MƏŞVƏRƏT MƏCLİSİ AKSİYALARA HAZIRLAŞIR

BŞİH-in kütləvi tədbirlərin keçirilməsi üçün ayırdığı yerlərdən birində tədbirin keçirilməsi məsələsi müzakirə olunub

Martın 12-də Demokratik Qüvvələrin Məşvərət Məclisinin (DQMM) yığıncağı keçirilib. AMİP mətbuat xidmətindən verilən xəbərə görə, ACP Qərargahında ALP sədri Əvəz Temirxanın sədrliyi ilə keçirilən iclasda ölkədəki ictimai-siyasi vəziyyət, qəbul olunmuş qərarların icra vəziyyəti, 15 mart tarixinə təyin olunmuş Qarabağ Forumuna hazırlığın vəziyyəti, 9 mart tarixində ATƏT-in Bakı ofisi və Böyük Britaniya səfirliyinin gənclər üçün birgə təşkil etdiyi tədbirə polis hücumu və gənclərin saxlanılması, gənclərin 10 mart tarixində “Əsgər ölümünə son!” şüarı ilə keçirdikləri aksiya, 31 mart tarixində Demokratik Qüvvələrin Məşvərət Məclisinin Nümayəndələr Palatasının növbəti iclasının keçirilməsi, kütləvi aksiyalarla hazırlıq məsələləri müzakirə edilib.

Məşvərət Məclisi ATƏT-in Bakı ofisi və Böyük Britaniya səfirliyinin gənclər üçün təşkil etdiyi tədbirə polis hücumu və gənclərin saxlanılmasını pisləyib, ATƏT rəsmilərinin və Böyük Britaniyanın da baş verən hadisə ilə bağlı münasibət bildirməsinin vacib olduğunu qeyd edib.

Qurum “Əsgər ölümünə son!” şüarı ilə keçirilən aksiyanı və gəncləri dəstəklədiyini bəyan edib. Məşvərət Məclisi üzvləri hakimiyyətdən aksiyadan öncə və aksiya zamanı həbs olunan gənclərin qeyd-şərtsiz azad olunmasını tələb edib.
İclasda həmçinin partiyalarda kütləvi aksiyaların keçirilməsinə hazırlıq məsələsi, BŞİH-in Bakı şəhərində kütləvi tədbirlərin keçirilməsi üçün ayrılan yerlərdən birində tədbirin keçirilməsi məsələsi müzakirə olunub.
Məşvərət Məclisi həmçinin “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının 9 il müddətinə saxta ittihamla azadlıqdan məhrum edilməsini iqtidarın siyasi sifarişi kimi qiymətləndirib və onun dərhal azad olunmasını tələb eləyib.
Növbəti iclasın 19 mart tarixində ALDP sədri Fuad Əliyevin sədrliyi ilə partiyanın qərargahında keçirilməsi haqda qərar qəbul olunub.

“Yeni Musavat” qəzeti

13.03.2013

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button