Mənim Robespyerim

Valeri Şeimoviç

Geologiya-mineralogiya elmləri namizədi

Seymur Baycanın ötən sayımızda yayınladığımız “Don Kixot” adlı yazısı rezonansa səbəb oldu. Yazı “Xural”da dərc olunan kimi ölkə mətbuatının gündəminin ilk sırasına yerləşdi və bəzi Oxucular arasında müzakirələrə səbəb oldu. Müzakirələrin gedişində bizdən Əbülfəz Elçibəy haqqında yazılmış daha bir əsərin – “Mənim Robespyerim” yazısının dərcini xahiş etdilər. Yazını tapdıq və Oxucuların diqqətinə təqdim etməyi özümüzə borc bildik.

Bilirsinizmi, bütün kürən adamlar nəinki kürən saçları, çilləri, qaşları ilə, həm də sifət cizgiləri və hətta bədən quruluşları ilə bir-birinə bənzəyirlər. Məncə, bu belədir. Kürənlər haqqında söhbəti misal üçün çəkdim, bununla işləri qarışıq salmaq fikrində olmamışam. Kürənlərin işi asandır. Əgər sən kürənsənsə, deməli, bütün kürənlərə məxsus xüsusiyyətlər sənə də aiddir. Əgər belədirsə, deməli, kürən adamı ahıl vaxtında, yaxud saçlarını rənglədikdə belə asanlıqla müəyyən etmək olar.

Xurmayısaçlılara gəldikdə isə, məsələ bir qədər mürəkkəbləşir. Sayca kürənlərə nisbətən çox olan xurmayısaçlılarda müxtəliflik nəzərə çarpır. Dediklərim mənim şəxsi düşüncələrimdir və bunları sübuta yetirmək üçün əlimdə dəlil yoxdur. İnamsızca gülümsəmənizi irəlicədən duyaraq sizi əmin edirəm ki, əvvəllər kürən olmuş bir çoxlarını mən öz üsulumla asanlıqla təyin etmişəm.

Mən çoxdan fikir vermişəm ki, əgər bir adamın səciyyəvi üz cizgiləri, yaxud özünəməxsus bədən quruluşu varsa, onun müəyyən qrupa, tipaja aid olduğunu göstərən daha bir xüsusiyyəti də olmalıdır. Əlbəttə, siz yanıla bilərsiniz, lakin bu səhv şəxsiyyətin dərk edilməsində vacib olan ilk mənfi nəticədən başqa bir şey deyil. Lakin yenə də, əgər burun və bığlar sizə kimisə xatırladırsa, siz oxşarlıq əlaməti olaraq daha nəyisə də axtaracaqsınız. Yadınızdadırmı, Fitzgeraldın çox da müsbət olmayan qəhrəmanlarından biri deyirdi ki, əgər bir adam hər hansı bir yəhudi haqqında sizə pıçıldamış olsa (siz isə onun yəhudiliyindən bixəbərsiniz), siz həmin adamda tipik yəhudi xüsusiyyətlərini xəyalən dərhal aşkar edərsiniz.

Bu qeyri-adi üz və nisbətən arıq bədən (istərdim ki, onu “ziyali” adlandıram), yaxası açıq paltosu, yaxası açılmış tünd rəngli köynəyi, çiyinləri üstündə dik dayanan və bir qədər geriyə əyilmiş başı, vüqarlı görkəmi, düz beli dərhal kimisə yadıma saldı. Kiçicik bir cizgiyə ehtiyacım vardı ki, xəyalımdakı adamı canlandırım. O, danışmağa başlayanda xəyalımdakı adam uzaqlaşdı. Rus kəlmələrini tələffüz edərkən o, körpə uşaqlartək, yaxud tüstü dairələri üfürən siqaret çəkənlər kimi dodaqlarını girdələşdirir və nəticədə sözlər də sanki hamarlanmış, lakin sərt alınırdı.

Mən onun portretini sözlə sizə çatdırmağa əbəs çalışıram: təmiz qırxılmış üzü, zahidlərə (tərki-dünya adamlara) məxsus çuxura düşmüş yanaqları, girdə gözləri, sərt qövslü gur qaçları, onların üstündə hündür alnı, qafa tasına kürəvi forma verən Anjela Devisin başına bənzəyən sıx, azca qıvrım saçları yenə də gördüklərimi sizə çatdırmayacaq. Mən əks-əlaqəni heç cür tapa bilmirdim, lakin hiss edirdim ki, belə bir əlaqə olmalıdır və mən onu tapsam, onda həmin adamı başa düşə bilərəm.

Onu başa düşməyi isə çox istərdim. Çünki milli ideyaların carçısı, milli istiqlaliyyət düşüncələri ilə dolu belə adamları hər gün görmək mümkün deyil. O özü yaxın keçmişlərdə belə fikirlər üstündə həbsxanada yatmışdı. Bizim alışdığımız, dözdüyümüz bir çox şeylərlə o, ürəyində barışa bilmirdi.

Burada mən onun şəxsiyyətini konkretləşdirməyəcəyəm və heç bu fikirdə də deyiləm, hərçənd ki, bu mənim təqdim etdiyim bu yorucu hekayətimə bir canlılıq gətirərdi.

