“Mənim həbsxanada öyrənəcəyim heç nə yox idi” – Əvəz Zeynallı ilə müsahibə

bitmap-img6


Əvəz Zeynallı: “Mediadakı monopoliya dağıdılacaq – mənim missiyam həm də bundan ibarətdir”

 
 “Xural” qəzetinin baş redaktoru: “Bu gün Azərbaycanda özünün mübarizə əzmi ilə seçilən Əli Kərimli var, ancaq onun mübarizə ovqatı olsa da, sistemi, mexanizmi yoxdur”.
PİA.AZ tanınmış jurnalist, “Xural” qəzetinin və “Xural.com” saytının baş redaktoru Əvəz Zeynallı ilə müsahibəsini təqdim edir:
 
– Əvəz bəy, bir ildən artıqdır ki, həbsxanadan çıxmısınız. Ailənizin, yaxınlarınızın yanındasınız. Həbsxanadan öncə və sonra sizin dünyagörüşünüzdə, həyat fəlsəfənizdə nə kimi dəyişikliklər oldu?
– Həyat fəlsəfəsində dəyişiklik bir az çətin olur. Çünki düşüncələrimi, həyat fəlsəfəmi tez-tez dəyişəcək yaşda deyiləm. Amma həbsxana insanı xeyli dəyişir. Həbsxanaya qədər insan həyata, hansısa xəbərə fərqli baxır, amma həbsxanadan sonra baxışların tamam fərqli olur. Mən indi hər dəfə masa arxasına keçəndə, hər yazıda məhkəmə və ya cinayət məcəlləsinin maddələrini görürəm. Hətta küçədə belə…Məsələn, küçəylə gedəndə iki adamın əsəbi zarafat etdiyini, dalaşdığını görəndə onları ayırmaq istəyirəm. Başa salmaq istəyirəm ki, bir-birinizə şillə vurarsınız, həbs oluna bilərsiniz. Heç nədən 8 il həbsxanada çürüyə bilərsən. Həbsxanadan öncə insan belə mövzulara adi baxır. Ancaq həbsxanada yüzlərlə insan olur. Gənc uşaqlar 8-9 illik həbs cəzası alırlar. Bununla da bütün ömrü puç olur. Özümə gəlincə, mən elə əvvəlki Əvəzəm. Bütün xarakterimlə…
– Üç ildən artıq həbsxanada oldunuz. O dönəmdə həyatınızı analiz etmək imkanınız oldu. Həmin analiz nəticəsində keçmişinizdən peşman olduğunuz anlar oldumu? Və səhvləriniz olubsa, o  səhvləri  bir daha təkrarlayırsınızmı?
– Həbsxanadan 1 il 1 aydır ki, çıxmışam. Məni 19 ay Bakı İstintaq Təcridxanasında, 18 ay isə 10 saylı Cəzaçəkmə müəssisəsində saxladılar. Cəzaçəkmə müəssisəsi balaca kənd kimidir. O kəndin min nəfər sakini var. Bakı İstintaq Təcridxanası isə fərqlidir. Ora bir otaqdır. Əvvəllər iki adam qalırdıq, sonra 7-8 ay tək oldum. İndi düşünün, hər tərəfdən bağlı olan dörd nəfərlik otaq. Psixoloji olaraq dözmək çətin olur. Azad olmağın nə demək olduğunu orada anlayırsan. Bizim təcridxana sistemi Avropa sisteminə bir az uyğundur. Həbsxanada adamın düşünməyə çox vaxtı olur. Harada səhv etdiyimlə bağlı özümə çox suallar vermişəm, amma peşmançılıq çəkmədim. Sonda gəldiyim qərar budur ki, mən hər şeyi düz elədim.

