Məni cəzaçəkmə müəssisəsində öldürəcəkdilər!

Biz azərbaycanlılar yorulana qədər, bizdən fərqli olaraq avropalılar nəticə əldə edənə qədər mübarizə aparırlar

Eynulla Fətullayevin azadlığa buraxılması özünü azad və müstəqil hesab edən bütün jurnalistlərin bir növ bayramına çevrildi. İllər uzun birbaşa prezident İlham Əliyevin şəxsi dustağı olaraq həbsxana divarları arasında yaşamaq asan deyildi və bütün dövlət arsenalının üzərinə yeridiyi vəziyyətdə duruş gətirib bayıra çıxana qədər yaşamaq həqiqətən ciddi iş idi. Fətullayev bunu bacardı və bütün azadlıqda qalan jurnalistlrəin həqiqətən də ümidine çevrildi.

Biz Eynulla Fətullayev həbsdən buraxılanda Bakıda deyildik. Onun azadlığa çıxmasını birbaşa özümüzün uğurumuz hesab etdik və bunu mətbuatımızın gələcəyi üçün vacib addımlardan biri hesab etdik. Təbii ki, Eynulla Fətullayevin bəzi gündəlik qəzetlərə danışdığı məqamlar yetərli qədər deyildi və biz bu səbəblə həmkarımızı redaksiyamıza dəvət etdik. Bu qədər iş-gücün arasında vaxt tapıb «Xural»a gələn gələn Eynulla çox önəmli şeylər danışdı. Ən azından, biz də o ümidlərə qapıldıq ki, indən sonra heç bir şey əvvəlki kimi olmayacaq və müstəqil və azad mətbuat bundan sonra bir çox uğurlara imza atacaq.

Beləliklə, danışır Eynulla Fətullayev…

Müdafiəmə 12 milyon insan qoşuldu!

– 12 milyon?

– Bəli, bəli…

Bəs nə qədər məktub gəlib? İnformasiyalar yazırdılar ki, Eynulla Fətullayevin ünvanına yüz minlərlə məktub və açıqcalar daxil olur.

– Bəli, yüz minlərlə. Allah qoysa, bizə qonaq gələndə görərsiniz. Yeşikləri qaldırmaq olmur. Dünyanın 53 ölkəsindən məktublar gəlib. Dünən «Amnesty İnternational» təşkilatının rəhbərliyilə ilə danışdım. Onlara çox isti, sıcaq məktub da yollamışam. İnsana bu məktublar həqiqətən də mənəvi-psixoloji dəstək verir. Təsəvvür edin ki, karserdə oturmusan və çox ağır vəziyyətdəsən və eşidirsən ki, bütün dünyada səni nə qədər insan dəstəkləyir.

Biz də hər zaman yazırdıq… «Xural» yazırdı ki, Eynullanı Nobelə doğru aparırlarBir az da qalsaydın, yəqin ki, Nobel mükafatı alacaqdın

– Hə. (Gülür…) Görünür, bu cür olur da, əslində. Çin hakimiyyəti adi professoru dünyaca məşhur bir Nobel mükafatçısı etdi. Amma o, sıradan bir professor, kasıb bir adam idi.

Bəlkə heç toxunmasaydılar, bu qədər irəli gedə bilməzdi.

– Hə, tamamilə doğrudur. O, heç bir qeyri-adi siyasi istedada malik adam deyildi. Sadəcə, qeyri-zorakı dinc siyasi mübarizəsini, baxışlarını tətbiq edirdi. Onu birinci dəfə həbs etdilər, sonra buraxdılar, ikinci dəfə isə həbs edəndə 11 il azadlıqdan məhrumetmə cəzasını verdilər. Sonra da Nobel mükafatı verdilər. Yəni sıradan bir professor və sadəcə, totalitar bir ölkədə demokratik dünya görüşünü, liberalizm ideyalarını təbliğ edən bir professor dünyaca məşhur bir insana çevrildi. Mənə məktublar gəlirdi ki, biz Azərbaycan haqqında ilk dəfə sizin həbsinizdən sonra eşitdik və sonra «Avrovision»dan tanıdıq. Yəni mənim həbsim dünyada «Avrovision» qədər əks–səda doğurub. Çünki dünyada, elə Qərbin özündə də başa düşə bilmirlər ki, necə ola bilər ki, bir jurnalist yazdığı yazıya görə həbsxanaya atılsın. Və bu, hansı ölkədə baş verir? Avropa Şurasına üzv olan bir ölkədə.

