Mərdanovun “fərqli” məmurları

Misir Mərdanov

Nadir İsrafilov

təhsil eksperti

 Bir neçə gün öncə qəzetlərdə Müəllimlər Günü  münasibətilə ölkə prezidentinin təltif etdiyi təhsil işçilərinin siyahısı dərc olundu. Siyahıda Təhsil Nazirliyinin orta ranqlı iki məmurunun – kənd rayonları üzrə ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədovun və strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirovun da adı var. Doğrusu, bu “muştuluğu” mənə telefonda dostum Əmənulla Məmmədov verdi. Nə gizlədim, inanmağım gəlmədi. Birincisi, ona  görə ki, buna qədər həmin şəxslərə müxtəlif adlar və mükafatlar verilib, bu dəfə isə lap ağ olurdu. İkincisi isə, hər ikisi ilə bir yerdə işlədiyimdən onları çox yaxşı tanıyıram…

Qəzetləri alıb vərəqləyəndə gördüm ki, məsələ, doğrudan da Əmənulla müəllim deyən kimidir: Hər ikisi “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. Adətən, belə hallarda adamları təbrik edərlər. Mən isə riyakarlıqdan uzaq olduğumdan, öz adımdan deyə bilərəm ki, onlara təbrik-filan düşmür. Əksinə, onları təbrik etmək, təhsil sistemində çalışan çoxsaylı əsl ziyalını təhqir etmək anlamına gəlir. Niyə?

– Birincisi, bu işin niyəsini təhsil sistemindən az-çox xəbəri olanlar çox yaxşı bilirlər. İkincisi, “niyələr” o qədər çoxdur ki, onları saymaqla qurtarası deyil. Üçüncüsü isə, bu şoğərib “niyələr” o boydadır ki, onları gecəyarısı ay işığında da görmək olar.

Aydın Əhmədovun rəhbərlik etdiyi kənd rayonları təhsilinin nə gündə olduğunu hamımız yaxşı bilirik. Bunu TQDK-nın hər il dərc elədiyi hesabatlardan da açıq-aydın görmək olar. Rayonlarda elə məktəblər var ki, uzun illərdir bircə məzunu belə ali məktəblərə qəbul olmur. Bir sözlə, dövlətin milyonları göyə sovrulur, əvəzində isə yaxşı bir şey yoxdur.

Aydın Əhmədov kurikulum islahatı tozanağının başında duran əsas fiqurlardan biridir. Bu gün onun “şah əsəri” – kurikulumlar haqqında nə qalıb yazılmasın. Bu sənədlər nəinki beynəlxalq standartlara, heç elementar tələblərə də cavab vermir. Xeyli əvvəl ekspert Əlövsət Osmanlının “Mərdanova məktublar” adlı bir kitabı işıq üzü gördü. Həmin kitabda Aydın Əhmədovun və Kurikulum Mərkəzinin rəhbəri Ənvər Abbasovun şəkilləri verilib. Bu şəkillərin altında yazılmış sözləri bir daha Oxucuların diqqətinə çatdırıram: “Əziz Oxucular! Bu şəxsləri yaxşı tanıyın. Təhsil tariximizin qara ləkəsinə çevrilmiş biabırçı fənn kurikulumları onların rəhbərliyi altında hazırlanıb”.

Fərzəli Qədirovun nazirlikdə hansı “gücə” malik olduğunu bilmək üçünsə “Mərdanovun “sağ əli” – Qədirov Fərzəli” adlı məqalədən bir parçanı oxumaq yetərlidir: “Fərzəli Qədirov 3 il öncə həyat yoldaşı Kəmalə Qədirovanı Bakıdakı 164 saylı orta məktəbə direktor təyin etdirib. Bu xanım direktor təyin olunanadək həmin məktəbdə sıravi ibtidai sinif müəlliməsi işləyib. Halbuki Misir Mərdanovun da dəfələrlə səsləndirdiyi kimi, direktor olan şəxs bu vəzifəyə təyin olunanadək bir neçə il dərs hissə müdiri (direktor müavini) işləməlidir. Göründüyü kimi, Kəmalə Qədirova direktor təyin olunarkən bu meyara cavab verməyib. Bununla belə, bəzi suallar da ortaya çıxır: Onun direktor təyinatı necə qanuniləşdirilib? İbtidai sinifdə dərs deyən bir şəxs indiyədək məktəbə necə rəhbərlik (nəzarət) edib? Digər tərəfdən, ibtidai sinif müəlliminin orta məktəbə direktor təyin edilməsi nə dərəcədə məntiqidir?”

Bəlkə Aydın Əhmədova və Fərzəli Qədirova medalı bu “xidmətlərinə” görə veriblər?!..

“Xural” qəzeti,

il 9, sayı: 053 (462), 07 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button