Mən “Brend”də şou-biznesin cəngavərlərini yetişdirirəm!

Bakir Həsənbəyli: “Özünü böyük sayanların qarşısında əyilməklə “böyük” olanlar ordusu yaranıb”

Az sayda insanlar var ki, arzuladıqları pik hədlərə bəlkə də zamansız çatırlar. Bəzən bu hədlərin məhz zamansız fəthi həmin şəxsləri cavabsız sual qarşısında qoyur: bundan sonra nə olacaq? Müsahibimiz də belə insanlardandır. Bakir Həsənbəyli – siyasət və media camiəsində kifayət qədər tanınan isim. Uzun müddətdir ki, nə müsahibələrinə, nə də yazılarına rast gəlinmirdi. Amma biz də “Xural”ıq – dostlara sədaqətimizlə seçilən ölkənin ən müstəqil qəzeti. Onu da tapdıq. Əslində, heç gizlənməmişdi də. Sorağı gah hansısa nazirliyin müəssisələrindən birinin, gah da xarici investorun təsis etdiyi holdinqin rəhbərliyindən gəlirdi. Həmişə sorağını aldığımız Bakir Həsənbəylinin bu dəfə müsahibəsini almaq qərarına gəldik. Lakin siyasətçi kimi deyil, yeni təsis etdiyi “BREND” Prodakşının rəhbəri kimi.

– Bakir bəy, xoş gördük.
– Xoş gördük.
– Bir zamanlar siyasi çevrələrdə və mətbuatda radikal bəyanatlarınızla, bəzən qəribə də olsa əlbəyaxa döyüşlərinizlə kifayət qədər müzakirə olunan şəxslərdən biri idiniz. Son bir neçə ili isə demək olar ki, nə mətbuatda, nə də siyasi camiədə fəaliyyətiniz görünmür.
– Diqqətinizə görə minnətdaram. Əslində, sizi “Xural” olaraq fərqləndirən və adi həftəlik qəzetdən, hər həftə nəşr olunan Xalqın Qəzetinə çevirən də elə bu diqqətinizdi…
Mən artıq bir neçə ildir ki, aktiv siyasətlə məşğul olmuram. Amma bu ümumiyyətlə siyasətlə maraqlanmıram anlamına gəlməməlidir. Belə bir deyim var “sən siyasətlə məşğul olmasan belə, siyasət səninlə məşğul olacaq”. Yazılı və elektron mətbuatın ölkədə, eyni zamanda dünyada baş verən hadisələrlə bağlı məlumatlarını gündəlik oxuyur və dinləyirəm. Mənə jurnalistikanı və siyasəti tədris ediblər. Siyasət və jurnalistika mənim ixtisasımdır. Uzun illər mətbuatda çalışmışam. Jurnalistikada korrektor kimi fəaliyyətə başlamışam və sonradan ayrı-ayri vaxtlarda bir neçə qəzetə rəhbərlik etmişəm. Bir vaxtlar Zöhrab Əmirxanlı, Əlirza Balayev, Piri Məmmədov, rəhmətlik professor Şamil Salmanov kimi şəxsiyyətlərlə eyni redaksiyada çalışmaq, onlardan öyrənmək böyük xoşbəxtlik hesab olunurdu. Köşə yazarlarımızdan biri isə mərhum akademik Ziya Bünyadov idi. Düzdür, o qədər qocalmasam da, indi hər şey cox dəyişib. Əsasən də münasibətlər. İndi ciddi yazarlar deyil, qeyri-ciddilər daha cox populyardır. Şəxsi mən – eqoizm insanları vəhşiləşdirib. Qəribədir, özünü böyük sayanların qarşısında əyilməklə “böyük” olanlar ordusu yaranıb.
Eyni zamanda uzun bir müddət – on beş il aktiv siyasi fəaliyyətim də olub. Mən indi də qəzetləri jurnalist kimi oxuyur, siyasi hadisələrə müstəqil siyasətçi kimi subyektiv mövqeyimi bildirirəm. Lakin əvvəlkilərdən fərqli olaraq auditoriya üçün deyil, sadəcə özüm üçün. İndi öz qənaətlərimi yalnız özümlə bölüşürəm.
– Aktiv siyasi fəaliyyətinizə son verməyin ciddi səbəblərimi vardı?