Biz təsadüfən rastlaşdıq. Mənimlə üzümə baxmadan görüşdü. Bir cadugər, ovsunçu, yaxud indi deyildiyi kimi ekstrasens baxışlarıyla, qonur gözləri ilə məni qıyğacı süzüb zövcəmə mənimlə necə çətin olduğunu söyləməkdə necə də yanılmamışdı.

Bunlar mənasız şeylərdir…

Onun millətçiliyi bundan ibarət idi ki, ikiyə bölünmüş Vətəninin birləşməsini, xalqının mədəni, tox, zəngin və vüqarlı olmasını canü-dildən arzulayırdı. Və bu arzu əksəriyyətin fikir təzyiqi altında yaranmamışdı. Qətiyyən…

Siz yəqin ki, artıq hiss edirsiniz, mən qadağan edilmiş ləzzətli tikə ətrafında pişik kimi hey fırlanıram. Həmin pişiyin qadağan edilmiş tikəyə yaxınlaşmağa cəsarəti olmadığı kimi, mənim də söhbətimin müqəddəs məqsədini açmağa hünərim çatmır. Sanki bu dəqiqə əks-əlaqə yaranacaq, hər şey aydınca görünəcək, heç bir sirr qalmayacaq.

Əslinə qalsa, mən bu milli ziyalını heç tanımırdım. Biz bir neçə dəfə görüşmüşdük. Lakin ilk görüşün təəssüratı yaddan çıxmırdı. Şübhəsiz ki, o, güclü şəxsiyyət idi. Tanışlığımızın ilk vaxtlarında mən bir qədər sıxılırdım, çəkinirdim.

Mən onun rusca savadlı, əlavəsiz və müqayisəsiz danışığına diqqətlə qulaq asır, müəyyən məqsədi əldə etməyə çalışmasından, həmçinin özümün mütiliyimdən və onun fikirlərini bölüşdürə bilməməyimdən bezikirdim.

Bundan başqa, hisslər və fikirlər də sanki mənim başımdan basırdı – bax, səndən fərqli olaraq qarşında öz xalqının tarixini, adət-ənənəsini və ümumiyyətlə, mədəniyyət tarixini çox gözəl bilən bir adam dayanıb, buyur, imkandan istifadə et. Lakin irəlicədən məni narahat edən suallar, elə bil, qəsdən beynimdən çıxmış, qorxuya düşmüş siçovullar kimi hərəsi bir yana səpələnmişdi. Artıq özümü ağıllı göstərməyə çalışmağım əbəs idi, müsahibimi öz zehni inkişaf səviyyəmlə heyrətə sala bilməzdim. İçimdə bir boşluq hiss edirdim ki, bu da müsahibimlə yaxınlığa bir sədd yaradırdı.

Ona yəqin ki, mənim haqqımda danışmış və bəzi yazılarımı oxumağa vermişdilər və o da məni özünə yaxın adam kimi qəbul etmişdi. Mənə belə gəlirdi ki, söhbət etdiyim adam idarə etdiyi şəxslərin ona xüsusi diqqət yetirməsinə adət etmişdi. Onun danışığında felin əmredici forması məni pərt edirdi. Bu, bəlkə də dili tam bilməməyindən irəli gəlirdi. O, ucqar kənd yerindən gəlmiş və rus dilini gec mənimsəmişdi. Buna baxmayaraq, hiss edirdim ki, o, mənim hisslərimi idarə edir və əsl yaşayış yollarını göstərirdi.

“Belə davam edə bilməz. Belə cəmiyyət çox yaşamamalıdır.” Bu sözlərlə o mənə sanki mitinqə toplanan camaat qarşısında çıxış edirmiş kimi müraciət etdi. Mən özümü narahat hiss edirdim, çünki Puşkini, Qoqolu, Tolstoyu qadağan etməmiş, bu cəmiyyətlə sanki razılaşmışdım.

O, Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda işləyirdi; əlyazmalar muzeyində mənim bələdçim idi. Anladım ki, onun xalqı qədimlərdə mədəniyyətin hansı zirvələrini fəth edibmiş, o özü isə səkkiz əsr bundan əvvəl yaşamış musiqiçilərinin, xalçaçılarının adlarını çəkir, onların istifadə etdikləri alətlərin bu gün də işlədildiyini, Lobaçevskinin keçən əsrdə sübut etdiyi həndəsi qanunların isə çox-çox yüzilliklər öncə nücum elmi kimi məlum olduğunu söyləyirdi. Biz isə hələ Şərq nəzmindən və nəsrindən söhbət açmamışıq. Yadımdadır, o məni həmin gün nahara dəvət etmişdi. Yeyəcəyim təamın tarixdən dərk etdiklərimi üstələyə biləcəyindən ehtiyat edərək, bütün qüvvəmlə müqavimət göstərdim. Lakin müqavimətim tezliklə qırıldı və mən yerli qonaqpərəstliyin əsiri oldum.

Onu da deyim ki, mənim bələdçim özünü sanki paşa, rac, yaxud naib kimi aparırdı.

