“Mən elə qadın tanımıram ki, münaqişənin sülh yolu ilə həll olunmasını istəməsin…” 

Bu sözləri Helsinki Vətəndaş Assambleyasının Azərbaycan üzrə Milli Komitəsinin sədri Arzu Abdullayeva Cənubi Qafqaz mediator qadınlar şəbəkəsinin üzvlərinin beynəlxalq mediasiya və şəbəkə əməkdaşlığı haqqında mətbuat və vətəndaş cəmiyyəti nümayəndələrinə məlumat verərkən deyib.

Münaqişənin başvermə səbəblərini qısa təhlil edərkən A.Abdullayeva bildirib ki, müharibə yalnız maraqlı tərəflərin seçimi ola bilər. Münaqişənin həll olunması üçün real güclərin olmadığını təəssüflə qeyd edən A.Abdullayeva Minck qrupu həmsədri olan dövlətlərin fəaliyyətinə, eyni zamanda bu fəaliyyət barədə hakimiyyətin danışmaq istəmədiyi məqamlara da toxunub:

“Həmsədr olan dövlətlərdən biri kimi Rusiya Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında maraqlı deyil. Bunun da öz səbəbləri var. Rusiya sərhədlərinin cənubunda yerləşən dövlətləri öz nəzarətindən kənarda saxlamaq istəmir. O tərəflərə silah satmaqla nəzarəti əldə saxlamağa çalışır. Digər tərəfdən iqtisadi asılılıq yaratmaqla da istədiyi vaxt istənilən addımı atmaq niyyətindədir.” Minsk qrupunun tərkibində Rusiya, ABŞ və Fransadan başqa digər dövlətlərin də olduğunu xatırladan A. Abdullayeva hesab edir ki, əgər İsrail, Türkiyə, Belorusiya, həmçinin İsveçrə və Avstiya kimi dövlətlər də münaqişənin həlli prosesində yaxından iştirak etsəydilər, o zaman daha müsbət irəliləyişlərə nail olmaq mümkün idi: “Rusiya ordusunun Gürcüstana müdaxiləsi uğursuzluqla nəticələndi, çünki Avropa İttifaqı dərhal Rusiyaya xəbərdarlıq bəyanatı verdi”.

“Aprel döyüşləri təxribat idi”…

Arzu Abdullayevanın fikrincə, bu təxribat da Rusiya tərəfindən həyata keçirilib. “Döyüşlər başlayanda Azərbaycan və Ermənistan prezidentləri təyyarədə olublar, onlar Vaşinqtona uçurdular. Bizdə olan məlumata görə atəşkəs pozulandan 4 saat sonra prezident İlham Əliyevə bu haqda məlumat verilib, o da, “nə lazımdırsa, onu da edin, dayanmayın!” əmrini verib. Xüsusi təyinatlılar 3-4 saat ərzində 16 məntəqə əldə ediblər. Düzdür, ərazilər əldə etdik. Baxmayaraq ki, ermənilər bunu inkar edirlər. Bu, onlar tərəfindən bir blefdir. Ermənilər beynəlxalq aləmə yanlış məlumatlar yaydılar ki, onları da heç bir dəlillə əsaslandıra bilmədilər. Onların təqdim etdiyi şəkillərin biri 90-cı illərə – hərbi forma və silahın həmin dövrə aid olduğu təsdiqləndi – digəri, erməni başının kəsildiyi iddia edilən şəkil isə, bunun qarşı tərəfin məxsusi olaraq törətmədiyi, əslində bombanın partlaması nəticəsində baş verdiyi sübut olundu. Prosesin gedişindən də görünür ki, müxtəlif təxribatlar törətməklə münaqişənin həll olunmasına mane olurlar. Azərbaycan irəliyə doğru addım atmaq istəyəndə Rusiya Xəzərin neytral zonalarında “amfibiyalar”dan istifadə etdi və Azərbaycana xəbərdarlıq yolladı ki, bu amfibiyalar 2 saat ərzində sizin sahillərinizə yan alacaqlar. O baxımdan İlham Əliyev də siyasəti elə aparır ki, dövlət müstəqilliyimizi ümumiyyətlə, itiməyək. Bizi yalnız narahat edən odur ki, Azərbaycan Aİ və Avropanın digər beynəlxalq təşkilatları qarşısında insan hüquqlarına dair razılaşdırılan öhdəlikləri yerinə yetirmir.”

“Qadınlar silaha qarşı!”

A.Abdullayevanın sözlərinə görə, Azərbaycanın vətəndaş cəmiyyətinin bir qism üzvləri bu şüarla bir çox tədbirlərdə çıxış ediblər: “Mən elə qadın tanımıram ki, münaqişənin sülh yolu ilə həll olunmasını istəməsin… Heç bir ana, torpağında övladının qanının tökülməsinə razı olmaz. O baxımdan biz qadınlar sülh tərəfdarıyıq”.

Bu gün də Azərbaycanda münaqişənin müharibə yolu ilə həll olunması tələbilə çıxış edən qurumların olduğunu xatırladan tədbir iştirakçıları əsas məqamlara toxundular: “Münaqişənin baş verməsində maraqlı olan dövlətlərin razılığı olmadan onun baş verməsi mümkünsüzdür. Müharibə yalnız o zaman baş verə bilər ki, buna imkan verilsin.”

Tədbirdə o da qeyd olundu ki, bir çox hallarda Ermənistanın vətəndaş cəmiyyəti üzvlərindən Georgiy Vanyan, Natalya Martirosyan da məxsusi olaraq qeyd ediblər ki, Ermənistan Azərbaycana qarşı münasibətdə yaxşı qonşu olmayıb, işğalçılıq siyasəti aparıb. 1988-ci ildə Mixail Zadornovun səsləndirdiyi “… onu da başa düşmürəm ki, bir dənə də gəmisi olmayan ermənilər niyə dənizdən dənizə xəritəyə sahib olmaq istəyirlər” məqaləsindən sitatları dinlədilər.

Tədbirin sonunda media və vətəndaş cəmiyyəti nümayəndələri münaqişənin həlli istiqamətində növbəti layihə olan mediator qadınlar şəbəkəsinin yaradılmasını da müsbət addım kimi qiymətləndirdilər.

xural.com

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button