Mən hür yaşamağa alışmış Türkəm…

Babalıq

Nə çox bu gərdişin əskik işləri,

Deməyim bilmirəm, deyim bilmirəm?

Göz-görə aşıma zəhrimar qatır,

Yeməyim bilmirəm, yeyim bilmirəm?

Dərdi, məşəqqəti qara yuxumdu,

Yoxu mirasımdı, varı yoxumdu,

Otəri ləzzəti şirin salxımdı,

Əyməyim bilmirəm, əyim bilmirəm?

Hakimi düşübdür şeytan izinə,

Amiri dünyanı dürtür gözünə,

Bu sərsəm dünyanın durum üzünə,

Söyməyim bilmirəm, söyüm bilmirəm?

Nə çox sabunlanıb ixtiyar alan,

Soy-kökü şübhəli, məzhəbi yalan,

Boynuna bir noxta, çiyninə palan,

Qoymayım bilmirəm, qoyum bilmirəm?

Şeytan mələk kim girdi gözümə,

Səs verdim, başbilən seçdim özümə,

İndi bir başıma, bir də dizimə,

Döyməyim bilmirəm, döyüm bilmirəm?

İnhisar çıxarıb daha ağını,

Çətin yığışdıraq əl-ayağını,

Rəhbərin rüşvətə hərb açmağını,

Öyməyim bilmirəm, öyüm bilmirəm?

Məmur ki doymadı puldan, sərvətdən,

O yerdə söz açma min-bərəkətdən,

Arada xətrinə, haşa hörmətdən,

Dəyməyim bilmirəm, dəyim bilmirəm?

Əcaib qurğudu, qəribə çağdı,

Oğrusu doğrudan beş boy qabaqdı,

Son karı, qazancı dörd qulac ağdı,

Geyməyim bilmirəm, geyim bilmirəm?

Köhnə Babalığam, turp kimi bərkəm,

Kükrəsəm, qabımı çatdadar sirkəm,

Mən hür yaşamağa alışmış Türkəm,

Ərəbdən əskikdi nəyim, bilmirəm?

“Xural” qəzeti,

Il: 9, sayı: 018(428), 08-14 may 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button