O, məni şəhərin ən bahalı restoranına apardı. Mənim zəif etirazlarımı eşitmir, bizim tarixi zamanımızdan (dövrümüzdən, əsrimizdən) mühakimələr edir, respublikalar ittifaqının dağılması labüdlüyünü söyləyirdi.

Dövrümüzün qanunu belədir və bu, dezinteqrasiya adlanır. Biz şəhərin kitab köşkləri ilə bol olan mərkəzi küçələrinin biri ilə gedirdik.

Moskvada ələ düşməyən kitablar burada dolu idi. Yaxınlıqda isə üzütüklü “əmilər” siqaret alveri edir, keçənlər isə həmin siqaretləri 3 qat baha qiymətə heç nə olmayıbmış kimi alırdılar.

Qələbəlik küçədən döndük, pillələrlə, vaxtı ilə köhnə anbar olmuş bir yerə endik, orada da daha bir neçə pillə bizi yeraltı restorana apardı.

Adamlar az, həm də sakitlikdi. Söhbət edən və gövşək vuran kişilər masaların arxasında əyləşmişdilər, kişi xörəkpaylayanlar laübali və şıq görkəmli idilər. Bir nəfər də olsun qadın yox idi. Masa ətrafında oturanlar və xörəkpaylayanlar bizi salamlamasalar da, mənim yoldaşımı artıq tanımışdılar.

Burada hamı bir-birini tanıyırdı. Nabələdə bəlkə də heç xidmət etməzdilər də. Bığlı, iri cüssəli, tünd qırmızı cemperli birisi bizə təzim etdi. Masamızın üstü dərhal isti çörəklə, göyərti ilə, sədəfi rəngli nərə balıqla, qara kürü ilə, sonra kabab, bişmiş toyuq və balıqla örtüldü, bürünc rəngli gözəl etiketi olan 60 dərəcəlik araq və mineral su şüşələri də gəldi. Musiqi yox idi. Elə ilk qədəhdən başım dumanlandı, öyrəşmədiyim göyərti məni köpdürdü, gözlərim bərəlmişdi. Könlüm heç nə istəmirdi, ürəyim sanki dayanmışdı, öz münasibətimi onun düşüncələrinə və hisslərinə uyğunlaşdıra bilmirdim. Düşdüyüm vəziyyət məni əsəbiləşdirirdi: Məni öyrəşmədiyim ləziz təama nə səbəbə qonaq edirdilər? Məndən nə istəyirsən? Bəli, mən də sənin kimi hər şeyi görürəm. Bəli, xalq hüquqsuzdur. Görürəm ki, hər şey alınıb-satılır. Bəli, xalq öz mədəniyyətini və ədəbiyyatını bilmir. Bəli, dövlət sərhəddi bir xalqı ikiyə bölür. Axırıncı pullarını az qala gözünə dürtərək xərcləməklə nə demək istəyirsən? “Nə üçün yemirsən? Niyə içmirsən? Nə səbəbə susursan?” kimi axmaq sualların məni təngə gətirib.

Arxa tərəfimdə, uzaq masaların yaxınlığında qalmaqal düşdü. Kimsə mənə tanış olmayan sözləri qeyzlə qışqırırdı. Sonra zərbə səsi eşidildi. Qırmızı cemperli adam getdi. Mənim bələdçim isə sanki bunları heç görmürdü və mən də təbiidir ki, dönüb arxaya baxmadım.

O, haqq-hesabı verdi, bizə qəhvə gətirdilər. Sonra asanlıqla taksi tapıb evə getdik. Mən o yaşayan binada dostumgildə qalırdım. Xudahafizləşdik. Otağa qalxdım. Xalqların azadlığı uğrunda mübarizə aparmaq istəmirdim; istəyirlərsə qoy özləri mübarizə etsinlər. O, özü heç kimdən soruşmamışdı axı onlar bu mübarizəni istəyirlər, ya yox. Öz dostlarımla yaxşıca şam etdim.

Səhər mən yola düşürdüm. Gözləmədiyim hadisə baş verdi, o, məni aeroporta ötürürdü. Bütün yolu susdu. Yolun lap sonunda o, özünü saxlaya bilmədi: “Sən niyə susursan? Nə üçün heç bir şey demirsən? Xoşuna gəlmir? Belə də de: sizə heç tüpürmək də istəmirəm. Axmağıq? De ki, axmaqsınız. Öz hissini göstər.” Mən onun yanında daha da keyləşirdim (donub qalmışdım). Aerovağzalın binasında bir şüşə konyakı kağız stəkanlarda içdik. Konyak nə ona, nə də mənə kömək etdi və mən sevinc hissi ilə öz azadlığıma uçub getdim. Artıq heç kəsin mənim ürəyimlə, ruhumla işi olmayacaqdı. O, mənim başqa cür olmağımı istəyirdi. Və istəyinə qismən nail olmuşdu. Məndə artıq qəti fikir yaranmışdı ki, qullar ölkəsində həqiqətən azad olmaq qeyri-mümkündür. Bu səbəbdən o, mənim xəyalımdan çıxmırdı, “onunla yenidən görüşsəydim daha maraqlı söhbətlər edərdik” fikri məni rahat buraxmırdı.

