Mərkəzi Bank dövriyyəyə 200 manatlıq əskinaslar buraxır

Mayın 23-də Mərkəzi Bankda müstəqil dövlətimizin qurucusu, ümummilli lider Heydər Əliyevin 95 illik və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileylərinin əbədiləşdirilməsi məqsədilə hazırlanmış xatirə pul nişanlarının və yeni 200 manatlıq pul nişanının təqdimat mərasimi keçirilib.

AMB-dən virtualaz.org-a verilən məlumata görə, Mərkəzi Bankın sədri Elman Rüstəmov qeyd edib ki, dövriyyədə olan nağd pulun strukturunda baş verən dəyişiklikləri nəzərə alaraq, eləcə də nağd pul sferasında səmərəliliyin yüksəldilməsinin təmin etmək üçün yeni 200 manatlıq pul nişanının tədavülə buraxılması barədə qərar qəbul edilib.

Yeni pul nişanının dizaynını ABŞ-ın “Crane Currency” şirkəti hazırlayıb, Bu dizayna bir sıra şirkətlərin təqdim etdiyi mühafizə sistemləri inteqrasiya edilməklə pul nişanı “Giesecke+Devrient” şirkətində istehsal olunub.

Əskinasın üzərində Heydər Əliyev Mərkəzinin təsviri, mərkəzin əsas eksteryer və interyerinin dizayn elementləri, milli xalça nümunələrinin elementləri, digər milli ornamentlər əks olunub.

Daha sonra isə ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi münasibətilə hazırlanmış xatirə pul nişanı təqdim edilib. Xatirə pul nişanları çəkisi 1 troy unsiyası (31,1 qr) olan yüksək əyarlı qızıldan və platin-qızıl kombinasiyasından ibarətdir.

Həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə hazırlanmış xatirə pul nişanı da təqdim olunub. Xatirə pul nişanları çəkisi 1 , ¾ və ½ troy unsiyası olan yüksək əyarlı qızıldan ibarətdir.

Hər iki yubiley pul nişanları Böyük Britaniyanın “The Royal Mint” Kral Sikkəxanasında istehsal edilib.

Sonda onu da qeyd edək ki, AzərTAc yeni 200 manatlıq pul nişanının mayın 24-dən, digər mənbələr isə gələn aydan dövriyyəyə buraxılacağını bildirirlər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button