Azərbaycan hakimiyyəti Avropa Məhkəməsini aldada bilmədi

Azərbaycan bu təşkilata daxil olarkən müəyyən öhdəliklər götürüb

– Əlbəttə. Konvensiya imzalayıb və konvensiyanın 10-cu maddəsinə bu hərəkəti ziddir. Bundan başqa, Avropa Məhkəməsinin qərarından sonra da hakimiyyət məni azadlığa buraxmadı. Bu hərəkətindən sonra dünya od püskürdü. Bu hakimiyyətin analitikləri bizim düşündüyümüz qədər qabiliyyətli, bacarıqlı və qüdrətli deyil. Baxın, onlar düşünürdülər ki, Avropa Məhkəməsinin əvvəlki işlər üzrə çıxardığı bəraət qərarını icra edəndən sonra narkotik ittihamı verəcəyik və bununla da proses bitəcək, Eynulla da beynəlxalq dəstəyini itirəcək. Eynulla haqqında Avropa Məhkəməsinin qərarını icra edib deyəcəyik ki, biz bu qərarı yerinə yetirdik, daha nə istəyirsiniz? Amma bu, dünya ictimaiyyətini, Avropa Məhkəməsini ələ salmaqdı. Orada oturanlar sadəlövh insanlar deyillər ki, burada oturub bu cür siyasət yürüdənlərin təbliğatını başa düşməsinlər.

Əlbəttə

– Onlar da başa düşdülər ki, bu təxribat, bu zərbə məhz mənim azadlığa buraxılmamağım üçün qurulan bir səddir. Ona görə də daha yüksək əks-reaksiya doğurdu. Hakimiyyət düşünürdü ki, ona qarşı təzyiqlər azalacaq, amma görürsünüz ki, azadlığa çıxmağımın sonuncu gününə qədər kampaniyalar getdi. Hətta mən mayın 26-da buraxıldım, mayın 24-də isə bütün britaniyalı jurnalistlər twitter-də İlham Əliyevə qarşı kampaniya keçirdilər. Yəni sonuncu günə qədər kampaniyalar davam etdi. «Amnesty İnternational»ın rəhbərliyi ilə danışarkən məlum oldu ki, onların hakimiyyətə təsir göstərmək üçün yeni planları var imiş. Onlar Hollivud ulduzlarını bu prosesə qoşmalı imişlər. Yəni belə planları da olub. Mən hətta bir az peşman da oldum.

Prosesə Hollivud ulduzları qoşulacaqdı

– «Kaş ki, bir az da qalsaydım» deyə? (Gülüşmə…)

– Hə. Bir az da qalsaydım, bu planı həyata keçirəcəkdilər. Təsəvvür edin ki, aktyor Kevin Speys, Selma Xayk bu təşkilatla danışmışdılar. Onlar prezidentə belə bir müraciət etməli idilər ki, İlham Əliyev, xahiş edirik ki, Eynullanı azadlığa buraxın. Bundan başqa, Londonda konsert və digər aksiyalar həyata keçirilib. Bunlar bir şeyi dərk etmirlər ki, bir insan, özü də jurnalist həbsdə qaldıqca kampaniyalar əvvəldə olduğundan bir neçə dəfə güclənir. Mən bu fikri yazılarımda, söhbətlərimdə tez-tez təkrar edirəm. Bu fikir məndə həbsxanada yaranıb, görünür, bunun da bir əsası var – azərbaycanlılardan fərqli olaraq avropalılar nəticə əldə edənə qədər mübarizə aparırlar. Yəni biz yoruluruq, bəzən işlərimizi yarı yolda buraxırıq. Ortaya maddi-mənəvi dəyərlər düşür. Amma avropalılar nəticə əldə etməmiş mübarizələrini davam etdirirlər. Çünki onlar böyük mübarizə tarixi keçiblər. Çünki onların böyük demokratik dəyərləri var. Çünki onların müqavimət potensialı daha güclüdür.