Birdən onun məğrur başı, düz beli gözümün qabağında canlandı və mənə elə gəldi ki, mən onu görüşümüzdən qabaq haradasa görmüşəm. Lakin necə, harada? Biz, əlbəttə yenə də görüşdük və görüşümüzə hər ikimiz şad olduq. Bilmirəm, nəyim onun xoşuna gəlmişdi, ancaq onu yaxşı bilirəm ki, hörmət etdiyim şəxsin xoşuna gəlmək adama zövq verir. Mən ona hörmət edirdim. Ondan çıxan flüidlər (psixi cərəyanlar) sanki ona hörmətlə yanaşmağa məcbur edirdi. Onun bütün görkəmi, sənə tərəf diqqətli baxmağı, üzünü çevirməsi, xəfif təbəssümü, azca aralı dodaqları mənim diqqətimi cəlb edirdi. Bu dəfə mən onda əvvəlki məqdəsyönlülüyündən fərqli əlamətlər gördüm. “Qardaşımın ayağı sınıb. Mürəkkəb sınıqdır. Tezliklə cərrahiyyə əməliyyatı olacaq.” Sonra da şikayəti xatırladan səslə əlavə etdi: “Gecələr yatmıram, həyəcanlıyam.”

Mən, əlbəttə, deyə bilməzdim ki, bu nadir görüşlərdən sonra onu yaxşı tanımışam. Hər halda, qardaşı üçün belə narahatlığı mən tam qavramadım.

Axı bizim aramızda ürək yaxınlığı olmamışdı. O mənə diqqətlə baxır, xalq azadlığını nə cür başa düşdüyümü bilmək istəyirdi. Onun öz məqsədini nə cür həyata keçirmək fikrində olması, onun həmfikirlərinin kim olduğu və onların sayı məni çox maraqlandırırdı. Lakin mən ona sual vermirdim, məni bir məsələ düşündürürdü: bir adam başqalarının yerinə məsuliyyəti necə öz üzərinə götürür? Mənim əzizim, niyə sənə elə gəlir ki, həqiqi ədalət carşısı sənsən? Sənin kimisi nə qədərdir?

Sakit payız günlərinin birində şəhəri gəzirdik. Yarpaq tərpənmirdi. Köhnə şəhərin yasəmən rəngli evlərinin divarlarından yüngülcə istilik vururdu, mağazaların vitrinlərində isə heç kimə lazım olmayan şeylər düzülmüşdü. Dairəvi gözləri mənə xeyirxahlıqla baxırdı, onun kişi əllərinin hərəkəltəri yüngül və rəvan idi.

Mənim Şərq haqda olan uzaq, yad təsəvvürlərimi o, məmnuniyyətlə alt-üst edirdi. İslam xalqlarını xeyirxahsızlıqda və qeyri-humanistlikdə təqsirləndirənlərin əksinə olaraq o, sübut edirdi ki, həmin xüsusiyyətlər başlıca olaraq bu xalqlara mənsubdur və lap qədimdən təbliğ edilir. Həyata münasibət başqadır. Allaha şükür! Mənim Rumini, Xəyyamı bir balaca tanımağıma o necə də sevinirdi. O necə də nəvazişlə və şirin dildə tələffüz etdi: Cəlaləddin.

Bu dəfə biz şəhərin yeni rayonuna, ultramüasir dəbli bir neçə yüz yerlik yeməkxanasına nahar etməyə getdik. Restoran bomboş idi. Antialkoqol fərmanı qüvvədə idi, araq axşam saat 5-dən sonra verilirdi, odur ki, içkini bizə limonad şüşəsində gətirdilər. Bu hörməti məhz onu tanıdıqlarına görə etdilər.

Gözlərini yumub xörəkpaylayana sakitcə sifariş verirdi. Bu dəfə mən yemək istəyirdim və ona rahatca deyə bilərdim ki, çox da özünü göstərmə. Onun təbəssümü gözəldir. İri, ağ dişləri onun tərki-dünya sifətini sanki işıqlandırırdı, burnu bir balaca qırışırdı…

Xeyirxah və istedadlı adam olduğu dərhal göründü və söhbətimiz tutdu.

