Mənəm Günahkar

Şamama Zeynallı

Əvəz Zeynallının anası

Şamama Zeynallı:

Mən Əvəzin anasıyam. Əvəz 1970-ci il dekabr ayının 16-da, qarlı bir qış səhərində Qərbi Azərbaycanın Göyçə mahalının Ağbulaq kəndində, ziyalı ailəsində dünyaya göz açıb. Atası vətənpərvər, namuslu, açıq sözlü, uzaqgörən bir müəllim, mən də evdar qadın. Biz əl-ələ verib Əvəzi də bu mühitdə böyütdük.
Əvəzin tərbiyəsində yaşadığmız şəraitin, mübahisəli tarixi torpaqlarımızın, böyük dərdlərimizin, ağrılarımızın rolu çox idi. Atası bu dərdləri, ağrıları çəkə-çəkə Əvəzə də aşılayırdı.
Əvəz həyatındakı ilk haqsızlığı orta məktəbi bitirəndə gördü. Orta məktəbi əla qiymətlərlə bitirsə də, 4 min manata görə “Qızıl medal” ala bilmədi. Ikinci haqsızlıqla ali məktəbə imtahan verəndə qarşılaşdı. Yenə pula görə ali məktəbə daxil ola bilmədi. Haqsızlıqla qarşılaşdıqca ruhdan düşmədi, daha da mətinləşdi, cəsarətləndi, haqqa-ədalətə daha yaxın oldu. Ordu sıralarında xidmətini başa vurub, Vətənə qayıdanda artıq 70 illik Sovet Imperiyası darmadağın olmuşdu. Azərbaycanın təlatümlü vaxtı idi. Bu təlatümlü zamanda yenə ali məktəbə imtahan verdi, Xalq Cəbhəsinin xətti ilə Türkiyə universitetlərinə qəbul olunan ilk 50 tələbədən biri oldu. Orada olduğu müddətdə təkcə hüquq təhsili almaqla kifayətlənmədi, həm də arzuladığı, görmək istədiyi Azərbaycan uğrunda fəaliyyət göstərməyə başladı. Yemədi, içmədi, “Axın” Tələbə Birliyi yaratdı, “Böyük Gələcək” adlı bir jurnalın nəşrinə başldı. Nəhayət, Ankara Universitetini bitirib Azərbaycana qayıtdı.
Artıq 12 ilə yaxındır ki, Azərbaycan üçün gecəsini gündüzünə qatıb gündə 24 saat işləyir. Baş redaktoru olduğu “Xural” qəzetinin fəaliyyəti dövründə onu deyib gələn heç bir haqqı tapdananın səsini boğmadı, ümidini qırmadı, özünü təhlükəyə atsa belə, haqlının yanında oldu. Bu şərəfli fəaliyyətinə görə mən də prezidentdən Əvəzə mükafat, “sağ ol” gözləyirdim. Yaxşı deyiblər, sən saydığını say, gör, fələk nə sayır. Gözlədiyimin tam əksi ilə qarşılaşdım. Mədhiyyə deyən qəzetlərdən fərqli olaraq, “Xural”da gedən tənqidi yazılara görə oğlumun başına açılan oyunların şahidi oldum.
Bu həbsi biz Əvəzin prezidentə yazdığı sərt tənqidi yazıdan sonra hər an gözləyirdik. Qəfildən qapı açılanda, elə bilirdim kimsə xəbər gətirib. Qohum-əqrəba, böyük oxucu kütləsi, böyükdən-kiçiyə hamı “Əvəzi tutacaqlar” deyirdi. Hamı bilirdi bu həbsin labüdlüyünü. Çünki xalq öz pirinin kəramətinə bələddi. Hamı öz adı kimi bilirdi ki, bizim başda oturanımız belə “zarafat”ları xoşlamır.
Amma mən Əvəzin bu cür həbs olunmağını heç cür həzm edə bilmirəm. Mən bu həbsi mərdi-mərdanə savaş yox, arxadan vurulan zərbə hesab edirəm. Ağlım almır Gülər “xanım” bu işi necə edə bildi. Mənim ali təhsilim yoxdur, amma bu işlərin içində olduğumdan, uzun illərdir seçki məntəqələrində işlədiyimdən bu qənaətə gəlirəm ki, Gülər “xanım” heç də zəhmət çəkib, tər töküb seçici tərəfindən seçilməyib. Layiq olmadığı bu mötəbər kürsüdə təyinatla əyləşib. Əgər belə olmasaydı, bu “xanım” seçicilərindən utanardı, ən azı, elin qınağından qorxardı. Onsuz da hamı Əvəzin nə üstündə həbs olunduğunu adı kimi bilir. Hansı maddə qoyulursa-qoyulsun, hansı şər yaxılırsa-yaxılsın, hansı hökm oxunursa-oxunsun, cavab birdir: Əvəzin həbsi siyasi sifarişdir. Balaca uşaqlar da bir-birinə “Əvəz əmini prezidentə yazdığı yazıya görə tutublar” deyir. Ahıl qocalar, ağsaqqallar “demirdikmi Əvəzi tutacaqlar” deyirlər…
Mən oğlumun həbsinin günahını Gülərdə görmürəm. Ramiz Mehdiyevin təyinatı ilə o kürsüdə oturubsa, onun da hər əmrinə “bəli” deməlidir. Ramiz Mehdiyevə gəlincə, bir tənqidi yazıya görə nə müddətdir yuxularımızı ərşəyə çəkən bu ağsaqqal, yaşına, başına, mənsəbinə, rütbəsinə yaraşmayan bir hərəkətlə Əvəzin yaxasından əl çəkmirdi. Əvəzin prezidentə tənqidi yazısından sonra əlinə fürsət düşdü, razılığını aldı, oğlumu tutdurdu.
Ramiz Mehdiyevə bir şeyi də xatırlatmaq istəyirəm. Əvvəllər sizin yaşınızda olan başbilənləri qanlı qapısına qan barışdırmağa göndərərdilər. Gör siz nə edirsiniz. Dönüb arxanıza baxın və öz vicdanınıza hesabat verin.
Mənim prezidentə və onun xanımına da sözüm var. Sizi də ana doğub, Sizin də gül kimi balalarınız var. Yəqin ki, hərənizin sinəsində də bir ürək döyünür. O ürəklərdə övladlıq hissi də var, ata-analıq hissi də. Mən sizdən bir ana kimi təvəqqe edirəm. Səltənətinizi anaların və balaların göz yaşları üzərində qurmayın. Şər-böhtan, gözyaşları üzərində qurulan səltənətin başı dağcan olsa da, dibi qılcandır.
Neçə gündür ki, günahkar axtarıram, neçə gecədir ki, bu fikir məni rahat buraxmır, yuxularımı ərşə çəkib. Axır ki, bu gecə günahkarı tapmışam.
Əsil günahkar mənəm, mən. Bir də Əvəzin vətənpərvər, açıq gözlü atası. Əvəzi Türkiyəyə oxumağa yola salanda mənim şahidliyimlə qucaqladı, öpdü, dedi ki, get oğul, səni Allaha əmanət edirəm, amma sən öz mənafeyini xalqın mənafeyindən üstün tutsan, çörəyim sənə haram olsun. Indi o, dünyasını dəyişdiyinə görə mən onun da günahlarını öz üzərimə götürürəm. Mənəm günahkar. Mən onu bu ruhda, vətənpərvər, qorxmaz böyütmüşəm. Məni məhkum edin! Mən yaltaqlıq öyrədə bilməmişəm balama, mərdlik öyrətmişəm. Yalan, riya öyrədə bilməmişəm, düzgünlük öyrətmişəm. Məni məhkum edin! Uşaq vaxtı da qorxanda cəzalandırmışam. Qorxmazlıq, cəsurluq öyrətmişəm. Kişi qorxmaz demişəm.
Bəxtiyar Vahabzadənin təbirincə desəm:

Əvəzi insantək böyütdüyümdən,
Onun həbsində də günahkar mənəm.
Müstəntiq hardadır? Çatdırın ona
Əsil günahkarı tapmışıq deyin.
Ədalət adına, qanun adına
Hakimdən anaya cəza istəyin!


 Əvəzin cəzası mənə kəsilməlidir.
Mənəm Günahkar…

Əlaqəli məqalələr

3 şərh

  1. əvvəla bu anaya dərin təşşəkür edirəm ,bu tərbiyəyə,bu qeyrətə,bu insanlığa.ikinci bu yazını oxuyub əlaqədar təşkilatlar bir nəticə çıxarmasa ,bu xalqın ahı əvvəl-axır onları tutacaq.qəzzafınin o rəzil vəziyyətinə baxıb bir nəticə çıxarın sonra gec olacaq haaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa.

  2. SEVGİLİ BACIM KARDEŞİM.MENDE SİZİN GİBİ EVEZ ZENALLIYI QANKARADA DÖRT İL .OĞLUM GİBİ BÖYÜTTÜM .O BENİM VATANPERVER EVLADIMDIR.EVEZ İÇİN İÇİM KAN AĞLIYIR.MENDE SİZİN GİBİ,BATI AZERBAYCANDAKİ O TORPAKLAR5IN EVLADIYAM.EVEZE GÜVENDİYİM İÇİN XURALDA YAZMAYA BAŞLADIM.
    TÜRKİYENİN BÜYÜK DEVLEDT ADAMI-ismet inönünün bir sözü vardır.namuslularda namussuzlar kadar cesur olmalıdır EVEZ ZEYNALLI ,NAMUS VE ŞEREF ÖRNEYİDİR.EVEZİN VERDİĞİ ÖZGÜRLÜK SAVAŞINA İFTİHARLA İŞTİRAK ETMİŞ BULUNMAKTAYIM.BACIM,KARDEŞİM,AYNI TORPAKLARIN ŞEREFLİ EVLADI
    KARDEŞİM,EVEZ UDUZMUYACAK.BU YAŞIMDA EVEZİN DALINDA OLMAK
    BANA ŞEREF KAZANDIRMAKTADIR.HER GECENİN BİR SABAHI VARDIR
    EVEZ ZEYNALLI,AZERBAYCAN MATBUAT TARİHİNE ,BİR FAHİŞE DEPUTAT
    KADININ İFTİRASI SONU ,HÜRRİYET KAHRAMANI OLARAK GEÇMİŞTİR.
    ALLAH SİZİNLE BİZİMLE BERABERDİR.SALAMAT KALIN.PROF.DR YAHYA
    TAŞDELEN.ANKARA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button