Mərdanov düyünü

Yaxud bir ayın “təhsil tarixçəsi” (6 sentyabr – 5 oktyabr)

 Sentyabrın 6-da nazir Misir Mərdanovun Bakı şəhəri təhsil işçiləri qarşısında etdiyi “odlu-alovlu” çıxış hələ çox xatırlanacaq, bu unudulmaz “tarix” haqqında hələ çox yazılacaq. Həmin gün Misir Mədanovun nazir postunda əyləşdiyi 13 il yarım ərzində yəqin ki, birinci (çox ehtimal ki, həm də sonuncu) dəfə idi ki, cəsarət damarı oyanmış və o, çoxsaylı müəllimlər ordusu qarşısında dövlətə və hökumətə olduqca sərt mesajlar göndərmişdi: “Bu gün Azərbaycanda əl üstə gəzməyə layiq olan çoxsaylı müəllimlərimiz var. Ancaq biz onlara nə veririk? – 200 manat pul veririk. 200 manata kim gəlib kimin uşağını hazırlayar, qardaş! Biz gedib hazırlayarıq? – Əlbəttə, hazırlamarıq. Sən müəllimə gəl 2000 manat pul ver, gör sənin uşağın repetitorun yanına gedir, ya getmir? Vermirik axı, əzizim. Üzr istəyirəm bu sözümə görə: Normal, ağlı başında olan adam gedib 200 manata əsəblərini korlayarmı?! Şəxsən adamlar tanıyıram ki, çox yüksək qabiliyyətli adamlardır, mənim onlara bu gün də böyük hörmətim var, işlədiyi yerdən rəsmi ərizə yazıb çıxıb, 3 otaqlı evinin 2 otağına partaları düzüb, 20 dənə (?!) uşaq hazırlayır, ayda da 20000 manat (?!) zəhməti ilə pul qazanır. Bazar iqtisadiyyatıdır, pulun varsa, yaşayırsan. Olmasa neyləməlisən?!”. (İnternetdə izlə: YouTube, “Misir Mərdanovun analoqu olmayan gileyi”).

Göründüyü kimi, cənab nazir bir neçə cümlə ilə bütün aləmi qatıb-qarışdırıb. Burada o, dövlətə qarşı siyasi tələblər irəli sürməklə yanaşı, müəllimlərin məktəbdən getməsini normal, onların 200 manata məktəbdə qalıb işləməsini isə ağılsızlıq hesab etməkdən belə çəkinməyib. “Azadlıq” radiosunun məlumatına görə, həmin çıxışının bir yerində Misir Mərdanov hətta belə ziddiyyətli fikirlər də söyləyib:Əminəm ki, Azərbaycan təhsili 10-15 ilə çox yüksək səviyyədə olacaq. Azərbaycan təhsili sıfırdan qurulmalıdır! Azərbaycan müəllimini belə qiymətləndirmək olmaz!..”. (Dinlə: “İşdən sonra” proqramı, 07.09.2011).

Mərdanovun bu çıxışı siyasi dairələrdə sanki “bomba” effekti yaratdı. Görün “partlayış”ın şiddəti nə dərəcədə oldu ki, hətta Milli Məclisin iqtidaryönlü bir komitə sədri onun bu “tarıxi” monoloqunu “populist çıxış” adlandırdı. Bu mənada, Misir müəllim müxalif siyasətçilərə də gözəl “pas” ötürdü. Onlar da bundan istifadə edərək o ki var dövləti və hökuməti kəskin tənqid etdilər. Ən yaxşı mövzunu isə o, yazarlara verdi. Daha doğrusu, cənab nazirin qəhrəmanlığı mövzu etibarilə o qədər “genişspektrli”, o qədər “cəlbedici”, o qədər “ürəyəyatımlı” oldu ki, yazarlar indi də bu haqda ha yazırlar, mövzu tükənmir ki, tükənmir. Diqqətli oxucuların gərək yadında olar, hələ o zamanlar bununla bağlı tanınmış yazar Elnur Astanbəyli belə fikir də söyləmişdi: “Misir Mərdanovun açıqlamaları Azərbaycanda lətifə yaradıcılığının yeni çiçəklənmə dövrü yaşamağa başladığını göstərdi. Adamın söylədiklərini təbəssümsüz, bəzən isə lap şaqqanaq çəkərək, uğunub gedərək oxumamaq mümkün deyil”. (“Azadlıq” qəzeti, 07.09.2011)…