Maraqlıdır ki, hakimiyyət səni həbs edəndə əhalinin, mətbuatın müəyyən kəsimində sənə qarşı etirazlar olsa da, sonda hər şey sənin lehinə dəyişdi. Sən həbsdə qaldıqca, əslində azad mətbuatın, azad sözün simvoluna çevrildin.

– Bəli, razıyam…

Bəlkə onlar bunu heç istəməzdilər. Əslində, səni bir jurnalist olaraq ictimai rəydə nüfuzdan, hörmətdən salmaq üçün çalışırdılar. Amma proses onların istədiyinin tam əleyhinə inkişaf etməyə başladı. Hətta mən çox maraqlı bir şeyi müşahidə etdim. Eynulla Fətullayevi həbs edəndə bir çox insanlar, ziyalılar var idi ki, bəlkə də onun haqqında birmənalı düşünmürdülər. Amma Eynula Fətullayev həbsdə qaldıqca və bu, uzandıqca, həmin müddətdə sənə olan basqılar artdıqca, artıq hamı birmənalı olaraq səni müdafiəyə keçdi. Hətta Mirşahinin səninlə bağlı hazırladığı veriliş efirə buraxılandan sonra sosial şəbəkələrdə yayıldı və böyük müzakirələrə səbəb oldu. Hətta Mirşahin miqyasında jurnalist belə Eynulla Fətullayev haqqında çəkdiyi filmdən sonra ictimai fikirdə çox ciddi şəkildə silindi, bəlkə də məhv oldu.

Mirşahin özünə qəsd etdi və ictimai rəydən silindi

– Bəli, mən deyərdim ki, məhv oldu. Əslində, belə bir verliş hazırlayıb onu efirə buraxmaq özünə qəsd idi. Bilirsinizmi məsələ necədir? Ümumiyyətlə, azərbaycanlılar həm də zəif görünən tərəfi, əzabkeşi müdaifə etməyi sevirlər. O zaman mən həbsdə idim və təbii ki, Mirşahinin ittihamlarına qarşılıqlı olaraq cavab verə bilməyəcəkdim və Mirşahinin o verilişi efirə buraxması insanlar tərəfindən yıxılanın bir daha tapdanması kimi qəbul olundu. Ona görə də əzabkeşə, öz ideyasına görə, ictimai marağa görə mübarizəyə girən, məhrumiyyətlə üzləşən insanlara ədalətsiz olaraq çamur atmaq, daş atmaq, həmin adamı «ədalətsiz» və «vicdansız» insan kimi tanıdır. Həmin insana qarşı bir ikrah yaradır. Ümumiyyətlə, mən hesab edirəm ki, insan zor durumda ədalətsiz bir qərar çıxarsa da, onun daxilində, qəlbinin içində bəlkə də yalnız özünə aid olan bir həqiqət var. Nə siyasi konyuktura, nə də hansısa siyasi-maddi maraqlar o daxili həqiqət, daxili ədalət hissini boğa bilməz. Mən sizə deyim ki, hətta iqtidar nümayəndələri, hökumət nomenklaturası da Mirşahinin həmin filmini ikrah hissilə qarşıladılar. Mənə onların reaksiyaları çatdı. Onlardan eşitdiyim söz bu oldu ki, bunun bir adı var, «o da nakişilik.» Yəni bu, təkcə mənə vurulan qurşaqdan aşağı zərbə deyildi, insanlar təbii olaraq bundan sonra fikirləşə bilərlər ki, bu cür jurnalistə artıq etibar etmək olmaz, çünki o, maddi maraqlarını hər şeydən üstün tutur. Artıq onu dinləməyəcəklər, ona baxmayacaqlar, ona inanmayacaqlar. Kişi kişiyə qarşı bunu etməzdi.