– Siyasi fəaliyyətim mənim şərəfli keçmişimdir. İnanmıram ki, mənim gedişimlə siyasət çox şey itirdi. Amma həm də itirdi demək haqqını da özümdə saxlayıram. İndi söz demək, tənqid etmək çox asandır. On beş il öncə isə hər şey tam fərqli idi. Demək olar ki, hər həftə Prezident Yanında Xüsusi İdarəyə çağırılırdıq. “Mənəviyyatda İslama qayıdış” adlı yazıma görə isə az qala məni o zaman çeçen mücahidləri ilə əlaqələndirəcəkdilər. Əslində isə bu yalnız insanları əxlaqa çağırış idi. Siyasətdə cəsarətsiz, ifrat ehtiyatlı, ən başlıcası isə asılı adamları sevməmişəm. Bu iş asılılığı sevmir. Siyasət həm də müstəqil düşüncənin məhsuludur. Bu sahə ilə aktiv məşğul olmamaq qərarımın çoxlu səbəbləri var. Yuxarıda qeyd etdiyim kimi unutqanlıq, ifrat asılılıq bəzi insanları manqutrtlaşdırdığı kimi, şəxsı məni də vəhşiləşdirib. Təvəzökarlıqdan uzaq da olsa, mən nə jurnalistikada, nə də siyasətdə heç vaxt sıradan biri olmamışam. Məsələn, Milli Məclisin bugünkü şöbə müdirlərindən biri bir zamanlar dəfələrlə iş üçün mənə müraciət edib. Normal iş – müavinlik təklifi etməyimə baxmayaraq, məndən gizlin təsisçi ilə görüşüb ondan mənim postumu – baş redaktorluğu istədiyi üçün də otaqdan qovulmuşdu. Lakin elə vaxtlar olub ki, mən aylarla işsiz qalmışam, amma o insanla təsadüfən qarşılaşanda belə salam verməmişəm. Çünkü mahiyyəti mənə tam aydın olub. Bəlkə soruşsanız indi heç məni “tanımaz da”. Təsisçilərindən biri olduğum partiyanın qurultayında tanınmış qəzet redaktorlarından biri “mənim müşahidələrim mənə deyir ki, bu partiyada vəzifə tutmaq üçün Bakir Həsənbəylinin bığının altından keçmək lazımdır” deməsinə çoxları şahiddir. Çünki çəkdiyim əziyyətləri bilirdi. Sədr olacaq adamın məhz həmin qurultayda sədr seçilməsi üçün gecə-gündüz ezamiyyətlərdə olurdum, hətta bu gün özümü ən çox məhz həmin hərəkətlərimə görə ittiham edirəm – bir rayon şöbəsinin sədrini evində döyüb razılığını aldım. Gah polis saxlayırdı, gah da prokurorluq haqqımda sanksiya verirdi. Amma nə olsun ki, adam məhz ona xidmət etmək üçün başqa partiyadan alıb gətirdiyim gədəni…
– Alıb gətirdiyiniz..?
– Təəccüblənməyin. Bəli, məhz alıb gətirdiyim gədəni müdir katibəsini qudurdan kimi qudurtdu, nəticədə nə oldu, uğrunda döyüşənlərin hamısını itirdi. İndi hər seçkidə prezidentliyə namizədliyini verib xalqdan səs istəyir. Sözün əsl mənasında 5-10 fədainin qədrini bilməyən Böyük Xalqın qədrini bilərmi? Heç vaxt. Bu, siyasətdirmi? Şəxsən mən belə düşünmürəm. Hələ illər öncə bu gün kölə olan partiya sədrlərindən birinə “sən olsa-olsa düdügizm cərəyanının rəhbəri ola bilərsən, partiya sədri yox” dedim. Yenə də təəssüflə qeyd edirəm, nə olsun ki, adam yenə də partiya sədridir, mətbuatın istinad etdiyi şəxsdir. İllər öncə qardaşı ilə birlikdə qəzetlərin birində müxalifətin yeddi arxa dönənini söyən kəs bu gün müxalifət qəzetlərindən birinin az qala simasına çevrilib. Bu, nə əxlaqdır? Bu məmləkətdə aktiv siyasət həm də daim gərginlik, əsəb, stres deməkdir. Bu uzun illəri əhatə edəndə isə sağlamlığa ağır zərbədir. Lakin bu o demək deyil ki, vətənimin və millətimin taleyüklü məsələlərində mən yoxam. Əsla. Mən əqidəcə millətçiyəm, inşallah müharibə qərarı verilən an da döyüşçüyəm.
– Kifayət qədər ciddi ittihamlar etdiniz, amma nədənsə ad çəkmədiniz.
– Nə vaxt adam oldular ki, adlarını da çəkim?
– Elektron qəzetlərdə siyasət və jurnalistikadan fərqli olan bir sahə ilə – şou-bizneslə məşğul olduğunuzu oxuduq.