Əvəz Zeynallı: “Əslində bizim millətimiz dövlətə, qanunlara bağlılığı ilə seçilən millətdir. Bu, hakimiyyətin böyük şansıdır”

– Bu gün eyni vəziyyətlə yenə də üzləşsəydiniz, yenə də siyasi məsələləri qabardardınızmı, yoxsa tamamilə siyasətdənkənar şəkildə məsələni çözməyə çalışardınız?
– Təsəvvür edin ki, məni həbs etdirmək üçün böyük bir torba tikilib və bir neçə yerdə variantlar işlənib. Mən bu epizodda həbs olunmasaydım, başqa bir epizodda yenə də həbs edəcəkdilər. İndiki şəraitdə dediyiniz vəziyyət yaramaz. O vaxt mən sadəcə olaraq həbs prosesini sürətləndirdim. Son yazılarımda prezidentlə bağlı bəzi məqamlar vardı və o məqamlar prosesi sürətləndirdi.
– Bəs həbsxanadan çıxandan sonra  ilk təəssüratınız nə oldu?
– Mən bir saat bir yerdə durmayan adamam, amma məni 1158 gün bir otağa təhkim etdilər. Əslində, bu, çox dəhşətli bir şeydir. Həbsxanadan çıxandan sonra Bakını, insanları xeyli dəyişən gördüm. “Xural” gündəlik qəzet idi, redaksiyamıza hər gün yüzlərlə adam gəlirdi. Ancaq həbsdə və həbsdən sonra o yüzlərlə adamın 1%-ni görmədim. Mənim üçün ən böyük təəssürat bu oldu. Mən həbsə girəndə müstəqil media durumu az da olsa, var idi. “Xural” qəzeti Azərbaycan mətbuatının yönümünü bir az dəyişə bilmişdi. Mən o şəkildə həbs olundum.
Azərbaycan mətbuatı tarixində ən çox həbs cəzası alan redaktoram. Yəni Azərbaycanda 9 ildən çox həbs cəzası alan jurnalist yoxdur. Həbsxanadan çıxandan sonra gördüm ki, azad media darmadağın olunub. Media monopoliyalaşa bilməz, amma nisbətən monopoliyalaşdırdılar. Mən dövlətin əlindən pul almalı deyiləm, dövlətin hansısa qurumu mənə pul verməli deyil. KİVDF-nin verdiyi pul müstəqil mediaya xidmət etmir, əksinə, müstəqil medianın dolayı yolla satın alınmasında vasitəçidir. Ona görə də hesab edirəm ki, Azərbaycanda sərbəst reklam bazarı olmadıqca, sərbəst media da olmayacaq. Mən bunu ona görə demirəm ki, mənim işimdə şikayətçilərdən biri də KİVDF-nin icraçı direktoru idi. Mən həmişə qəzetlə işləmişəm, ona görə də qəzet nəşrinin nə olduğunu bilirəm. Müstəqil mətbuatın nə demək olduğunu bilirəm.


Əvəz Zeynallı: “Mən indi hər dəfə masa arxasına keçəndə, hər  yazıda məhkəmə və ya cinayət məcəlləsinin maddələrini görürəm”

 
– Belə deyək, bazarı artıq qəzetlər yox, saytlar doldurub və mediada saytların monopoliyası yaranıb…
– Hə, elədir. Həbsdən sonra mən də saytların içinə düşdüm. Ümumiyyətlə, mən onlayn mediada da işləməmişəm. Mən 46 yaşımda onlayn medianın nə olduğunu öyrənməyə başladım. Demək olar ki, qəzet dönəmi artıq bitib. Artıq satış mərkəzləri də yoxdur. Qəzet bazarı zamanın sürəti ilə ayaqlaşa bilmir. Qəzet informasiya mənbəyi olmaqdan çıxır. Amma hesab edirəm ki, qəzetlər ciddi araşdırma yazıları üçün hələ də gərəklidir.
 
