Məşhur insanların həyatından – Çapay Sultanov!

Həyatla yanaşı uzanan yol…

Elə insanlar var ki, onlar haqqında yazmaq çox çətindir. Bu insanlar cəmiyyətin düşüncəsini, təfəkkürünü istiqamətləndirməklə yanaşı, həm də onu inkişaf etdirir. Sadə dillə desək, belə insanlar cəmiyyətə, bəşəriyyətə «xeyirli insanlar»dır. Çapay Sultanov haqqında yazmaq da çətindir. Bu insanın həyatı o qədər böyük və əhəmiyyətli hadisələrlə zəngindir ki, onların hər biri haqda böyük bir kitab yazmaq olar. Çapay Sultanov 150 elmi məqalənin və 16 kitabın müəllifidir. Onun kitabları bu gün dünyanın hər nöqtəsində elmi əsərlər kimi istifadə olunur. Çapay Sultanov 16 il ərzində respublikanın Şahmat Federasiyasına rəhbərlik edib. Həmin müddətdə, onun başçılığı ilə respublikanın şəhər və rayonlarında 42 şahmat məktəbi açılıb. 1987-ci ildə SSRİ-nin Şahmat Federasiyasının iclasında qərara alınıb ki, Azərbaycan Şahmat Federasiyasının iş təcrübəsi ittifaq respublikalarının şahmat federasiyaları arasında bölünsün. Çapay Sultanov tərəfindən dünyada ilk dəfə olaraq şahmat ustalığının mükəmməlləşdirilməsi ilə bağlı kompüter sistemi işlənilib. Bu sistemlə yaxından tanış olmaq üçün Bakıya məxsusi olaraq FİDE-nin prezidenti F.Kompamanes də səfər edib.

Şahmat sahəsinin inkişafında göstərdiyi xidmətlərə görə Çapay Sultanova şahmat üzrə əməkdar məşqçi, «Azərbaycanın idman və bədən tərbiyəsi üzrə əməkdar işçisi» fəxri adları verilib, xalq maarifləndirilməsi üzrə əlaçı nişanı ilə təltif olunub.1986-cı ilədə onu FİDE-nin iki komissiyasının üzvlüyünə seçiblər. Çapay Sultanov «O шахматах и только…», «Сквоз призму шахмат…» kitablarında Oxucularla özünün çoxillik təcrübəsini paylaşıb. Çapay Sultanovun fəaliyyəti demək olar ki, bütün sferaları əhatə edir. Onun araşdırmaları bu gün də tələbələr, aspirantlar üçün elmi əyani-vəsaitdir.
Azərbaycan Elmlər Akademiyasında işlədiyi müddətdə Çapay Sultanov respublikanın iri neft və qazkondensat yataqlarının kəşf olunması və işlənməsində iştirak edib, onların istismarı üçün elmi əsaslar hazırlayıb. Onun «Neft» kitabı neft sahəsində çalışan insanların stolüstü kitabına çevrilib. Çapay Sutanov haqqında yazılan məqalələrdə rusiyalı satirik yazıçı Mixail Zadornovun maraqlı statı göstərilir: «Mən istənilən geosiyasi situasiyanı neft vasitəsilə izah etməyə çalışıram…»Yəqin ki, bu, həqiqətən də belədir. Hər bir halda bu da faktdır ki, Çapay Sultanov Azərbaycan prezidentlərinin hamısına qeyri-formal da olsa, məsləhətlər verib. Dənizdə neft və qaz yataqlarında olan təbii ehtiyatların hesablanması və rasional işlənməsinə görə Çapay Sultanov Azərbaycanın Dövlət Mükafatı ilə təltif edilib.

Hazırda o, Beynəlxalq Neft Şərq Akademiyasının vitse-prezidenti, geoloji-mineraloji elmləri doktoru, professordur. Çapay Sultanov dünyada ilk dəfə olaraq geologiyada riyazi üsullardan istifadə edib. Bu üsullar olmadan bir dənə də olsun məsələ həll olunmur. Ancaq bu adamın qaynayan enerjisi və istedadı tək elmi işlərlə məhdudlaşmır. Son 10 ildə Çapay Sultanov tərəfindən 16 kitab işıq üzü görüb. SSRİ-ni «Perestroyka» möhürü ilə darmadağın edən, Qanlı 20 Yanvar faciəsində birbaşa əli olan M.Qorbaçovun fəaliyyətinə həsr olunmuş «İblis damğalı…» kitabı Azərbaycan və rus dillərində çap olunub.

