Mənim evimi qaytarın!

Yarımçıq hekayə və ya Azərbaycan Prezidentinə

Açıq məktub

Cənab Prezident!

Bu qəribə məktubu yazmağa Azərbaycan Respublikasının məhkəmələrinin artıq 3 ildir başıma  açdıqları oyunlar məcbur edib. Düzdür, mən Sizin saytınıza da şikayət göndərmişəm, lakin orada qısa olduğu üçün qəzet vasitəsilə daha açıq şikayət etmək qərarına gəldim. Bu hekayə bütün standart həyat hekayələri kimi xoş məramla başlayır, ortada məşəqqətlər dolu bir zaman kəsiyi var və sonluğun necə bitəcəyi isə Sizdən asılıdır. Çünki mənim artıq bu məhkəmələrin ədalətə yox, ədalətsizliyə qulluq etdiyinə heç şübhəm qalmayıb. Aşağıda yazdıqlarımı oxuduqdan sonra hər şey Sizə aydın olacaq.

Mən İsmayilov Nurəddin (Xoca) Abbas oğlu 2-ci qrup Qarabağ əliliyəm. Hal-hazırda jurnalist fəaliyyəti ilə məşğulam. 1993–cü ildə Bakı səhəri, Əlibəyov qardaşları 38, mənzil 12 adresində bir otaqlı mənzil almışam. 1994-cü ildən hərdən getdiyim mənzilin açarlarını və qeydiyyat şəhadətnaməsini qardaşım İsmayılov Firidun Abbas oğluna vermişəm. Özüm isə müəyyən səbəblər üzündən uzun müddət Azərbaycanda olmamışam. 2002-ci ildə Azərbaycana qayıdandan sonra öyrənmişəm ki, o mənzildə müəyyən ailə problemləri səbəbindən qardaşım yaşayır. Onunla birlikdə dostu Vəliyev Şahin Səməd oğlu da hərdən bu mənzildə yaşayırmış. Vəliyev Şahin evlənəndən sonra hərdən Bakıya ailəsi ilə gələndə qardaşımın yanında qalırdı. Bir şeyi də əlavə etmək istəyirəm, mən 1994-cü ildə Azərbaycandan getməmişdən əvvəl evimin darısqal  və həyətdə genişlənməyə yer olduğu üçün Səbail icra hakimiyyətindən evimi genişləndirməyə sərəncam alıb qardaşıma vermişdim.

2003-cü ildə qardaşım ailə problemlərini həll edib və dostu Şahinin xahişi ilə evi Şahinə verib. Şahin həyat yoldaşı ilə Bakıda olan zaman bu evdə qalanda arvadının qonşularla tanış olduğunu, yaxında uşaqları üçün məktəb olduğunu və özünün tez-tez və uzun müddətlər Azərbaycanda olmadığını əsas gətirərək, şərait qurana qədər qardaşımdan müvəqqəti olaraq evdə yaşamağa icazə istəmişdi. Qardaşım da icazə vermişdi. Mənə qeydiyyat şəhadətnaməsi lazım olanda qardaşımdan onu istədim. O, Vəliyev Şahindən vəsiqənin istəyəndə Şahin vəsiqənin itdiyini dedi və məcbur oldum, onun dublikatını çıxarım. Mən böyük qardaşıma etiraz etməmişəm. Lakin 2007–ci ildə mənzili banka qoyub pul götürmüşəm. Bütün bunlar sənədlərdə oz əksini tapıb. O mənzildə mən və iki oğlum qeydiyyatda olub. Qardaşımın ağır xəstəliyinə görə onu Moskva şəhərinə göndərməli oldum. Xəstəliyi ağır xəstə və müalicəyə pul lazım olduğu üçün evi satmaq qərarı verdim.