O vaxtdan sonra özünü suçlu kimi göstərən Misir Mərdanov bir aya yaxın mətbuata, demək olar ki, heç nə danışmadı. Sentyabrın 12-də xəbər yayıldı ki, Misir Mərdanovun işdən çıxarılması haqqında sərəncam artıq hazırdır, sadəcə olaraq, naməlum səbəblərdən hələ üzə çıxarılmır, bununla belə, yaxın günlərdə elan ediləcək. Bundan sonra hadisələr daha sürətlə cərəyan etməyə başladı. İki gün keçmiş, yəni sentyabrın 14-də onun müavinlərinin hər üçü – İsgəndər İsgəndərov, İradə Hüseynova və Elmar Qasımov müəmmalı şəkildə işdən uzaqlaşdırıldılar, lakin nədənsə, nazirin özünə toxunulmadı. Ertəsi gün – sentyabrın 15-də isə təhsil tarixində son illərin görünməmiş hadisəsi baş verdi. Belə ki, yeni dərs ilinin başlanması münasibətilə ölkə başçısı Bakı şəhərinin bir neçə məktəbində oldu, lakin təhsil naziri onun yanında görünmədi. Elə həmin gün günortadan sonra internet saytları bununla bağlı maraqlı görüntülər yaydılar. Həmin görüntülərdə ölkə başçısının 2003-cü ildən bəri 15 sentyabr Bilik Günü münasibətilə məktəblərdə olmasının fotoxronikası öz əksini tapmışdı. Fotolardan da açıq-aydın görünürdü ki, bütün illər Bilik Günü törənlərində Misir Mərdanov prezidentin yanında olsa da, bu il olmayıb. Həmin gün (eləcə də ertəsi gün – sentyabrın 16-sı)  vəziyyət hətta o həddə çatdı ki, naziri ekranlarda göstərmək bir yana qalsın, nə bir televiziya, nə də bir radio onun heç adını belə çəkmədi. Qəribə burasıdır ki, həmin ərəfədə Təhsil Nazirliyinin həftəlik rəsmi qəzeti “Azərbaycan müəllimi” də Mərdanovdan “üz döndərdi”, daha doğrusu, onun haqqında bir kəlmə də yazmadı. Bu haqda mətbuatda  belə bir məlumat da yer aldı: “…Mərdanov təhsil naziri təyin edilən ildən etibarən (26 mart 1998-ci il) “Azərbaycan müəllimi” qəzetinin hər sayında onun çıxışlarına, fikirlərinə yer ayrılıb. Lakin nazirin müavinlərinin işdən azad edildiyi ərəfədə “Azərbaycan müəllimi” qəzetində Misir Mərdanov barədə bir cümlə belə, yazılmayıb. Maraqlıdır ki, həmin ərəfədə qəzet ənənəvi olaraq 16 səhifə deyil, 24 səhifə nəşr olunub. Lakin bu səhifələrin heç birində “Misir Mərdanov” adına rast gəlmək mümkün olmayıb. Yeri gəlmişkən, “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Misir Mərdanova yaxın şəxs hesab edilən Bayram Hüseynzadədir. O, həm də Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəridir. Görünür, Bayram Hüseynzadə də artıq Misir Mərdanovun qatarının getməsinin fərqindədir…”. (“Azadlıq” qəzeti, 17.09.2011)…

Hadisələrin bu cür dinamik inkişafı cəmiyyət arasında belə bir illüziya yaradırdı ki, Misir Mərdanov bu gün sabahlıqdır, onun məsələsi həll olunub və yaxın günlərdə o, yola salınacaq. Bütün bunlarla yanaşı, bəzi ekspertlərin fikirlərinə görə, onun həbs olunacağı da istisnalıq təşkil etmirdi. Sanki Misir Mərdanovun da əl-ayağı işdən soyumuşdu. Hətta bu “pessimizm” o həddə çatmışdı ki, müavinlərinin işdən çıxarılma səbəbləri ilə bağlı o, mətbuata açıqlama verməkdən də imtina etmişdi. Nəhayət, bundan bir neçə gün keçmiş Mərdanov dilləndi və müavinlər məsələsinə aydınlıq gətirdi: “Aparılan kadr islahatları çox uğurlu addımdır, bu islahatlar Azərbaycanda təhsil sisteminin daha da yaxşılaşmasına yönəlib. Əminəm ki, bu, öz bəhrəsini verəcək”. (Trend, 22.09.2011).

Deyəsən, xoruzun quyruğu göründü: Sən demə, müavinlərin çıxarılması nazirin lap ürəyindən imiş. Əks halda, o, bu addımı “uğurlu addım”, yaxud “təhsil sisteminin daha da yaxşılaşmasına” yönəlmiş addım kimi qiymətləndirməzdi. Elə isə, bir çox ekspertlər kimi, müavinlər niyə düşünməməlidir ki, nazirlikdə baş verən bu “yarpaq tökümü”nün təşəbbüskarı və təşkilatçısı Misir Mərdanovun özüdür…

Bu hadisədən bir neçə gün keçmiş – sentyabrın 27-də Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirildi. Universitetin yenicə təmirdən çıxmış korpusunda keçirilən tədbirdə ölkə başçısı da iştirak etməli idi. İştirakçılar nə qədər gözləsələr də prezident İlham Əliyev mərasimə qatılmadı. Axırda məcbur olub tədbiri onsuz keçirmək zorunda qaldılar. İclasda Misir Mərdanov da qısa çıxış elədi. Sentyabrın 29-da isə universitetdə yubiley təltifləri törəni keçirildi. Misir Mərdanov həmin törənin də iştirakçısı oldu və mükafatları prezidentin adından o, təqdim etdi. Ölkə başçısının ADİU-da keçirilən tədbirlərə qatılmamasını onun nazirə qarşı etibarının və etimadının azalması və bir daha onunla üz-üzə gəlmək istəməməsi – birdəfəlik üzülüşməsi kimi dəyərləndirənlər də tapıldı. Doğrudan da, sentyabrın 6-dan sonrakı üç həftə ərzində baş verənlər bu qənaətə gəlmək üçün tam əsas yaradırdı…