Əlbəttə ki, artıq azadlıqdasan, bundan sonra Mirşahin nə desəydi, bəlkə də cəmiyyət tərəfindən normal qarşılanacaqdı. Çünki qarşılıqlı olaraq onun cavabını verəcək adam da azadlıqdadır.

– O, indi heç bir vaxt döyüşməz, döyüşə girməz.

Mirşahin aciz adamdır

 

Niyə?

– Bu insanlar hər zaman açıq döyüşdən qaçıblar. Mən azadlıqda olanda Mirşahin haqqında çox yazmışam. Yazmışam və tənqidi fikirlərimi bildirmişəm. Amma o, heç bir zaman mənə cavab verməyib. O, mənə cavabını mən həbsxanada olarkən efirə buraxdığı o verilişlə verdi. Mən bu insan haqqında 3-4 il çox tənqidi fikirlərimi yazdım. Amma cavab vermədi. Görünür, mənə qarşı acığını, kinini, qəzəbini, qərəzini mənim həbs olunmağıma saxlayıbmış.

Əslində, bu, acizlik əlamətidir

– Bəli, əslində elədir. Əgər həqiqətən də aciz deyildisə, mən onun haqqında yazanda cavabımı verəydi, nədən vermirdi? Özü də bilirsinizmi nə vaxt o veriliş efirə buraxdırıldı? Avropa Məhkəməsinin haqqımda çıxardığı qərar yerinə yetirilməyəndə cəmiyyətin böyük bir kəsimində artq ümidsizlik yarandı ki, əgər indi də Eynullanı azad etmədilərsə, demək, artıq azad etməyəcəklər. Yəqin o da elə düşündü ki, məni bu hakimiyyət həbsdə çürüdəcək və heç bir vaxt da azad etməyəcək (Gülümsünür…).

Avropa Birliyini, Avropa Məhkəməsini tanıyan insanlar əminliklə deyirdilər ki, Eynulla Fətullayevi buraxacaqlar. Şəxsən mən bu fikirdə idim, bu haqda fikirlərimi yazmışdım daÇünki bu məsələ artıq İlham Əliyevin də səlahiyyətlərini aşan bir iş idi. İlham Əliyev ya Eynulla Fətullayevi buraxmalıydı, ya da çox ağır, əslində gözlənilməyəcək dərəcədə çox ağır işlərlə üzüzə gəlməli idi. Amma pessimizmə qatılan bir qisim insanlar iddia edirdilər ki, artıq Eynulla Fətullayevi heç bir vaxt buraxmayacaqlar. Maraqlı bir şeyi müşahidə elədim, bilmirəm, onu sən də bildinmiAvropa Məhkəməsinin qərarından sonra ölkə mətbuatının ciddi, bir zamanlar çox ağır qələmləri olan insanlarını sənə qarşı qurulan kampaniyaya qoşdular. Mirşahin yazdı, Rəşad Məcid yazdı, Vüsalə Mahirqızı yazdı

– Aydın Quliyev yazdı…

– …Maraqlıdır ki, artıq sıravi jurnalistləri deyil, birinciləri bu məsələdə söz deməyə çağırdılar. Sanki bütün yollar tükənmişdi və onlar da əsəbləşmişdilər

İlham Əliyevə mahiyyəti deməyə çəkindilər

– O zaman ağır artilleriyanı işə salmışdılar… (Gülür…)

Hətta o yazılardan bəzilərini oxuyanda hiss edirdin ki, bu yazı zorla, məcburən, istəmədən yazılan bir yazıdır.