– Demək olar ki, həbsdən sonra mətbuatdan uzaq düşmüsünüz? 
– Yox, elə hesab eləmirəm. Mən indi dəqiq bilirəm ki, Azərbaycanın gündəmini neçə yazıya və neçə günə zəbt etmək mümkündür. Amma bunun sonunda neçə il həbs var, onu da bilirəm (red: gülür). Ölkədə elə bir sistem qurublar ki, səninlə döyüşən xırda məmurlardır. Ona görə də ölkəninin qlobal problemləri medianın diqqətindən tamamilə kənardır.
Mən həbs olunanda mənə deyirdilər ki, sən prezidentlə döyüşürsən. İlham Əliyev Əvəz Zeynallı ilə niyə döyüşsün ki?! Bizim ortaq yönümüz belə yoxdur. Ölkədə prezidentdən aşağı məmurlar korpusu var. Deyim sizə, Azərbaycanda siyasi məhbusları yaradanlar da onlardır. Çünki siyasi məhbus yaradan mexanizm məhz məmurlar korpusunun maraqları çərçivəsində ortaya çıxıb. Həmin məmurların kimisə həbs etdirməsi üçün İlham Əliyevin razılığı lazımdır. İlham Əliyev Əvəz Zeynallının həbsinə niyə razılıq versin ki?! Aşağı ranqlı məmurlar bütün yollardan istifadə edərək Əvəz Zeynallını İlham Əliyevlə üz-üzə qoyurlar. Bütün siyasi xarakterli həbslər bu şəkidə baş verib.
Məmurlar bizi boğur. Biz boğulduğumuz zaman prezidentin üstünə istiqamətlənən an, məmurlar bizi prezidentlə döyüşə çıxarır, problem yaradır və bizi həbs etdirirlər. Əslində, ölkədəki 100-dən artıq siyasi məhbusların problemi də budur. Adi bir misal çəkim, başda Fəzail Ağamalı olmaqla, parlamentin 20-ə yaxın deputatı İlqar Məmmədovu tutdurmaq istəyirdilər. Sonunda tutdurdular.


Əvəz Zeynallı: ““Xural”ın redaksiyasına yüzlərlə adam gəlirdi. Ancaq həbsdə və həbsdən sonra o yüzlərlə adamın 1%-ni görmədim”

 
– Tofiq Yaqublunun, İlqar Məmmədovun həbsində İsmayıllı hadisələrindən istifadə olundu…
– Bu və ya digər formada onları həbs etdirdilər. Nə fərqi var ki, nəyə görə tutdular. Əsas odur ki, hakimiyyətdəki bəzi adamlar onların həbsini istəyirdi.
 
– “Xural” qəzetinin tarixə çevrildiyini söyləmək olar?
– “Xural” qəzeti yalnız  Əvəz Zeynallı öləndən sonra tarixə çevirilə bilər. “Xural” qəzeti çıxacaq. Azərbaycanda və mediada baş verən monopoliya dağıdılacaq. Mənim missiyam bundan ibarətdir. Bu gün qeyri-bərabər döyüş olduğuna görə bir şeylər edə bilmirik. Amma inanıram ki, Azərbaycanda media monopoliyasını dağıda biləcəyik. Digər sahələrdə olduğu kimi media sahəsində də çox ciddi dəyişikliklər baş verəcək. Azərbaycanda azad media mühiti yaradılanda isə indiki qurumlar olmayacaq. Mən inanıram ki, zamanla azad mətbuat qarşısındakı divarları sökəcək və sapı özündən olan baltaların da saplarını baltadan çıxaracaq.
– “Xural” qəzetini bərpa edəndə əvvəlki heyətlə çalıaşacaqsınız, yoxsa necə?
– Əvvəlki heyətimizdən çox az adam qalıb. Hamısı başqa sahələrdədir. Yəqin ki, gənclərlə işləyəcəyik.
– Həbsxanada qazandığınız hansısa bir məşğuliyyətiniz var? Ya da hobbiniz?
– Mən həbs olunmamışdan əvvəl uzun müddət özümü həbsxana üçün hazırlamışdım. Ona görə həbsxanaya da psixoloji cəhətdən hazır getmişdim. Həbsxanada nəyisə öyrənmək mümkündür. Həta sənət belə öyrənmək olar. Ancaq mənim orada öyrənəcəyim şeylər yox idi. Həbsxanada məndən nələrsə öyrəndilər. Məsələn, “Siqaretsiz gələcək” kampaniyasını orada davam etdirdim, 17-18 adama siqareti tərgitdim, çoxuna kitab oxumağı təlqin elədim. Mən olan yerdə qəzet həmişə olduğuna görə, bütün korpus məndən qəzet alıb oxuyurdu. Orada daha ağır situasiyada yatan məhbuslar vardı, onlara əlimdən gələn köməklik edirdim. Təxminən 120 kitab oxudum. İmkan olanda idmanla məşğul oldum. Həbsxanada insan tək öz həyatını, davranışlarını yox, başqalarını da analiz edə bilir. Mənim 3603 səhifəlik həbsxana gündəliyim var.


