Mən də Dilənçiyəm!

Sakit Orduxanlı

“Xural”ın Cənub Bürosunun rəhbəri

Maddi və mənəvi dilənçi…

Qərarlıydım, qərarlıydım ki, əksəriyyəti yarı ac-yarı tox vəziyyətdə yaşayan bizləri dilənçi kökünə salan Novruz bazarlığından yazım. Amma bayramöncəsi bir ovuc qoza, fındığa görə pensiyamı almaq məqsədilə növbəsində 153-cü olduğum dilsiz bankomat və öz dərdim yox, Əvəz Zeynallının “Qisas qiyamətə qalmaz” yazısındakı “qəhrəman”-qudurmuşların, əslini-kökünü dananların ucbatından dilənçiyə dönmüş Firudin Kazımovun acı, acı olduğu qədər adam həyəcanlandıran taleyinə ağlamalı oldum. Həm də ona görə ağladım ki…

Əslində, bayram öncəsi mən də dilənçiydim, mədəni, bəzənsə burnunu növbəsiz bankomata soxan cıqqılı vəzifə sahiblərinin və torba-torba plastik kartla bankomatdakı pullara “toy tutan” tanımadığım üç şəxsin “şıltaqlıqlarına” dözməyib əsəblərini cilovlaya bilməyən mədəniyyətsiz dilənçi…

Zatən mən də həmin günü dilənçiydim, sadəcə olaraq Səlim Müslümovun artım “torbası”yla ələ salınmış, 99 manat pensiyaya yox, 90 qəpik artıma göz dikmiş dilənçi…

Bəli, mən də həmin gün dilənçiydim, ölkə iqtisadiyyatının alına-verinə susan, balaları adam ətinə “yerikləyən”, bölgədəki villa-malikanəsini tanımayıb onu “kuçirlərinə” birə-beş qiymətə almağı tapşıran monopolist-oliqarx nazirləri susdura bilməyən Baş Naziri  ekranda, efirdə görmək istəyən göz dilənçisi…

Bax, elə günü bu gün də dilənçiyəm… Savadı, biliyi, siyasi düşüncələri və həyat təcrübəsi məndən əskik, pul-paraları, mülkləri, siyasi oyunbazlıqları, yalan vədləri mənimkindən artıq olan deputatlardan gözlədiyim sözün dilənçisi… Düz 16 ildir ki, qabar tutmayan dilləriylə “əmanət kassalarındakı pullar qaytarılacaq” deyə-deyə qulağımı dəng edən zahidoruclar, əhmədlər, musalar… hadılardan eşitmək istədiyim “Əmanətlər qaytarıldı!!!” cümləsinin dilənçisi…

Yenə də min şükür! Şükür ki, qaranquşların küsdüyü, novruzgüllərin açmadığı… tonqalların qalanmadığı bu Novruzda təndirimdən çörək, evimdən plov iyi gəldi. Şükür ki, bir sıxma qoz-fındıq, şabalıd, bir çimdik düyü almaqdan yana Allahın yaratdıqlarına yox, bəndənin yaratdığına – dilsiz-cansız və “Xural”ımı Firudin bəyin gününə salmaq istəyənlərdən çox-çox insaflı bankomata asi oldum. Baxma ki…

Bəli, bu köşəmdə bankomatın başıma, daha doğrusu, 180 minə yaxın əhalisi olan cəlilabadlıların başına açdığı “qaçdı-tutdu” oyunundan danışacağam. Ki, elə bil Cənubda daha çox qeyd olunan, Novruz bayramından daha təmtəraqlı keçirilən Çərşənbə bayramına bir gün qalmış, MN-nin 14.03.2008-ci il tarixli 123 saylı əmrinə məhəl qoymadan cəlilabadlı “niqodnı”lara – ağzısululara, çəpgözlərə, keçməlilərə “marş” keçən hərbi prokurorluğun müstəntiqi Oktay Ağayevlə sözləşibmiş bu merət…

Qeyd edim ki, Cəlilabadda 10-a yaxın bank olmasına baxmayaraq, əhalinin 80-85 faizi “Kapital” bankın “müştəri”sidir. Daha doğrusu, bəzi idarə və müəssisələrin əmək haqları, torpaq pulları, sosial və əmək pensiyaları, ünvanlı sosial yardımları və s. müvafiq idarələr tərəfindən “Kapital” bankın filialından ödənildiyindən, “plastik kartçılar” pulunu onun bankomatından çıxarmağa məhkum və məcburdurlar. Onda da ola sadaladığım ödənişlər eyni gündə bankomata yüklənə…

Həəə, vay-şivən, “ayı və şir”in əlbirliyi, qıçarasından növbəyə soxulmaq ondadır dədə!.. Çünki bankın Cəlilabad filialında cəmi beş bankomat fəaliyyət göstərir. Alar kəndindəki istisna olmaqla filialın ətrafında yerləşən üç bankomatı isə, eyni zamanda, eyni gündə işləyən görən varsa üç tuzla mən pas! İşləyər e, amma həmən vaxt nəğdəlləzinə birində 1 və 5 manatlıq pul yoxdur, digərində isə ekrana dəqiqədən bir Seymur Baycanın soyadındakı “x”-lardan biri gəlir və beləcə, qoca, qadın, xəstə və 25-40 kilometr yol qət edib pul dalıyca gələn kəndçi qalır bu üç və “silsilə”də quraşdırılmış bir bankomatın arasında və günlərlə bu soxaların şıltaqlığı, “gizlənpaç”ı davam edir. Və mənim kimi “mozq”ı xarablar alacagı pulun beşdə birini xərcləyəndən sonra məcbur qalıb digər bankların bankomatlarından pulunu çıxarır. Və günlərlə öz qarnına yox, adam balası kimi onlardan 2-3 manat xidmət haqqı saxlayan, dərdlərim deyə bilmədikləri “korrupsioner” dəmirin “qarnına” gedənə yanırlar. Dərdlərini demək istədikləri rəsmilərsə “peykin işinə qarışası deyilik ki…” deyib şəhadət barmaqlarını səmaya tuşlamaqla çullarını sudan quru çıxarırlar.

Çox maraqlıdır ki, bayram qabagı apardıgım müşahidələr zamanı Masallı və Biləsuvar rayonlarındakı bankomatlardan pul çıxaranların sıxlığını Cəlilabaddakı kimi görmədim. Və əksəriyyəti Cəlilabaddan olan “kartçı”ları çıxsaq, həmin rayonlardakı bankomatlar “ağzıboşuna” qalmışdı.

Hə, yaddaşım kütləşməmiş onu da deyim biləsiniz ki, bizdə plastik kart dəllallarıyla (torba məsələsi) yanaşı, bankomat dəllalları da var. Ki, onlar yenə danaya yapışıb qopmayan kimi günlərlə bankomatdan yapışıb qopmurlar, “sal-çıxar”ın qiymətini də elə zənn et ki, tarif şurası qoyub – 20 qəpik.

İ.S. Bəli, mən də dilənçiyəm… Maddi və mənəvi dilənçi! Deputatlarımız haqqımı – batmış əmanətimi qaytarmağa yönəlik sənədi bu ölkədə yeganə ümid, inam və güvənc yerim olan cənab prezidentimiz İlham Əliyevə təqdim edənə kimi…

“Xural” qəzeti
il: 9, sayı: 014(422), 10-16 aprel 2011-ci il

Əlaqəli məqalələr

1 şərh

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button