MƏN CINAYƏTKAR DEYILƏM!

Huseynaga Babayev06.01.2014

Qobustan həbsxanasından daha bir məhbus fəryad qopardı

 Bir ailənin acı taleyi

Bir vaxtlar diş həkimi olacaq, ailəsinə, yaşlı atasına dayaq duracaqdı. O zamanlar baş verən qəfil qətl hadisəsi onun və ailəsinin bütün həyatını dəyişdi. Yox, elə düşünməyin ki, Hüseynağa Babayev qətl törədib, adam öldürüb, əlini qana batırıb. Olmayıb belə bir şey. Azərbaycan məhkəmələrinin, hakimlərin vicdandan uzaq ədalətsiz qərarları bir ailənin ocağını söndürüb, bir-birinə doğma, əziz olan insanları yerindən-yurdundan oynadıb, pərən-pərən salıb. Bu ailənin faciəsinin şahidi olan insanlar bu gün də inana bimirlər, inana bilmirlər ki, necə olur, gələcəyə namuslu, qeyrətli, savadlı, ziyalı övladlar böyütmək arzusu olan Əmirəli kişi də haqsızlığın, qudurğanlığın, harınlığın qurbanı ola bilər. Oğullarına tuşlanan barmaqlar sonunda onu haqlayacaq, haqsız yerə salındığı həbsxana divarlarının arasında ölümün üzünə dik baxa-baxa, bu dünyadan nakam köçəcək.

 Nə biləydi?

 Hardan biləydi ki, oğlanlarının ali məktəblərə qəbul olunduğu zaman keçirdiyi sevinc hissləri çox sürməyəcək, faciə-faciə ardınca onu izləyəcək və ailəsini olmazın dərdlərə düçar edəcək. Əmirəli kişinin 3 oğlu – Babayev Əhmədağa Xəzər Universitetinin beynəlxalq hüquq fakultəsində, Babayev Mütəllim İqtisadiyyat Universitetinin sonuncu kursunda, Hüseynağa Babayev isə Azərbaycan Tibb Universitetinin stomotoloğiya fakultəsində təhsil alarkən, xoşbəxt gələcəyə ünvanlanmış arzuları qapını döyən ilk faciə ilə belə başladı.

Xəzər Universitetində təhsil alan Babayev Əhmədağa 1993-cü il oktyabrın 25-də 20 nəfər gənc tərəfindən vəhşicəsinə döyülür, bıçaqla boğazı kəsilərək, qətlə yetirilir. Nə polis, nə də məhkəmə qatilləri cəzalandırmır, sonunadək hüquq-mühafizə orqanlarına güvənən ailənin bütün cəhdlərinə baxmayaraq, cinayətin üstü bağlanır.

Hüququn bitdiyi yer

 Əhmədağanın haqsız ölümü, cinayətkarların azadlıqda gəzməsi ailənin yaxın adamlarını rahat buraxmır, ən azı onlara “dərs” vermək, törətdikləri qətlin nə qədər ağır olduğunu onlara dərk etdirmək istəyirlər. Yaxın dostları Azər Nüsrətov və Ələddin Əliyev bu məqsədlə Əhmədağanın böyük qardaşı, 23 yaşlı Hüseynağaya müraciət edərək, onlara qoşulmağı məsləhət görürlər. Hüseynağa bunun heç bir nəticə verməyəcəyini, cinayətkarlara ziyan vurmağı bacarmayacağını bilsə də, gənclərə qoşulur. Hadisə zamanı sürücü rolunu oynasa da, nə əlinə silah alır, nə də adam öldürür. 1996-cı il sentyabrın 19-da Ali Məhkəmənin 144 saylı hökmü ilə ölüm cəzasına məhkum edilir. 1998-ci il fevralın 10-da cəzası ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilir.

 Onların günahı nə?

Başı övlad dərdinə qarışmış, olanlardan xəbərsiz saxlanılan Əmirəli kişi və oğlu Mütəllim, Hüseynağanın həbsindən sonra dərhal həbs olunurlar. Cinayətlərdə iştirakları sübut olunmasa da, barələrində ən ağır cəza kəsilir. Ali Məhkəmənin 19 sentyabr 1996-cı il tarixli hökmü ilə Əmirəli kişiyə ölüm cəzası verilir, Mütəllim Babayev isə 13 il azadlıqdan məhrum edilir. M.Babayev 2008-ci ildə cəzasını başa vurub, azadlığa qovuşsa da, atası Əmirəli kişi 17 il törətmədiyi cinayətin ağır cəzasını çəkdikdən sonra, türmədə tapdığı sağalmaz xəstəliklərdən 2012-ci il noyabrın 21-də 77 yaşında dünyasını dəyişir.  

 Qanun, yoxsa rüşvətxorluq?