Bu ara təhsil naziri Misir Mərdanov yavaş-yavaş üzə çıxmağa başladı, nazirlikdə bəzi xırda-para görüşlər keçirdi, hətta bir neçə tədbirdə də iştirak etdi. Amma onun üzərindən sanki “qara buludlar” çəkilməmişdi. Mətbuatda cürbəcür, əksər hallarda isə bir-birini inkar edən fikirlər dərc olunurdu, cəmiyyət arasında həmişəki kimi müxtəlif versiyalar dolaşmaqda davam edirdi. Bu minvalla gəlib yetişdi sentyabrın 30-u. Həmin gün Milli Məclisin payız sessiyasının ilk iclası keçirildi. Qalmaqalsız ötüşməyən bu iclasda təhsilimizin acınacaqlı durumda olması da gündəmə gətirildi. Görünür, bu sferada gedən çürümə prosesi artıq o həddə çatıb ki, Milli Məclisdə də buna ciddi reaksiya verməyə başlayıblar. Əvvəlki iclaslardan fərqli olaraq, bu dəfə YAP-çı millət vəkilləri Səyavuş Novruzov, Məlahət İbrahimqızı, Elmira Axundova bu məsələni dilə gətirdilər, onlar təhsil sistemində yaranmış neqativ tendensiyaları kəskin tənqid etdilər. Hətta təhsil məsələsi o dərəcədə qızışdı ki, vəziyyəti durdurmaq üçün spiker Oqtay Əsədov iqtidaryönlü Ana Vətən Partiyasından seçilmiş millət vəkili Zahid Orucun danışmasına belə imkan vermədi. Bəzi ekspertlər burada baş verənləri təhsillə bağlı üstüörtülü şəkildə gedən söz-söhbətlərin birdən-birə parlamentdə üzə çıxması kimi də qiymətləndirdilər…

Nəhayət, oktyabrın 2-də Misir Mərdanov mətbuatda yazısı ilə görünməyə başladı. Belə ki, onun “Azərbaycan” qəzetində (sonradan isə “Azərbaycan müəllimi” qəzetində) “Azərbaycan təhsili müstəqillik illərində” sərlövhəli böyük yazısı dərc olundu. Gözləmək olardı ki, bu yazıda nazir çoxsaylı etiraflarda bulunacaq, təhsilimizə rəhbərlik etdiyi dövrdə buraxılmış ciddi səhvləri dilə gətirəcək, “Azərbaycan təhsilinin sıfırdan qurulmasının” niyəsini izah edəcək, iki gün öncə Milli Məclisdə səslənən kəskin fikirlərə münasibət bildirəcək və s. Təəssüflər olsun ki, yazı həmişəki kimi, başdan-ayağa şablon fikirlər, ucuz təriflər və bəsit proqnozlar üzərində qurulmuşdu, tənqiddən isə əsər-əlamət yox idi. Yaxşı deyiblər, utanmasan oynamağa nə var. Belə çıxırdı ki, o, nazir kimi fəaliyyətindən çox razıdır və əgər ona möhlət verilərsə, köhnə qaydada işini davam etdirəcək. Bu da Mərdanovun keçmişdən götürdüyü “ibrət” dərsi…

Oktyabrın 5-də isə Təhsil Nazirliyində Müəllimlər Gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə nazir Misir Mərdanov çıxış edərək müəllimlərin yüksək qayğı ilə əhatə olunmalarından, 128 müəllimin ölkə prezidentinin fərmanı ilə təltif edilməsindən danışdı. O dedi: “Bu müəllimlərin mükafatlandırılması bütün Azərbaycan müəllimlərinə, Azərbaycan təhsilinə verilən yüksək qiymətdir”. (525-ci qəzet, 06.10.2011). Sentyabrın 6-da müəllimlərin maaşının 2000 manat olmasını tələb edən nazir bu tədbirdə tamam dəyişmişdi. Bu dəfə onu “2000 manat maaş” yox, bir neçə müəllimə verilən ad və medal da qane edirdi. Niyə? – Bilmirik. Niyəsini bilən varsa, desin bizə də bilək…

Yuxarıda bir ay ərzində (6 sentyabr – 5 oktyabr) təhsilimizdə baş verən əsas hadisələrin xronologiyasını verdik. Xronologiyadan da göründüyü kimi, “Mərdanov düyünü”nün açılımı yaman müşkülə çevrilib, el dili ilə desək, “bu xəmir hələ çox su aparacaq”.

 “Xural”ın informasiya şöbəsi

“Xural” qəzeti,

il 9, sayı: 057 (466), 11 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button