– Siyasətdən gedişimlə bağlı az da olsa səbəbləri dedim. Jurnalistikada isə mütləq tərəf olmalısan. Xatırlayırsınızsa, redaktoru olduğum qəzetlərin birində Ramil Səfərovla bağlı yazdığım məqalədə onu zindandan qaçırmaq üçün xüsusi qrup yaradılmasını təklif etmişdım. “Sonucda bütün məsuliyyəti atın mənim üzərimə, lakin Ramili zindanda qoymayaq” yazmışdım. Reaksiya gəldimi? Yox. Niyə? Elə düşünəcəksiniz ki, ciddiyəmi almadılar? Aldılar. Lakin cəsarətləri çatmadı. Mən hər şeyin hakimiyyətə yüklənməsinin əleyhinəyəm. Türk Bayrağını təhqir edən ingilisi iki millətçı gənc məhz həddini aşanın məkanındaca – İngiltərədə tapıb cəzalandırdılar. Bunu Türkiyə hökumətimi etdi? Xeyr. Bizdəki situatsiya isə tam fərqlidir. İnsanların böyük bir qismi mətbuata inanmır. Həm də bunda günahkar insanlar deyil.
Aktiv siyasi fəaliyyətimi dayandırdıqdan sonra xeyirxah dostların köməyi ilə nazirliklərdən birinin Baş İdarəsində sadə bir işçi kimi fəaliyyətə başladım. Mən zəhməti sevən adamam. Təvazökarlıqdan uzaq da olsa qısa zamanda çalışdığım sahənin nəzəri və praktik tərəflərini peşəkarcasına öyrəndim. Bu da mənə yeni etimadın göstərilməsinə səbəb oldu. Lakin mərdiməzar həmişə olduğu kimi bu dəfə də arzuolunmaz zamanda öz “xidmətini” göstərdi. Bundan sonra xarici holdinqlərdən birinə dəvət olundum və orada departament direktoru kimi fəaliyyətə başladım. Burada da mahiyyətsiz insanların hərəkətləri istefa verməyimə səbəb oldu. Uzun illər müxalif qəzetlərdə yazar olaraq fəaliyyət göstərmiş tanınmış isimlərdən biri holdinq prezidentinin qəpik-quruşu müqabilində mən məzuniyyətdə olarkən mənim adımdan lüzumsuz cızma-qara yazmaqla, nəhayətdə haqqımda ciddi provokasiya etdi. Sonucda mən o cızma-qaranın müəllifi olmadığımı sübut etdim. Həm dövlət, həm də özəl sektorda üzləşdiyim bu cür yaramazlıqlardan sonra qərar vermək səlahiyyətləri məhz özümə aid olacaq bir təsisat yaratmağı düşündüm və “BREND”i qurdum. Sou-bizneslə məşğul olmağa gəldikdə isə mən nə müğənniyəm, nə də aktyor. Ola bilsin ki, bəzi göyçək gədələr “Bakir Həsənbəyli siyasətdə və jurnalistikada tükəndiyi üçün biznesin bu sahəsinə üz tutdu” deyə düşünər, bax o halda məndə o gədələrin dillərinin uzun olması qənaəti yaranar. Bu onlara lazımdırmı? Qadın xasiyyətli “kişiləri” heç sevmirəm. Mən sadəcə “BREND” qrupunun rəhbəriyəm. Üç cox istedadlı gənci bir araya gətirmək elə də asan məsələ deyil. Mirsaleh, Ramil və Kənan yüksək təhsil almış, böyük müsabiqələrdə iştirak etmiş, gənc olmalarına baxmayaraq, şou-biznesdə kifayət qədər tanınmış sənətçilərdi. Klassik, xalq, yerli və xarici ölkə bəstəkarlarının əsərlərini peşəkarlıqla ifa edirlər.
– Bəs bu sahədə necə, rahat fəaliyyət göstərə bilirsinzmi?
– Məni nə siyasətdə, nə də jurnalistikada təəccübləndirmək mümkün deyildi. Biznesin bu sahəsi isə… Dost, qardaş anlamı heç xəyallarda belə yoxdur. Hər addımda sənə xəyanət etməyə hazır olan onlarla insan var. Yarım saat öncə mənə ofisdə “sən mənim qardaşımsan” deyən, məndən ayrılan kimi isə “BREND”in solistlərindən birinə “Bakir Həsənbəylidən ayrıl, mən sənə hər cür şəraiti yaradacağam” deyən tanınmış, lakin çox dəyərsiz prodüsserlər bilirsiniz nə qədərdir? Tanınmış restoranlardan birində məşhur müğənnilərdən birinin şəkilini mənə göstərən inzibatçı, “bu yalnız oxumurdu, burada həm də başqa “xidmətlər” göstərdiyi üçün işdən qovdum” deyəndə dəhşətə gəldim. Çünkü həmin müğənni bir neçə gün əvvəl efirdən növbəti əxlaq dərsini keçirdi. Amma bu cür çirkabın bir damcısı belə “BREND”in üzvlərinin üstünə tökülə bilməz. Çünkü “BREND” üçün çəkdiyim sərhədləri aşmağa kimsəyə icazə vermərəm. Axı mən bu işlə zövq üçün çalışmıram, zövqlə çalışıram.