Mən tarixçi deyiləm. Humanitar elmlərlə məşğul olmuram, xalqlar haqda təsəvvürüm isə oxuduğum bədii kitablardan yaranmışdır. Hafizəm köməyimə gəlirdi. Təəssüflər olsun ki, mən bu şəhərin adamlarının dilini bilmirdim, onlar isə mənim dilimdə bülbül kimi ötürdülər. Bizim qonuşduğumuz bu kasıb dildə yəqin ki, yalan danışmaq çətindir. Həqiqəti, xoşhal olmağı, birindən zəhləm getdiyini söyləmək üçün isə çox güman ki, bu kiçik söz ehtiyatı da bəs edər. Biz hər şeydən, kəndlilərin və şəhərlilərin həyatından, bütün əməkçilərin qanını soran, özünü isə ən humanist sayan hakimiyyətdən, xalq maarifinin ziyası adlanan savadsızlıq zülmətindən əvvəllər söhbət edərdik. Onun aydın, səlis, rəvan, məntiqli danışığı nəticəsində məmnuniyyətlə xatırladığım bir çox işıqlı problemlər gözüm önündəcə dərhal öz nəcib formalarını itirir, onların əsl riyakar məqsədləri mənə aydınca görünürdü. Baburun əlyazmalarından, ərəblərin intibah dövrünün riyaziyyatçılarından, kiril əlifbasından, ərəb xətlərindən, ümumiyyətlə, nədən danışırdıqsa, söhbət axırda yenə çuqun zəncirlərlə sarınmış xalqın düşdüyü yaramaz vəziyyətə gəlib çıxırdı. “De görüm harada görmüsən ki, hökumət nümayəndəsinin zabit rütbəsi olsun?” Onun gözləri qaralırdı. Hakimiyyət başındakıların pozğunluğu, xalqı onillərlə alçaltmış hakim sistemin yaxınlaşmaqda olan məhvini son dərəcə inandırıcı surətdə göstərirdi. Mən onun opponenti deyildim, məni dəlillərlə divara söykəməyə lüzum yoxdur, lakin restoranın boş zalında az qala qışqıra-qışqıra dediyi sözlər, fikirlər, hər hansı bir fəlsəfi və ya tarixi məcmuənin səhifələrinə layiq idi. Məsələn, tarixin gedişinə kənar qüvvələrin müdaxiləsi, burjuaziya demokratiyasının təməlini dağıdan süni ideyalar və b. bu qəbildəndir. Misli görünməmiş vəhşi, qaniçici terrorun gücü ilə xalqı “Sovet və Sosialist” adlandırdıqları quruluşla barışmağa məcbur etdilər. Və bu sistemdən heç kim (nə uşaq, nə böyük) aman gözləyə bilməzdi. Hamı məhkum olunmuşdu.

Burada hiss etdim ki, artıq hər şey aydındır. Onunla razılaşmamaq qətiyyən mümkün deyildi. Onun dediklərini çoxunu mən özüm həyatda öz gözlərimlə görmüş, lakin ürəyimə salmamışdım, anti-humanist siyasət hələ məni özümdən çıxarmamış, əlimə ling və yaxud başqa yararlı bir alət götürüb belə sistemi yerli-dibli sökmək ağlıma gəlməmişdi. Sevgi, nifrət və qorxu hissləri hələ iliyimə işləməmişdi. Mən hələ axıradək, qavramadığım hisslərin təsiri ilə müəyyən nəticəyə gəlməyimi istəyirdim. Belə bir vəziyyətdə tanışlarımın (fərqi yoxdur, lap elə yaxşı adamların) düşündüklərini əldə silah kimi tutmaq məni çiyrindirirdi.

Bu torpaqda, dostumun diyarında, bəlkə də ilk dəfə olaraq özümü qaranlıq gecə vaxtı, sakit dəniz qırağındakı kimi hiss etdim. Belə vaxtı adam təbiəti görmür, yalnız hiss edir. Mən də, beləcə onun ilıq və zərif, bəzən də nəm və sərt nəfəsini duyur, bir daşın üstündə oturmaq əvəzinə, dayanıb ona qulaq asmaq istəyirdim. Lakin bütün bu hisslərim bir arzuya və ya hərəkətə çevrilə bilmirdi. Qorxurdum ki, çörək kəsdiyim adamların fikrinə məni də şərik çıxararlar və bunu düşündükcə daha da sıxılırdım. Cəzanı gözləməyim ünsiyyətimizə mane olurdu.

Bundan əlavə, mən onların çoxunu tanımırdım, adamları və hadisələri başa düşməyim isə, tezliklə məlum oldu ki, çox gülməli və sadəlövhdür. Bu isə mənim düzlüyə olan arxayınlığıma bir zərbə idi. Hətta bu gün də belə bir hadisə baş verdi. Bura gələrkən bizim bərkdən danışmağımızı bələdçimin tanışı olan bir filosof eşitdi. Onu kim çıxartdı yolumuzun üstünə? Lakin bu filosof primitiv dialektikaya saymazcasına yanaşır. Rumini isə hətta istehza ilə xatırladı. Onun fikrincə, alman fəlsəfəsinin klassikləri – hə, bu başqa məsələ. Şərqdə Şərqə aid olmayan şeylərə üstünlük verən bu adama qarşı məndə böyük maraq var idi. Bələdçim ona çox elə iltifat göstərmirdi.