– Hakimiyyətin özü bir isterikaya qapılmışdı. Çünki bu qərar hökumətin maraqlarına çox ciddi zərbə vurdu. Eyni zamanda Azərbaycanın beynəlxalq reputasiyasına ləkə gətirmişdi. Hakimiyyət sərt qərar gözləyirdi, amma qərarın bu qədər sərt olacağını zənn etməzdi. Mənə elə gəlir ki, bəzi məmurlar sadəcə İlham Əliyevin yanına girib, gözləniləcək qərarın mahiyyətini açıqlamaqdan belə qorxub. Bəlkə də o bu qərarın bu cür səpkidə olacağını bilsəydi, o qərardan əvvəl məni azad edərdi. Sadəcə, ona bu haqda düzgün məlumat verməyə qorxublar. Burada bir sual yaranır. Əgər buraxacaqdınızsa, niyə həbs etdiniz? Niyə bu maddələrlə həbs etdiniz? Onda niyə sizin saxtakar istintaq aparatınız bu qədər zəif və bu qədər qeyri-peşəkardır? Hətta saxtakarlığa da məncə bir istedad, savad lazımdır. Əgər o taxtda istedadsız və savadsız adamlar əyləşiblərsə, demək, onların da yerinə başqa adamlar tapmaq olar. Elə faktlar var idi ki, repressiv aparat artıq öz törətdiyi əməldən çəkinirdi və o törətdiyi əməlin girovuna çevrilmişdi.

– Görünür, prezidentin özünün belə Avropa Məhkəməsinin mahiyyəti haqqında məlumatı olmayıb. Özünün məlumatı olsaydı belə, dərhal onun qərarını icra edər və heç bir etiraz nümayiş etdirməzdi.

Mühafizəkar qol mənim həbsxanada qalmamı istəyirdi

– Bilirsinizmi, prezident əslində Avropa Məhkəməsinin qərarını və bu qərarın icrası detallarını bilməyə də bilər. Bunun üçün dövlət aparatı var. Bu işlə məşğul olmaq üçün məsul məmurlar var. Həmin məsul məmurlar, mən bilirəm ki, qərar çıxandan dərhal sonra məni azadlığa çıxarmağın tərəfində idilər və onlar artıq avropalılara deyirdilər. Bu söhbət 2010-cu ilin aprelin sonlarına təsadüf edir. Qərar aprelin 2-də verildi və təqribən 1 həftə, 10 gündən sonra Prezident Aparatının şöbə müdiri səviyyəsində beynəlxalq təşkilatlara bildirirdilər ki, istəyirsinizsə Eynulla Fətullayevi əfv edək? Yəni onu əfv fərmanı ilə azadlığa buraxsaq, bu sizi qane edərmi? Siz buna etiraz etməzsiniz ki? Əvvəlcə həmin məmurlar korpusunun cavabı və reaksiyası bu idi. Amma sonradan mövqe dəyişdi, çünki hökumətin içində də fikir ayrılığı var idi. Yəni hakimiyyətin müəyyən bir qolu qərarın icra olunmasının tərəfdarı idi. Mühafizəkar qol isə, mənə daha çox aqressiv münasibət bəsləyən insanlar nəyin bahasına olursa olsun, mənim həbsxanada qalmamı istəyirdilər və sabahı düşünmürdülər. Ona görə də nəticə etibarilə həmin mühafizəkar qol ilə qərarın icrasına mane olundu. Bunlar artıq addımbaşı qanunları pozmağa başladılar. Çünki başqa yolla həmin qərarın icrasının qarşısını ala bilməzdilər. Baxın, narkotik işi ilə bağlı mənim barəmdə həbs qətimkan tədbiri seçildi. Apellyasiya Məhkəməsi narkotika işi ilə bağlı qərar vermədən, narkotika ilə bağlı hökm qüvvəyə minməmişdi. Ona görə də istər-istəməz məni azadlığa buraxmalı idilər.

O müddətdə azad olunmalıydın?

– 9 ay müddətində həbs qətimkan tədbiri seçmirlər və birdən-birə yadlarına düşür ki, haqqımda həbs qətimkan tədbir seçilməyib. Elə kobud qanun pozuntularına yol verdilər ki, bu, heç kimin nəzərindən qaça bilməzdi. İkinci çox maraqlı məqama toxunmaq istəyirəm. Bir tərəfdən deyirlər ki, Avropa İnsan Haqları Məhkəməsinin qərarını icra etmirik, digər tərəfdən, mənim üzərimdə rəsmi olaraq 8 il 6 ay məhkumluq var idi. Narkotiklə bağlı da 2 il 6 ay cəza verdilər. Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən – bu qanun imperativ mahiyyət daşıyır – əvvəlki cəza ilə yeni cəza tam birləşməli idi, yəni mənə 11 il iş verməli idi. Bunlar nə etdilər? Yazdılar ki, Avropa Məhkəməsinin qərarını nəzərə alaraq, əvvəlki cəzanın hüquqi təsiri nəzərə alınmasın. Bu, hökmdə göstərilir. Bəs, onda 67-ci maddə necə olsun? Yenidən mənə 2 il 6 ay verdilər. Sadəcə 2 il 6 ay. Bu, ikinci pozuntu. İstintaq dövrü hesablanmadı. Yeni cəza təyin olunur və icraya yönəldilir.