 Halbuki əgər hüquq-mühafizə orqanları, məhkəmələr rüşvətə deyil, qanunlara boyun əysəydilər, ədalətli hökm çıxarsaydılar və Babayev Əhmədağanın qatillərini vaxtında cəzalandırsaydılar, o zaman “özüməhkəmə” hadisəsi baş verməzdi. Azərbaycanda ən qatı cinayətlərin törədildiyi 1988-1993 –cü illərdə özü də 22-23 yaşlı gənclərin, “qanlarının qaynadığı” bir vaxtda baş vermiş bu qətl hadisəsinin mahiyyəti istintaq orqanları tərəfindən daha səriştəli aparılar, o zaman əlinə silah almayan, qan tökməyən, gələcəyi Vətən üçün xeyirli mütəxəssis kimi yetişən bir gəncin tale işığını söndürməz, bir ailənin faciəsinin baiskarı olmazdılar.

Ədliyyə də ciddi qanun pozuntularını inkar etmir

Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi” ilə bağlı 12 dekabr 2002-ci il tarixli, çıxardığı 3 saylı  qərarda da qeyd olunur ki, “Qəsdən adam öldürmə cinayətləri üzrə məhkəmə təcrübəsinin ümumiləşdirilməsi göstərir ki, bu kateqoriyadan olan işlərə baxılarkən ciddi qanun pozuntularına yol verilməsi halları da mövcuddur. Bu bir tərəfdən də yeni cinayət qanunvericiliyinin qəbul edilməsi və tətbiqi ilə əlaqədardır. Çünki, yeni cinayət qanunvericiliyi bu cinayətlər üzrə əvvəlkindən fərqli bir sıra yeni tövsifedici əlamətlər müəyyən etmişdir. Məhkəmələr tərəfindən cəzaların təyini zamanı Cinayət Məcəlləsinin 58-61-ci maddələrinin müddəalarının düzgün anlaşılmaması hallarına da yol verilir”.

Halbuki, qəsdən adam öldürmə cinayətlərinin ictimai-təhlükəlilik dərəcəsi nəzərə alınaraq məhkəmələr    törədilmiş cinayət hadisəsini hərtərəfli, tam və obyektiv araşdırılmalıdırlar. İbtidai istintaq zamanı və birinci instansiya məhkəməsində işə baxılarkən hadisənin işin düzgün həllinə təsir edən bütün halları aydınlaşdırılmalıdır. Apellyasiya instansiyası məhkəməsi hökmdən verilən apellyasiya şikayəti və ya protestlərinə Azərbaycan Respublikası CPM-nin 392.1.1-ci maddəsinə uyğun olaraq məhkəmə istintaqı aparmaqla baxılması məsələsini müzakirə etməli və birinci instansiya məhkəmələrinin yol verdiyi nöqsanların aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməlidir. Bu zaman işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi,motivi,törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır.

 Hüseynağa Babayevin Əhliman Əmiraslanova müraciəti

Hüseynağa Babayev bütün ali instansiyalara günahsız olduğunu, hüquq-mühafizə orqanlarının səriştəsizliyi səbəbindən ömürlük həbs cəzasına məhkum olunduğunu dəfələrlə yazaraq, işinə yenidən baxılmasını və cəzasının qalan hissəsindən azad olunmasını diləsə də, səsinə səs verən olmayıb.

Son ümid yeri bildiyi, vaxtilə arzularının çiçəkləndiyi, təhsil aldığı Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanova müraciət edib:

 “Hörmətli, cənab rektor!

Mənim tələbəlik illərim, Sizin ATU-nun rektoru kimi rəhbərliyiniz dövrə təsadüf edib, buna görədə özünü xoşbəxt hiss edirəm. Mən, Sizin alicənablığınızı, ədalətli olduğunuzu bilərək, mətbuat vasitəsi ilə müraciət edirəm. Bildirirəm ki, əgər Siz mənə ali təhsil verən, sənətimi öyrədən müəllimlərimdən maraqlansınız, çoxlu sayda barəmdə müsbət xarakterizə verənlər tapılacaq. Mən, buna tam əminəm! Mən cinayətkar deyiləm!

18 ildir həbsdəyəm və 18 ildir ki, mənim hüquq və haqlarım çox kobud şəkildə pozulub, elə ona görə də, sizin köməkliyinizə böyük ehtiyacım var.

Mən, törətdiyim əməlin (ağır cinayətdə qismən sürücü qismində iştirak etmişəm, adam öldürməmişəm, əlimə silah almamışam) cəzamı artıqlaması ilə çəkmişəm. Əgər, tam araşdırmaq üçün, məlumat toplamaq üçün, hər hansısa sənəd lazım olarsa, göndərə bilərəm. Xahiş edirəm:

Ətraflı araşdırmadan sonra, barəmdə cəzanın və saxlanma rejimin yüngülləşdirilməsi və yaxud həbsdən tam azad olunmağım barədə: AR-nın Prezidenti, cənab İlham Heydər oğlu Əliyevə qanunvericiliyə müvafiq qaydada müraciət edəsiniz. Sizin tələbəniz olaraq, Sizə güvənirəm və inanıram ki, mənə kömək edəcəksiniz.

Hörmətlə, 1990-1995-ci illərdə ATU-nun Stomotologiya fakultəsinin 716-cı qrupunda təhsil alan, hazırda AR ƏN PX Qobustan həbsxanasının “Ömürlük Həbs Rejimin”ndə qanunsuz olaraq saxlanılan Babayev Hüseynağa Əmirəli oğlu”

BURLAXATUN

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button