Restoranda limonad şüşəsindən süzülən araqdan iki qədəh içdikdən sonra soruşdum: “Filosofu nə səbəbə dəvət etmədiniz?” Cavab belə oldu: “O, cəsur adam deyil.” Mən çox təəccübləndim və dedim ki, cəsur olmayan adam mənəm, çünki nəzakəti yanlış başa düşdüyümdən və anadangəlmə utancaqlığımdan belə yeni şəraitə uyğunlaşmağa çalışıram. İstəmədiyim vaxtı məni yedirdib-içirtdikləri, təbiətən qaradinməz olduğum halda məni xeyli danışdırdıqları bu zorakılıq ölkəsində filosof öz fikirlərini söyləyə bilir. O güldü, əlini çiynimə vurdu və “afərin, yaxşı dedin” söyləyərək göyərtini, sousu, kababı və zeytun qoyulmuş qabları mənə tərəf çəkdi. Durdu və harasa getdi. Hər şey çox dadlı idi. Mən yeyirdim və hey düşünürdüm ki, bizim filosof nə üçün cəsarətsizdir. Çox güman, həmin filosof öz dühalarını ikinci dərəcəli hesab edirdi. Öz dahilərinə saymazyana münasibətdə heç bir cəsurluq aramaq lazım deyildi. Belələri yəqin ki, burada çox idi. Bu fikir ağlıma gələn kimi dərhal öz düşündüyümə möhkəm inandım. Bələdçim gəldi və qardaşının yanına, xəstəxanaya gedəcəyimizi söylədi.

Qardaşı bığlı, güclü, gəşəng oğlan idi. Öyrəşmədiyi köməksiz vəziyyəti onu sıxırdı. O, danışmırdı, qardaşının ürəkaçan nəvazişli sözlərinə yalnız uğuldamaqla cavab verirdi. Əyri, sivri burnu ilə tora düşmüş qartalı xatırladırdı. Xəstənin təkidi ilə biz tezliklə getdik.

Qeyd etməliyəm ki, nəinki restoran xörəkpaylayanları, hətta bütün şəhərin taksi sürücüləri onu, deyəsən, tanıyırdılar. Səkinin yanında bir balaca ləngiyən kimi onun yaxınlığında dərhal taksi dayanırdı. Taksidə evə gedərkən bizim ürəyimiz ilk dəfə bir vurdu, sanki bir-birinin eyniydi. Bu, elə bir vaxt baş verdi ki, mən ondan şeir deməsini rica etdim. O isə əzilib-büzülmədən Şərq dahilərindən birinin şeirini söylədi. Hərçənd ki, sözlərin mənasını bilmirdim, lakin beytlərin axıcılığından məhəbbətə aid olduğunu anladım. Şeirin ahəngi mənə çox tanış gəldi və Pasternakın sözləri onun oxuduğu şeirə bir cavab kimi səsləndi: “Neçə-neçə qışın gündönümünü xatırlayıram mən.” Məni mütəəssir baxışlarla süzdü, mən özümü yaxşı hiss etdim, həm də həyəcanlandım. Mən onun məhəbbətini istəmirdim. Azadlığın əlimdən getməsini arzulamırdım. Çürümüş meyvələrlə və nar qabıqlarıyla zibillənmiş pillələrlə yaşadığım mənzilə qalxdıq. Evdə canlanma vardı, çoxlu gənc yığılmışdı. Biz ev sahiblərinin oğlunun otağına keçdik. Otağın bir divarı kino ulduzlarının yarıçılpaq şəkilləri ilə dolu idi. Lakin onların cazibədar təbəssümləri bizim ürəyimizi heç də açmırdı. Əhvalım pisləşirdi. Şərq haqqında bildiyimi artırmaq məqsədi ilə ona bir neçə sual vermək istədim. Verilən hər bir sual öz qətiyyətsizliyimi gizlətmək üçün bir vasitə idi. O isə dinmirdi. Mənə belə gəldi ki, mən sanki kəpənək, yaxud göbələk dalınca getdiyim anda yırtıcı bir heyvanın əlinə keçmişəm və məni amansız və əzablı ölüm gözləyir. Lakin, deyəsən bir çıxış yolu var, bir qədər gizlənmək, yerində fırlanmaq, xilas yeri olan gizli çıxışı görmək və oradan sivişib qurtarmaq lazımdır. Məndən düşdüyüm vəziyyəti aydın dərk etməyim tələb olunurdu. Mən hadisələri dərk etmək haqqında söhbət açmaqla canımı qurtarmağa çalışırdım. Müsahibimi başqa problemlərlə – monqollların hücumları ilə, Asiyanın indicə olduğumuz yerinin mədəniyyəti ilə üzləşdirmək istədim. Lakin bu gün onun cavabları quru idi. Hiss edirdim ki, mənim hər hansı yersiz mühakiməm bizi əbədi ayıra bilər. Bir-birimizə ətraflı nəzər salmaq üçün əlimizə imkan düşmüşdü.

Mən onun arzuladığı kimi etmədim. O hirsləndi, dedi ki, sənin xasiyyətin ağırdır, yazıq arvadının halına.

Bu anda mən fürsətdən istifadə etmədim. Adətən, mən həmişə müsahibimin mənim, yaxud arvadımın şəxsiyyətinə ehtiyatsızcasına müdaxiləsinə yol verməzdim. İndi isə susdum, hirsimi boğdum.