Azərbaycanın Avropa Şurasına daxil olduğu gün məni məhkum etdilər!

Əslində, əvvəlki müddət hesablansaydı, səni gərək azadlığa buraxaydılar?

– Ona görə də üçüncü pozuntuya əl atdılar. İstintaq dövrünü hesablamadan cəzanı məhkəmə hökmünün elan olunduğu gündən verdilər. Yəni absurd və cəfəngiyyatlar başladı. Bunu tormuzlaya bilməzdilər. Yəni icranın mexanizmini saxlamaq artıq mümkün deyildi. Qaradağ Rayon Məhkəməsinin hakimini çox pis vəziyyətə salmışdılar.

O, özünü bir qədər demokrat kimi göstərməyə çalışdı, amma alınmadı.

– Bu yaxınlarda onu gördüm.

Həbsdən sonra?

– Hə. «Torqovı»da gedirdim, qarşıma çıxdı və məni çox xoş salamladı. Mən onun sifətində bir təəssüf hissi gördüm, amma nə etməli? O, bu məsələdə sadəcə bir «vintcik» idi. O, repressiv aparatın sadəcə bir detalı idi. Sonra Apellyasiya Məhkəməsində çıxış hüququndan məhrum etdilər, vəkilləri danışmağa qoymadılar, tez-tələsik qərarı qüvvədə saxladılar. Özü də hansı gündə? Azərbaycanın Avropa Şurasına daxil olduğu gündə məni məhkum etdilər, Avropa Məhkəməsinin qərarının əksinə olaraq. Mənim ümumiyyətlə vəziyyətimdə, situasiyamda o qədər qarışıq və ziddiyyətli düyün yarandı ki, hakimiyyət özü-özünü dolaşdırdı. Həm hüquqi, həm də siyasi baxımdan özlərini dolaşdırdılar. Mən detallara varmaq istəmirəm. Avropanın qurumları bunlarla açıq söhbət ediblər ki, yaxşı, bu insanı niyə həbsdə saxlamısınız? Elə cəfəngiyyat dəlillər gətiriblər ki, avropalıların özləri gülürdülər. Mən o baxımdan detallara varmaq istəmirəm, çünki bu bir az da qeyri-etik səslənə bilər. Onlar özlərini elə dolaşdırmışdılar ki, sonda özlərinə yaratdıqları bu labirintə bir də Eynulla Fətullayevin labirintini salmışdılar. Nəhayət, mən oturub düşündüm ki, artıq bunun özü mənim üçün çox təhlükəli situasiyadır.

Məni cəzaçəkmə müəssisəsində öldürəcəkdilər!

Əlbəttə, ortada Avropa İnsan Haqları Məhkəməsinin qərarı varsa və o, qəbul olunmursa, demək, həqiqətən də təhlükəli bir situasiya yaranıb. Yəni əgər həbsdən azad etmirlərsə, demək sonunda öldürmək məqsədləri var

– Bəli, bəli, məhz elə idi. Məni göndərəcəkdilər cəzaçəkmə müəssisəsinə və orada da öldürəcəkdilər. Mən bunu tam məsuliyyətimlə və tam səmimiyyətimlə deyirəm. Çünki bunlar kriminal dünyanın çox nüfuzlu adamlarını mənim üstümə yönəldirdilər.

Amma həbsdə olanlar deyirlər ki, kriminal aləmin avtoritetləri həbs olunan adamlara yaxşı baxırlar. Bəs sənə niyə belə mənfi münasibət var idi?