– Belə görürük, Sizin üçün o qədər də münbit şərait yoxdur? Yəqin bu müsahibənizdən sonra rəqibləriniz də çoxalacaq…
– Biz kimsədən aslı deyilik ki, bizim prinsiplərimizə uyğun olmayan işlərə bizi məcbur etsinlər. “BREND” hər kəsi dinləyir, lakin özünü yalnız QAYA ilə müqayisə edə bilər. O qrup isə artıq yoxdur. Deməli, rəqimiz də yoxdur. Bu nə iddiadır, nə də özünü reklam. Sadəcə reallıqdır. Çünkü o kəslər künc-bucaqda fatmanisə söhbət-qeybətləri edəndə, biz peşəkarlığımızı artırmaq üçün çalışırıq, məşhur pionist və aranjımançı Elman Əzimov kimi sənətkarın dəyərli məsləhətlərini dinləyirik. Hər işimizi əxlaqla görürük. Kimlərsə bu camiədə özlərinə “əjdaha”, “timsah”, lap elə “tülkü” kimi heyvan adlarını yarlıq kimi götürməklə fəxr edirlərsə, bu, mənim üçün heç də maraqlı deyil. Adam özündəkiləri bilməsə bu heyvanların adlarına niyə bu qədər maraq göstərsin ki? Mən isə şou-biznesin cəngavərlərini yetişdirirəm
– Hansı şair və bəstəkarlarla işləyirsiniz?
– Əsasən, gənclərlə iş birliyimiz var. Ancaq bu o demək deyil ki, digər yaş kateqoriyasından olanlardan imtina edirik. Əsla. Alverçi xarakteri olmayan hər kəsin təklifini dinləyir və qərarlarımızı birlikdə veririk. Bu işdə Elman Əzimovun da dəyərli fikirləri var. Digər bir tərəfdən, “BREND”in solisti olmaqdan başqa, Mirsalehin müəllifi olduğu çox gözəl bəstələri də var. Kənan isə peşəkar ifaçılıqla yanaşı, həm də aranjımançıdı. Ramildə isə rəhmətlik Bülbülün sanki musiqi ruhu var.
– Bəzi müğənnilər gündəmdə qalmaq üçün müxtəlif formalara əl atırlar və adını da imic qoyurlar. Buna münasibətiniz necədi?
– Saçını bir gün sağa, bir gün sola daranması imic dəyişikliyi deyil. Soyunan qadın sənətçilərin “dərdlərini” bildik. Kişi niyə qadın gözəllik salonuna getməlidir? “Biz sənətçiyik, xalqın qarşısına çıxırıq”. Çıxırsan çıx də. Mane olanmı var? Bəs qaşını niyə aldırırsan? Üzünə niyə ənlik-kirşan vurursan, niyə qadın kimi danışıb, qadın kimi geynir, qadın etdiklərini edirsən? Bunudamı xalq istəyr? Cəfəngiyyatdır. Bu cür tiplər Lutun (ə) qövmündəndirlər. İnşallah, ən qısa zamanda şahidi olacaqsınız – “BREND” şou-biznesdə əsl Şərq kişisinin obrazını yaradacaq.
– Bakir bəy, bəs siyasətdə və jurnalistikada olan dostlarınızdan necə, imtina etmisiniz, yoxsa əvvəlki münasibətlər qalır?
– Mənim keçmişimdə heç bir qaranlıq məqam yoxdur ki, Allah eləməmiş, keçmişimdən də imtina edəm. Mənim dostlarım elə mənim dostlarımdı. Həm iqtidarda, həm müxalifətdə dostlarım var. Bir vaxtlar rəhbərlik etdiyim qəzetdə texniki işçi olan gənc bu gün əlhəmdülillah, paytaxtın rayonlarının birində icra başçısının müavinidir. Mənə ömrüm boyu unutmayacağım xeyirxahlıq etmiş dostum nazirlərdən birinin doğma qardaşı oğludur. Prezident Administrasiyasında şöbə müdirlərindən birinin müavini ilə çox gözəl münasibətim var. Millət vəkili İqbal Ağazadəni, sabiq daxili işlər naziri İsgəndər Həmidovu özümə dost-qardaş bilirəm. İsa Qəmbərə çox böyük hörmətim var. Qəzetinizin baş redaktoru Əvəz bəy əsl dostdur. Bu şəxslərə harada təmsil olunmalarına görə deyil, əsl insan, şəxsiyyət olduqları üçün hörmət edirəm.

Hazırladı:
Zəhra Hidayətqızı

“Xural” qəzeti
il: 9, sayı: 008(418), 13-19 mart 2011-ci il


Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button