Ondan üz çevirmək o qədər də asan deyildi, ondan ötrü yox ki, indiyədək gördüyüm ilk və yeganə namuslu adam, həyat məqsədi yalnız başqalarının səadəti olan vətənpərvərdir (Buna bənzər digər adamlar ya əfəl, ya da ziyalılıqdan çox uzaqdırlar). O, mənim xoşuma gəlirdi. Düzdür, həmin adamlara onun verdiyi səadətin lazım olub-olmadığını soruşmurdu. Lakin bunun əhəmiyyəti yox idi. O, məni yerimdən oynadırdı, həyəcanlandırırdı – ən vacibi bu idi. Məni özümə kənardan baxmağa məcbur edirdi və mən təlatümlü dənizin sahilində suya baş vurmağa cəsarəti çatmayan cılız fiqurumu görürdüm. Böyük bir şey olmasa da, hər halda, öz qəlbimin əksinə gedib başqasının təsiri ilə hazır olmadığım işi yerinə yetirə bilməzdim.

Burada bəxtim gətirdi – bizi ləzzətli təamlarla dolu boşqablar və qızışdırıcı içki şüşələri düzülmüş şən və səs-küylü masa arxasına dəvət etdilər.

Bu içkilərin istifadəsində biz bir qədər ehtiyatsılığa yol verdik. Şübhələrimi bir kənara qoyaraq, ona gecə vaxtı şəhəri gəzməyə çıxmağı təklif etdim. Gözlərim önünə qaranlıqda, ulduzlu səma altında, dünyanın taleyini düşünən iki nəfərin gəzməyi gəldi. Canlandırdığım bu İncil mənzərəsi mənim dilimi açdı və bələdçimin də saqqızını oğurladım.

Zil qaranlıq idi və o, öz evinə dəyib-qayıtmaq və məni müvəqqəti tərk etmək məcburiyyətində qaldığını söyləyərkən onun utancaq təbəssümünü görə bilmədim.

İnsanların azadlığı uğrunda vuruşan mübariz özgə evində hər şeydən utanırsa…

Biz dərə aşağı uzanan küçə ilə gedirdik. Şəhər burada qurtarırdı: gil kərpiclərlə hörülmüş müəmmalı binaların arası ilə dar keçidlər uzanırdı. Dərənin o tərəfində şəhərin nəhəng zibilxanası başlanırdı. Təsəvvürüm məni aldatmamışdı. Düzünü desəm, heç bir müsahibə olmadı. Dərənin dibində xüsusi sahələri ayıran çəpərlər arasında yolu itirmişdik. Çəpərlər zibilxana materiallarından: paslı tavan dəmirlərindən, tikanlı məftillərdən, köhnə çarpayılardan düzəldilmişdi. Bir yerdə belə çəpəri adlamalı olduq. Bu zaman yıxıldım və çirkab suyu axan xəndəyə düşdüm. Şükürlər olsun ki, ora ayaq üstə düşmüşdüm. İslanmış ayaqqabılarla suyun içərisindəki iri daşların üzəri ilə birtəhər dərənin o tayına keçdik və özümüzü zibilxananın ortasında gördük. Beton və qutu qırıqlarının, əzik vedrələrin arası ilə keçib köhnə paltaryuyan maşının gövdəsi üstündə oturduq. Nəhayət, çəkmələrimi çıxartdım və onları sahmana saldım. Yorulmuşdum, hisslərim korşalmışdı. Başımı qaldırarkən yuxarıda kəhkəşanın intəhasızlığını seyr etdim.

– Söylə bir görüm,- deyə sözə başladım, – sən mütəmadi olaraq “biz istəyirik” deyirsən, bu “biz” kimdir axı?

Eh, gərək bu sualı heç verməyəydim. Bunun belə olacağını irəlicədən hiss etmişdim.

– Sənin işin deyil.- Sərtliklə cavab verdi. Əslində o haqlı idi. Lakin onun təkəbbürlü cavabı mənim xoşuma gəlmədi. Bir də soruşdum: “Yenə də olsun?” Zəifcə təkrar etdi: “Sənin işin deyil.” Fikirləşirdim ki, araq artıq öz işini görür. Ürəyimdə: “Ondan əl çək, 2 günlüyə gəlmisən, hoqqa çıxarma”- deyə öz-özümü sakitləşdirməyə çalışdım.

– Yenə də olsun. De görüm, sənin istədiyini xalq nə dərəcədə istəyir? Bilməlisən ki, sənin istədiyin şey qan bahasına başa gələcək. Onlar bu qanı verməyə razıdırlarmı?

Maşının gövdəsinə əlləri ilə söykənərək və ulduzlu səmanı seyr edərək dedi: “Biz bilərik. Qalan şeylərin isə sənə dəxli yoxdur”.

“Mənim işim deyil, olmasın. Gedək burdan”- deyə sakitcə müraciət etdim. O qalxdı. Biz yenə həmin buxarlanan axının üstündən keçdik. Bu dəfə o qabaqda gedirdi. Onun paltosunun kürək hissəsini aydın gördüm. Hisslərim bir qədər daralmışdı. Özümü ona görə namünasib hiss edirdim. Ona hörmətim böyük idi, nə səbəbə? Yaxşısı budur, soruşmayın. Yəqin ki, əntərlərdə olduğu kimi, insanlar arasında da öz-özünə baş alıb gedən təbii iyerarxiya mövcuddur. Qarşımdakı adamın nitqini eşitmədən və içini görmədən də onu hiss etmək olar. O, özünə hörmət aşılatmağı bacaranlardan idi. Hisslərimdə etdiyim səhvə görə özümü bağışlamazdım. Lakin mən səhv etməmişdim. Sadəcə olaraq yüksək ləyaqət sahibi öz mahiyyətini dəyişirdi, bu isə məni narahat edirdi.