Əvəz Zeynallı: “Son 5 ildə Azərbaycanda parlayan bir yazar ortaya çıxıbmı?”

– O gündəliyinizi nəşr etdirmək fikriniz var?
– Həbsdən çıxandan sonra bütün gücümlə o gündəlikləri elektron varianta salmağa çalışıram. Çünki hamısı əl yazısıdır. Gündəlikdə yazdıqlarımın hamısını olduğu kimi kitab şəklində nəşr edəcəm.
– Həbsxanada dustaqlarla münasibətlər necə formalaşır? Həbsdən sonra da əlaqə saxladıqlarınız olub?
– Həbsxanadan sonra da əlaqələrim davam edir. İmkan olanda yanlarına gedirəm, sovqat aparıram. Həbsdən çıxanların hamısı zəng edir. Azərbaycanda həbsdən çıxan insanların reabilitasiya məsələsi çox çətindir. Qanunda nəzərdə tutulan qurumlar var, amma işləmir. Dustaqlar arasındakı həmrəylik çöldəki həmrəylikdən daha yaxşıdır. Sıravi dustaqlar siyasi məhbuslara son dərəcədə yüksək münasibət bəsləyirlər. Həm də gərək insan özünü ləyaqətli apara bilsin. Özünə hörmət edən, ləyaqət nümayiş etdirə bilən hər kəsə hər yerdə hörmət olunur. Təbii olaraq həbsə gedəndə orada səni əl üstündə qarşılayırlar. İnsanların hüquq və azadlığı uğrunda döyüşən insanlar üçün həbsxanada yaşıl işıq var. Çünki hər kəs bilir ki, sən onun hüquqları uğrunda döyüşüb gəlmisən.
– Beş il öncəki siyasi müxalifətlə indiki müxalifət arasında hansı dəyişiklikləri görürsünüz? Ümumiyyətlə, Azərbaycan müxalifəti ilə bağlı nə düşünürsünüz? 
– Beş il ərzində beş il daha geriyə gediblər. İrəliyə bir addım belə atılmayıb. Hal-hazırda müxalifət formal olaraq mövcuddur. 2004-2005-ci illərdə yazırdım ki, bu ölkə sistemsiz birliklərdənsə, sistemli parçalanmaya getməlidir. Əslində, bu proses baş verdi. İndiki müxalifət Azərbaycanın böyük problemlərini həll etməyə qadir deyil. Ona görə də bütün Azərbaycan ayaq üstündədir. Azərbaycanda hamı narazıdır, amma heç nə dəyişmir. Çünki bu müxalifət onu dəyişdirməyə qadir deyil, öz funksiyasını yerinə yetirə bilmir. Ancaq Azərbaycanda yeni və nəhəng müxalif qüvvələrin ortaya çıxacağını gözləyirəm.
– Sizcə bu radikal və inqilabi qüvvə olacaq, yoxsa proseslərin islahatlarla həyata keçirilməsinə çalışacaqlar?
– Ölkə islahat istiqamətinə gedəcəksə, ortaya çıxan həmin güc islahatları davam etdirəcək və yeni sistemin qurucusu olacaq. Əslində, bizim millətimiz dövlətə, qanunlara bağlılığı ilə seçilən millətdir. Bu, hakimiyyətin böyük şansıdır. Belə xalq qonşu ölkələrin heç birində yoxdur. Bu xalqın içindən terror qrupları, radikal kəsimlər çıxmayıb. Tarix boyunca belə olub. İndi də belədir.