– Siz Aleksandr Soljenitsının «Arxipelaq qulaq»ını oxumusunuzmu?

Bəli.

– Bax, Soljenitsının təsvir etdiyi «qulaq» bu gün Azərbaycanda formalaşmaqdadır. Yəni dövr dəyişib.

Bəli, həmişəki dövr deyil.

– Yəni bilirsinizmi, bir vaxtlar Sovetlər Birliyi dağıldı, repressiv aparat, hüquq-mühafizə orqanları zəiflədi və bu proses başladı.

Yəni demək istəyirsiniz ki, sifarişləri elə həmin avtoritetlərə verirlər?

– Bəli, necə sovet vaxtında elə idi, bu gün də Azərbaycanda elədir. Artıq kriminal ünsürlər hakimiyyətin əlində təsirli bir silaha çevriliblər. Və həmin silahla siyasi məhbusları təhdid edirlər. Bax bu, böyük təhlükədir. Mən həbsdən çıxandan sonra siyasi liderlərlə, ictimai təşkilatlarla görüşlər keçirdim. Onlara təkrar-təkrar, israrla bildirdim ki, bu gün vətəndaş cəmiyyəti, mətbuat, siyasi partiyalar qarşısında yeganə məqsəd türmələr, həbsxanalar üzərində nəzarət mexanizmini, monitorinqi bərpa etməlidirlər.

Yəni siyasi məhbuslar haqqında mütəmadi yazıllmalıdır, onlar mütəmadi ziyarət olunmalıdır

– Baxın, bizim siyasətdəki dostlarımızın, mətbuatdakı azad fikirli həmkarlarımızın və digərlərinin istər-istəməz yolları həbsxanadan düşə bilər. İnsan kasıbçılıqdan, dilənçilikdən, bir də həbsə düşməkdən sığortalana bilməz. Rusların yaxşı bir sözü var, «ot çumı i ot tyurmı ne zaikaysya». Ona görə də bunu nəzərə almaq lazımdır. Azərbaycan avtoritar dövlətdir. Siyasətçilərin, mətbuat adamlarının, yəni müstəqil düşüncəli insanların ora düşməsi qaçılmazdır. Ona görə də türmələr üzərində ciddi nəzarət tətbiq olunmalıdır.

Məni mənəvi, alınmasa fiziki cəhətdən bitirmək planı vardı

Niyə 1 saylı həbsxanada səninlə bağlı elə bir vəziyyət yaranmışdı?

– Çünki hakimiyyət qarşısına bir məqsəd qoymuşdu – bütün mümkün vasitələrlə Eynulla Fətullayevi əzmək, susdurmaq. Hakimiyyət başa düşürdü ki, onun vaxtı azdır, vaxt limiti qurtarmaq üzrədir. Bu məsələdə müəyyən bir limit var, Əvəz bəy. Ona görə də bu limitdən hansısa bir zaman kəsiyində istifadə etmək lazım gəlirdi. Çalışırdılar ki, mənəvi cəhətdən bitirsinlər. Alınmasaydı, fiziki baxımdan məhv edəcəkdilər. Mən situasiyanı bu cür qiymətləndirdim.

Mətbuatın, ictimai rəyin dəstəyi yetərli oldumu?

– Mətbuatdan çox razı qaldım. Elə mənə ən böyük dəstək verən də həmkarlarım oldu. Elə bir həmkarım olmadı ki, – hakimiyyətyönlü mətbuatı nəzərdə tutmuram – məni müdafiə etməsin.

Yəni müstəqil mətbuat sizi müdafiə etdi

– Bəli, yarımüstəqil mətbuatdan belə razıyam. Hətta müəyyən mənada hökumətdən asılı duruma düşən insanlardan da razıyam. Təsəvvür edin ki, APA, «Trend» agentliyində çalışan insanlar var ki, onlar tam olaraq hakimiyyətdən asılı olan KİV-lərdir. Elədir, elə deyil, Əvəz bəy?

Elədir.

