifadə verib. O, “Qoca”nın saxlanıldığı həbsxanada xidmətdə olub. H.Zülfüqarova “Qoca” ləqəbli Etibar Məmmədovun həbsxanada mobil telefondan istifadəsi ilə bağlı suallar verilib.

Hakim bildirib ki, E.Məmmədov həbsxanada olduğu müddətdə 3 ayrı nömrədən müxtəlif şəxslərlə mütəmadi olaraq danışıqlar aparıb. Onun telefonla ən çox danışdığı şəxs isə Fədayə Laçın olub.

Məlum olub ki, “Qoca” elə gün olub ki, saatlarla Fədayə Laçınla danışıb. Danışıqlar günün müxtəlif saatlarında olub. Fədayə Laçınla isə əsasən gecə saatlarında danışırmış.

Hakim əlavə edib ki, Etibar Məmmədov bu danışıqlarında qaçış planını da hazırlayıb. Həmçinin mesajlarda qaçış planında istifadə edilən dəmir barmaqlığı açan xüsusi açarın fotosu da var imiş.

Şahid Hümbət Zülfüqarov bundan xəbərsiz olduğunu söyləyib. Hakim şahid xatırladıb ki, onun vəzifəsi bunu müəyyən etmək olub.

Daha sonra hakim Fədayə Laçına sual verərək gecə saatlarında “Qoca” ilə nə danışdığını soruşub. Fədayə Laçın “Qoca”nın ona qəzəl oxuduğunu deyib.

Səs-küylü hadisə ötən il oktyabrın 23-də baş verib. Bakı-Astara-Bakı planlı dəmiryolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş “Qoca” ləqəbli Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçıblar.

Vəzifə borclarını lazımınca yerinə yetirmədiklərinə görə ədliyyə nazirinin əmri ilə Penitensiar xidmətin konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev və taborun qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov ədliyyə orqanlarından xaric edilib, taborun 2-ci konvoy bölüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü bölüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifədən azad olunublar.

Məhbuslara nəzarət edən qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov saxlanılıb və məhkəmənin qərarı ilə barələrində həbs-qətimkan tədbiri seçilib.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Bildirək ki, mühafizə altından qaçan Əli Ağami həbs olunub, kriminal aləmdə “Qoca” ləqəbi ilə tanınan Etibar Məmmədov isə hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı öldürülüb. “Qoca” ilə sevgi münasibəti olan müğənni Fədayə Laçın da ona kömək etdiyi üçün həbs edilib. Əli Ağami və “Qoca” adam öldürməyə görə həbs edilmişdilər. Əli Ağami törətdiyi əmələ görə 19 il müddətinə azadlıqdan məhrum edilib.

Musavat.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button