Mənə təzyiqlər var…

 

Aynur Abbasova

Mənə təzyiqlər var, çünki mən deyirəm: Heç şübhəsiz bu təzyiqlərin kökündə jurnalist fəaliyyətim, azad fikirliliyim dayanır. Məhz cəmiyyətdəki neqativ halları qələmə aldığım, açıq çıxışlar etdiyim üçün müəyyən dairələrin təzyiq və təhdidlərinin hədəfinə çevrilmişəm.

Mənə təzyiqlər var, çünki mən deyirəm: Bir vətəndaş kimi Azərbaycanda gedən ictimai-siyasi proseslərə biganə deyiləm. Cəmiyyətdəki qanunsuzluqları, məmur özbaşınalığını, insan hüquqlarının hər hansı formada pozulmasını kəskin tənqid edirəm.

Mənə təzyiqlər var, çünki mən deyirəm: Cəzasızlıq sindromu böhtan, təhqir, şantaj kimi halların çoxalmasına gətirib çıxarır ki, bu da cəmiyyətdə narazılıq yaradır.

Mənə təzyiqlər var, çünki mən deyirəm: Azərbaycan hakimiyyətinin ölkədə müstəqil mətbuata, müxalif fikirli qələm sahiblərinə qarşı total hücumları davam edir.

Mənə təzyiqlər var, çünki mən deyirəm: Sıradan çıxarılan müstəqil və ya müxalifyönlü mətbuat orqanlarının, təqibə, təzyiqə məruz qalan jurnalistlərin (onların sırasında həyatına qəsd edilənlər, müxtəlif müddətə həbsə məruz qalanlar, ölkəni tərk edənlər var) adını sadalasaq uzun bir siyahı alınar.

Mənə təzyiqlər var, çünki mən deyirəm: Mətbuatımız hakimiyyətin müstəqil qolu kimi öz funksiyasını yerinə yetirə bilmir, əksinə, digər orqanlarla müqayisədə daha aciz və zəif təsiri bağışlayır.

Mənə təzyiqlər var, çünki mən deyirəm: Cəmiyyətdə mütərəqqi ideyaların daşıyıcısı və müdafiəçisi rolunda çıxış etməli olan mətbuatımızın özünün bu gün müdafiəyə ehtiyacı var.

Mənə təzyiqlər var, çünki mən deyirəm: Haqq sözümü deməkdən çəkinməyəcəyəm, haqq yolunda mübarizəmi davam etdirəcəyəm.

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button