Kitabda Azərbaycanın 90-cı illərdə erməni-Azərbaycan qarşıdurması zamanı necə qəddar təzyiqlərə düçar olması göstərilib. Başda «İblis damğalı» – Mixail Qorbaçov olmaqla antiAzərbaycan yönümünün bütün «qəhrəmanları» ifşa edilib. Kitabın əsasını Azərbaycan üçün həmin dəhşətli illərdə yer almış real faktlar təşkil edir. Kitabda müəllif ürək yanğısı ilə deyir: «Azərbaycan 20 yanvar 1990-cı ildə olanları heç vaxt bağışlaya və ya onlara haqq qazandıra bilməz, bilməməlidir. Buna görə o zaman hakimiyyətdə olanlar cavab verməlidirlər… Qanlı yanvar faciəsində bilavasitə təqsirkar olan Qorbaçovu və onun komandasını beynəlxalq məhkəməyə vermək zərurəti çoxdan yetişib. Bunu günahsız qurbanların ruhları tələb edir…»

Çapay Sultanovun iki cilddən ibarət «Нашествие», ingilis və türk dillərinə tərcümə olunmuş – «İmparatorluğun son darbesi», «The Last Blow From The Empire» kitabları Oxucular tərəfindən rəğbətlə qarşılanıb. Kitabda illər sonra 20 yanvar hadisələrinə yenidən baxan, onu təhlil edən müəllif faktlar əsasında M.Qorbaçovun bədxah niyyətlərini, ümumiyyətlə, həmin dövrdə SSRİ-nin siyasi palitrasını açıqlamağa çalışıb. Kitabda həmçinin ermənilərin Azərbaycana qarşı yürütdükləri işğalçılıq siyasətlərinin fonunda apardıqları elan olunmamış müharibə də Oxucuların diqqətinə çatdırılır: SSRİ niyə dağıldı? Yeni tarixdə qanlı Qarabağ separatizminin başlanması, ermənilərin daxili qüvvələri hesabına Sumqayıt fitnə-fəsadının təşkil olunması – Bakıya vurulan nəhəng informasiya zərbəsi. Qorbaçov tərəfindən düşünülərək hazırlanmış plan əsasında Bakıya vurulacaq zərbədən qaçmaq mümkün idimi? Qorbaçov hansı səbəblərdən Bakıda qanlı qırğınlar törədilməsini istədi və bu əməliyyat üçün nədən Bakını seçdi? Bakıya qanlı döyüşçülərinin yeridilməsinin əsas «qəhrəma»ı kim idi? Qanlı yanvar hadisələrindən sonrakı proseslər niyə plandan kənara çıxdı? Erməni işğalçılarının arxasında duran Qorbaçov, onlara dəstək verən Yeltsin və onun komandası hansı məqsədləri güdürdülər? Bütün bu suallara cavab tapmaq üçün «İmparatorluğun son darbesi» kitabını oxumaq yetərlidir.

«Выстояли бы СССР и Европа против фашизма в случае потери Бакинской нефти?» kitabı ingilis dilində «Would The Allies Have Won Without Baku Oil?» adı ilə böyük tirajla nəşr olunub. Kitabda Böyük Vətən Müharibəsi illərində dünyanın hegemon dövlətlərinə məğlubedilməz görünən faşizmə SSRİ-nin qalib gəlməsinin səbəbləri fakt və dəlillərlə izah olunub, müharibə dönəmində Bakı nefti olmadan SSRİ-nin Hitler ordusuna qalib gəlmə imkanalarının ümumiyyətlə mümkünsüz olduğu sübuta yetirilib. Kitabdan təsirlənən Rusiyanın məşhur jurnalisti Aleksandr Qoryanin yazır: «İnsanı heyrətləndirən odur ki, müharibə ilə bağlı bayram və ildönümləri keçirilərkən keçmiş sovet hərbçilərindən kiminsə qələbədə Bakı neftinin rolunun olması barədə nəsə dediyini, ümumiyyətlə bu mövzunu qaldırdığını xatırlamıram. Yəqin ki, kimsə bu mövzunu gündəmə gətirib, amma səsini bərkdən çıxarmağa cəsarəti çatmayıb. Başqaları kimi Bakıya «qəhrəman şəhər» adını vermədilər, qəbul olunduğu kimi mükafatlandırmadılar. Ancaq həqiqətin gözünə dik baxmaq lazımdır: Azərbaycan nefti olmadan müharibədə qalib gəlmək olmazdı.»