Bunu bilən Vəliyev Şahin evi satmamağı xahiş etdi və qardaşımın müalicəsinə kömək edəcəyinə söz verdi. Həqiqətən də o, mənə 700 dollar pul göndərdi və mən bu pulu onun həyat yoldaşından aldım. Beləliklə, bu pul yetməyincə, mən evi satmaq qərarı verdim. Lakin Şahini tapa bilmədiyimə görə, məhkəməyə müraciət etdim ki, evi boşaltdırım. Məhkəmə evi boşaltma qərarı verdi. Bu, ədalətli qərar idi. Lakin görüb-götürəcəyim ədalət (Ali Məhkəmənin axırıncı yarımçıq ədalətli qərarı sayılmasa) bu oldu. Rusiyada qardaşımın ağır xəstə olduğunu bilincə, Şahin evdən çıxmayacağını və məhkəmələrdə pul gücünə hər şeyi həll edəcəyini dedi və həll etdi. 3 il ərzində keçdiyim bütün məhkəmələr əlimdə olan əşyayi-dəlillərə və qanunlara baxmayaraq, onun xeyrinə qərar çıxardılar. Göz görə-görə mənim halal evimi (Şahin deyir: “Azərbaycan məhkəmələrində mənim pulum ədaləti əvəz edir”) məhkəmələr əlimdən aldılar. Qardaşım pulum olmadığı üçün Moskva şəhərində rəhmətə getdi. Səbail Rayon Məhkəməsi və Apellyasiya Məhkəməsi tam qanun pozuntusuna yol verərək, mənim halal, sənədli-sübutlu evimi Vəliyev Şahinə verdi. Apellyasiya Məhkəməsinin Mülkü İşlər üzrə Kollegiyasının sədri Mehdi Əsədov mənim işimə baxarkən, heç bir sənədə baxmadan işi ildırım surəti ilə qarşı tərəfin xeyrinə həll etdi. Sonra mənə dedilər ki, o, kim pul versə işidə onun xeyrinə həll edir.

Lakin mənim bəxtimdən Ali Məhkəməyə verdiyim şikayət korrupsiyaya qarşı mübarizə vaxtınamı düşdü və yaxud hakimim Rəşadət Ağayev ədalətlimi adamıydı, Allah bilər, fakt odur ki, o, işin düz baxılmadığına qərar verib qismən ədaləti bərpa etdi.

Bu hekayənin üçüncü və əsas hissəsi bundan sonra başlayır. Mən niyə deyirəm qismən? Çünki o, işə ədalətsiz və böyük səhvlərlə baxıldığını yazaraq işi yenidən baxmaq üçün APELLYASİYA MƏHKƏMƏSİNƏ göndərib. Bir qədər əvvəl yazdığım kimi bu məhkəmənin MÜLKİ İŞLƏR ÜZRƏ KOLLEGİYASININ SƏDRİ M.ƏSƏDOV mənim işimə baxarkən tam qanunsuzluğa yol verərək bir dəfə qanunsuz qərar çıxarıb. Görəsən, onun hakimi öz sədrinin əksinə qərar çıxara bilərmi? Məntiqlə və bu günün şərtlərinə uyğun olaraq hamı deyir, YOX! Ya gərək pul verəsən, o mən də yoxdur, ya da gərək Siz hər bir azərbaycanlının varından, vəzifəsindən, sosial statusundan asılı olmayaraq haqlarını qoruyacağınıza əmin etdiyiniz AZƏRBAYCAN PREZİDENTİ kimi bu işi öz nəzarətinizə götürəsəniz. Bəli, bu iş Prezident nəzarətində olsa, Azərbaycan qanunlarına hörmətlə və ədalətlə baxılsa, haqq öz yerini tutar. İstəyirəm ki, nə olursa olsun, qoy ədalət zəfər çalsın. Heç kim heç kimin haqqını yeməsin. Haqsızlıq edən hakimlər isə cəzalandırılsınlar. Axı cinayət (əslində, hakimlərin etdiklərinə ancaq bu adı vermək olar) cəzasız qalmamalıdır.

Mənim yeni apellyasiya İŞ KODUM  2(103)- 2393/2011-dir və işimə 2011-ci il mayın 11-i, saat 10.40-da hakim AYGÜN ABDULLAYEVA tərəfindən APELLYASİYA MƏHKƏMƏSİNDƏ baxılacaq.

Cənab PREZİDENT!

Xahiş edirəm göstəriş verəsiniz mənim məhkəmə işim nəzarətə götürülsün. Yenə deyirəm, qoy HAQQ və ƏDALƏT qalib gəlsin. Günahkarlar isə cəzalarına çatsınlar ki, Azərbaycan vətəndaşlarına AVROPA MƏHKƏMƏLƏRİNƏ üz tutmağa lüzum qalmasın.

Hörmətlə:

İsmayılov Nurəddin (Xoca) Abbas oğlu

8 may 2011- ci il, Bakı şəhəri

“Xural” qəzeti,

Il: 9, sayı: 018(428), 08-14 may 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button