Məscid axundu jurnalistə qarşı

Aydın Canıyevlə bağlı mətbuat konfransı Mətbuat Şurasının sifarişi ilə təşkil edilib…

Dünən Beynəlxalq  Media Mərkəzində qəzetimizin cənub bölgəsi üzrə müxbiri Aydın Canıyevin həbsi ilə bağlı mətbuat konfransı keçirilib. Mətbuat konfransında özünü zərərçəkən kimi təqdim edən “Sahibi əz-Zaman” məscidinin axundu Mirbaba Tahirov və onun vəkili Ağakişi Nağıyev iştirak edib. Qeyd edək ki, saat 12.10–da başlayan mətbuat konfransı saat 12.35-də başa çatıb. Mətbuat konfransına yalnız Mətbuat Şurasında təmsil olunan qəzet və informasiya agentliklərinin nümayəndələri dəvət edilib. Məscidin axundu və onun vəkili A.Canıyevin sərxoş vəziyyətdə məscidə gəldiyini bildirib. M.Tahirov hətta A.Canıyevin ondan pul istədiyini iddi edib.

Mətbuat konfransından sonra biz M.Tahorova və vəkili A.Nağıyevə bir neçə sualla müraciət etdik.

– Aydın Canıyevin qan içərisində videogörüntüləri yayımlanıb. Siz haradan bilirdiniz ki, o məscidə gələcək?

M.Tahirov:

– Kəndimiz şəhərə yaxındır. İndi telekanalların agentləri KQB-nin agentlərindən çoxdur. Xəbər ediblər, onlar da gəliblər.

Axund sualı cavablandırdıqdan sonra özünü təqdim etməyən şəxs cavaba düzəliş edir:

– İndi hamının telefonu çəkir, yəqin kimsə çəkib.

– Videoçəkiliş kamera ilə aparılıb.

– Aydın Canıyev kadrlarda qan içərisində göstərilir.

– O, əli ilə şüşələri qırmışdı. Yəqin üzünə qan sıçrayıb.

– Aydın Canıyevin ağaca sarınması barədə mətbuatda məlumat gedib.

 M.Tahirov:

 – Aydın məsciddən çıxandan sonra Zemfira Xəlilovanın evinə gedib. Aydın onun qızı, əvvəllər jurnalist işləyən Gülüşlə evlənmək istədiyini bildirib. Lakin ona rədd cavabı veriblər. Belə olan təqdirdə Aydın evin pəncərələrini qırıb. Zemfira və Gülüş onu ağaca bağlamalı olub.

Bu dəfə axundun vəkili M.Tahirovun cavabına düzəliş edir:

– Onu heç kim ağaca bağlamayıb. Bu, ara söhbətidir.

Maraqlı hal orasındadır ki, zərərçəkən tərəf dönə-dönə A.Canıyevlə heç bir ədavətinin olmadığını bildirsə də, jurnalistlərə paylanan press-relizdə bunun əksini göstəriblər. Onlar eyni zamanda A.Canıyevin yazılarına görə həbs edildiyini təkzib ediblər.

Lakin axundun bizim suallarımıza cavabları və mətbuat konfransının Prezident Administrasiyasının İctimai-Siyasi şöbəsinin müdiri Əli Həsənova məxsus mətbuat mərkəzində keçirilməsi bir daha onu sübut edir ki, həbs məhz yazılara görə həyata keçirilib. Bundan əlavə, “Xural” qəzetinin baş redaktorunu həbslə hədələyən Mətbuat Şurasının İdarə Heyətinin üzvi Müşviq Ələsgərli də mətbuat konfransını müşahidə edirdi. Onun eyni zamanda mətbuat konfransına gələn jurnalistlərin qeydiyyatdan keçirilməsi proseduruna rəhbərlik etdiyinin şahidi olduq. M.Ələsgərli bizim mətbuat konfransında iştirakımızı gördükdən sonra sürətlə mətbuat konfransının keçirildiyi zalın yerləşdiyi mərtəbəni tərk etdi.

 Əfqan Muxtarlı

 Redaksiyadan: Müşfiq Ələsgərli, sən nə gəzirdin orada?!

“Xural” qəzeti,

il 9, sayı: 041 (449), 24 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button