Mərkəzi Bankın sədri Elman Rüstəmov artıq Şahmat Federasiyasının prezidenti deyil

Azərbaycan Şahmat Federasiyasının Hesabat-Seçki Konfransı keçirilib.

Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbirdə nazir Fərid Qayıbov çıxış edib. Hesabat-seçki yığıncağında Azərbaycan Şahmat Federasiyasının fəaliyyəti barədə hesabat məruzəsi dinlənilib. Sonra Azərbaycan Şahmat Federasiyasının rəhbərliyinə yeni seçkilər keçirilib.

Səsvermə nəticəsində uzun illər federasiyada vitse-prezident kimi çalışan, həm də Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti olan Mahir Məmmədov 4 il müddətinə federasiyanın prezidenti seçilib. Əvvəlki prezident, Mərkəzi Bankın sədri Elman Rüstəmov bu vəzifədən məhrum edilib. O, 2007-ci ildən bu federasiyaya rəhbərlik edirdi.

Faiq Həsənov federasiyanın I vitse-prezidenti, Seymur Talıbov isə vitse-prezident kimi işini davam etdirəcək. Federasiyanın prezident və vitse-prezidenti həm də İcraiyyə Komitəsinə üzv kimi təsdiqlənib.

Eyni zamanda Sərxan Həşimov (Vüqar Həşimovun qardaşıdır – S.M.) və beynəlxalq qrossmeyster Cahangir Ağarəhimov İcraiyyə Komitəsinə üzv seçilib.

Tədbirdə çıxış edən federasiyanın yeni prezidenti Mahir Məmmədov qarşıda idmançılarımızı bir sıra nüfuzlu yarışların gözlədiyini bildirib. O, gələcəkdə daha böyük uğurların qazanılması üçün lazımi işlərin görüləcəyini vurğulayıb. Federasiya prezidenti iclasda qaldırılan məsələlərin yerinə yetirilməsi üçün səylə çalışacaqlarını qeyd edib.

Sloveniyada komandalar arasında Avropa çempionatında bürünc medal qazanan qadın şahmatçılardan ibarət Azərbaycan yığmasının üzvləri, eləcə də kişilərdən ibarət Azərbaycan yığmasının üzvü Nicat Abbasova (beşinci lövhədə yaxşı çıxış etdiyi üçün – S.M.) pul mükafatları təqdim edilib, onlara gələcək yarışlarda uğurlar arzulanıb.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button