Əvəz Zeynallı: ““Xural” qəzeti yalnız Əvəz Zeynallı öləndən sonra tarixə çevirilə bilər”

– Bu günlərdə “Yeni Müsavat”  xəbər yaydı ki, Azərbaycan müxalifəti Əli İnsanovun həbsdən çıxmasını həsrətlə gözləyir və müxalif düşərgədə sabiq nazirin vahid lider olmasını istəyənlər çoxdur. Sizcə Əli İnsanovun bir lider kimi şansları varmı?
– Bunu “Yeni Müsavat” analiz edibsə, o analizin 70%-i həqiqətdən uzaqdır. Əli İnsanov ayrı-ayrılıqda gücdür, amma müxalifətin başına keçəcəyinə inanmıram. Bu müxalifətlə və bu müxalifətin kadr potensialı ilə heç kim heç bir yerə getməyəcək. Bu, imkansızdır. Əli İnsanov çox ciddi fiqurdur və ciddi potensialı var. Amma yaş problemi var, sağlamlıq probemi də ola bilər. Əli İnsanovun həbsdən vaxtında çıxıb-çıxmayacağı da ayrı bir söhbətin mövzusudur…
– Azərbaycanda siyasi partiyalar daim özlərinə bir lider axtarırlar. Tutaq ki, 2013-cü ildə müxalif düşərgə kosmopolit şüura sahib olan və Azərbaycannın mental reallıqlarına sığmayan Rüstəm İbrahimbəyovu özlərinə lider etdilər. Bu gün yenə də eyni axtarışdadırlar. Sizcə, bunun adı nədir? Yəni bir partiyanın sədri varsa, lideri varsa, onda niyə özlərinə lider axtarırlar?
– Elə buna görə Azərbaycanda müxalifətin olub-olmamasını müzakirə edirik. Bu gün bu hakimiyyətin əsas gücləri məhz bu müxalifətin içindən çıxıb. Parlamentdə təmsil olunan deputatların da bir çoxları AXCP-dən, Müsavatdan çıxıb. Azərbaycanın bütün qaymaq siyasətçiləri və ziyalı korpusu bir zamanlar müxalifətdə təmsil olunublar. Bu gün Azərbaycan parlamentindəkilərin hamısı 90-ci illərin kadrlarıdır. Elçibəyin 6 müavini deputatdır. Niyə həmin adamları Əli Kərimli, İsa Qəmbər öz yanında saxlaya bilməyib? Niyə ildən-ilə müxalifət seyrəlib, həm keyfiyyətcə, həm də kəmiyyətcə? Bu sualı hamı özünə verməlidir. Cavabını tapsalar yəqin yəqin ki, özləri nəticə çıxaracaqlar. Amma bir söz var. Deyir, “igidi öldür, amma haqqını ver”. Bu gün Azərbaycanda özünün mübarizə əzmi ilə seçilən Əli Kərimli var. Ancaq Əli Kərimli bu potensialla irəli gedə bilməz. Çünki onun mübarizə ovqatı olsa da, sistemi, mexanizmi yoxdur. Ətrafında olan qüvvə də kafi deyil.
– Sizə elə gəlmirmi ki, Əli Kərimlinin içərisində bir avtoritarizmə meyl yatır?
– Bir daha deyirəm, bu gün Əli Kərimlidə döyüş, dirəniş var, amma mexanizm yoxdur. Sabah kimliyindən asılı olmayaraq hakimiyyətə gələn hər bir kəs bu şərtlər altında avtoritar rejim yaradacaq. Başqa şansı belə yoxdur və hakimiyyəti başqa cür qorumaq imkansız olacaq. Xalq o zaman millət olur ki, hakimiyyətin diktaturasını qəbul eimir. Tutaq ki, 2200 il əvvəl Roma xalqı diktaturanı rədd elədi. Halbuki romalıların içində diktator olmaq həvəsində olan yüzlərlə insan vardı. Amma xalq buna qarşı çıxdı və diktaturanı ləğv elədi. Ona görə də Əli kərimlinin içində nəyin yatması önəmli deyil, şərtlər önəmlidi.


