“Məni adam yerinə qoymursunuz, hüquqlarıma tüpürürsünüz”

abdulla 1AMAY Abdulla: ”Elə düşünməyin ki, sakit qalacağam, istəyirsiniz mənə “vətən xaini” deyin, bu iş gedəcək Avropaya”

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə AMAY Ticarət Mərkəzinin rəhbəri, iş adamı Abdulla Abdullayev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. xural.com xəbər verir ki, prosesdə ilk olaraq təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlə çıxış etdilər.
A.Abdullayevin vəkili Əkbər Bağırov vəsatət qaldıraraq təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsini, zərərçəkmiş şəxslərin statusunun ləğv edilməsini məhkəmədən xahiş etdi: “Cinayət işi üzrə 269 zərərçəkmiş şəxs var. Onların 178 nəfəri ümumiyyətlə istintaqda dindirilməyib. Məhkəmə istintaqında dindirçələrdən də məlum oldu ki, Abdulla Abdullayev tərəfindən həmin şəxslərin heç birinə zərər dəyməyib. Müdafiə etdiyim şəxsə qarşı irəli sürülən bu ittihamlar qanunsuzdur”.
Vəkil Yavər Hüseynli vəsatəti dəstəkləyib. O bildirib ki, Abdulla Abdullayevin həbsdə saxlanması üçün heç bir əsas yoxdur. “İttihamların ağırlığına baxmayaraq, həbs-qətimkan tədbirinin dəyişdirilməsi üçün kifayət qədər əsaslar var. Abdulla müəllimin şəxsi keyfiyyətləri də həbs-qətimkan tədbirinin dəyişdirilməsinə imkan verir. Həmçinin onun məhkəmə istintaqından yayınma, istintaqa təsir göstərmə ehtimalı yoxdur. Hətta qapısı açılsa da, qanuni qərar qəbul edilmədən heç yana gedən deyil” – deyən vəkil həmkarının zərərçəkmişlərin statusu ilə bağlı qaldırdığı vəsatəti də dəstəkləyib. O, qeyd edib ki, zərərçəkənlərlə bağlı məsələ mülki xarakterli olduğuna görə, bu cinayət işinə ümumiyyətlə aidiyyatı yoxdur.
Vəkil Osman Kazımov da vurğulayıb ki, mülki xarakterli işə görə vətəndaşı həbsdə saxlamaq qanunsuzdur. “Bu hal  Avropa Məhkəməsinin qərarlarında da xüsusi vurğulanır: Həmçinin həbs-qətimkan tədbiri üçün Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulan əsasların da heç biri yoxdur. Yəni daimi yaşayış yeri var, istintaqdan yayınma ehtimalı yoxdur. İstintaqa mane olmaqdan isə ümumiyyətlə söhbət gedə bilməz. Əksinə, şahidlərin və zərərçəkmişlərin məhkəməyə gətirilməsinə birbaşa köməklik edir. Halbuki onları nə məhkəmə, nə də ittiham tərəfi tapa bilmirdi. Belə olan halda nə qədər sifariş olur olsun, adamı həbsdə saxlamaq qanunsuzdur. Bundan başqa, cinayət işinə daxil edilmiş bir çox mülki xarakterli işlərlə bağlı məhkəmə qərarları var. Azərbaycan dövləti adından qərar çıxaran yeganə qurum məhkəmədir. Heç olmasa dövlətə, məhkəmə qərarlarına hörmət edin”.
Dövlət ittihamçısı Fərid Nağıyev zərərçəkənlərin statusunun ləğv edilməsi ilə bağlı vəsatətə münasibətində bildirdi ki, bu məsələyə sənədlərin tədqiqi mərhələsində baxılması məqsədəuyğundur. F.Nağıyev həbs-qətimkan tədbirinin dəyişdirilməsinə əsas görmədiyini dedi. Məhkəmə müşavirə otağından qayıtdıqdan sonra vəsatətlərin təmin edilməməsi ilə bağlı qərarı elan etdi.
Bundan sonra məhkəmədə “AMAY” şirkətində təftiş aparmış auditor Adıgözəl Musayev şahid qismində dindirildi. O bildirdi ki, 2007-2010-cu illərin sənədlərinə əsasən təftiş aparıb. Müəyyən olunub ki, “Texnikabank” və “Birlikbank”dan 34 şirkət vasitəsilə götürülən kreditlər “AMAY”ın tikintisinə sərf olunub.
A.Musayev dövlət ittihamçısının suallarına cavab olaraq dedi ki, banka təqdim edilmiş biznes planında kreditlərin təyinatı başqa olsa da, Elşən Novruzovla (təqsirləndirilən şəxslərdən biri) firma rəhbərləri arasındakı razılaşmaya əsasən vəsaitlər “AMAY”ın tikintisinə sərf edilib.
Prokurorun “bu kreditlər üçün girov təqdim olunmuşdumu” sualı Abdulla Abdullayevin etirazına səbəb oldu. O, əsəbi halda sual-cavaba müdaxilə etdi. “Yadınızdan çıxarmayın ki, “Birlikbank”ın 20 min kvadratmetr mülkiyyəti var. Girov da qoyulub, pul da ödənilib. Buna baxmayaraq, məni atmısınız içər. Bəs o həbs olunan 43 nəfərdən niyə ala bilmirsiniz? Mən hələ sakitəm. Amma elə düşünməyin sakit qalacağam. Mənim hüquqlarımı tapdamısınız. Mənim bu gün burada saxlanılmağım da qeyri-qanunudir. İstəyirsiniz mənə vətən xaini deyin, bu iş gedəcək Avropaya. Çünki məni adam yerinə qoymursunuz, hüquqlarıma tüpürürsünüz. 14 aydır qanunsuz olaraq içəridə saxlayırsınız. Günahım olsa, 140 il də oturaram. İçəri mənim üçün problem deyil. İstəyirsiniz içəridən soruşun, maraqlanın. Bir gün sizin də yolunuz düşə bilər. Bu boyda haqsızlıq olmaz”.
Daha sonra kreditlərin təyinatı üzrə xərclənməməsi məsələsinə də toxunan A.Abdullayev dedi ki, kredit girovla götürülürsə, sahibkar onun təyinatını müəyyənləşdirməkdə müstəqildir.
Sonra məhkəmədə Vilayət Səfərov və “Birlikbank”ın idarə heyətinin sədri olmuş Səriyyə Səmədova şahid qismində dindirildilər. Onlar ibtidai istintaqa verdikləri ifadələri təsdiq etdilər.
Məhkəmə prosesi mayın 29-da davam edəcək.
A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılaraq, Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Abdulla Abdullayev, Novruzov  Elşən Firudin oğlu, Rzayev Heydər Nizami oğlu, Məmmədxanlı Mehman Əbülfəz oğlu, Qurbanov Vidadi Qəmbər oğlu və İlyasova Nadejda İvanovna təqsirləndirilən şəxs qismində cəlb edilib.
Abdulla Abdullayev Cinayət Məcəlləsinin dələduzluq, mənimsəmə və ya israf etmə, Yalançı sahibkarlıq və vəzifə səlahiyyətlərindən sui-istifadə əməlləri ilə təqsirləndirilir. Digər təqsirləndirilənlər isə dələduzluq, mənimsəmə və ya israf etmədə təqsirləndirilir.
Təqsirləndirilən şəxslərdən yalnız A. Abdullayev barəsində həbs qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button