Mən beləmi vətəndaşam???

Mirzə Sakit

Gördüm dünya çalxalanır, istədim ki, mən də coşam,
Gözləri kor, dili bağlı – mən beləmi vətəndaşam?!

Sağda ölü, solda ölü, donub qaldım mən bir anlıq,
Aman Allah, bu məmləkət başdan-başa qəbirsanlıq,
Ziyalının batilində zülmət dolu bir qaranlıq,
O zülmətdə gəzənlərlə mən nə dostam, nə yoldaşam
Gözləri kor, dili bağlı – mən beləmi vətəndaşam?!

İstəmirəm öz içində buxovlanan nə qardaşı, nə sirdaşı,
Haqsızlardan uzaqdayam, fərq eləməz, ya yüz yaşı, ya bir yaşı,
Vətən üçün mən daş ollam, amma olmam qəbir daşı,
Meydanlarda düşmən üstə öndə gedən gur savaşam
Gözləri kor, dili bağlı – mən beləmi vətəndaşam?!

Haq yoluyla gedənlər də yoldan çıxıb yolu dandı,
Çıxanlara yol göstərdik, göstərməkdən qol usandı,
Haqsız yolla öndə gedən YAP-çı “Ali Komutandı”,
Arxasınca yuvarlanan nə ayağam, nə də başam
Gözləri kor, dili bağlı – mən beləmi vətəndaşam?!

Xoflanmıram o qandaldan, qollarıma yaxın tutun,
Söylədiyim azad sözü, qandallanmış içinizdə udun, udun,
Cisminizi, ruhunuzu diri ikən ölmüş bilib, siz unudun,
Asimandan üstünüzə zərblə gələn ağır daşam
Gözləri kor, dili bağlı – mən beləmi vətəndaşam?!

Qalan varsa qalxın gedək döyüşməyə – Ərən varmı?
Əsir qalıb o meydanlar, meydanlara girən varmı?
Mən əsgərəm, bir komandir axtarıram – görən varmı?
Elə bil ki, torpaqlara gömülübdür, yoxdur Paşam
Gözləri kor, dili bağlı – mən beləmi vətəndaşam?!

Xural” qəzeti,

İl: 9, sayı: 034 (442), 04 – 10  sentyabr 2011-ci il

Əlaqəli məqalələr

2 şərh

  1. əndə sığar iki* cahan, mən bu cahanə sığmazam,
    Gövhəri laməkan mənəm, kövnü məkanə sığmazam.

    Ərşlə fərşu kafü nun məndə bulundu cümlə çün,
    Kəs sözunüvü əbsəm ol, şərhu bəyanə sığmazam.

    Kövnü məkandır ayətim, zati dürür bidayətim,
    Sən bu nişanla bil məni, bil ki, nişanə sığmazam.

    Kimsə gümanə zənn ilə olmadı həqq ilə biliş,
    Həqqi bilən bilir ki mən, zənnü gümanə sığmazam.

    Surətə baxu mə’nini surət içində tanı kim,
    Cism ilə can mənəm, vəli cism ilə canə sığmazam.

    Həm sədəfəm, həm inciyəm, həşru sirat ədinciyəm,
    Bunca qumaşu rəxt ilə mən bu dükanə sığmazam.

    Gənci-nihan mənəm mən uş, eyni-əyan mənəm, mən uş,
    Gövhəri-kan mənəm mən uş, bəhrəvu kanə sığmazam.

    Gərçi mühiti-əzəməm, adım adəmdir, adəməm,
    Dar ilə künfəkan mənəm, mən bu məkanə sığmazam.

    Can ilə həm cahan mənəm, dəhrilə həm zaman mənəm,
    Gör bu lətifeyi ki mən, dəhru zəmanə sığmazam.

    Əncum ilə fələk mənəm, vəhy ilə həm mələk mənəm,
    Çək dilinivu əbsəm ol mən bu lisanə sığmazam.

    Zərrə mənəm, günəş mənəm, çar ilə pəncu şeş mənəm,
    Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam.

    Zat iləyəm sifat ilə, qədr iləyəm bərat ilə,
    Gülşəkərəm nəbat ilə, bəstə dəhanə sığmazam.

    Nar mənəm, şəcər mənəm, ərşə çıxan həcər mənəm,
    Gör bu odun zəbanəsin, mən bu zəbanə sığmazam.

    Şəms mənəm, qəmər mənəm, şəhd mənəm, şəkər mənəm,
    Ruhi-rəvan bağışlaram, ruhi-rəvanə sığmazam.

    Gərçi bu gün Nəsimiyəm, haşimiyəm, qureyşiyəm,
    Bundan uludur ayətim, ayətü şanə sığmazam.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button