Mən nifrətin övladıyam

Günay Ümid

(bir oğlanın dilindən)

Mən onu tanımamışam.
Heç üzünü də görməmişəm…
Amma sən saçları saçlarıma,
Gözləri gözlərimə bənzəyir demişdin…

Mən onu öz dünyamda uydurmuşdum!
Hündür boyunu, güclü qollarını
Gözləmişdim bitməyən yollarını…

Bəzən saçlarıma sən tumar çəkəndə
Gözlərimi bağlayıb
Onu xəyal edirdim…
Əllərinin istisi
Uydurduğum ələ necə oxşayırdı, ana!

Sonralar başa düşdüm ki,
Uydurduğum atam
Çox sevdiyim
Sinif müəllimimə bənzəyir…
Bəlkə də onun nəzakətiylə
Yaratmışdım atamın portretini…

Amma böyüdükcə
Kiçildi o portret…
Bir qapı taqqıltısında
Qorxaraq
Sən işıqları yanıq qoyub yatanda,
Həyətdə oynayan uşaqlar
”Atam gəlir” deyə qaçanda
İçimdəki sükut
Nifrət olmuşdu ürəyimdə.
Kiçilmişdi o portret, ana!

Yadımdan çıxmaz
Bir gün
Şimşəyin səsinə ayılıb
Yanına gəlmək istədim…
Ağladığını duydum.
Nifrətim elə böyümüşdü ki ona
Keçib ayna qarşısına
Saçlarımı kəsmişdim.
Ona bənzədiyi üçün
Ağlatmışdım gözlərimi
Axıb getsin istəmişdim
Gözlərimin bənzərindən,
Çıxartmaq istəmişdim onu
Xəyalımın ən ağrılı yerindən…

Əsəblənmişdin mənə…
Sənə əzab verən insana
Mən də görməyəsən deyə
Nifrət eləyirdim saçlarıma da,
Ona bənzəyən gözlərimə də…

İndi məndən soruşsalar
Atamın boyun
İçimdəki nifrət boyda,
Qolları
Anamın qorxduğu gecələr qədər gücsiz…
Gülüşü
Dişlərimlə çeynədiyim gülüşlərim qədər laqeyd…
Əlləri
Köhnə köynəyim kimi soyuq…
Gözləri
Yollara dikilən baxışlar qədər ürkək…

Hə, ay ana!
Yənə gecə düşür üstümüzə…
Yağış yağır…
Böyümüşəm mən daha.
Gecə yetim, yağış yetim, mən yetim…
Mən gecəyə bənzəyirəm!
Saçlarımı, gözlərimi atama bənzətmə, ana
Daha mən böyümüşəm, işıqlarda yatma, ana!
Qollarınla sarıl mənə
Mən həsrətin öz adıyam!
Mən
Nifrətin övladıyam…

“Xural” qəzeti,

 il 9, sayı: 035 (443), 11-17 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button