MƏŞHUR YAP-çıdan ŞOK AÇIQLAMALAR – “Evə zəng gəldi, Kəmaləddin Heydərov idi…”

Eldar SabiroğluYeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov YAP Səbail rayon təşkilatı Şurasının üzvü  Əli Əlirzayevin və digər partiya funksioneri Eldar Sabiroğlunun ittihamlarına cavab verib.

xural.com azpolitika.info-ya istinadən xəbər verir ki, S. Novruzov Eldar Sabiroğlunu ümumi danışmamağa, ad çəkməyə çağırıb. “Əgər onların YAP-da kiminləsə bağlı konkret fikirləri, sözləri varsa, ad çəksinlər, ümumi danışmasınlar. Konkretləşdirsinlər, ittiham etdikləri şəxs də onların iradlarına, suallarına özü cavab versin. Kim kimə maneçilik törədib, kim kimə imkan verməyib, bütün bunları konkretləşdirib demək lazımdır, ümumi danışmaq yox.

Amma hər bir partiya üzvü nizamnamə tələblərinə riayət etməlidir. Kimin kimdən xoşu gəlmirsə, bunun partiya siyasətinə aidiyyəti yoxdur. Münasibətlərini başqa yerdə ayırd etsinlər”.
“Yeni Müsavat” qəzetinə müsahibəsində isə Siyavuş Novruzov Eldar Sabiroğlu ilə bağlı daha açıq danışıb. “Şahlar Əsgərov və Eldar Sabiroğlunun dediklərinə nə sözünüz var?”, sualına YAP İcra katibinin müavini belə cavab verib:

“Şahlar Əsgərov da iki dəfə deputat seçilib. Eldar Sabiroğlu isə bir dəfə proporsional qaydada seçilib, ikinci dəfə parlamentə namizədliyi rəsmi şəkildə irəli sürülüb, ancaq alınmayıb. Bütün bu məsələləri bir-birinə qatmaq lazım deyil. Şahlar Əsgərov başqadı, Eldar Sabiroğlu da başqa. Tutalım ki, Əli Əlirzayev “91-lər”in üzvüdür, YAP-ın yaradıcılarından biridir. Onunla Eldar Sabiroğlu eyni deyil, fərqli-fərqli yanaşmalardır.”

Eldar Sabiroğlunun Siyavuş Novruzova cavabı sərt olub. Keçmiş YAP-çı deputat S.Novruzovun ad çəkmək çağırışına və onun YAP qarşısında xidmətləri ilə bağlı fikirlərinə cavab olaraq, bunları deyib:

“Onun buna qədərki üstüörtülü atmacaları ilə də tanışam. Sadəcə cavab vermək istəmirdim. Bir səbəbi də bu idi ki, seçki ərəfəsində lazım olmayan məsələləri gündəmə gətirmək niyyətim yox idi. Qaldı S.Novruzovun açıqlamasına, mən onu ciddi adam kimi tanımadığıma görə baş qoşmaq istəmirdim. O çox xırda fiqurdur. Səhv etmirəmsə, indi bir çoxları kimi məni də bəyənməyən bu adam 1993-cü ilin fevral ayında, partiyanın strukturu müəyyənləşdirilərkən, ona təsərrüfat müdiri vəzifəsi tapşırıldı. Əli Həsənov ideologiya şöbəsinin, Əhliman Tağıyev təşkilat şöbəsinin, mən isə analitik informasiya və proqnozlaşdırma mərkəzinin rəhbəri təyin edildim. Siyavuş Novruzov indi deyir ki, filankəs ayrıdı, filankəs ayrı. Bu adamlar həmişə insanlara bu cür ayrı-seçkiliklə yanaşıblar. Soruşan yoxdu ki, bəs sən hansı hörmətə, nüfuza görə səs alırsan! Bəlkə elə düşünürsən ki, cəmiyyətdəki hörmətin adlarını çəkdiyin adamlardan üstündür?!”

E.Sabiroğlu daha sonra Siyavuş Novruzovun YAP-da vəzifə almasında özünün rolundan danışıb: “Özümə bağışlamadığım bir hadisədən danışmaq istəyirəm. Əhliman Tağıyev Prezident Aparatına işə getmişdi. Partiyanın təşkilat şöbəsinin müdiri vəzifəsi yeri boş qalmışdı. Günlərin birində hörmətli Əli Nağıyev yetişdirdiyi Siyavuş Novruzovun təşkilat şöbəsinə müdirliyinə namizədliyini irəli sürməyi məndən xahiş etdi. Əlbəttə, razılaşmasaydım da, bunu başqasının vasitəsilə edəcəkdi. Ancaq mən onun tapşırığı əsasında ürəklə Siyavuş Novruzovun namizədliyini iclasda irəli sürdüm. Əli müəllim sağ-salamatdır, Allah ömür versin, soruşa bilərsiniz. İndi Siyavuş Novruzov üçün haqqı danmağın heç bir əhəmiyyəti yoxdur. Ona çatdırmaq istəyirəm ki, bəyənmədiyi Eldar Sabiroğlu Əli Nağıyevlə birlikdə respublikanın o rayonu qalmayıb ki, partiya işilə məşqul olmasın. O isə o zaman belindən dizinəcən sallanmış zəncirdəki topa açarlarla qərargahda o başa, bu başa gedib gələrdi. Özümə çox böyük şərəf bilirəm ki, Ulu Öndər Heydər Əliyev tərəfindən partiyanın müəyyənləşdiriliş ideoloji istiqamətinin təbliğində az xidmətlərim olmayıb. Partiyanın Bakıda keçirilən ikinci konfransının sənədlərini səhərədək hazırlayarkən, Siyavuş kefdə-damaqda idi! Ulu Öndərin həmin konfransla bağlı dediyi xoş sözlərin az da olsa mənə də aidiyyatı var idi. Siyavuş Novruzov, yadındadırmı Qəzənfərin zirzəmisi?!!”