«Нефтегазовые стратегии и политика в XXI веке» kitabını isə elm aləminin böyük nailiyyəti hesab etmək olar.
«Политические и экономические етюды по Южному Кафказу (Хроника с 1850 по 2010 гг)» kitabında xronoloji ardıcıllıqla Qafqaz respublikalarının Sovet İttifaqı illərindən əvvəl, həmin illərdə və ondan sonrakı illərdə iqtisadi inkişafı analiz olunub. Oxucular bu kitabı oxuyarkən həm elmi, həm də tarixi biliklər almaq imkanı qazana bilərlər. Bu kitablarda Heydər və İlham Əliyevlərin neft-qaz strategiyası əhəmiyyətli dərəcədə diqqətə çatdırılır. Xəzər neft müqavilələrinin imzalanması və Bakı-Ceyhan neft kəmərinin çəkilməsi prosesi bütün həcmi və dramatikliyi ilə göstərilib. Müəllif bütün kitablarında bu müqavilələrin Azərbaycanın regiondakı geosiyasi vəziyyətini köklü surətdə dəyişməsinin çox gözəl izahını verir. Bununla yanaşı, Çapay Sultanov Azərbaycana qarşı neqativ mövqeyi bəlli olan RLDP-nın sədri, deputat Jirinovskiyə də böyük «diqqət» ayırır. Respublikanın şahmat federasiyasının tam susqun olduğu zamanda Çapay Sultanov H.Kasparovun Azərbaycanın əleyhinə söylədiyi fikirlərə etiraz səsini ucaldır, ona hər cür dəlil-sübut göstərərək, ermənilərin nə qədər haqsız olduqlarını, bununla belə dünya ictimaiyyətini yanlış təbliğatla idarə etdiklərini diqqətə çatdırır.

Çapay Sultanov bu kitablardan əldə etdiyi vəsait hesabına özünün şəxsi saytını, internet kitabxanasını yaradıb və bütün kitablarını da www.sultanov.azeriland.com saytına yerləşdirib. Artıq Ç. Sultanovun pərəstişkarlar onun kitablarını bu saytdan da əldə edə bilərlər. Fəaliyyətdə olduğu müddətdə 62 ölkədən olan 2 milyondan artıq insan saytı ziyarət edib. Onun email-ünvanına gələn rəylər əsasında da qalın kitab dərc etdirmək mümkündür. Çapay Sultanovun kitablarının nəşr olunmasında məşhur vəkil Aslan İsmayılovun, Türk İş Adamları Assosiasiyası, iş adamı, kitab aludəçisi Rafael Şirinovun göstərdiyi kömək danılmazdır.

Çapay Sultanov həm də yazıçılıqla məşğul olur. O, asudə vaxtlarında İçərişəhər haqqında video və digər materiallar toplayır. Özünün təhsil adığı məktəblə bağlı apardığı araşdırmalar da maraq kəsb edir. Toplanan materiallar əsasında o, «Mənim zamanım və özüm barədə» filmini yaradıb. Bu filmə Çapay müəllimin dostları, gözlərində yaş böyük maraq və həyəcanla baxırlar. İsraildə yaşayan köhnə bakılılar da öz uşaqlıqlarının şəhəri olan Bakı haqqında çəkilmiş bu filmdən gözlərini yayındıra bilmirlər. Çapay Sultanov hesab edir ki, bunun özü təbliğat üçün çox gözəl vasitədir: «Bu, bütün dünyaya, elə özümüzə də özümüzü daha yaxşı dərk etmək üçün ən yaxşı təbliğat, ən yaxşı siyasətdir.»

Çapay Sultanovun Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətlər cavabsız qalmayıb – erməni terrorizminin işıqlandırılması istiqamətində apardığı informasiya mübarizəsinə görə Azərbaycan Respublikası MTN-i tərəfindən ona S.Əsgərova adına birinci mükafat təqdim olunub. Azərbaycan prezidentinin sərəncamı ilə Çapay Sultanova prezident təqaüdü ayrılıb və mənzil verilib. Çapay Sultanov bu gün də ictimaiyyətin ziyalı və elit təbəqəsinin görməli olduğu işləri böyük həvəs və ürəkyanğısı ilə həyata keçirir.

“Xural” qəzeti
il: 9, sayı: 002(410), 16-22 yanvar 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button