– Həmin KİV-lərin jurnalistləri xəlvətcə, bəlkə də redaksiya qaydalarına zidd olaraq mənə açıq dəstək verirdilər. Bəzən informasiya sızdırırdılar, bəzən evimizə xəlvətcə gəlirdildər. Mən bu məsələdə həqiqi jurnalist həmkarlarımın həmrəylini gördüm. Bir daha əmin oldum ki, bizim çox gözəl peşəmiz var. Heç bir peşə sahibləri bu qədər həmrəy deyillər. Mənə elə gəldi ki, bu vəziyyətdə hakimiyyət çox məyus duruma düşdü. Hakimiyyət də bu qədər həmrəyliyin olacağını hesablamamışdı.

Məmur dostlarım gizli yolla kömək edirdilər

Məmur korpusundakı dostların necə, dəstək verdilərmi?

– Bilirsinizmi, mən çoxlarını qınamıram. Vəziyyət elədir ki, qınamaq olmur. Dostlarım da, informasiya mənbələrim də, müəyyən mənada münasibətdə olduğum, əlaqə saxladığım insanlar da olub. Elələri var idi ki, gizli yolla kömək edirdilər. Elələri var idi ki, gizlin xəbər göndərirdilər ki, Eynulla yəqin bizdən inciməz, bizi başa düşər. Ona görə mən onları başa düşməyə çalışırdım. Həbsxana insana çox şeyi öyrədir, bunlardan biri də başqalarını başa düşmək, anlamaqdır. Orada insan başqalarına qarşı münasibətdə daha dözümlü, daha anlayışlı olur. İnsanın müəyyən mənada zəifliklərini çox asanlıqla başa düşüb, dərk edirsən. Və özünü çətinə düşmüş, müşkülə düşmüş insanın yerinə qoymağı bacara bilirsən. Həbsxana insana bu təcrübəni verir. İnsan bəlkə daha da müdrikləşir.

Bəs hüquq müdafiəçiləri? Onlar haqqında da bu sözləri demək olarmı?

– Mən yalnız onu deyə bilərəm ki, Azərbaycanda iki hüquq müdafiəçisi var –Leyla Yunus və Arzu Abdullayeva. Digərləri də var – Mətləb Mütəllimli, Vüqar Qocayev, Fuad Həsənov və ən başlıcası, Emin Hüseynov. Emin hüquq müdafiəçisi kimi müstəsna üstünlüklərə malikdir.

Çingiz Qəniyev, Səidə Qocamanlı

– Bilirsinizmi, yenə deyirəm ki, həmin siyahını Novella Cəfəroğlu ilə də artırmaq olar. Onlar sadəcə öz səlahiyyətləri çərçivəsində nəsə etməyə çalışırdılar. Mən artıq bilirsinizmi hansı prinsipdən çıxış edirəm? Çalış heç kəsi qınama! Yəni onu başa düşməyə çalış və bacarırsansa alternativ aləti ortaya qoy. Avtoritar dövlətdə kimsə hakimiyyətə qarşı gedə bilir, kimsə də gedə bilmir, kimsə də getmək istəmir. İnsanlar öz iradələrinə uyğun olaraq ona qoyulan məhrumiyyətləri qəbul edə və etməyə bilir. Azadlığa meylli insanlara qarşı ov təşkil edilməlidir? O insanları pis vəziyyətdə qoymaq üçün yaxşı nümunələr çox olmalıdır. Başa düşürsünüzmü? Burada bəlkə də qəhrəmanlığa ehtiyac yoxdur. Məsələn, Leyla Yunus var, lap yaxşı, amma çalışıb sən də öz sahəndə və yaxud ola bilər ki, hüquq-müdafiəçisi sahəsində Leyla Yunusun, Arzu Abdullayevanın nümunəsini təkrar etməlisən.

Siyasi mübarizənin nəticəsi hakimiyyət dəyişikliyidirsə, bunu Azərbaycanda etmək mümkün deyil

Sonu gələn sayımızda

Hazırladı:

Bamsı Beyrək

“Xural” qəzeti,

İl: 9, sayı: 025 (433), 03-09 iyul  2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button