Əvəz Zeynallı: “Həbsxanadan çıxandan sonra gördüm ki, azad media darmadağın olunub”

– Azərbaycan mətbuatının təcrübəli redaktoru kimi indiki durumda junalistlərin yaradıcılığında sizi qane etməyən nələrdir?
– Media azadlığı olmayan yerdə jurnalist yaradıcılığından söhbət gedə bilməz. Bu gün Azərbaycanda mövzu bolluğu çoxdur. Amma keyfiyyət yoxdur. İnsanlar iqtisadi çöküntü altında məhv olur. Azərbaycan elə dəhşətli çöküntü içərisindədir ki, bu ölkəni 9 milyonluq poliqon adlandırmaq olar. Beynəlxalq güclər, masonlar, yəhudilər tətbiq etdikləri ən son yeniliklərini bizim üstümüzdə sınaqdan keçirirlər. Bizim media isə bunların heç birini yazmır.
Ölkədə aylıq 250-350 min manat büdcəyə sahib olan media holdinqlər var. Ancaq heç biri ölkənin, xalqın təməl problemlərini işıqlandırmır. Çünki müstəqil media yoxdur. Son 5 ildə Azərbaycanda parlayan bir yazar varmı? Yoxdur. O vaxtlar “525”, “Şərq”, “Reytinq”, “Yeddi gün”, Yeni Müsavat”, “Günaydın”, “Ekspress” , “Bizim Yol” qəzetlərinə yazan adam adından bəhs etdirirdi. İndi Azərbaycanda danışmağa adam yoxdur. Danışan siyasətçilər, iqtisadçılar 3-4 nəfər qalıblar. Şükür olsun Allaha ki, Fəzail Ağamalı, Zahid Oruc, Siyavuş Novruzov var. Onlar olmasaydılar, bu mətbuat danışdırmağa adamı haradan tapacaqdı? Məsələn, müxalifət liderləri son illər mətbuatdan qaçırlar. Sual olunur, niyə? Bəlkə artıq-əskik danışmaqdan qorxurlar? Müxalifət liderlərini “Qaynar Qazan”a dəvət etmək üçün 2-3 ay vaxt sərf etmişəm.
– Həbsdən öncə ətrafınızda dost deyə biləcəyiniz jurnalistlər var idi. Həbsdən sonra onlar qaldımı? Jurnalistlər içərisində sizə doğma və ya dost olanlar varmı? 
– Artıq mənim dostum yoxdur. Həbsdən sonra yox kimidirlər. Həbsxanadan çıxanda insan başqa bir dünya görür. Həbsxanadan öncəki dost çevrəsi başqa olur, amma həbsxanadan çıxandan sonra baxırsan ki, heç kim yoxdur. Allah heç kimin başına gətirməsin, bunun müsbət tərəfləri də var. Mən həbs olunmasaydım, dost çevrəm yenə həmin insanlar olacaqdı. Həbs olunmasam, kimin mənə nə vaxt xəyanət edəcəyini bilməyəcəkdim. Deməli, mən ömrü boyu xəyanət çevrəsində yaşayacaqdım.
 
– Həbsxanadan çıxandan sonra Gülər Əhmədova ilə əlaqəniz olub?
– Xeyr, əlaqəm olmayıb.
 
– Gülər Əhmədovadan görüşmək təklifi gəlsə, qəbul edərsiniz?
– Əlbəttə, görüşərəm. Mən Gülər Əhmədovanı “Qaynar Qazan”a da dəvət edə bilərəm. Mənim bu ölkədə heç kimə xüsusi olaraq, kinim, nifrətim yoxdur. Mənim işimdə rol oynayan heç kimə qarşı qəzəbim, qisas eşqim yoxdur. Mən bilirəm ki, məni kim və niyə tutdu. Sadəcə olaraq, bu  vasitəçi insanlar yanan meşəyə dimdiklərində quru çırpılar gətirən sərçələrdilər.
Azər QARAMANLI
Gülşən ŞƏRİF
pia.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button