Keçmiş deputat S.Novruzovun YAP-da vəzifə almasında az da olsa rolu olduğuna görə peşiman olduğunu deyir: “Ancaq mən özümə bağışlaya bilmirəm ki, bu təsərrüfat müdirinin namizədliyini irəli sürməklə, nəyə gorə sonradan başqalarının tənbehini qazandım. İndi iki arpanı bölə bilməyən hüquq doktoru gəlib öyüd-nəsihət verir. Yenə deyirəm, Allah mənə bağışlamaz ki, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin sağlamlığım üçün göstərdikləri qayğını yaddan çıxarım. Heydər Əliyevin ruhu mənim üçün nə qədər əzizdirsə, prezident İlham Əliyevin şəxsiyyəti də o qərəcədə dəyərli və dəyişməzdir.

Ağır ürək böhranı keçirmişdim. Bilgəhdən bir gün idi ki, evə gəlmişdim. Axşamdan ötmüşdü. Evə zəng oldu. Kamaləddin Heydərov idi. Allah onun da balalarını saxlasın, onun da yaxşılıqlarını az görməmişəm. Telefonda dedi ki, İlham müəllimin tapşırığı ilə səni müalicə üçün Londona Kral xəstəxanasına göndərəcəyik. Beləliklə, getdim və tam sağalıb geri qayıtdım. Bunun üstündən 16-17 il keçir. Bu qayğı olmasaydı, bəlkə indi sümüklərim də çürümüşdü.

Bunu ona görə dedim ki, bu böyük şəxsiyyətlərin boynumda ağır yükü olduğunu Siyavuş Novruzov kimiləri anlasın.

Etirazımın və partiyada hökmranlıq eşqinə düşən adamların ünvanı mənim üçün gün kimi aydındır. Kimin bostanına daş atdığımı da hamı gözəl bilir. İndi o adamlar özlərinə o qədər arxayındırlar ki, gözləri ayaqlarının altını görmür. Qarşılarında heç kim danışa bilməz. Oldusa, qurtardı, həmin şəxsin özü ilə yekunlaşmır. Ailəsi, qohum-əqrabası ilə də haqq-hesab çəkirlər və sonradan bu eybəcər əməllərini özlərindən yayındırmaq üçün şayiələri daha yuxarının ayağına yazırlar.
Bu açıqlamamı oxuyanlar fikirləşməsinlər ki, əsəbləşmişəm, kiminsə sözü məni qızışdırıb. Çox sakit qaydada fikirlərimi söyləyirəm. Bütün bu işlərin başında Siyavuş Novruzov və onun kimilərin ideya müəllimi olan Ramiz Mehdiyev dayanır. Və nədənsə, bu adam kök saldığı yerində elə bir təəssürat yaradıb ki, guya bu olmasa, dövlət dağılar. Sadəlövhlüklə yanaşmıram. Ucqar kənd adamından belə soruşsan, onun haqqında ətrafının yaydırdığı uydurmanı adı, soyadı ilə göstərər. Ona, ümumiyyətlə, toxunmaq olmaz! Toxundunsa, sağdan-soldan üstünə şığıyacaqlar. “Şığımaq” deyərkən mən onu nəzərdə tuturdum. İndi akademik olub. “Möhtəşəm” əsərlərinin dünyaya necə gəldiyini analiz etməkdən uzağam… Ali Partiya Məktəbində oxuyarkən, bizim qrupa bir semestr mühazirə oxudu. Gözlərini kağızdan-vərəqdən çəkə bilmirdi. İndi fəlsəfə üzrə sanki müqayisəsiz bir alimə çevrilib. Halbuki, əgər fəlsəfənin kateqoriyalarını tam olaraq deyə bilsə, adımı dəyişərəm. Adam məəttəl qalır. Yüksək vəzifə sahiblərinin də bir qismi, üzr istəyirəm, ondan tük salırlar. Çəkinmək, yaxud hörmət dövlət hakimiyyətində bir adamdan olar. Elmi ictimaiyyətin də bu akademik qarşısında səcdə etməsini anlamaq olmur. Haqqında mətbuatda bir söz işlədilən zaman sağdan-soldan müdafiəyə başlayırlar. Soruşan gərəkdir ki, ay hörmətli akademiklər, professorlar, nədən Şirməmməd Hüseynovun Heydər Əliyev haqqında dediklərinə reaksiya vermədiniz?! Ancaq mən əminəm ki, o, həmin sözləri R.Mehdiyev haqqında demiş olsaydı, mətbuatda yarışa girəcəkdiniz. Bax bizim faciəmiz budur. R.Mehdiyev bəlkə 37-ci ilin Mircəfər Bağırovu, Lavrenti Beriyasıdır, bu dərəcədə qorxursunuz? Amma zaman dəyişib. Azərbaycan dünyəvi dövlətə çevrilib. Akademik R.Mehdiyev partiyadakı “tələbələrinə” bunu anlatsa, daha yaxşı olar…

Sonda üzümü möhtərəm Prezidentimizə tuturam. Bu qisasçı şəxsdən ailəmi, övladlarımı qorumağı rica edirəm. Yaxın günlərdə isə S.Novruzovun ideya müəllimi olan R.Mehdiyev barədə iki oçerkimi ictimaiyyətin müzakirəsinə təqdim edəcəyəm…”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button