Biz Şərq tipli kiçik evlərin divarları yanından ötərək əyri-üyrü yollarla qalxırdıq, sanki yolun sonu bir dalana dirənəcək halda da yenə harasa bir yol baş alıb gedir, biz də itaətkarcasına addımlamağımızda davam edirdik. Onun arxasınca gedirdim. Artıq bezikirdim. Geri qayıtmağı və tanış yolla evə getməyi məsləhət gördükdə isə o yalnız çiyinlərini çəkdi.

Heç nə haqqında danışmadıq. İçimdə bir mahnı səsləndi: “Mayın əvvəli, əlvida, şərab.” Lakin sözlərində nə isə xoşuma gəlməyən şeylər vardı. Keçənilki şərab yaya yaxın qurtarır, məhəbbətin isə qızğın vaxtı başlayır. Cəhənnəm olsunlar. Ötüşərik. Əgər o, xalqını da öz şəhəri kimi bax, beləcə, tanıyırsa?

Onunla əlaqəni itirmişdim, ondan daha az asılı olurdum.

“Sən özün daxilən azadsanmı” deyə soruşdum. O dinmədi. “De görüm rus mədəniyyətindən nə üçün birdəfəlik üz çevirirsən? Kiril əlifbası aydındır, ərəb əlifbası ilə yazılmış irsi qavramağa mane olur. Bəs Puşkin və Tolstoy?”

Mənə tərəf döndü və iri, ağ dişlərini qıcıdaraq: “Elə sənin (o belə də dedi “sənin”) Puşkinin və Tolstoyun həqiqətən ən mədəni təcavüzkardırlar.”

“Ah, deməli belə. Nəhayət, de görüm, sənin azadlıq haqqında təsəvvürün varmı? Sən özündən utanırsansa, başqalarının yanında köynəyini dəyişməyə çəkinirsənsə, deməli, daxilən azad adam deyilsən. Bu hal ilə başqalarına azadlıq vermək istəyirsən? De görüm azadlıq nədir?”, “Sənin işin deyil”, – deyə tez cavab verdi. Bu sözləri sanki əzbərləmişdi.

“Ay səni, iblis, Robespyer!”- deyə qışqırdım və birdən donub qaldım. Həqiqət şimşəyi ulduzlu səmanı yarıb keçdi. Budur! Tapdım!

Robespyer! Hər şey uyğun gəlirdi. Çiyinləri, vüqarlı başı, ideyaları, xalqın fikrini sormadan ona yaxşılıq etməyə çox tələsməsi. İntəhasız dünyada təsadüfi heç nə yoxdur. İşə bax ki, belə nadir təsadüf məhz mənim qarşıma çıxmalı idi. Mənim Robespyerimin yalnız yöndəmsiz pariki çatmırdı.

“Sən bilmirsənmi ki, azadlıq nə deməkdir?- deyə həyəcanımdan qışqıra-qışqıra sordum. Bu, diktatura və qan deməkdir. Qullara azadlıq vermək yaramaz. Sən ki, tarixçisən, bilməlisən. – Mən öz natiqlik məharətimdən zövq alırdım. – Sən soruşmusanmı, onlar ölmək istəyirlərmi?”

Küçədə işıqlar yandı. Mənə elə gəldi ki, mən haqlıyam. “Tələsmək olmaz.” Tələsən təndirə düşər” deyə əlavə etdim.

“Yeri get” deyə cavab verdi və mən susdum. Hərçənd hadisələri irəlicədən düzgün görsəm də, indi fikirləşirəm “mən haqlı idimmi?”

Bir ildən sonra şəhərin baş meydanında, okeanın ləpədöyəni kimi guruldayan izdihamın üzərində, projektorların güclü işıqları altında aypara rəmzləri olan bayraqlar yellənir, üstünə neft vurulmuş taxta xaçlar alovlanırdı. Bu qəzəbli təlatümün kənarında dayanmışdım, yaxınlaşa bilmirdim. Onunla görüşməyə gəlmişdim, lakin bu mənə qismət olmadı. Düzdür, onu tribunada, mikrofon qarşısında görə bildim. O, ana dilində danışırdı, onu başa düşmürdüm, lakin yanındakıların atmacalarından anlayırdım ki, o, izdihamı ekstremist hərəkətlərdən və ümumxalq tətilindən imtina etməyə çağırırdı. Bunun sərt bir strateqin taktiki fəndindən başqa bir şey olmadığını başa düşürdüm. O, həqiqətən Robespyerə bənzəyirdi.

İndi isə ondan ötrü qorxuram, axı mənim prinsipimə uyğun olaraq əks-əlaqə mövcuddur. Razılaşın…

 

Petropavlovsk-Kamçatsk, may 1990-cı il

 

Xural” qəzeti,

İl: 9, sayı: 029 (437),31 iyul-06 avqust 2011-ci il

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button